Təhsil

Ali məktəblər

Naxçıvan Dövlət Universiteti

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır.
1972-ci ildə ADPİ-nin Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Azərbaycan SSR Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Dövlət Universitetinə  çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilmişdir.
Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan 356 müəllimdən 2 nəfəri akademik, 5 nəfəri AMEA-nın müxbir üzvü, 32 nəfəri elmlər doktoru, 192 nəfəri fəlsəfə doktorudur. Universitetdəki «Regionun inkişafı problemləri» laboratoriyasında qədim diyarın tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənilir. Bu ali təhsil ocağında fəaliyyət göstərən «Heydər Əliyev Universiteti» müasir gəncliyin milli dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 12 tədris korpusu,  Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, universitet klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, Botanika bağı və müasir tipli Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzi, müasir tipli universitet qonaq evi tikilərək xidmət üçün açılmışdır.
Universitetdə 3 internet mərkəzi, nəşriyyat, media mərkəzi, televiziya studiyası, «Fikir» informasiya bülleteni, «Yeni fikir» qəzeti və bir neçə muzey fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində ən yüksək Wi-Fi campus simsiz internet şəbəkəsindən istifadə olunur. Universitetin «Elmi əsərlər» jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxalq kod almışdır.
Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Rusiya, Türkiyə, Misir Ərəb Respublikası, Pakistan, İran, Özbəkistan və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir.
Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən «Minilliyin Universiteti» adına layiq görülmüşdür.
Naxçıvan Dövlət Universitetində TEMPUS proqramı çərçivəsində 1999-2001-ci illərdə bir layihə həyata keçirilmişdir. Hazırda universitet TEMPUS proqramı üzrə 3 beynəlxalq layihənin iştirakçısıdır.
İndiyədək Naxçıvan Dövlət Universitetinin 30 mindən çox məzunu olmuşdur. Məzunlar arasında yüksək vəzifəli dövlət adamları, deputatlar, ali rütbəli hərbçilər, görkəmli elm xadimləri vardır.
Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali məktəbdir. Dünya birlyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam etdirməkdədir.

Naxçıvan Müəllimlər İnstitutu - 13 iyun 2000-ci ildə Naxçıvan Politеxnik Tеxnikumunun bazasında yaradılmışdır. 2000-2003-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun filialı olmuş, 2003-cü ildə Azərbaycan Rеspublikası Nazirlər Kabinеtinin qərarı ilə müstəqil instituta çevrilmişdir.
İbtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət, riyaziyyat və informatika müəllimliyi, təsviri incəsənət müəllimliyi ixtisasları üzrə mütəxəssislər hazırlayan institutun 2 fakültəsi və 6 kafеdrası var. İnstitutda 2004-cü ildən ali təhsilin magistratura pilləsinin pеdaqogika nəzəriyyəsi və tarixi, 2006-cı ildən isə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə kadr hazırlığı aparılır.
Ali təhsil ocağında pеdaqoji kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədilə Əlavə Təhsil Mərkəzi fəaliyyət göstərir. Kurikulum və İnternet mərkəzlərinin də fəaliyyət göstərdiyi institutda 78 nəfər müəllim çalışır. Onlardan 5 nəfəri еlmlər doktoru, 35 nəfəri isə fəlsəfə doktoru-dosеntdir. Ali təhsil müəssisəsinin “Məktəb” nəşriyyatında mеtodik vəsaitlər, konfrans matеrialları, proqramlar çap еdilir.


