GÖRKƏMLİ NAXÇIVANLILAR

Əliyev Heydər

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. O, həmçinin bir çox dövlətlərin orden və medalları ilə təltif olunmuş, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.
Heydər Əlirza oğlu Əliyevin həyat yoldaşı – Əliyeva Zərifə Əziz qızı (1923-1985) alim-oftalmoloq, tibb elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki olmuşdur. Oğlu İlham Heydər oğlu Əliyev 2003-cü, 2008-ci və 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir

 

Əliyeva Zərifə

Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Əziz Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür (1981). 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır.

Talibov Vasif

Vasif Yusif oğlu Talıbov 14 yanvar 1960-cı ildə Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1981-ci ildə Şərur rayonunun Dəmirçi kəndində müəllim olaraq başlamış, 1982-ci ildən Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi işləmişdir.
1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş Nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır. 1995-ci il noyabrın 12-də , 2000-ci il noyabrın 5-də və 2005-ci il noyabrın 6- da birinci, ikinci və üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq olaraq 1995-ci il dekabrın 16-da, 2000-ci ilin dekabrın 7-də və 2005-ci ilin noyabrın 28-də keçirilən ilk sessiyalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir.
İşlədiyi və təhsil aldığı illərdə doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində dayanmışdır. Azərbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, Yeni Azərbaycanın qurulması məqsədilə həyata keçirilən islahatlar, bölgənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali məqsədlərə çatmaq üçün xalqın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən islahatlarda fəal iştirak etmişdir.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında və təşkilati cəhətdən formalaşmasında fəal iştirak etmişdir. YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 8 aprel 1995-ci ildən YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədridir.
Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Dünya Azərbaycanlılarının birinci (2001) və ikinci (2006) qurultaylarında Əlaqələndirmə Şurasına üzv seçilmişdir.
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Rus, türk, ingilis dillərini bilr.
Evlidir, 3 övladı var.

Abbasov Əli

Əli Məmməd oğlu Abbasov (doğulub 1.01.1953, Naxçıvan şəhəri) - avtomatika texnikası sahəsində alim. Texnika elmləri doktoru (1994) professor (1998). Azərbaycan Milli EA-nın akademiki (2001). Moskva Energetika İnstitutunun avtomatika və hesablama texnikası fakültəsini (1976) və Ukrayna EA-nın aspiranturasını (1980) bitirmişdir. 1991-ci ildən Azərbaycan Milli EA-nın İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinin direktoru, eyni zamanda Azərbaycan Texniki Universitetinin professoru, 2000-2004-cü illərdə Azərbaycan İqtisad Universitetinin rektoru olmuşdur. 2004-cü ildən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziridir. Abbasovun kompüter şəbəkələrində paylanmış informasiya və intellektual sistemlərin layihələşdirilməsi nəzəriyyəsinə dair tədqiqatları var. Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemləri - "RAİS-Azərbaycan" yaradılmasında baş layihəçi, İNTERNET və EARN kompüter şəbəkələrinin Azərbaycan üzrə koordinatoru, "qara qutu" emal sisteminin, "METEO" kompüter şəbəkəsinin işlənib hazırlanmasının icraçısı və rəhbəri olmuşdur. Abbasov Avropa İNTERNET Assosiasiyasında (TERENA) Azərbaycanı təmsil edir (1995-ci ildən). İnformatika, telekommunikasiya və hesablama texnikası üzrə 100-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə ardıcıl elmi ezamiyyətlərdə olur, konfrans və simpoziumlarda çıxışlar edir. Kembric bioqrafiya mərkəzi Abbasovu texnika və texnologiya sahəsində "İlin beynəlxalq adamı" (1991-92) və "Müvəffəqiyyətli adam" (1995-96) siyahısına salmışdır. YUNESKO-nun informatika və telekommunikasiya üzrə ekspertlərin tərkibinə daxil edilmiş (1994-cü ildən), Beynəlxalq İnformatizasiya Akademiyasının (1998) həqiqi üzvü seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin (2-ci çağırış) deputatı olmuşdur.

Abdullayev Həsən

Həsən Məmmədbağır oğlu Abdullayev (1918-ci ildə Culfa rayonunun Yaycı kəndi 1993, Bakı) - alim-fizik, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-83-cü illərdə Azərbaycan EA-nın prezidenti olmuşdur. Azərbaycan SSR Dövlət mükafatı laureatı, əməkdar elm xadimi. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Akademik H.Abdullayev ömrünün əlli ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofızikaya həsr etmişdir. İlk dəfə olaraq selenli cihazlarda selenin anomal hallarını aşkara çıxarmaqla onların idarə olunması yollarını göstərmişdir. Uzunmüddətli elektrik yaddaşlı cihazların hazırlanması və lazer üçün mürəkkəb kimyəvi tərkibli yarımkeçirici monokristalların alınması üçün bir sıra kompleks təcrübələr aparmışdır. H.Abdullayev tərəfindən yeni mürəkkəb yarımkeçiricilərin alınması üçün aparılan təcrübələr, elektrik yaddaşlı idarə olunan diodların yaradılmasına gətirib çıxarmışdır. Termoelektrik çeviriciləri üçün yeni yarımkeçiricilərin alınmasını H.Abdullayev, işləyib hazırlamışdır. H.Abdullayev 150 elmi əsərin müəllifidir. Onların 50-si xarici ölkələrdə çap olunmuşdur. 30-dan artıq ixtiranın müəllifidir. Bunlardan bir qismi ABŞ-da, Fransada, Rusiyada patent almışdır. Türkiyədə, Rusiyada, ABŞ-da yarımkeçiricilər fizikası və yarımkeçirici selenlər haqqında bir sıra mühazirələr oxumuşdur. Uzun illər Azərbaycan Elmlər Akademiyasının fizika institutuna rəhbərlik etmişdir. 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrasının əsasını qoymuş, bir sıra gənc kadrlar hazırlamışdır.
Həsən Məmmədbağır oğlu Abdullayev dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Fəxri Xiyabanda dəfn olunmuşdur

