Moskva mügaviləsi

Türkiyə və Rusiya Sosialist Federativ Sovet Respublikası arasında dostluq və qardaşlıq haqqında müqavilə
Moskva, 16 mart 1921-ci il

 Millətlərin qardaşlığı və xalqların öz müqəddaratını sərbəst təyin etmək hüququ prinsiplərinə şərik çıxan Türkiyə Böyük Millət Məclisi Hökuməti və Rusiya Sosialist Federativ Sovet Respublikası hökuməti işğal və istila siyasətinə qarşı mübarizədə həmrəyliklərini və iki xalqdan biri üçün yaradılmış çətinliklərin digərinin də vəziyyətini pisləşdirəcəyi faktını qeyd edərək, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan, öz aralarında daimi olaraq qarşılıqlı münasibət və qırılmaz həqiqi dostluq yaradılmasını görmək arzusu ilə Dostluq və Qardaşlıq haqqında müqavilə bağlamağı qərara aldılar və bu məqsədlə öz Müvəkkillərini təyin etdilər.

Türkiyə Böyük Millət Məclisi Hökuməti:
Türkiyə Böyük Millət Məclisi Hökumətinin İqtisad naziri və Məclisdə Kastamonu millət vəkili Yusif Kamal bəy,
Bu hökumətin Maarif naziri və Türkiyə Böyük Millət Məclisində Sinop millət vəkili doktor Rıza Nur bəy və
Türkiyə Böyük Millət Məclisi Hökumətinin fövqəladə və səlahiyyətli səfiri və bu Məclisdə Ankara millət vəkili Əli Fuad paşa,
Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti:
Xarici işlər üzrə Xalq Komissarı və  Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlal Qorxmazov
lazımi qaydada və qanuni formada səlahiyyətlər mübadiləsindən sonra aşağıdakılar haqqında razılığa gəldilər:

MADDƏ 1
Razılığa gələn Tərəflərdən hər biri razılığa gələn digər Tərəfə məcburi qəbul etdirilmək istənilən hər bir sülh müqaviləsini və ya başqa beynəlxalq aktları tanıımamağı əsas olaraq qəbul edir. Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti Türkiyəyə aid olan və Böyük Millət Məclisi tərəfindən təmsil olunan Türkiyə milli hökuməti tərəfindən tanınmayan hər bir beynəlxalq müqaviləni tanımamağı qəbul edir.
Hazırki müqavilədə "Türkiyə" anlayışı altında İstanbulda Osmanlı Deputatlar Palatası tərəfindən hazırlanan və bəyan edilən, bütün dövlətlərə və mətbuata bildirilən 28 yanvar 1336-cı il (28 noyabr 1920) Türkiyə Milli Paktına daxil edilmiş ərazilər nəzərdə tutulur.
Türkiyənin şimal-şərq sərhəddi, Qara dəniz sahilindəki Sarp kəndindən başlayaraq, Hədis-Meta dağı - Şavşet dağında suların bölündüyü xətt - Kani dağı və oradan davamlı olaraq Ərdahan va Qars sancaqlarının şimal inzibati sərhədlərini izləyərək Arpa çayı və Araz talveqini təqib edərək Aşağı Qarasuyun mənsəbinə qədər olan xətlə təyin olunmuşdur. (Sərhəddin müfəssəl təsviri və buna bağlı məsələlər üçün razılığa gələn hər iki Tərəfin imzaladığı I (A) və I (B) əlavələrinə aid xəritəyə baxılması lazımdır).

