Məşğulluq

İqtisadiyyatın inkişafı fonunda yeni müəssisələrin yaradılması, uzun müddət işsiz dayanmış müəssisəlrin fəaliyyətlərinin bərpa olunması, mövcud müəssisə və təşkilatların yenidən qurulması, istehsal sahələrinin genişləndirilməsi yeni iş yerlərinin açılmasında əsas amillərdən olmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi muxtar respublikada yeni iş yerlərinin açılması proseslərini daha da sürətləndirmişdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, Naxçıvan Muxtar Respublikasında əmək ehtiyatlarından daha effektiv istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə "Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir
Hazırda əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublika ərazisində fəaliyyət göstərən məşğulluq mərkəzlərinin və keçirilən əmək yarmarkalarının da rolu böyükdür. Eyni zamanda muxtar respublikada işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində fəaliyyəti tənzimləmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi yaradılmışdır. Muxtar respublika iqtisadiyyatında və sosial sahədə qazanılmış uğurlar məşğulluğun yüksəldilməsinə də zəmin yaratmışdır. 2003-cü il oktyabr ayının 1-dən 1 yanvar 2014-cü il tarixədək muxtar respublikada 59369 yeni iş yeri yaradılmışdır ki, bunun da 42890-ı və ya 72,2 faizi daimi iş yerləridir. 2013-cü ildə 2260 yeni iş yerinin 2092-si və ya 92,6 faizi daimi iş yerlərinin payına düşür.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikada 6 min 364 yeni iş yeri açılıb, 5 min 537 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, 627 nəfər ictimai işlərə göndərilib, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına 7 min 595 nəfər cəlb edilib. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, 158 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 171 nəfər münasib işlərə göndərilib, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb edilib. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib, bu məqsədlə 82 milyon 286 min manat güzəştli şərtlərlə kreditlər verilib. Qeyd olunan dövrdə əhalinin gəlirləri 3,5 faiz artıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə geniş imkanlar yaratmışdır. 2015-ci ildə muxtar respublikada 2908 yeni iş yeri yaradılmışdır ki, bunun da 2837-si və ya 97,6 faizi daimi iş yerləridir.

Açılmış iş
yerlərinin sayı
2010-cu il 2011-ci il 2012-ci il 2013-cü il 2014-cü il 2015-ci il Cəmi
3556 3669 8069 2260 3805 2908 666082