Turizm

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Möminə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə Qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır. Həmçinin ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır.
Lakin Türkiyə və İranla həmsərhəd Naxçıvan Muxtar Respublikası keçmiş SSRİ-nin strateji bölgəsi olduğu üçün burada turizmin inkişafına imkan verilməmişdir. Məhz bu səbəblə dünyada çox mühüm əhəmiyyət kəsb edən bu sektor muxtar respublikada yeni-yeni formalaşmaqdadır. Müstəqilliyin ilk illərində yaranmış iqtisadi-siyasi problemlər həll edildikcə mövcud turizm potensialının işlənilməsi və inkişaf etdirilməsi aktual mövzuya çevrilmişdir. Son illərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları və bulaq-abidə kompleksləri istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. Həmçinin dünyada analoqu olmayan Duzdağ və Badamlı fizioterapiya xəstəxanaları və Darıdağ arsenli su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Eyni zamanda 2008-ci ilin iyun ayında görkəmli açılış mərasimi ilə istifadəyə verilən Duzdağ Sanatoriya Kompleksində müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılmışdır.
2006-cı ilin noyabrında Naxçıvan şəhərində keçirilmiş "Turizm, İnkişaf və Perspektivlər" mövzulu beynəlxalq konfrans muxtar respublikada turizm sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addım olmuş və yeni layihələrin hazırlanmasına rəvaç vermişdir.
2008-ci ilin may ayında İslam Konfransı Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Naxçıvanda keçirilən "Dini və sağlamlıq turizmi: mənəvi və fiziki istirahətin təşkili" mövzusunda beynəlxalq konfrans muxtar respublikanın turizm imkanlarının təbliğində mühüm əhəmiyyətə malik olmuşdur.
Naxçıvan Muxtar Respublikasında mövcud olan dini və milli xüsusiyyətləri özündə əks etdirən tarixi abidələr, rəngarəng təbiət mənzərələri, təmiz iqlim, mineral sular və onlar əsasında yaradılmış sanatoriya tipli müalicə mərkəzləri burada ekoturizmlə yanaşı, etnik və inanc turizminin də inkişafına geniş imkanlar verir.
Muxtar respublikamız dini ziyarətgahlarla da zəngindir. Belə ki, burada pirlər, imamzadələr və s. vardır. Bunlardan ən mühümü isə müqəddəs Qurani Kərimin «Əl- Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksində ziyarətçilərin ziyarət etməsi üçün hər cür şərait yaradılmışdır. Nuh peyğəmbəri Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin çox ziyarət etdikləri məkanlardan biridir.
Naxçıvan Muxtar Respublikasının turizm potensialı, buraya gələnləri daha çox maraqlandıran amillər nəzərə alınaraq turist marşrutları hazırlanır. Bunlara misal olaraq Naxçıvan şəhər turu, Naxçıvan-Xanəgah (Əlincə qala da daxil olmaqla), Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Həsən Əliyev adına Zəngəzur Milli Parkına bir neçə istiqamətdən turist marşrutları işlənib hazırlanmışdır.
Naxçıvan şəhəri muxtar respublikanın mərkəzində yerləşdiyindən və buradan bütün rayon və kəndlərə marşrut avtobusu və taksilər, həmçinin qatarlar işlədiyindən, bölgənin ən ucqar kəndlərinə belə rahat yollar çəkildiyindən gediş-gəliş asandır.  Naxçıvan şəhərindən və Şərur rayonundan sərnişin avtobusları İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə işləyir. Naxçıvan Beynəlxalq Hava Limanından Bakı və Gəncəyə, Moskva və İstanbul şəhərlərinə təyyarə reysləri uçur.
Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu bu bölgədə yerləşir. Bu günədək akademik Həsən Əliyev adına Ordubad Milli Parkına 8 istiqamət üzrə, muxtar respublikanın digər bölgələrinə 5 istiqamət üzrə turist marşrutları hazırlanmışdır. «Babaların tarixi zəfər və şəhadət yolu» beynəlxalq turist marşrutunun açılması sahəsində işlər yekunlaşmaq üzrədir.
Son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına yeni imkanlar açmışdır. 2015-ci ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 390 minə yaxın turist gəlmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 3,1 faiz çoxdur.