Nəqliyyat

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişafı son dövrlərin prioritet məsələlərindəndir. Muxtar respublikanın nəqliyyat əlaqələri baxımından 18 ildir ki, Azərbaycanın əsas hissəsindən təcrid olunması bir sıra ciddi problemləri şərtləndirməkdədir. Təmin olunmuş yüksək sosial-iqtisadi fəallıq fonunda yenidən qurulmuş və ya fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin istehsal etdikləri tələbatdan artıq məhsulların digər regionlara göndərilməsi və gündəlik sərnişindaşıma xidmətləri əsasında respublikamızın digər şəhər və regionlarına gediş-gəlişin məhdudluğu məhz bu problemlərdəndir. Lakin qeyd olunan çətinliklərin muxtar respublika sakinləri üzərində təsirini maksimum azaltmaq məqsədilə daxildə istehsal olunan əmtəələrin maya dəyərini təşkil edəcək xərclərin bir qisminin dövlət tərəfindən dolayı subsidiyalar formasında qarşılanması, güzəştə gedilməsi, sərnişinlərin daşınmasında tətbiq olunan tariflərin minimum həddə saxlanılması nəqliyyat blokadasının mənfi təsirini müəyyən dərəcədə yumşaltmağa imkan yaradır.
2004-cü ildə istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir standartlara uyğun tikilmişdir. Hazırda bu hava limanından Azərbaycanın Bakı və Gəncə şəhərlərinə təyyarələr yola salınır. Eyni zamanda Naxçıvan-Moskva, Bakı-Naxçıvan-İstambul və əks istiqamətlərdə uçan təyyarələr vasitəsilə beynəlxalq sərnişin daşıma xidmətləri göstərilir.
2007-ci ildə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi yaradılmışdır. Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin istifadəyə verilməsi, "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.
2013-cü ildə muxtar respublikada 163,9 kilometr uzunluğunda avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 21 körpü tikilərək, 12 körpü isə təmir olunaraq istismara verilmişdir.
Əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasir tipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmiryolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
2015-ci ildə Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolunun, Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Culfa rayonunda Kırna-Gal və Dizə-Gal avtomobil yollarının yenidən qurulması, Gal-Şurud avtomobil yolunun təmiri başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında “Şərq Terminalı” yenidən qurulmuş, terminalda keçid körpüsü, teleskopik trap, lift, eskalator və yeni baqaj konveyeri quraşdırılmış, hava limanının sərnişin dövriyyəsi saatda 400-450 nəfərə çatdırılmışdır. “Qərb Terminalı”nın yenidən 15 qurulması davam etdirilmiş, Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir. 2015-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 2014-cü illə müqayisədə yük daşınması 2,1 faiz, sərnişin daşınması 1,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 48 milyon 600 min 900 manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 2,2 faiz çoxdur
Hazırda muxtar respublikada nəqliyyat kompleksinin inkişafı üçün nəqliyyat sisteminin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən mövcud yolların bazasında beynəlxalq əhəmiyyətli tranzit yolların salınması, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti tədbirlərinin həyata keçirilməsi, dəmir yolu infrastrukturunun müasir tələblər səviyyəsinə çatdırılaraq daxili daşımalarda maksimum istifadə olunması, şəhər nəqliyyatı işinin ekoloji təmizlik və sərnişin daşınmasında daha səmərəli nəqliyyat növlərinin istifadə prinsiplərini əsas götürərək müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində işlər aparılmaqdadır.