Abutalıbov Müzəffər

Müzəffər Heydər oğlu Abutalıbov (14.12.1908, Ordubad şəhəri - 8.11.1984, Bakı) - bitki fiziologiyası sahəsində ilk Azərbaycan elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli EA-nın akademiki (1968; müxbir üzvü 1960). Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA-nın Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-47), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-59), Azərbaycan Milli EA-nın Genetika və Seleksiya İnstitutunun (1960-62), Botanika İnstitutunun (1947-49; 1962-78) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir.
Tədqiqatları, əsasən, pambıq, kartof və digər kənd təsərrüfat bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterinin inkişafına və torpağın azot-mənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. Bir neçə monoqrafiya və ali məktəb dərsliyinin, 220-dən çox elmi məqalənin müəllifidir. Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. Bir sıra elmi şura və cəmiyyətlərin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti vardır.
Fəxri Xiyabanda dəfn olunmuşdur

Əliyev Cəlal

Cəlal Əlirza oğlu Əliyev (doğulub 30.06.1928, Naxçıvan şəhəri) - bitki fizioloqu, elm təşkilatçısı, ictimai xadim. Biologiya elmləri doktoru (1971), Azərbaycan Milli EA-nın akademiki (1980; müxbir üzvü, 1976), Əməkdar elm xadimi (1982), Rusiya Kənd Təsərrüfatı EA-nın həqiqi üzvü (1995), Ukrayna və Belarus Aqrar EA-larının əcnəbi üzvü (1996). Beynəlxalq Elmi İnkişaf Şurasının - Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin fəxri prezidenti (2002). Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakültəsini (1944), Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini (1951), Azərbaycan Milli EA-nın aspiranturasını (1954) bitirmişdir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun Bitki fiziologiyası şöbəsinin elmi işçisi (1954), şöbənin müdiri (1962), eyni zamanda Azərbaycan Milli EA-nın Botanika İnstitutunda Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinin müdiri vəzifəsində (1975) çalışmışdır. Azərbaycan Milli EA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi (1981-90) olmuşdur. Azərbaycan Milli EA-nın Rəyasət Heyətinin üzvüdür (1997 ildən). Kənd təsərrüfat bitkilərinin, xüsusilə buğdanın məhsuldarlığının fotosintetik əsasları nəzəriyyəsinin tədqiqi ilə məşğul olur. Bitkilərin məhsuldarlığını artırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onların fizioloji, biokimyəvi və molekulyar-genetik əsaslarının, bitki orqanizminin bütün inkişaf mərhələlərində məhsuldarlıq proseslərinin öyrənilməsi problemləri C.Əliyevin elmi fəaliyyətində mühüm yer tutur. O, Azərbaycanda fiziki-kimyəvi biologiya sahəsində araşdırmaları inkişaf etdirmək, elmi kadrlar hazırlamaq və bu sahədə orijinal elmi istiqamət müəyyənləşdirməklə molekulyar biologiyanın, molekulyar genetikanın və gen biotexnologiyasının əsasını qoymuşdur. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsilə C.Əliyev yüksək məhsuldarlığa və əla dən keyfiyyətinə malik, buğda əkini sahələrinin böyük hissəsini təşkil edən "Qaraqılçıq-2", "Mirbəşir-50", "Vüqar-80", "Şiraslan-23", "Tərtər", "Bərəkət-95", "Əlincə-84", "Qiymətli-2/17", "Əkinçi" və s. qiymətli sortlar yaratmışdır.
C.Əliyevin başçılığı ilə respublikada genetik ehtiyatların öyrənilməsi üzrə və "Biomüxtəliflik" milli proqramları həyata keçirilir. C.Əliyev 350-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiya və kitabın müəllifdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında mühüm xidməti var. Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərləri" ("Biologiya elmləri seriyası") jurnalının baş redaktoru, Fotosintez, Molekulyar biologiya, Stress beynəlxalq elmi cəmiyyətlərinin, ABŞ Bitkilərin fiziologiyası, Yaponiya Bitkilərin fiziologiyası elmi cəmiyyətlərinin üzvüdür. C.Əliyevin rəhbərliyi ilə yaradılmış (1998) "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" üzrə Azərbaycan Milli Komitəsi YUNESKO-nun Baş Assambleyasının 30-cu sessiyasında Bioetika üzrə Hökumətlərarası Komitənin üzvü seçilmişdir. Bir sıra ölkələrdə beynəlxalq elmi konqres və simpoziumlarda məruzələrlə çıxış etmişdir. C.Əliyevin rəhbərlik etdiyi elmi kollektiv bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantını almışdır. C.Əliyev həm də xalqla qırılmaz tellərlə bağlı olan, onun azadlığı, suverenliyi, vətənimizin ərazi bütövlüyü, ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlət quruculuğu uğrunda fəal mübarizə aparan görkəmli ictimai xadimdir. Müstəqil Azərbaycan Respublikası Milli Məclisinin (1-ci və 2-ci çağırış) deputatıdır. "Qırmızı Əmək Bayrağı" (2 dəfə), Azərbaycan Respublikasının "İstiqlal" ordenləri ilə və medallarla təltif edilmişdir.
Cəlal Əliyev 1 fevral 2016-cı ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.

Əliyev Hüseynqulu

Əliyev Hüseynqulu Əli oğlu 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1971-1975-ci illərdə Ə. Əzimzadə adına Bakı rəssamlıq məktəbində təhsil alıb.
1977-1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil almışdır.
1982-88 illərdə Naxçıvan Dövlət Rəsm qalereyasında işləmişdir. 1988-ci ildən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamıdır. Teatrda işlədiyi müddətdə Ü. Hacıbəyov “O olmasın, bu olsun”, “Arşın mal alan”, S. Ələsgərov, Ş. Qurbanov “Özümüz bilərik”, İ. Səfərli “Xeyir və Şər”, G. Xuqayev “Arvadımın əri”, Z. Hacıbəyov “50 yaşında cavan”, S. Rüstəmov “Beş manatlıq gəlin”, H. Arzulu “Mərhəmət məhəbbət deyil” və s. tamaşalara səhnə tərtibatı vermişdir.
Naxçıvan şəhərindəki “Koroğlu”, “Bəhruz Kəngərli” heykəllərini, “Ana abidəsi” (Şəhidlər xiyabanı), Vənənd və Nehrəm kəndlərindəki “Şəhidlər abidəsi” , şəhidlərin büstlərini yaratmışdır. Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var. 2000-ci ildən 2011-ci ilin mart ayına qədər Naxçıvan, 1986-cı ildə Azərbaycan Rəssamlar Birliyinə üzv qəbul olunmuşdur. 1988-ci ildə Naxçıvan MR Əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Əliyev Seyfəddin

