Kənd təsərrüfatı

Naxçıvan Muxtar respublikasının əhalisinin əksəriyyəti (təxminən 70 faizi) kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Hazırda muxtar respublikada il ərzində yaradılan əlavə dəyərin orta hesabla üçdə bir hissəsi kənd təsərrüfatının payına düşür.
Azərbaycanda ilk dəfə olaraq torpaq islahatının Naxçıvanda keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi, burada digər sahələrlə müqayisədə kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaratmışdır. Bu dövr ərzində əldə olunmuş müsbət meyilli dəyişikliklərin dinamikliyini təmin etmək, qarşıya çıxan problemləri aradan qaldırmaq məqsədilə müvafiq qanun və fərmanlar qəbul edilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı əsasən intensiv amillər hesabına təmin olunur. Yüksək məhsuldarlığı olan toxum sortlarının, gübrələrin dövlət dəstəyi ilə alınaraq torpaq mülkiyyətçilərinə çatdırılması, suvarma sistemlərinin müntəzəm olaraq təkmilləşdirilməsi və ya yenidən qurulması, ən müasir texniki avadanlıqların lizinq yolu ilə fermerlərin istifadəsinə verilməsi və digər bu kimi tədbirlər kənd təsərrüfatı istehsalının artımına əhəmiyyətli təsir göstərmişdir. 100 milyon kubmetr tutumu olan Heydər Əliyev su anbarının ölkə prezidentinin himayəsi ilə tikilib istifadəyə verilməsi nəticəsində 16 min 800 hektara yaxın sahənin suvarılması təmin olunmuş, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir.
Hazırda muxtar respublikada həyata keçirilmiş aqrar islahatların nəticəsində özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşması prosesinin ilk mərhələsi başa çatdırılmışdır. Qeyd olunan proseslərin keyfiyyətcə daha yüksək mərhələyə keçidini, müasir tipli aqrar-sənaye sektorunun formalaşmasını təmin etmək məqsədilə sistemli tədbirlər görülməkdədir. Bu mühüm tədbirlərdən mütəşəkkil ticarətin təşkilinin dövlət tərəfindən dəstəklənməsi, əsas ərzaq məhsullarının zəruri səviyyədə istehsal olunmasına şəraitin yaradılması, yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət mexanizminin tətbiqi və ərzaq bazarında ekoloji, sanitar, baytar və fitosanitar tələblərinə cavab verməyən məhsul və xidmətlərin qarşısının alınması, kənd təsərrüfatı məhsullarının ixracına dövlət himayəsi və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə güzəştli kreditlərin, lizinq obyekti olan texnikaların verilməsi hazırda daha çox önəm verilən istiqamətlərdəndir.
17 sentyabr 2008-ci il tarixdə təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir.
Naxçıvan Muxtar Respublikasında iqlim şəraiti və torpaq xüsusiyyətləri, eyni zamanda daxili tələbat nəzərə alınaraq əkinçilik həmişə ön planda olmuşdur. Muxtar respublikada taxılçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilmiş, taxıl əkinçilərinə kreditlər verilmişdir.
Muxtar respublikada bitkiçiliklə yanaşı heyvandarlığın inkişafı sahəsində də bir sıra mühüm işlər görülmüş, mal-qaranın alınması və saxlanmasına yardım məqsədilə heyvandarlıqla məşğul olan fermerlərə banklar və digər kredit təşkilatları tərəfindən müxtəlif kreditlər verilmişdir.
Digər tərəfdən baytarlıq xidmətlərini müasir tələblər səviyyəsində təşkil etmək məqsədilə bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Bütün bunlar heyvandarlığın inkişafına öz müsbət təsirini göstərməkdədir.
Son illər muxtar respublikanın kənd təsərrüfatında quşçuluq, arıçılıq və balıqçılıq öz inkişafı ilə fərqlənən sahələrdəndir. Naxçıvanda bu sahələrlə bağlı ənənələrinin mövcudluğu və yaradılan münbit şərait göstərir ki, gələcəkdə bunlar ən perspektivli sahələrdən olacaqdır.
2015-ci ildə bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilə nisbətən 2,7 dəfə artaraq 256 milyon 82 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 2,5 dəfə artaraq 146 milyon 909 min manata çatmışdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 180 ədədi 2015-ci ildə olmaqla, cəmi 1685 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilmişdir. 2015-ci ildə 187 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Taxıl əkini sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491 hektarında isə arpa əkilmişdir. 2015-ci ildə taxıl zəmilərindən 106 min 282 ton məhsul toplanmışdır ki, bu da 2014-cü illə müqayisədə 3,1 faiz çoxdur. Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmışdır. 2015-ci ildə 2967 hektar sahədə kartof əkini aparılmış və 45042,5 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 8,8 faiz üstələyir. Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ildə 7 istixana təsərrüfatı, tutumu 480 ton olan 2 soyuducu anbar yaradılmışdır. 2015-ci ildə 4 heyvandarlıq təsərrüfatı yaradılmış, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. 1 yanvar 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109 min 436 baş, qoyun və keçilərin sayı 662 min 842 baş olmuşdur ki, bu da 1 yanvar 2015-ci il tarixə olan göstəricilərə müvafiq olaraq 1,7 və 2,6 faiz artım deməkdir. 2015-ci ildə muxtar respublikada bir il öncəyə nisbətdə ət istehsalı diri çəkidə 27,2 faiz artaraq 25296,6 tona, yumurta istehsalı 4,6 faiz artaraq 73 milyon 486 min ədədə, süd istehsalı 1,7 faiz artaraq 80243,6 tona çatdırılmışdır. 11 Kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə 2015-ci ildə 20 milyon 860 min 500 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 16,1 faiz çoxdur. 2015-ci ildə 2014-cü ilə nisbətən 12,2 faiz çox, yəni 402 milyon 991 min 800 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.