Naxçıvan şəhəri

Ümumi məlumat

Ümumi ərazi, [kv. km]

191,57

Əhalinin ümumi sayı [min nəfər]

90,3

Qəsəbələrin sayı

1

Kənd

5

Bələdiyyə

3

Naxçıvandan Bakıya olan məsafə           

536 km                                                                                                                                                              

İnzibati ərazi dairələri və ərazi vahidləri

1. Naxçivan şəhəri

4. Qaraxanbəyli kənd iəd

 

Qaraxanbəyli k.

2. Əliabad qəsəbə iəd

5. Tumbul kənd iəd

Əliabad q.

Tumbul k.

3. Qaraçuq kənd iəd

Hacıniyyət k.

Qаraçuq k.

 

Bulqan k.

 

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanda e. ə. II-I minilliklərə aid maddi mədəniyyət nümunələri tapılmışdır. Yaxın Şərqin qabaqcıl mədəniyyət mərkəzləri ilə coğrafi yaxınlıqda olan Naxçıvan mədəniyyəti buradakı tayfaların həyatına çox böyük təsir göstərmiş, ərazidə erkən şəhər mədəniyyəti və sinifli cəmiyyətin əlamətləri daha tez meydana çıxmışdır.
Naxçıvan şəhəri haqqında yazılı mənbələrdəki ilk məlumatı tarixçi İosif Flaviy (e. ə. I əsr) və yunan coğrafiyaçısı Klavdi Ptolemey özünün «Coğrafiya» əsərində vermişdir. Həmin əsərdə Naxçıvanın adı «Naksuana» kimi qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Naksuana Naxçıvan sözünün fonetik variantı deyil. Yunan və romalıların dilində fışıltılı səslər ç, c, s, j olmadığından onlar Naxçıvanı Naksuana adlandırmışlar.
Şəhər haqqında orta əsr ərəb və fars mənbələrinə görə (İbn Xordadbeh, Əl-Biruni, Bakuvi və b. tərəfindən) şəhərin adı Nəşavə, Nəqçuvan şəklində işlənmişdir. Bəzi mənbələrdə isə (Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Övliya Çələbi və b.) arasında mövcud olan, lakin elmi əsası olmayan mülahizələrə görə Naxçıvan toponiminin mənası əfsanəvi Nuh peyğəmbərin adı ilə bağlıdır, yəni Nuhçuvan, Nuhun yurdu.
Naxçıvan e. ə. IX-VI əsrlərdə Manna, sonra isə Midiya dövlətlərinin tərkibində olmuş, e. ə. 550-ci ildə Midiyanın süquta uğramasından sonra Əhəmənilər imperiyasının hakimiyyəti altına düşmüşdür. Yaxın və Orta Şərqin ticarət yollarının qovşağında yerləşən Naxçıvan Əhəmənilər imperiyasının dağılmasından sonra e. ə. IV əsrin sonlarından e. ə. I əsrin birinci yarısınadək Atropatena dövlətinin tərkibində olmuşdur. Yaxın və Orta Şərqdə mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzinə çevrilən Naxçıvanın Kiçik Asiya ölkələri ilə, İranın, Gürcüstanın şəhərləri ilə və Qara dəniz limanları ilə ticarət əlaqəsi var idi.
İran-Bizans müharibəsi zamanı 625-ci ildə Bizans imperatoru İrakli Naxçıvanı tutaraq şəhəri yerlə yeksan etdi. Sonralar bərpa olunan Naxçıvan şəhəri 654-cü ildə ərəblərin əlinə keçdi. Naxçıvan şəhəri ərəb xilafətinin dağılmasından sonra əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonlarından XI əsrin ortalarınadək Naxçıvan Rəvvadilər dövlətinin tərkibində olmuşdur. 1054-cü ildə Səlcuqların Azərbaycana gəlişi və Rəvvadilər dövlətinin ləğvi ilə Naxçıvan Səlcuqların hakimiyyəti altına düşdü. Səlcuq sultanlığı parçalandıqdan sonra Naxçıvan yeni yaranmış Atabəylər dövlətinin tərkibinə qatıldı. Atabəylər dövlətinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilən Naxçıvan şəhəri XII əsrin 30-cu illərinin sonundan 1175-ci ilədək bu dövlətin paytaxtı olmuşdur. XII əsrdə Naxçıvanda təxminən 150-200 min əhali yaşayırdı. Şəhərdə toxuculuq, zərgərlik, dulusçuluq, xalçaçılıq və başqa növ sənətkarlıq sahələri inkişaf etmişdir. 1221-ci ildə monqolların Azərbaycana ilk yürüşü zamanı Naxçıvan şəhəri böyük dağıntılara məruz qalmışdır. 1225-ci ildə Atabəylər dövlətinin zəifləməsindən istifadə edən Cəlaləddin Xarəzmşah Naxçıvanı işğal etdi. 1257-ci ildən Naxçıvan Elxanilər (Hülakulər) dövlətinin tərkibinə qatıldı. Hülakulərin zəifləməsindən sonra Naxçıvan əvvəlcə Çobanilərin, sonra isə Cəlalilər sülaləsinin hakimiyyəti altına düşdü. 1386-cı ildə Naxçıvanı əvvəlcə Qızıl Orda xanı Toxtamış, sonra isə Əmir Teymur işğal etdi. Naxçıvan 1412-ci ildən Qaraqoyunlu, 1468-ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Ağqoyunlu - Səfəvi müharibəsi zamanı 1501-ci ildə Şərur düzündə baş vermiş toqquşmada Səfəvilər qalib gələrək şəhəri ələ keçirdilər. Sonrakı mərhələdə Naxçıvan Səfəvi - Osmanlı müharibələrində hərb meydanına çevrildi. I Şah Abbas 1603-cü ildə Naxçıvanı hakimiyyəti altına alaraq buranı hərbi düşərgəyə çevirdi. Səfəvilər dövlətinin apardığı islahatlar nəticəsində Naxçıvan XVI əsrdə Təbriz, XVII əsrdən isə Çuxursədd bəylərbəyliklərinin ərazisinə daxil edilmişdir. XVI-XVII əsrlərdə buranın hakimləri Kəngərli tayfa başçılarından təyin olunurdu. Səfəvilərin süqutundan sonra Naxçıvan XVIII əsrin əvvəllərində Nadir şah tərəfindən tutulmuşdur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü xan elan etdi. Naxçıvan xanlığın paytaxtına çevrildi. 