Seyfəddin Vəli oğlu Əliyev 30 may 1930-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Alışar kəndində anadan olmuşdur.
1947-ci ildə Naxçıvan Tibb Texnikumunu, 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirmişdir. 1952-ci ildən AMEA-nın Zoologiya İnstitutunda işləyir.
İlk dəfə olaraq "Azərbaycanın sovkaları" öyrənilmiş, 716 növ və 84 forma qeydə alınmışdır. Bundan 390 növü Azərbaycanın, 145-i Zaqafqaziyanın, 67-si isə SSRİ-nin faunası üçün yeni olmuşdu. 61 növ zərərverici kimi ilk dəfə müəyyən edilmişdi. 716 növün zonalar, viotoplar, ekoloji və zoocoğrafi qruplar üzrə yayılması, formalaşması, bioekologiyası, qida əlaqələri öyrənilmişdir. Pambığın zərərvericiləri üzrə yayılma xəritələri tərtib edilmiş, pambıq sovkasına qarşı mübarizədə entomofaqların say meyarı işlənmiş və təsərrüfatlara tətbiq edilmişdir.
Orta məktəbin 7-8-ci sinifləri üçün "Zoologiya" dərsliyinin, X cildlik Azərbaycan ensiklopediyasının və "Heyvanlar aləmi"nin II cildinin müəlliflərindən olub, 5 elmi monoqrafiyanın, ali məktəblər üçün 5 dərs vəsaitinin və 55 çap vərəqi həcmində 2-cild. "Onurğasızlar zoologiyası" dərsliyinin redaktoru və tərcüməçisidir.
2007-ci ildə AMEA-nın həqiqi üzv seçilmişdir.
AMEA Zoologiya İnstitutunun Entomologiya laboratoriyası və şöbəsinin müdiridir.

Əziz Şərif

Əbdüləziz Məşədi Qurbanəli oğlu Şərifzadə (Əziz Şərif) (28.03.1895, Naxçıvan şəhəri -28.05.1998, Moskva; Naxçıvanda dəfn olunmuşdur) - ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, maarif və mətbuat xadimi. Filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1963). Naxçıvanda "Tərbiyə" məktəbində (1901-04), Tiflis və İrəvanda xüsusi pansion və gimnaziyalarda (1904-15) təhsil almışdır. 1915-ci ildə Moskva Kommersiya İnstitutuna daxil olmuş, ailə vəziyyəti ilə əlaqədar ikinci kursdan (1917) çıxmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1943) bitirmişdir. Tələbə ikən siyasi hərəkata qoşulmuşdur. 1918-ci ildə sosial-demokrat "Hümmət" partiyasına daxil olmuşdur. Zaqafqaziya seymində sosial-demokrat fraksiyasında (1918), Borçalı qəzasında torpaq idarəsində (1919) çalışmış, seçkiqabağı kampaniyada təbliğat aparmaq üçün İrəvana ezam olunmuşdur. "Hümmət" partiyasının Tiflisdə nəşr etdirdiyi "Gələcək" (1918-19) və "Probujdeniye" (1918) qəzetlərinin redaktoru olmuşdur. Sovet hakimiyyəti illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmış, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi (1920-35) olmuşdur. Tiflis Müəllimlər İnstitutunda müəllim, Sovet Sosialist Respublikaları İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi (1950-61) işləmiş, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru (1962-88) və müdiri (1960-64) olmuşdur. Ədəbi yaradıcılığa 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında dərc olunmuş "Naxçıvandan məktublar"la başlamışdır. Klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi tənqid, bədii tərcümə və publisistika ilə məşğul olmuşdur. Bakı və Moskva şəhərlərində nəşr olunmuş "Molla Nəsrəddin" (1946), "Sabirin həyatı və yaradıcılığı" (rus dilində, 1951), "Vaqif məhəbbət və gözəlliyin tərənnümçüsüdür" (rus dilində, 1968), "Atam və mən" (1983), "Keçmiş günlər" (iki cilddə, 1977-1986), "Molla Nəsrəddin necə yarandı?" (1986), "Tapıntılar" (1987) kitablarının müəllifidir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mir Cəlal və digər Azərbaycan yazıçılarının əsərlərini rus dilinə, rus yazıçılarının əsərlərini, habelə gürcü yazıçılarının bəzi əsərlərini (orijinaldan) Azərbaycan dilinə tərcümə etmişdir.

 

Elçibəy Əbülfəz

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində doğulmuşdur. Şərqşünas-alim, dövlət və siyasi xadim, tarix elmləri namizədi. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.
1962-1963-cü illərdə Elçibəy Moskva Hidrologiya İnstitutunun Bakı filialında tərcüməçi işləmişdir. 1963-1964-cü illərdə Misirdə Asuan bəndinin tikintisi zamanı tərcüməçi olmuşdur. 1965-1968-ci illərdə ADU-nun aspiranturasında oxumuş, 1968-1975-ci illərdə orada dərs demiş, 1975-ci ildə antisovet təbliğat aparması ilə əlaqədar Dövlət Təhlükəsilzik Komitəsi tərəfindən həbs olmuşdur. 1976-cı ildə həbsxanadan azad olunduqdan sonra bir müddət işsiz qalmışdır. 1977-1992-ci illərdə Azərbaycan EA-nın Əlyazmalar İnstitutunda kiçik, sonra böyük elmi işçi işləmişdir. Əbülfəz Əliyev tələbəlik illərindən sovet imperiyasına qarşı Azərbaycanın müstəqilliyi uğrunda barışmaz mübarizə aparmışdır. Elə buna görə də Azərbaycan gəncliyi arasında böyük populyarlığa malik olmuşdur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi adlanan siyasi təşkilat yarandıqdan sonra onun sədri olmuşdur. 1992-ci ilin iyununda isə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Bir ildən sonra Gəncədə baş qaldıran qiyamdan sonra hakimiyyətdən uzaqlaşaraq doğulduğu Kələki kəndinə getmişdir. 1997-ci ildə Bakıya qayıtmış, ömrünün son illərində müxalifətdə olan Xalq Cəbhəsi partiyasına rəhbərlik etmişdir.
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Ankarada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Fətəlibəyli Əbdürrəhman