MADDƏ 2
Türkiyə bu Müqavilənin 1-ci maddəsində göstərilən sərhəddin şimalında yerləşən və Batum dairəsinin tərkib hissəsini təşkil edən ərazilərə Batum şəhəri və limani üzərindəki suverenliyini Gürcüstana güzəştə getməyə razı olur, bu şərtlə ki;
Birincisi: hazırki Müqavilənin bu maddəsində göstərilən yerlərin əhalisi inzibati cəhətdən hər bir icmanın mədəni və dini hüquqlarını təmin edən geniş yerli muxtariyyətdən istifadə edəcək və göstərilən yerlərdə əhali onun arzularına müvafiq olan torpaq qanunu müəyyən etmək imkanına malik olacaqdır;
İkincisi: Batum Limanı vasitəsilə rüsumsuz olaraq Türkiyəyə gedən və oradan gələn hər cür malların sərbəst tranzitinə imkan veriləcək, bunun üçün heç bir maneə törədilməyəcək, həmin mallara heç bir vergi tətbiq edilməyəcək və heç bir xüsusi vergi ödəmədən Batum limanından istifadə hüququ veriləcəkdir.

MADDƏ 3
Razılığa gələn hər iki Tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.
Naxçıvan ərazisinin Araz talveqinin şərqi ilə Dəhnə dağı (3829) - Vəli dağ (4121) - Bağırsaq (6587) - Gomürlü dağ (6930), xətti arasında yaranmış ücbucaq kəsimi, bu torpaqların Gömürlü dağdan (6930) başlayıb, Saray bulaq dağından (8071) və Ararat stansiyasından keçərək Qara Suyun Arazla birləşdiyi yerdə başa çatan sərhəd xətti, Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən təshih olunacaqdır.

MADDƏ 4
Razılığa gələn Tərəflər şərq xalqlarının milli-azadlıq hərəkatı ilə Rusiya zəhmətkeşlərinin yeni sosial quruluş uğrunda mübarizəsi arasında yaxınlıq olduğunu təsdiq edərək bu xalqların azadlıq və istiqlaliyyət hüququnu, həmçinin onların öz arzularına uyğun idarə forması seçmək hüququnu tanıdıqlarını rəsmən təsdiq və etiraf edirlər.

MADDƏ 5
Razılığa gələn Tərəflər boğazların açılmasının və oradan bütün xalqların ticarət gəmilərinin azad keçməsinin təmin edilməsi üçün Qara dəniz və boğazların beynəlxalq statusunun qəti hazırlanmasını sahil dövlətlərin nümayəndələrindən ibarət gələcək Konfransa verməyə razılaşırlar, bu şərtlə ki, onun çıxardığı qərar Türkiyənin tam suverenliyinə, həmçinin Türkiyə və onun paytaxtı İstanbulun təhlükəsizliyinə zərər vurmayacaqdır.

MADDƏ 6
Razılığa gələn Tərəflər bu vaxtadək onların ölkələri arasında bağlanmış bütün müqavilələrin qarşılılıqlı mənafelərinə uyğun gəlmədiyini təsdiq edirlər. Buna görə də onlar bu müqavilələrin ləğv edilməsinə və heç bir qüvvəyə malik olmamasına razılaşırlar.
Rusiya Sosialist Federativ Sovet Respublikasının Hökuməti, Türkiyənin, bundan əvvəl Türkiyə ilə Çar hökuməti arasında bağlanmış və beynəlxalq aktlara əsaslanan hər cür pul və digər öhdəliklərdən azad olduğunu xüsusilə bəyan edir.

MADDƏ 7
Rusiya Sosialist Federativ Sovet Respublikasının Hökuməti kapitulyasiya rejiminin hər hansı bir ölkənin azad milli inkişafı ilə və eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir araya sığmadığını qəbul edərək, Türkiyədə bu rejimlə hər hansı bir surətdə münasibəti olan hər cür hərəkət və hüquqları ləğv olunmuş və öz qüvvəsini itirmiş hesab edir.

