Energetika

1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasına gələn təbii qaz və elektrik enerjisi xətlərinin kəsilməsi enerji təchizatında çox ciddi problemlər yaratmışdı. Lakin o vaxtlar muxtar respublikada Ali Məclisin Sədri olan ümummilli lider Heydər Əliyevin gərgin əməyi, qonşu Türkiyə Respublikası və Iran Islam Respublikası ilə aparılan danışıqlar nəticəsində muxtar respublikaya elektrik enerjisinin idxal olunması üçün müvafiq tədbirlər həyata keçirilmiş və problem qismən aradan qaldırılmışdır.
2004-cü ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanmış müqaviləyə əsasən 2005-ci ilin sonlarından etibarən İran ərazisindən mübadilə olunmaqla muxtar respublikaya təbii qazın verilməsi təmin olunmuşdur. Hazırda Naxçıvanın bütün ərazisi qazlaşdırılmışdır.
Təbii qazın nəqli elektrik enerjisinə olan tələbatı azaltmaqla yanaşı, bu tələbatın daxili istehsal hesabına ödənilməsi istiqamətində də geniş imkanlar yaratmışdır. Elektrik enerjisinə olan tələbat 22 meqavat gücündə olan Araz Su Elektrik Stansiyası, 87 meqavat güclü Naxçıvan Modul Elektrik  Stansiyası, 60 meqavat güclü Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası  və Heydər Əliyev Su Anbarı üzərində istifadəyə verilən 4,5 meqavat güclü su elektrik stansiyası vasitəsilə fasiləsiz olaraq ödənilir.
Kəngərli rayonunda 35 meqavolt-amper gücündə 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma, Babək rayonunda 1260 kilovolt-amper gücündə 35/10 kilovoltluq “Nehrəm” yarımstansiyasında yenidənqurma və 90 meqavolt-amper gücündə “Araz” yarımstansiyasında avadanlıqların yenilənməsi işləri başa çatdırılmışdır. Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində gücü 20 mVt olan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bundan əlavə, Ordubad rayonunda gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Muxtar respublikada 85 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 44 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır. 1 yanvar 2016-cı il tarixə muxtar respublikada 83 min 633 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Görülmüş tədbirlər nəticəsində muxtar respublika elektrik enerjisi idxalçısından enerji ixracatçısına çevrilmişdir.