Naxçıvan Özəl Univеrsitеti

Naxçıvan Özəl Univеrsitеti 1999-cu ildə yaradılmışdır.
Naxçıvan Özəl Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən ali təhsil sisteminin bakalavriat və magistratura pillələri üzrə kadr hazırlığı aparılır. Bakalavr təhsil müddəti 1+ 4 ildir. Universitetdə 14 ixtisası əhatə edən iki  fakültə - İqtisadiyyat və Pedaqoji fakültələri,  fəaliyyət göstərir. Tədrisin təşkili ilə 6 kafedra (Azərbaycan dili və ədəbiyyat, Pedaqogika və psixologiya, Humanitar elmlər, İqtisadiyyat, Təbiət elmləri, Xarici dillər kafedraları) məşğul olur.
Naxçıvan Özəl Universitetində 71 nəfər professor-müəllim heyəti çalışır ki, onlardan da iki nəfəri elmlər doktoru-professor, üç nəfəri elmlər doktoru, on beş nəfəri dosent, on uç nəfəri elmlər namizədidir.
2012-2013-cü tədris ilində əyani şöbə üzrə 586, qiyabi şöbə üzrə 190 tələbə təhsil alır.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir avadanlıqlarla təchiz olunmuş İKT mərkəzi, zəngin kitabxana, fənn kabinələri, auditoriyalar, lazımi avadanlıqları olan, müasir standartlara cavab verən idman kompleksi fəaliyyət göstərir.
Univеrsitеt ABŞ-ın Pеrdyu, Türkiyənin Qazi, Pamukkalе, Qaziantеp univеrsitеtləri ilə əlaqə saxlayır.

Orta ixtisas məktəbləri

Naxçıvan Tibb Kolleci

Naxçıvan Tibb Kollecinin əsası 1931-ci ildə qoyulmuşdur. Bu tədris müəssisəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Naxçıvan Tibb Məktəbi kimi yaradılmış, 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hazırkı adla adlandırılmışdır. 5 ixtisas üzrə tibb kadrları (müalicə işi, əczaçılıq, tibb bacısının işi, mamalıq işi, ortopedik stomatologiya) hazırlayır. Naxçıvan Tibb Kollecində 350 tələbənin təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olur.







Naxçıvan Musiqi Kolleci

Naxçıvan Musiqi Kollecinin əsası 1975-ci ildə qoyulmuşdur. Bu tədris müəssisəsi Naxçıvan şəhərində orta-ixtisas musiqi məktəbi kimi yaradılmış, 1978-ci ildə ona Üzeyir Hacıbəyovun adı verilmişdir. 1992-ci ildən məktəb Musiqi Texnikumu adı ilə fəaliyyət göstərib. 2005-ci il sentyabrın 9-dan orta-ixtisas məktəbi Naxçıvan Musiqi Kolleci adlanır. Orta ixtisas məktəbində fortepiano, orkestr alətləri (skripka, fleyta, klarnet, qoboy, valtorna, alt, trombon, violonçel, tuba, truba, kornet, kontrabas), xalq çalğı alətləri (tar, kamança, kanon, balaban, saz, qarmon, nağara), xanəndəlik, xor dirijoru, musiqi nəzəriyyəsi, opera və kamera müğənnisi,  kitabxanaçılıq işi, aktyor sənəti ixtisasları üzrə kadrlar hazırlanır. Fəaliyyət göstərdiyi müddətdə 1000-dən artıq ixtisaslı musiqi kadrları yetişdirmişdir.
Hazırda kollecdə 400-ə yaxın tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. 
30 aprel 2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş, həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Naxçıvan Dövlət Texniki Kolleci