1827-ci il iyunun 26-da Naxçıvanı Çar Rusiyasının qoşunları işğal etdi. Rusiya-İran müharibələrinin nəticəsi olaraq 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Rusiya imperiyasının tərkibinə qatıldı. 1841-ci ildə Gürcüstan - İmeretiya quberniyası tərkibində Naxçıvan qəzası yaradıldı. 1870-ci ildən başlayaraq çarizmin keçirdiyi islahatlar nəticəsində Naxçıvanda ticarət, sənaye, səhiyyə və mədəni sahələrdə irəliləyişlər baş verdi. 1905 - 1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində Naxçıvanda da kütləvi qətllər törədildi. Sonralar bu hadisə 1918-ci ildə təkrarlandı. 1918-ci ildə Naxçıvanda Araz Türk Respublikası yaradıldı. 1919-cu ilin əvvəllərində ingilislərin Naxçıvanı tutması ilə Araz Türk Respublikası süquta uğradı. 1920-ci il iyulun 28-də Naxçıvanda Sovet hakimiyyəti elan edildi. 1921-ci ilin yanvarında keçirilən referendumda əhalinin 90% muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmağa səs verdilər. 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars müqavilələri ilə Naxçıvan Muxtar Respublikasının statusunun əsası qoyuldu. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil edildi və Naxçıvan paytaxt oldu. Hazırda Naxçıvan Muxtar Respublikanın paytaxtıdır.
4 dekabr 2001-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsünə qismən dəyişiklərin edilməsi haqqında» Qanuna əsasən Naxçıvan Muxtar Respublikası Babək rayonunun Əliabad inzibati dairəsi Naxçıvan şəhərinin tərkibinə verilmişdir. Şəhərdə 1 qəsəbə (Əliabad)  və 5 kənd vardır. Şəhərin ərazisi 191,57 kvadrat kilometrdir. Əhalisi 88,0 min nəfərə qədər (2013). İqlimi kontinental, orta temperatur yanvarda - 3,8 C, iyulda 26,9 C-dir, illik yağıntı 236 mm.
Naxçıvanın inkişafı ötən əsrin 70-ci illərində möhtərəm Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə başlanmışdır. Naxçıvan XX əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində blokadaya düşmüş, 1991-ci ildən qaz xətti kəsilmiş, 1992-ci ildən dəmir yolu bağlanmışdır.
Müstəqillik əldə etdikdən sonra Naxçıvanda Şahmat məktəbi, Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Naxçıvan Dövlət Universitetinin yeni beşmərtəbəli korpusu, Elektron kitabxana, Hüquq və Sosial idarəetmə fakültəsi üçün korpus, Gömrük Komitəsi üçün yeni bina, Milli Bank, Əlillərin Reabilitasiya Mərkəzi, Heydər Əliyev adına məktəb və bir sıra digər məktəblər, əlillər üçün yeni yaşayış binası tikilmişdir. Naxçıvanda Hüseyn Cavidin məqbərəsi ucaldılmış, onlarla inzibati binalar əsaslı təmir edilmiş, Heydər Əliyev parkı, Əcəmi, Dədə Qorqud seyrəngahları salınmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü və Heydər Əliyev adına məktəbin həyətində heykəli, Babəkin, Koroğlunun, Cəlil Məmmədquluzadənin, Əcəmi Naxçıvaninin heykəlləri, sənaye-istehsal kompleksləri yaradılmış, müasir tələblərə cavab verən «Qrand otel» və digər mehmanxanalar, restoranlar tikilmiş, beynəlxalq standartlara cavab verən hava limanı naxçıvanlıların istifadəsinə verilmiş, bir çox quruculuq işləri aparılmışdır. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, şəxsiyyəti və siyasi fəaliyyəti ilə bağlıdır.
Naxçıvanda radio 1932-ci ildə qovşaq kimi fəaliyyət göstərmiş, 1936-cı ildən isə muxtar respublikanın ərazisində tam yayımlanmağa başlanmışdır.
Televiziya 1963-cü ildən müstəqil kanal kimi Muxtar Respublika ərazisində və ondan kənarda yayımlanır.
Naxçıvan şəhərində Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-televiziya Ötürücüsü Mərkəzinin nəzdində isə «Kanal-35» televiziyası fəaliyyət göstərir.
2004-cü il iyulun 14-də yaradılmış «Kanal-35» televiziyası öz verilişlərini səkkiz saat elmi-publisist proqramla muxtar respublika ərazisinə yayımlayır.
2001-ci il sentyabr ayının 19-dan fəaliyyətə başlayan «Naxçıvanın səsi» radiosu 100.6 FM dalğasında on altı saat ərzində Muxtar Respublikanın bütün bölgələrində yayımlanır.
«Şərq qapısı» 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetidir.
Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan «Nuh yurdu» qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.
Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur. Beynəlxalq Hava Limanı vardır.