Əbdürrəhman bəy Əli bəy oğlu Fətəlibəyli (Düdənginski) (1908, Şərur rayonunun Düdəngə kəndində - 1954, AFR, Münxen) - hərbi və siyasi xadim. Atası əsilzadə ailəsindən çıxmış hərbçi olmuş, yüksək rütbəli zabit kimi əvvəlcə Türküstan sərhəd dairəsinin, sonra isə Rusiya-İran sərhədinin Naxçıvan qəzası üzrə rəisi olmuş, 1910-cu ildə erməni və rus şovinistlərinin əli ilə zəhərlənərək öldürülmüşdür. Ə.Fətəlibəyli Tiflisdə təhsil almış, 1939-cu ildə Moskvada M.V.Frunze adına Hərbi Akademiyanı bitirmiş, Sovet-Finlandiya müharibəsində (1939-40) iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu. Böyük Vətən müharibəsi (1941-45) başlayanda Ə.Fətəlibəyli mayor rütbəsində Riqada (Latviya) general Vlasovun ordusunun tərkibində qərargahda, qardaşı Seyfulla hərbi hissələrin birində, həyat yoldaşı Leyla isə hərbi həkim kimi şəhər hospitalında xidmət edirdi. Təqribən 1941-ci ilin sentyabrında Ə.Fətəlibəyli Leninqrad ətrafında hərbi tapşırığı yerinə yetirərkən Vlasovun ordusunun almanların tərəfinə keçdiyindən xəbər tutur və özü də almanlara əsir düşür. 1941-ci ilin noyabrında Almaniya Xarici İşlər Nazirliyinə müraciət edərək əsir azərbaycanlılardan ibarət hərbi legion yaratmağa razılıq alır. 1942-ci ildə Almaniya dövləti onun yaratdığı və başında durduğu mühacir Azərbaycan hökumətini tanımışdı (1944-cü ilin payızınadək fəaliyyət göstərmişdi). 1943-cü ildə "Milli Birlik Məclisi" təşkil edilmiş, Almaniyada Azərbaycan siyasi müxalifətinin rəhbəri M.Ə.Rəsulzadə və başqaları ilə sıx əlaqələr yaradılmışdı. 1943-cü ilin mayında Berlində Ə.Fətəlibəylinin də iştirakı ilə Azərbaycan İstiqlalının 25-ci ildönümü qeyd olunmuş, noyabrda keçirilmiş Milli Azərbaycan qurultayı onun məruzəsi əsasında qətnamə qəbul etmişdi. Müharibədən sonra bir müddət İtaliyada, Misirdə və Türkiyədə yaşamış, 1953-cü ildə Münxen şəhərində yerləşən "Azadlıq" radiosunun Azərbaycan şöbəsinin baş redaktoru olmuşdur. DTK qatili tərəfindən qətlə yetirilmişdir. Mərhumun dəfn mərasimində çıxış edən M.Ə.Rəsulzadə onu "hərarətli bir vətənsevər və qorxmaz bir mücahid" adlandırmışdı.

 

Hacıyev İsmayıl

İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının (2003), Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür (2002). Azərbaycan MEA Rəyasət Heyətinin üzvüdür.
1974-cü ildən Culfa rayonunda kənd məktəbində müəllim işləmişdir. 1978–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor, dekan müavini, dekan, prorektor vəzifələrində çalışmışdır. 2003-cü ildən Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin sədri, Naxçıvan Dövlət Universitetinin professorudur. 30-dan artıq kitabın və monoqrafiyanın və 250-dən artıq elmi məqalənin müəllifidir.
AMEA Naxçıvan Bölməsinin "Xəbərləri"nin baş redaktoru, Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının, AMEA-nın "Xəbərlər" jurnalının (tarix, fəlsəfə, hüquq seriyası) redaksiya heyətinin üzvüdür.
İkinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Avstraliya, Azərbaycan-Çin, Azərbaycan-Rumıniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Dialoq Avrasiya platformasının üzvüdür.

Həbibbəyli İsa

İsa Əkbər oğlu Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Azərbaycan Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Amerika Bioqrafiya İnstitutunun akademiki, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür, Ankara Universitetinin fəxri dostu adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 68 monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 400-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, üçüncü, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Həşimov Arif

Həşimov Arif Məmməd oğlu (doğulub - 28.9.1949, Şahbuz rayonunun Şahbuz qəsəbəsi) - fizik. Texnika elmləri doktoru (1993). Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1978). Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) energetika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının Yüksək gərginliklər texnikası və elektrotermik qurğular kafedrasında işləyir (1978 ildən). Əsas tədqiqatları energetikanın fiziki-texniki problemlərinə - mürəkkəb elektrik şəbəkələrində dissipativ amilləri, elektrotexniki avadanlıqları ifrat gərginlikdən mühafizə edən və qısa qapanma cərəyanlarını məhdudlaşdıran qurğuları tam nəzərə almaqla, elektromaqnit dalğa proseslərini hesablamaq üçün riyazi modellərin işlənib hazırlanmasına həsr edilmişdir. İfrat gərginliklərin və qısa qapanma cərəyanlarının məhdudlaşdırılması üçün betel rezistorları əsasında qurulmuş qurğuların işlənib hazırlanmasında və tətbiqində bilavasitə iştirak etmişdir. Bu, keçmiş SSRİ-də cərəyan məhdudlaşdırıcı tədbirlərin kütləvi tətbiqinə şərait yaratmışdır. Həşimovun bilavasitə iştirakı ilə respublikada yeni texniki tədbirlər işlənib hazırlanmışdır.
2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 200-dən artıq elmi məqaləsi, 6 monoqrafiyası çapdan çıxmışdır. AMEA Fizika İnstitutunun direktorudur.
1978-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı olmuşdur.