Naxçıvan Dövlət Texniki Kollecinin əsası 1925-ci ildə qoyulmuşdur. 1972-ci ildə indiki Babək rayonunun Şıxmahmud kənd toxumçuluq təsərrüfatı ilə birləşdirilərək sovxoz-texnikum adlandırılmış və Şıxmahmud kəndinə köçürülmüşdür. Akademiklər Həsən Əliyev, Həsən Abdullayev, professorlar Yunis Səfərov, Hacı Hacıyev, Paşa Zamanov, Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov, Sosialist Əməyi qəhrəmanları Məmməd Əsgərov, Narı Quliyeva orta ixtisas məktəbinin məzunlarındandır. Hazırda kollecdə 7 ixtisas (gömrük işinin təşkili, yol hərəkətinin təşkili, nəqliyyatda daşımaların təşkili və idarə edilməsi, baytarlıq, aqrar sahələrin iqtisadiyyatı və idarə edilməsi, mühasibat uçotu və audit, nəqliyyat vasitələrinin texniki istismarı) vardır. 35 müəllimin fəaliyyət göstərdiyi kollecin əyani şöbəsində 186, qiyabi şöbəsində 117 tələbə təhsil alır (2008). Təhsil müəssisəsi 2002-ci ildən Naxçıvan Dövlət Texniki Kolleci adlanır. 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 30 aprel 2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş, həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Heydər Əliyev adına Hərbi Lisey - İxtisaslaşmış hərbi təmayüllü məktəb Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı kimi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Naxçıvan filialının bazasında müstəqil hərbi lisey yaradılmış və ona ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Məktəb yeni avadanlıqlarla təmin olunmuş müasir tipli hərbi təhsil ocağıdır. 4,5 hektar sahəni əhatə edən lisey 750 nəfərlik tədris və yataq korpuslarından, qərargah binası, yeməkxana,  xəstəxana, idman zalı və təlim meydançalarından ibarətdir. Tədris korpusunda fizika, kimya laboratoriyaları, kompyuter otaqları, müxtəlif fənn kabinələri və kitabxana fəaliyyət göstərir. Liseydə təhsil müddəti 3 ildir və pulsuzdur. Ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabrın 13-də və 2002-ci il iyunun 17-də hərbi liseydə şəxsi heyətlə görüşmüş, geniş nitq söyləmiş, zabit və kursanrtlara dəyərli tövsiyələr vermişdir.
2005-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev liseydə olmuş, orada yaradılan "Heydər Əliyev muzeyini" ziyarət etmişdir.