MADDƏ 8
Razılığa gələn Tərəflər öz ərazilərində digər ölkənin hökuməti roluna və ya onun ərazisinin bir hissəsinə iddia edən təşkilat və ya qrupların yaradılmasına və yerləşməsinə, həmçinin digər Dövlətə qarşı mübarizə məqsədi güdən qrupların yerləşməsinə yol verməməyi öhdələrinə götürürlər. Rusiya və Türkiyə qarşılıqlı şərtlərlə Qafqazın Sovet Respublikalarına münasibətdə də üzərlərinə belə öhdəlik götürürlər.
Burası ayrıca müəyyən edilir ki, bu Müqavilədə qeyd olunan Türkiyə ərazisi adı altında Türkiyə Böyük Millət Məclisi Hökumətinin bilavasitə hərbi və mülki idarəsi altında olan ərazilər nəzərdə tutulur.

MADDƏ 9
Razılığa gələn Tərəflər hər iki ölkə arasında əlaqələrin fasiləsizliyini təmin etmək məqsədilə qarşılıqlı razılıq üzrə dəmir yol, teleqraf və digər əlaqə vasitələrini saxlamaq və mümkün olduqca inkişaf etdirmək, həmçinin iki tərəf arasında adamların və malların azad və maneəsiz hərəkətini təmin etmək ücün lazım olan bütün tədbirləri görməyi öhdələrinə alırlar. Bununla birlikdə, hərəkətə, yolçuların gəlib-getməsinə və malların gətirilib aparılmasına münasibətdə ölkələrin hər birində qüvvədə olan qanunlar bütünlüklə tətbiq olunacaqdır.

MADDƏ 10
Razılığa gələn Tərəfin birinin digər Tərəfin ərazisində olan vətəndaşlarına olduğu ölkənin qanunlarından irəli gələn bütün hüquq və vəzifələr şamil olunacaqdır. Lakin onların azad edildiyi milli müdafiə üzrə təəhhüdlər onlara şamil edilməyəcəkdir.
Tərəflərin vətəndaşlarının ailə və vərəsəlik haqlarına aid hüquq sahələrinə bağlı olan məsələlər də bu maddənin təsiri altına düşmür. Onlar xüsusi sazişlə həll olunacaqdır.

MADDƏ 11
Hər iki razılığa gələn Tərəf razılığa gələn Tərəflərdən hər birinin digər Tərəfin ərazisində olan vətəndaşlarına daha əlverişli şərait prinsipini tətbiq etməyə razıdır. Bu maddə, Türkiyə ilə müttəfiq olan müsəlman ölkələrinin, eləcə də Rusiya ilə müttəfiq olan Sovet Respublikalarının vətəndaşlarının hüquqlarına tətbiq olunmur.

MADDƏ 12
1918-ci ilədək Rusiyanın tərkib hissəsi olan, hazırda Türkiyənin suverenliyi altında olduğunu Rusiya Sosialist Federativ Sovet Respublikası Hökumətinin bu Müqavilə ilə tanıdığı ərazilərin hər bir sakini Türkiyəni sərbəst tərk etmək, şeylərini, öz əmlakını və ya onların dəyərini özü ilə aparmaq hüququna malikdir. Belə bir hüquq Türkiyənin bu Müqavilə ilə suverenliyini Gürcüstana güzəştə getdiyi Batum ərazisinin əhalisinə də şamil edilir.

MADDƏ 13
Rusiya öhdəsinə alır ki, bu Müqavilə imzalandığı gündən hesablanaraq Rusiyanın Avropa hissəsində və Qafqazda olan bütün türk hərbi və mülki əsirlərini üç ay ərzində, Asiya hissəsində olan əsirləri isə altı ay ərzində öz hesabına Türkiyənin şimal-şərq sərhədlərinədək Turkiyəyə qaytarsın.
Türkiyə də, hələ ki, Türkiyədə olan rus hərbi və mülki əsirlərinə münasibətdə öz üzərinə belə bir öhdəlik götürür.
Geri qaytarmanın təfsilatı bu Müqavilənin imzalanmasından dərhal sonra hazırlanacaq xüsusi konvensiya ilə müəyyən ediləcəkdir.

