Sahibkarlıq

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bazar münasibətləri istiqamətində inkişafı insanların işə olan münasibətini dəyişmiş, onların sahibkarlıqla bağlı maraqlarını daha da gücləndirmişdir. Artıq muxtar respublikada iqtisadiyyatın formalaşmasında özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlıq mühüm rol oynayır.
İqtisadiyyat sahəsində aparılan islahatlar muxtar respublikada bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.
Sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. İdarəetmənin və iqtisadiyyatın bütün sahələrində mühüm əhəmiyyətə malik qanunlar, proqramlar və fərmanlar qəbul edilmişdir. Sahibkarlıq infrastrukturunun zəruri mexanizmləri yaradılmışdır. Sahibkarlara maliyyə, informasiya və məsləhət xidmətləri göstərən strukturlar formalaşmışdır. Sahibkarlığın inkişafı üçün zəruri baza formalaşdıran özəlləşdirmə prosesinin birinci mərhələsi başa çatmış, özəlləşdirmə sahəsində II Dövlət Proqramı qəbul edilmişdir. Bunun nəticəsində artıq iri və orta müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi növbəti həlledici mərhələyə daxil olmuşdur. Bu mərhələnin həyata keçirilməsində başlıca vəzifə səmərəli sahibkarlıq bölməsinin yaradılmasından ibarətdir.
Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunmasına, dövlət orqanları ilə sahibkarlıq strukturları arasında şəffaf əlaqə mexanizminin qurulmasına, sahibkarlıq mühitinin sağlamlaşdırılmasına istiqamətləndirilmiş bir sıra fərman və sərəncamlar imzalanmışdır.

Naxçıvan Muxtar Respublikasında Sahibkarların mənafeyinin qorunması, onların fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində sahibkarların ictimai birliyi, Naxçıvan Muxtar Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və 2005-ci ildə Sahibkarlıq işçiləri Həmkarlar İttifaqı Komitəsinin muxtar respublika təşkilatı yaradılmışdır. Son illər vergi sisteminin sahibkarlığın inkişafı tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.

2013-cü ildə  muxtar respublikada Biznes Mərkəzi yaradılmışdır.
2015-ci ildə muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 38 milyon 586 min 600 manat təşkil etmişdir. Bu kreditlərdən 27 milyon 212 min 100 manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 374 min 500 manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 70 milyon 221 min 500 manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2014-cü illə müqayisədə 28,9 faiz çoxdur. 2015-ci ildə muxtar respublikada 20 hüquqi və 2580 fiziki şəxs qeydiyyata alınmışdır. Bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Bu məhsulların 119 növü ərzaq, 242 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir. 2015-ci ildə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,6 faiz artaraq 1 milyard 804 milyon 178 min 600 manata, onun hər bir nəfərə düşən həcmi isə 0,5 faizlik artımla 4080,9 manata çatmışdır. 2015-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 395,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur. Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.