Hüseyn Cavid

1882-ci ildə Naxçıvanda doğulmuşdur. Şair dramaturq. İlk təhsilini mollaxanada, orta təhsilini Naxçıvanda və Təbrizdə almışdır. 1909-cu ildə İstanbul universitetinin ədəbiyyat fakültəsini bitirmişdir.
1909-15-ci illərdə Hüseyn Cavid Naxçıvanda, Gəncədə, Tiflisdə və Bakıda müəllim işləmişdir. 1913-cü ildən çap olunmağa başlamışdır. Hüseyn Cavid Azərbaycan romantizminin görkəmli nümayəndələrindən olub haqsızlığa qarşı etiraz etmiş, humanizmi təbliğ etmişdir. "Keçmiş günlər", "Bahar şehi", "Ana" dramı, "Maral", "Şeyda", "Şeyx Sənan", "İblis" əsərləri yaradıcılığında görkəmli yer tutur. Azərbaycanda kommunist rejiminin qurulması onda sanki gələcəyə inamı bir az da artırır. Hüseyn Cavid bu inamı "Azər" dastanında, sonra "Məsud və Şəfiqə" dramında əks etdirdi. Ancaq tezliklə açıqcasına kommunizmin, kommunizm ideyalarının nağıldan başqa bir şey olmadığına heyfsiləndi. Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Siyavuş", "Xəyyam" və s. tarixi dramların müəllifidir. "Peyğəmbər" və "Topal Teymur" dramlarına görə şair kəskin tənqid olunmağa başlandı ki, guya "Peyğəmbər"də islamın yaradıcısı Məhəmmədi ideallaşdırmaqla islam ideyalarını, "Topal Teymurda" isə feodal işğalçını təbliğ etmişdir. Şərqin işıqlı simalarından biri şair və filosof Xəyyam obrazı Şərqin orta əsrlər fonunda geniş təsvir olunmuşdur. Sənətkarlar və tələbələr, saray əyanları, ikiüzlü din xadimləri xalq, saray, xəlifə, övliyalar, bütün bunlar işıqlı boyalarla aydın təsvir edilmişdir. Romantik şair olan Hüseyn Cavid mahnılar, musiqi, aforizmlərdən canlı şəkildə istifadə etməklə insanın obrazını yaratmış, onu həyatsevər, hikmətli, ağıllı və mərhəmətli təsvir etmişdir. Xəyyamın həyatı faciəli olsa da, obrazı cəzbedici və gözəldir. "Simli saz" və "Kor neyçalan" poemaları Cənubi Azərbaycan xalqının faciəli taleyinə həsr olunmuşdur.
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 1937-ci ildə Stalin repressiyasının qurbanı oldu. O, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində həbs düşərgəsində vəfat etdi. Hüseyn Cavidin cəsədinin qalıqları vətənə gətirilərək Naxçıvandakı ev muzeyinin həyətində dəfn edilmiş, üzərində məqbərə ucaldılmışdır. Bakıda və respublikanın başqa şəhərlərində kitabxanalar, məktəblər, küçələr onun adını daşıyır. 1982-ci ildə Azərbaycan xalqı Hüseyn Cavidin 100 illik yubileyini təntənə ilə geniş qeyd etdi. Naxçıvanda "Hüseyn Cavid poeziyası" teatrı açılmış, haqqında monoqrafiyalar, poemalar, şeirlər və məqalələr yazılmışdır.
1982-ci il oktyabrın 26-da Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tapşırığı ilə Hüseyn Cavidin nəşi İrkutsk vilatyətinin Tayşet rayonunun Şevçenko kəndindən Bakıya gətirilir. Sonra cənazə xüsusi təyyarə ilə Naxçıvana aparılır. Əvvəl ata evinə gətirilən şairin nəşi noyabrın 3-də Naxçıvanda ev muzeyinin yanında, uşaqlıqda çox sevdiyi tut ağacının altında dəfn olunur.
1996-cı ildə Naxçıvanda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində möhtəşəm memarlıq-xatirə kompleksi ucaldılmışdır. Kompleks Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Məqbərə üst və aşağı - sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin həyat yoldaşı Müşkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri (hər iki qəbir 1996-cı ildə, sərdabə tikilərkən buraya köçürülmüşdür) və qızı Turan xanımın qəbiri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyənin "Star" inşaat şirkəti tərəfindən tikilmişdir və açılışı 29 oktyabr 1996-cı ildə olmuşdur.
Adına Bakıda, Naxçıvanda və respublikanin digər şəhər və rayonlarında küçə, bağ, məktəb, kitabxana, kinoteatr və s. mədəni-maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.

 

İbrahimov Hüseyn

Hüseyn Məmmədəli oğlu İbrahimov (doğulub 23.05.1919, Kəngərli rayonunun Şahtaxtı kəndində - 10.04.2008, Bakı) - yazıçı. Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir (1958). Əmək fəaliyyətinə 1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonralar Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Şərur rayon komitəsinin 1-ci katibi (1941-43), Naxçıvan Vilayət Komitəsinin katibi (1943-47), "Şərq qapısı" qəzetinin redaktor müavini (1947-49), Naxçıvan MSSR Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri (1954-60), "Şərq qapısı" qəzetinin redaktoru (1961-65), Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri (1965-70), Naxçıvan MSSR Mədəniyyət naziri (1970-75) olmuşdur. 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyi Naxçıvan şöbəsinin məsul katibi olmuşdur. Naxçıvan Yazıçılar Birliyinin sədri olmuşdur. İbrahimov tarixi və müasir mövzularda romanların müəllifidir. İlk irihəcmli əsəri olan "Sabahın sorağında" (1966) romanı müəllimlərin həyatından bəhs edir. Romanda mənəvi kamilliyin qələbəsi təsdiq və tərənnüm olunur. "Günəş doğan yerdə" (1976) romanında 1918-19-cu illərdə Naxçıvanda baş verən hadisələr qələmə alınmışdır. "Bahar yağışı" (1983) romanı müasirlərimizin həyatından bəhs edir. "Əsrin onda biri" (1987) romanında Əcəminin, "Böhtan" (1998) romanında Hüseyn Cavidin, "Ölməz mahnılar" (1963) kino-povestində Üzeyir Hacıbəyovun ömür və sənət yolu canlandırılır. Hekayə ["Gülzar" (1958), "Zərifənin çiçəkləri" (1960), "Şirin xatirə" (1963), "Nəciblik" (1979)] və povest ["Baharın hekayəsi" (1958), "Göyərçinin məhəbbəti" (1964), "Səhv edəndə" (1985), "Qu quşları öləndə oxuyurlar" (1998)] kitabları nəşr edilmişdir. "Torpağın övladları" (1953), "İtirilən sağlıq" (1968) pyesləri tamaşaya qoyulmuşdur.
Naxçıvan MSSR Ali Sovetinin (4, 7 və 8-ci çağırış) deputatı, Naxçıvan MSSR Ali Sovetinin sədri (1963, 1967) seçilmişdir. Naxçıvan MR-nın Ali Məclisinin (2-ci çağırış) deputatı olmuşdur.
Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1999).

