İnformasiya və Telekommunikasiya texnologiyaları

Naxçıvan Muxtar Respublikasında informasiya və telekommunikasiya infrastrukturunun inkişafı məqsədilə informasiya və telekommunikasiya şəbəkələrinin texniki imkanlarının müntəzəm əsasda artırılması, rabitə sisteminin informasiya xidməti istehsalında geniş istifadəsinin təmin olunması, informasiyanın ötürülməsi surətinin artırılması, informasiya və telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi iş aparılmaqdadır.
2006-cı ildə Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası 155 meqabit saniyəlik rabitə kanalının istifadəyə verilməsi böyük tutumlu danışıq, video informasiya, sürətli internet və s. məlumat mübadiləsini həyata keçirməyə imkan vermiş, Naxçıvan Dövlət Universitetində muxtar respublika tarixində ilk dəfə olaraq 7 xarici və ölkədaxili universitetlər arasında videokonfrans əlaqəsi yaradılmışdır.
2007-ci ildə muxtar respublikada yeni mobil rabitə operatorları fəaliyyətə başlamış, muxtar respublikanın əsas ərazisinin 70 faizdən çoxunu əhatə edən "Naxtel" simsiz rabitə şəbəkəsi istifadəyə verilmiş, bu şəbəkənin əhatə dairəsində simsiz internet xidməti təşkil olunmuşdur.
Görülən işlərin davamı olaraq Naxçıvan-Türkiyə yeraltı fiber-optik kabel xəttinin çəkilişinin başa çatdırılması böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə öz töhfəsini vermişdir.
Muxtar respublikada poçt sisteminin təkmilləşdirilməsi məqsədilə 2015-ci ildə 12 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, ümumilikdə, 132 poçt bölməsində kommunal xidmət haqlarının yığılmasına başlanılmış, digər xidmət növlərinin təşkili üzrə işlər davam etdirilmişdir. 2015-ci ildə muxtar respublika ərazisində rəqəmli radio yayımı təmin edilmiş, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 28 fərdi mənzilə və 6 çoxmənzilli yaşayış binasına optik kabel xətti çəkilmişdir. Ümumilikdə 2015-ci ildə 187,4 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir. Muxtar respublikada elektron imzanın tətbiqi və “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər davam etdirilmişdir. 2015-ci ildə muxtar respublikada 3147 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 yanvar 2016-cı il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatmışdır. Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil etmişdir. 2015-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2014-cü ildəki müvafiq göstəricini 1,8 faiz üstələyərək 46 milyon 908 min 400 manat olmuşdur. Ümumi xidmətlərin 17 84,1 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2014-cü illə müqayisədə 2,1 faiz çoxdur. Muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər davam etdirilmişdir.