MADDƏ 14
Razılığa gələn Tərəflər ən qısa zamanda konsulluq müqaviləsi, həmçinin bu Müqavilənin giriş hissəsində göstərilən iki ölkə arasındakı əlaqələrin və münasibətlərin gücləndirilməsi üçün bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləyən saziş bağlamağı qəbul edirlər.

MADDƏ 15
Rusiya öhdəsinə götürür ki, Cənubi Qafqaz Respublikalarının Türkiyə ilə bağlayacaqları müqavilələrdə bu Müqavilənin bilavasitə onlara aid olan maddələrinin hökmən tanınması üçün həmin Respublikalara münasibətdə zəruri addımları atsın.

MADDƏ 16
Bu Müqavilə ratifikasiya olunmalıdır. Ratifikasiya fərmanlarının mübadiləsi ən qısa vaxt ərzində Qarsda olacaqdır.
Bu Müqavilə 13-cü maddə istisna olmaqla ratifikasiya sənədlərinin mübadilə edildiyi andan qüvvəyə minir.
Bu hökmlərə inamla yuxarıda adları çəkilən Müvəkkillər bu Müqaviləni imzalamış və onu öz möhürləri ilə təsdiq etmişlər.
Bu Müqavilə 1921-ci ildə (min üç yüz otuz yeddi) martın 16-da Moskvada iki nüsxə olaraq tərtib edilmişdir.

Yusif Kamal               Georgi Çiçerin
Dr. Riza Nur               Cəlal Qorxmazov
Əli Fuad

Əlavə 1 (A)

Türkiyənin şimal-şərq sərhədləri aşağıdakı kimi müəyyən edilir (Rusiya Baş Qərargahının I/ 210.000 miqyaslı, "bir düymds 5 verstlik" xəritəsinə əsasən):
Qara dəniz sahilindəki Sarp kəndi - Qaraşalvar Dağı (5014) və Maradidi kəndinin şimalında Çoruhu kəsərək Sapar kəndinin şimalında Hədis - Meta dağı (7052) - Kavakibe dağı (Kva-Kibe) - Kavtareti kəndi - Medzubna dağının suayrıcı xətti - Keson dağı (6468) - Korda dağı (7910) suayrıcı xəttini izləyərək Şavşet dağ silsiləsinin qərb hissəsindən keçmiş Artvin dairəsinin əvvəlki inzibati sərhəddinə çıxır. Şavşet dağının suayrıcından keçərək Sarı çay (Qara İsalı) (8478) dağına çatır. Kviral aşrımı, buradan Qanlı dağında keçmiş Ərdəhan dairəsinin əvvəlki inzibati sərhəddinə çatır, oradan şimala istiqamətlənərək Elil (Qrmanı) (8357) dağına çatır və yenə Ərdahan sərhəddi ilə davam edərək Badela kəndinin şimal-şərqində Posxov çayına çıxır və bu çay boyu Çancaq kəndinin şimalındakı məntəqəyə çataraq bu çaydan ayrılır və suayrıcı ilə gedərək Ərilyanbaşı dağına (8512) çıxır, Kəltəpə (8463) və Xırmantəpə (9709) dağlarından keçərək Kasris Seri dağına (9681) çatır, Karzamet çayı boyunca davam edərək Kür çayına çatır, daha sonra Kür çayının talveqi ilə Kartanaka kəndinin şərqinədək gedərək orada Kürdən ayrılır, Qaraoğlu dağının (7159) suayrıcı xətti ilə keçərək Xazapin gölünü ikiyə bölür, 7580-ci yüksəkliyə, oradan Göy-dağa (9252), Üç-təpələr (9783) - Tayfa qala (9716-9065) zirvəsinə çıxır, sonra Ərdəhan sancağı sərhəddini tərk edərək Böyük Ağbaba dağlarından (9973-8828) -(8827) və (7602) və İbiş kəndinin şərqinə keçərək (7518) yüksəkliyinə çatır və sonra da Qızıldaş dağına (7439) - ( 7490) - Yeni Qızıldaş kəndi - Qara Məmmədin qərbindən keçərək Camışbu çayına çatır (bura Delavar, Böyük Kımlı və Tixnis kəndlərinin şərqindədir); Vartanlı və Baş Şuragəl kəndlərindən keçərək və yuxarıda qeyd olunan çay boyu gedərək Qalalının şimalında Arpaçaya çıxır. Oradan davamlı olaraq Arpaçay talveqi xətti boyunca gedib, Araz çayına çıxır. Araz talveq xəttini Qarasuyun töküldüyü yerədək izləyir.
Qeyd: Burası yəqindir ki, sərhəd yuxarıda göstərilən yüksəkliklərdə suların bölündüyü xəttin üzərindən keçir.