İbrahimov İsmayıl

İsmayıl Əli oğlu İbrahimov (doğulub 31.12.1915, Ordubad şəhərində) - avtomatika sahəsində alim. Texnika elmləri doktoru (1968), professor (1964). Azərbaycan Milli EA-nın akademiki (1980; müxbir üzvü 1968). Sosialist Əməyi Qəhrəmanı (1986). Azərbaycan Respublikasının əməkdar elm xadimi (1981), SSRİ-nin fəxri neftçisi (1985). SSRİ Dövlət mükafatı laureatı (1983). Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir (1941). Böyük Vətən müharibəsi (1941-45) iştirakçısıdır; rabitə taqımı və batalyonunun komandiri olmuşdur. Moskvada nəşr edilən çoxcildlik "XX əsrin əsgərləri" kitabının (c.l) "Böyük Vətən müharibəsinin iştirakçıları - müasir dövrün 200 görkəmli xadimi" bölməsində haqqında məqalə verilmiş 3 azərbaycanlıdan biridir. Azərbaycan Dövlət Neft Akademiyasının nəzarət-ölçü cihazları kafedrasında müəllim, dosent, professor və kafedra müdiri (1946-88) işləmiş, 1960-70-ci və 1978-88-ci illərdə həmin akademiyanın rektoru olmuşdur. 1970-78-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Əsas elmi işləri neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanması və sənaye istehsalına tətbiqinin nəzəri tədqiqinə aiddir. 140-dan çox elmi əsərin, 17 monoqrafiya və dərsliyin müəllifidir. Yüksək ixtisaslı elmi və mühəndis kadrlarının hazırlanmasında xidməti vardır. Azərbaycan Milli EA-nın Rəyasət Heyəti nəzdində informatika, hesablama texnikası, avtomatlaşdırma və idarəetmə problemləri üzrə elmi şuranın sədridir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (1971-91) və Mərkəzi Komitə Bürosunun (1971-78) üzvü, Azərbaycan SSR və SSRİ Ali Sovetlərinin deputatı (1963, 1967, 1980, 1985) seçilmişdir. Respublika Müharibə və Əmək Veteranları Şurası və MDB ölkələri veteranlar şurasının üzvüdür. Bir neçə orden və medallarla təltif olunmuşdur.

Kəngərli Bəhruz

Kəngərli Bəhruz (Şamil) Şirəlibəy oğlu (22.1.1892, Naxçıvan şəhəri - 7.2.1922, Naxçıvan şəhəri) - rəssam, boyakar və qrafik. Azərbaycan rəssamlığında realist dəzgah boyakarlığının təşəkkülü, portret və  mənzərənin müstəqil janr kimi formalaşması Kəngərlinin adı ilə bağlıdır. Uşaq ikən ciddi xəstələndiyindən ağır eşidən Kəngərli məktəbə gedə bilmir, meylini rəsmə salır, gördüklərini uşaq təxəyyülü ilə kağıza köçürürdü. Tiflisdə Qafqaz İncəsənəti Təşviq cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxumuşdur (1910-1915).    
Kəngərlinin zəngin bədii irsi qalmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort və s. çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri ("Yaşlı kişi", "Gürcü" və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan kişi, qadın, oğlan, qız portretləri canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri ("Şəlalə", 'Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağ", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Əshabi-kəhf dağı" və s.), mədəniyyət abidələri ("Mömünə Xatun türbəsi"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunmuşdur. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" (2001, 22 may) qərarına müvafiq olaraq Naxçıvan şəhərində muzeyi yaradılmışdır.

 

Kəngərli Ehsan xan

Kəngərli Ehsan xan Kəlbəli Xan Oğlu (?, Naxçıvan – ?, orada) – Naxçıvanın sonuncu xanı. Kəlbəli xan Kəngərlinin oğlu, İsmayıl xan Naxçıvanskinin, Kalbalı xan Naxçıvanskinin və Qönçə bəyimin atasıdır. 1826-28-ci illər Rusiya – İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunun sərhəngi (polkovniki) olan Ehsan xan Kəngərli rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açdırmışdı. 1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində (1853-56) də şücaətlə vuruşmuşdur. “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. A. Bakıxanov və A. S. Qriboyedov İrana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A. S. Qriboyedov “İrəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.

 

Kəngərli Heydərqulu xan

Heydərqulu xan Kəngərli (?-1763/64)- Naxçıvan xanı. Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi. Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi.

 

Mahmudov Əhməd

Əhməd Əkbər oğlu Mahmudov (25.5.1928, Kəngərli rayonunun Şahtaxtı k. - 8.5.1989, Bakı;) - iqtisadçı. İqtisad elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli EA akademiki (1983; müxbir üzvü 1972). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) uçot-statistika fakültəsini (1950) və Azərbaycan Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İnstitutu) aspiranturasını (1954) bitirmişdir. Azərbaycan Milli EA İqtisadiyyat İnstitutunda baş elmi işçi (1956-58), direktor müavini (1958-64) və direktor (1964-cü ildən ömrünün sonunadək) olmuşdur. Azərbaycan Milli EA Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik-katibinin müavini (1981-85) işləmişdir. Siyasi iqtisad, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri, Azərbaycanda, o cümlədən Naxçıvan MR-də kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü, Azərbaycan Milli EA İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri (1976-88) olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. II dərəcəli "Vətən müharibəsi" ordeni, digər orden və medallarla təltif edilmişdir.
Fəxri Xiyabanda dəfn olunmuşdur

Mahmudbəyov Şamil

Şamil Fərəməz oğlu Mahmudbəyov (5.12.1924, Naxçıvan ş. - 18. 6. 1997, Bakı) - kinorejissor. Azərbaycan Respublikası əməkdar incəsənət xadimi (1976). Azərbaycan Dövlət mükafatı laureatı (1969). Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir (1954, Moskva). "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərmişdir. İlk vaxtlar sənədli və qısametrajlı, sonralar isə tammetrajlı bədii filmlər çəkmişdir. "Romeo mənim qonşumdur" (1963), "Qaraca qız" (1965), "Torpaq. Dəniz. Od. Səma" (1967), "Şərikli çörək" (1969), "Həyat bizi sınayır" (1971), "Skripkanın sərgüzəşti" (1972), "Dərviş Parisi partladır" (1976; K. Rüstəmbəyovla birgə), "Bayquş gələndə" (1978), "Od içində" (1978) Ş.Mahmudbəyovun ən yaxşı bədii filmlərindəndir.





