Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2004-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 ili tamam olur. Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycan xalqının həyatında böyük tarixi-siyasi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 4-də "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" geniş məzmunlu Fərman imzalamışdı. Fərmana əsasən yaradılmış Dövlət Komissiyası yubiley tədbirləri hazırlayaraq onların həyata keçirilməsini təmin etmişdir. Naxçıvanda və Azərbaycanın başqa şəhər və rayonlarında Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr edilmiş çoxsaylı yubiley tədbirləri, o cümlədən elmi-praktik konfranslar, festival, müsabiqə və sərgilər keçirilmiş, "Naxçıvan Ensiklopediyası"nın, digər elmi, ədəbi və publisistik əsərlərin nəşri təmin edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yaradılmış, Naxçıvanın tarixinə, maddi mədəniyyətinə və memarlıq məktəbinə həsr edilmiş televiziya verilişləri hazırlanmış və sair mühüm işlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd olunması ilə bağlı həyata keçirilmiş tədbirlərin təhlili göstərir ki, bu olduqca mühüm və səmərəli işin davam etdirilməsinə ehtiyac vardır. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun 80 illiyinin xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi üçün hazırlanmış tədbirlər planı təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral, 2004-cü il.