Sədərək rayonu

Ümumi məlumat


Ümumi ərazi, [kv. km]

163,74

Əhalinin ümumi sayı [min nəfər]

15,4

Kəndlərin sayı

3

Qəsəbələrin sayı

1

Bələdiyyə

3

İnzibati ərazi dairələri və ərazi vahidləri

1. Heydərabad qəsəbə iəd

3. Qaraağac kənd iəd

Heydərabad q.

Qaraağac k.

2. Kərki kənd iəd

4. Sədərək kənd iəd

Kərki k.

Sədərək k.

Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu almışdır.
Mərkəzi Heydərabad qəsəbəsidir.
Sədərək rayonu cənub-qərbdən Türkiyə Cümhuriyyəti ilə (Türkiyə ilə Azərbaycanın həmsərhəd olduğu 15 km məsafə yalnız buradadır), şimal-qərbdən Ermənistan Respublikası ilə 24 km və cənub-şərqdən Şərur rayonu ilə 27 km həmsərhəddir.
Rayonun ərazisi əsasən düzənlikdən ibarət olub «Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar» dağ silsilələri ilə əhatə olunmuşdur. Türkiyə ilə Sədərək arasında sərhəd boyu Araz çayı axır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən «Ümid» körpüsü tikildi, Gömrük keçid məntəqəsi yaradıldı. Türkiyədən Sədərəyə yüksək gərginlikli elektrik xətti çəkildi.
Sədərək rayonu Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir.
Heydərabad qəsəbəsinin əsası 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 23 mart 2000-ci ildə qəsəbə statusu almışdır. Sədərək rayonunun mərkəzidir.
Qaraağac kəndi 1997-ci ildə Sədərək kəndindən ayrılmışdır. Qaraağac kənd icra nümayəndəliyi yaradılmışdır.
Kərki kəndi 1990-cı ildən işğal altındadır. Əhalisi məcburi köçkün kimi respublikamızın müxtəlif yerlərində məskunlaşmışdır.
1990-1993-cü illərdə erməni silahlı birləşməsi Sədərək üzərinə 14 dəfə güclü hücum etmiş, 1990-cı il yanvarın 16-da Kərki kəndi işğal olunmuş, Qanlı yanvar faciəsinin ilk şəhidləri Sədərəyin müdafiəsi zamanı verilmişdir (1990-1993-cü illərdə Sədərəyin müdafiəsində 108 nəfər şəhid olmuşdur).
Bu müddət ərzində 500 yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıntılara məruz qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanda yaşayıb, fəaliyyət göstərdiyi dövrdə digər sərhəd bölgələri kimi Sədərək də işğal təhlükəsindən xilas olmuşdur.
Ümummilli liderimiz Sədərəyi Naxçıvanın «Qeyrət qalası» adlandıraraq demişdir: «Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsil müharibə gedib, atışmalar olub».
Sədərək rayonunda maili düzənlik Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdən Dəhnə və Vəli dağ yüksəklikləri ilə Şərur düzündən ayrılır. Şimal-qərbdən Ağrı düzənliyi ilə birləşir. Cənub-qərbdə Araza qovuşur. 800-940 metr yüksəkliyə malik olan Sədərək düzü cənuba və qərbdən-şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur.
Rayon ərazisində düzənlikdə müasir (allüvial-prolüvial), dağlıq hissədə Devon, qismən Tabaşir çöküntüləri yayılmışdır. Burada gil, mərmərləşmiş əhəngdaşı yataqları və təzahürləri, mineral su yataqları vardır. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuqdur. Ərazidən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır. Əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində çəmən-ot bitkiləri inkişaf etmişdir.
Sədərək, əsasən, kənd təsərrüfatı rayonudur. Taxılçılıq, üzümçülük, meyvə-tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, 1 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Sədərək rayon İcra hakimiyyətinin orqanı olan «Oğuz yurdu» qəzeti 2000-ci ildən nəşr olunur.
Sədərək rayonundan Vəli dağ dəmir yolu stansiyasına qədər olan dəmir yolunun uzunluğu 15 kilometrdir.
Sədərək rayonunun ərazisindən keçən I kateqoriyalı Naxçıvan – Sədərək avtomobil yolunun uzunluğu 15 kilometrdir.
Sədərək gömrükxanasından Naxçıvan – Sədərək magistral yoluna olan I kateqoriyalı yolun uzunluğu 7 kilometrdir.

Tarixi və memarlıq abidələri haqqında məlumat

Eneolit və ilk tunc dövrünə aid edilən «qədim yaşayış yeri» Sədərəyin cənubunda yerləşir.
Orta əsrlərə aid edilən «Sədərək yaşayış yeri» Araz çayının sol sahilində yerləşir.
Son tunc ilk dəmir dövrünə aid edilən «Sədərək qalası» Sədərəyin cənub-şərqində Vəli dağın zirvəsində yerləşir.
Tunc dövrünə aid edilən «Sədərək mağarası» və «Div hörən» qədim tarixi abidələrdəndir.
Orta əsrlərə aid edilən yaşayış məskənlərindən biri də «Qırmızı törə»dir Sədərək kəndinin şimal-şərqində yerləşir.
Sədərək məscidi XVIII-XIX əsrlərə aid memarlıq abidəsidir.
II minilliyə aid edilən Qədim yaşayış yeri və qəbiristanlıq Kərki kəndinin cənub-qərbində yerləşir.
Çapacaq kurqanı (dəfn abidəsi) Vəli dağı silsiləsi üzərində yerləşir.
«Ağ oğlan» ziyarətgahının tarixi də çox qədimlərə aid edilir.
Rayonda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xatirə kompleksi tikilmiş, torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların xatirəsinə şəhidlər xiyabanı salınmışdır.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.


Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat


1990-1993-cü illərdə erməni silahlı birləşmələri dəfələrlə Sədərək rayonuna güclü hücumlar etmiş, 1990-cı ildə Kərki kəndi işğal olunmuş, kənddə 46 ev, mədəni sosial obyektlərdən kənd klubu, kitabxana, feldşer-mama məntəqəsi, orta məktəb binası, kənd qəbiristanlığı dağılmışdır. Qanlı yanvar faciəsinin ilk şəhidləri Sədərəyin müdafiəsi zamanı verilmişdir. Rayonun müdafiəsində 108 nəfər şəhid olmuşdur. Bu müddət ərzində 500-ə yaxın yaşayış evi, məktəb binaları, mədəniyyət evi, onun nəzdində olan kənd klubları, kitabxanaları, xəstəxana binası, məscid binası, transformator yarımstansiyaları, elektrik və telefon xətləri, tikişçilik müəssisəsi, şərab emalı zavodu ciddi zərər çəkmiş, Heydərabad qəsəbəsi, sərhəddə yerləşən şərab zavodu dağıdılmışdır. 500-dən artıq adam yaralanmışdır.