Maqsudov Fərəməz

Fərəməz Qəzənfər oğlu Maqsudov (20.3. 1930, Naxçıvan ş. - 30.7.2000, Bakı) - riyaziyyatçı, elm təşkilatçısı, ictimai xadim. Fizika-riyaziyyat elmləri doktoru (1974), professor (1976), Azərbaycan Milli EA akademiki (1980; müxbir üzvü 1976), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2000). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsini (1954) və Azərbaycan EA Riyaziyyat İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Milli EA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini (1964-74), direktoru (1974-cü ildən), 1981-97-ci illərdə eyni zamanda Azərbaycan Milli EA fizika-mexanika və riyaziyyat elmləri bölməsinin akademik-katibi, 1997-2000 illərdə Azərbaycan Milli EA-nın prezidenti olmuşdur. F.Maqsudovun elmi maraq dairəsi geniş idi (funksional analiz, diferensial tənliklər, tətbiqi riyaziyyat və mexanika, riyaziyyat tarixi və s.). O, kompleks qiymətli bir-ölçülü Şredinger operatorunun spektrinin diskretliyi, ixtiyari cüt tərkibli özünə qoşma olmayan sinqulyar diferensial operatorların spektrləri nəzəriyyəsini işləyib hazırlamışdır. F.Maqsudovun ikinci və daha yüksək qeyri-xətti hiperbolik tənliklər üçün başlanğıc-sərhəd məsələlərinin həllinə dair araşdırmaları bu sahədə tədqiqatların təməlini qoymuşdur. Bu əsərlər içərisində dissipasiyalı qeyri-xətti dalğa tənliyinin hamarlığı probleminin həlli xüsusi yer tutur. Onun fəal iştirakı ilə deformasiya olunan bərk cisim mexanikası, qaz və maye mexanikası sahəsində tədqiqatlar aparılmışdır. 200-dən çox elmi əsərin, 11 monoqrafiyanın və dərsliklərin müəllifidir. Böyük enerji avadanlıqlarının davamlılığının hesablanması üsullarının işlənib hazırlanmasına görə 1983 ildə SSRİ Nazirlər Sovetinin mükafatına, keçmiş SSRİ XTNS-nin bürünc (1975) və gümüş (1978) medallarına layiq görülmüşdür. ABŞ, İngiltərə, Fransa, Rusiya, Yaponiya, Polşa, Macarıstan, Türkiyə və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. O, Amerika Bioqrafiya Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi Baş direktorunun müavini, Amerika Riyaziyyat Cəmiyyətinin üzvü, Azərbaycan-Amerika Təhsil, İqtisadiyyat və Mədəniyyət Mərkəzinin həmsədri, NATO-nun elm komitəsinin üzvü, Atatürk Kültür Mərkəzinin (Türkiyə) fəxri üzvü, İslam Elmlər Akademiyasının üzvü seçilmişdir.
Ədəbiyyat və incəsənət sahəsində də dərin biliyə malik idi. Elmi kadrlar hazırlanmasında mühüm xidməti var. F. Maqsudov həm də görkəmli ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin 1-ci çağırış deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri və İdarə Heyətinin üzvü olmuşdur. Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Fəxri Xiyabanda dəfn olunmuşdur

Mehdiyev Rafiq

Rafiq Mahmud oğlu Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan M R Şahbuz rayonunda anadan olmuşdur.
Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunu (1948-1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini (1953-1958) bitirmişdir. Əmək fəaliyyətini Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunda müəllim (1962), sonra M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır. 1980-ci ildə Əməkdar rəssam, 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və Xalq rəssamı fəxri adına layiq görülmüşdür.
2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur.
Mehdiyev Rafiq bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Rəssam 28 noyabr 2009-cu ildə Bakıda vəfat etmişdir.


Məmməd Araz

İbrahimov Məmməd İnfil oğlu 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nurs kəndində anadan olmuşdur.
1940-cı ildə  Şahbuz rayonunun Nurs kəndinin 1-ci sinfində təhsilə başlamışdır. 1945-ci ildə Atası İnfil kişi «xalq düşməni» adı ilə  Sibirə sürgün olunmuşdur.
1950-ci ildə APİ-nin coğrafiya fakültəsinə daxil olmuş və eyni zamanda yaradıcılığını da davam etdirmişdir. 1951-ci ildə Yazıçı İ.Şıxlının təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak edir. 1954-cü ildə APİ-ni bitirmiş, təntənəli buraxılış gecəsində məzunlara həsr olunmuş «Ayrılıq» şerini oxumuşdur.
1955-56-cı illərdə Şahbuz rayonunun Nurs kəndində müəllim işləmişdir. 1957-ci ildə Azərbayçan Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilmişdir. 1957-ci ildə Azərbayçan Yazarlar Birliyinin üzvü olmuşdur. 1958-ci ildə 8 noyabrda ailə həyatı qurmuşdur. 1959-cu ildə «Sevgi nəğməsi» adlı ilk şerlər kitabı «Azərnəşr»də çap olunmuşdur.
1959-cu ildə Moskva SSRİ Yazıcılar İttifaqı nəzdindəki M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna daxil olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilmişdir.
Məmməd Araz 1971-ci ildən Azərbayçan Yazıcılar İttifaqının poeziya bölməsinə 1981-ci ilə qədər rəhbərlik etmiş. 1972-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi ilə ədaqədar hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə millətçi kimi baş redaktor müavini vəzifəsindən azad edilmişdir.
1974-cü il – Yeni nəşrə başlayan «Azərbayçan təbiəti» jurnalının baş redaktorluğuna irəli çəkilmiş və ömrünün sonuna qədər orada işləmişdir. 1974-cü il – «Həyatın və sözün rəngləri» adlı publisist kitabı nəşr edilir.
Məmməd Araz 7 dekabr 1991-ci ildə Azərbayçan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüşdür. 1995-ci ildə müstəqil Azərbayçanın ən yüksək mükafatı – «İstiqlal» ordeninə lyiq görülmüşdür.
1997-ci ildə «Yol ayrıcında söhbət» kitabı, 2001-ci ildə «Sənətdə son mənzil olmur» publisist kitabı nəşr olunmuşdur. 2002-ci ildə «Qayalara yazılan səs» kitabı Təbrizdə ərəb əlifbası ilə çap olunmuşdur. 2004-cü ildə dövlətin qərarı ilə ikicildliyi çap edilmişdir. 
Məmməd Araz 2004-cü il dekabrın 1-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn edilmişdir