Yusif Kamal           Georgi Çiçerin
Dr. Riza Nur           Cəlal Qorxmazov
Əli Fuad

Əlavə 1 (B)

Türkiyə Böyük Millət Məclisi Hökuməti 1 (A) Əlavəsində göstərildiyi kimi, sərhəd xəttinin Arpaçay və Arazın talveqləri olduğunu nəzərə alaraq Arpaçay bölgəsində blokhauzları Gümrü (Aleksandropol) - İrəvan dəmiryolundan səkkiz verst, Araz bölgəsində isə yuxarıda adı çəkilən dəmiryol xəttindən dörd verst geriyə çəkməyi öhdəsinə götürür. Yuxarıda adları çəkilən bölgələri məhdudlaşdıran xətlər aşağıda göstərilmişdir:
Arpaçay bölgəsi üçün birinci paraqrafın (A) və (B) bəndləri;
Araz bölgəsi üçün ikinci paraqraf.
1. Arpaçay bölgəsi:
A) Vartanlıdan cənub-şərqə Uzun Kilsənin şərqində Bozyar dağından (5096) - (5082) - (5017) -Karmir Vəngin şərqində - Üçtəpə (5478) - Arazoğlunun şərqində - Aninin şərqində - Yenikəndin qərbində Arpa çayına çatır.
B) (5019) yüksəkliyinin şərqində Arpa çayından ayrılıb, birbaşa (5481) yüksəkliyinə gedir. Qızıl Qalanın 4,5 verst şərqində Bacalının iki verstliyindən şərqə, sonra Duyğur çayı boyunca Düz Keçid kəndinədək, buradan birbaşa Qarabağ xarabalığından şimala gedərək Arpaçayına çıxır.
2. Araz bölgəsi:
Xaraba Əlican və Süleyman kəndi (Dizə) arasındakı düz xətt. Türkiyə Böyük Millət Məclisi Hökuməti bir tərəfdən Aleksandropol-İrəvan dəmiryolu xətti ilə, digər tərəfdən həmin dəmiryolunun səkkiz və dörd verstliyində yerləşən xətlərlə (bu xətlər göstərilən bölgələrin kənarında qalır) məhdudlaşan bölgələrdə heç bir istehkam tikməməyi və nizami ordu saxlamamağı öhdəsinə alır; lakin o, göstərilən bölgələrdə qayda-qanunu qorumaq, təhlükəsizliyi və inzibati idarəni təmin etmək üçün qoşun yerləşdirmək haqqını özündə saxlayır.

Yusif Kamal            Georgi Çiçerin
Dr. Riza Nur            Cəlal Qorxmazov
Əli Fuad

Əlavə 1 (C)

Naxçıvan ərazisi:

Ararat stansiyasi - Saraybulaq dağı (8071) - Gomürlü dağ (8839) - (8930) - (3080) - Sayat dağ (7868) - Qurdqulaq (Kurt Kulak) kəndi - Həməsür dağı (8160) - 8022 yüksəkliyi-Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi.

Yusif Kamal             Georgi Çiçerin
Dr. Riza Nur             Cəlal Qorxmazov
Əli FUAD