Ümumtəhsil məktəbləri

Naxçıvanda maarif və təhsil hələ orta əsrlərdən inkişaf etmiş, məktəb və mədrəsə təhsili geniş yayılmışdır. Elxanilər dövrünə aid bir fərmandan məlum olur ki, hələ XII əsrin sonlarında Naxçıvanda iki mədrəsə mövcud olmuşdur. Orta əsr mənbələrinə görə, XIII əsrin sonlarında Naxçıvanda 4 ali tipli mədrəsə, məscidlərin nəzdində mollaxana adlanan 60-a qədər ibtidai mədrəsə fəaliyyət göstərirdi. Dünyəvi fənlərin də tədris edildiyi Naxçıvan və Ordubad mədrəsələrində Yaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alırdı.
Naxçıvan şəhərində ilk dünyəvi məktəb Ehsan xan Kəngərlinin XIX əsrin 30-cu illərində açdırdığı rus-tatar (Azərbaycan) qəza məktəbidir. Həmin məktəb 1879-cu ildə üçsinifli şəhər məktəbinə çevrilmişdir.
XIX əsrin sonlarında Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da üsuli-cədid məktəbləri yaranmağa başlamışdır. M.T.Sidqi Ordubadda "Əxtər" (1892), Naxçıvanda "Tərbiyə" ("Məktəbi-tərbiyə", 1894), "Qız məktəbi" (1896) məktəblərini təsis etmişdir. Həmçinin "Məhəlli məktəblər", "Məktəbi-xeyriyyə" və "Rüşdiyyə" kimi tədris ocaqları da fəaliyyət göstərirdi. XX əsrin əvvəllərində maarif şəbəkəsi daha da genişlənmiş, diyarın şəhər və kəndlərində müxtəlif səviyyəli dünyəvi məktəblər açılmışdır. Naxçıvanda maarifin inkişafında M.T.Sidqi ilə yanaşı, dövrün qabaqcıl ziyalıları, Qori və İrəvan müəllimlər seminariyalarının məzunları - C.Məmmədquluzadə, C.P.Sultanov, M.Ə.Süleymanov, Ə.Xəlilov, S.Xəlilov, M.Kəngərli, Ə.Sultanov, M.Qazıyev, M.C.Şürubi və başqalarının mühüm xidmətləri olmuşdur. Nəticədə 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək Naxçıvanda 45 məktəb fəaliyyət göstərmişdir.
1920-ci illərdən başlayaraq tədris müəssisələrinin geniş şəbəkəsi yaradılmış, savadsızlığın aradan qaldırılması uğrunda hərəkat vüsət almış, vahid təhsil sistemi formalaşdırılmışdır. 1939-cu ildə əhalinin hər min nəfərinə 47 orta təhsilli düşürdüsə, 1979-cu ildə onların sayı 227-yə çatmışdı. 1971-90-cı illərdə muxtar respublikada 51870 yerlik məktəb binaları tikilib istifadəyə verilmiş, onların maddi-texniki bazası, tədris avadanlığı ilə təchizatı yaxşılaşdırılmışdı. Şagird kontingenti isə 1945-46-cı dərs ilindəki 21 min nəfərdən 1990-91-ci dərs ilində 63 min nəfərə çatmış və ya 3 dəfə artmışdı. 
Azərbaycanda dövlət müstəqilliyin möhkəmləndirilməsindən sonra təhsil sistemi xüsusi diqqət və qayğı göstərilən strateji sahəyə çevrilmişdir. Ölkədə təhsilin daha da inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli Dövlət Proqramları, mühüm layihələr hazırlanmış və icrası təmin olunmuşdir. Görülmüş işlərin nəticəsi olaraq fərəhləndirici fakt ondan ibarətdir ki, müasir Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında oxuyub yazan əhalinin nisbət göstəricisi 100% olaraq ifadə olunur.  
Hazırda Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəbləri ilə yanaşı məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri, uşaq-gənclər idman və şahmat məktəbləri də fəaliyyət göstərir.
Muxtar respublikada gənclərin və yeniyetmələrin orta ümumi təhsillə yanaşı peşə ixtisasları üzrə təhsillərini davam etdirmələri üçün texniki peşə və orta ixtisas təhsili də inkişaf etmişdir. Muxtar respublikada 1984-cü ildən texniki peşə məktəbləri həm də orta təhsil verir.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında yeni məktəb binalarının inşası və ya yenidən qurulması, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuterlər, elektron lövhələr və digər zəruri texnoloji avadanlıqlarla təminatının yaxşılaşdırılması, şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Hazırda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hamısı kompyuterlə təchiz edilmişdir.
Naxçıvan Muxtar Respublikasında Naxçıvan və Şərur Türk liseyləri, Naxçıvan və Ordubad Qız liseyləri də daxil olmaqla 221 gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 205-i orta, 12-i əsas, 4-ü ibtidai məktəbdir. Muxtar respublikada həmçinin 44 məktəbdənkənar tərbiyə müəssisəsi, Uşaq-Gənclər İdman və Şahmat məktəbi, 18 məktəbəqədər tərbiyə müəssisəsi var.
Muxtar respublikada gənclərin və yeniyetmələrin peşə ixtisasları üzrə təhsillərini davam etdirmələri üçün Şərur Peşə Liseyi, Ordubad və Culfa rayonlarında isə peşə məktəbləri fəaliyyət göstərir.  
Ümumtəhsil məktəblərində təhsil alan 57317 şagirdin təlim-tərbiyəsi ilə 8240 müəllim və pedaqoji işçi məşğul olur.  
Muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3409 dəst kompyuter quraşdırılmış, hər 13 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. İstifadədə olan 3409 dəst kompyuterin 2849-u və ya 83,6 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 548 elektron lövhə quraşdırılmışdır.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi yaradılmışdır. Ordubad şəhərində 810 şagird yerlik 3 saylı, Şərur rayonunun Axaməd kəndində 192, Babək rayonunun Babək qəsəbəsində 360, Xalxal kəndində 192, Ordubad rayonunun Gilançay kəndində 96, Culfa rayonunun Gal kəndində 96, Qızılca kəndində 120 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır. Şahbuz şəhərində 242 yerlik uşaq bağçası, Naxçıvan şəhərində 2 saylı və Sədərək rayonunda uşaq musiqi məktəbi binalarının tikintisi başa çatdırılmışdır. Muxtar respublikada 2015-ci ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1582 nəfəri ali məktəblərin, 577 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev adına orta məktəbin, Şahbuz rayon Ayrınc kənd orta məktəbinin, Ordubad İnternat məktəbinin, Naxçıvan şəhər 7 nömrəli və 14 nömrəli orta məktəblərin açılış mərasimində iştirak etmiş, akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd orta məktəbində olmuşdur.