Məmməd Cəfər

Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov (Məmməd Cəfər) (9.5.1909, Naxçıvan ş. - 11.5.1992, Bakı) - tənqidçi, ədəbiyyatşünas, nasir. Filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Milli EA akademiki (1976; müxbir üzvü 1968). Azərbaycan Respublikasının əməkdar elm xadimi (1982). Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1976). Naxçıvan Pedaqoji Texnikumunu (1932) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini (1935) və aspiranturasını (1938) bitirmişdir. 1935-59 illərdə müxtəlif ali məktəblərdə və Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim, dekan, kafedra müdiri, "Ədəbiyyat qəzeti"nin redaktoru, Azərbaycan Yazıçılar İttifaqı Tənqid və ədəbiyyatşünaslıq bölməsinin müdiri olmuşdur. Azərbaycan Milli EA Nizami ad. Ədəbiyyat İnstitutunun müasir ədəbiyyat (1959-63) və ədəbiyyat nəzəriyyəsi (1963-1982) şöbələrinin müdiri, İnstitutun direktoru (1980-81) vəzifələrində çalışmışdır. 1981 ildən Azərbaycan Milli EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi idi. Məmməd Cəfər çağdaş Azərbaycan yazıçılarının yaradıcılığı haqqında ədəbi tənqidi məqalələrin, Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinə həsr olunmuş əsərlərin ["Klassiklərimiz haqqında" (1948), "M. F. Axundovun ədəbi tənqidi görüşləri" (1950), "Füzuli düşünür" (1959), " Hüseyn Cavid" (1960), "XX əsr Azərbaycan ədəbiyyatında romantizm (1963), "Cəlil Məmmədquluzadə" (1966), "Səməd Vurğun" (1966), "Nizaminin fikir dünyası" (1981) kitabları], rus ədəbiyyatına, Azərbaycan-rus ədəbi əlaqələrinə dair tədqiqatların ["Rus ədəbiyyatı tarixi oçerkləri" (1939), "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" (1964), "Rus klassikləri" (1964) kitabları və s.], aktual ədəbi, estetik və pedaqoji problemlərə aid araşdırmaların ["Estetik zövq, ailə və məktəb" (1954), "Ədəbi düşüncələr" (1958), "Estetik zövq haqqında" (1965), "Mütəfəkkirin şəxsiyyəti" (1966) kitabları və s.] müəllifidir. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1957-60) müəlliflərindəndir. Bədii yaradıcılıqla da məşğul olmuşdur: "Əntiqə adamlar" (1981) hekayə toplusu və s. "Qırmızı Əmək Bayrağı", iki dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur. Azərbaycan SSR EA "Xəbərləri"nin (ədəbiyyat, dil və incəsənət seriyası) baş redaktoru, "Dünya ədəbiyyatının inkişaf problemləri" üzrə Respublika Əlaqələndirmə Şurasının sədri idi.
Fəxri Xiyabanda dəfn olunmuşdur

Məmmədyarov Məhərrəm

Məhərrəm Əli oğlu Məmmədyarov (d. 17. 10. 1924., Culfa rayonunun Yaycı kəndi) - kimyaçı. Kimya elmləri doktoru (1971), professor (1972), Azərbaycan Milli EA akademiki (2001; müxbir üzvü 1989). Azərbaycan Respublikası Dövlət mükafatı (1980), akademik Y.H.Məmmədəliyev mükafatı (1998) laureatı. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısıdır. Naxçıvan Pedaqoji Texnikumunu (1941), Azərbaycan Dövlət Universitetini (1949) və Leninqrad (indiki Sankt-Peterburq) Texnologiya İnstitutunun aspiranturasını (1953) bitirmişdir. Azərbaycan Milli EA Kimya İnstitutunda elmi katib (1953-55), N. D. Zelinski ad. SSRİ EA Üzvi Kimya İnstitutunda (1955-59), Azərbaycan EA Y. H. Məmmədəliyev ad. Neft Kimyası Prosesləri İnstitutunda (1959-69) baş elmi işçi vəzifəsində çalışmışdır. 1969 ildən həmin İnstitutda sintetik yağların sintezi və texnologiyası laboratoriyasının müdiridir. Azərbaycan Milli EA Naxçıvan Regional Elm Mərkəzinin rəhbəri olmuşdur (1973-79). Naxçıvan MR-in təbii sərvətlərindən istifadə yollarının elmi əsaslarının hazırlanması sahəsində tədqiqatlar aparmışdır. Naxçıvanın termal mənbələrindəki təbii karbon qazından istifadənin sənaye texnologiyasının işlənib hazırlanmasına görə Azərbaycan Respublikası Dövlət mükafatına layiq görülmüşdür (1980). 1975-78 illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. Azərbaycan Milli EA Mikrobiologiya İnstitutunun (1994-cü ilədək bölmə) direktoru (1981-2002) olmuşdur. Üzvi kimya, neft kimyası, neft-kimya biotexnologiyası və s. sahələrində tədqiqatlar Məmmədyarovun elmi fəaliyyətində mühüm yer tutur. Onun rəhbərliyi ilə etilen və propilenin yüksək temperaturda katalizatorun "qaynar" təbəqəsində xlorlaşma reaksiyasına aid geniş tədqiqatlar aparılmış və onun texnologiyası yaradılıb, yarımsənaye miqyasında vinil-xloridin alınma üsulu kimi sınaqdan keçirilmişdir. Sintez olunmuş perxlorolefinlərin dien adduktlarının alınması, onların müxtəlif oksigenli və silisiumlu birləşmələrinin və norbornen cərgəsindən olan efirlərin sintezinin və çevrilmələrinin öyrənilməsi sahəsində də tədqiqatlar aparılmışdır. M.Məmmədyarovun rəhbərliyi ilə texniki mikrobiologiya sahəsində (neft mikrobiologiyası, səthi aktiv maddələrin biosintezi, nadir elementlərin filizdən mikrobioloji üsulla ayrılması) də əhəmiyyətli işlər görülmüş, layların neft çıxımının artırılmasının biotexnoloji üsulu işlənib hazırlanmış və Abşeronun neft yataqlarında geniş tətbiq olunmuşdur. 250-dən çox elmi əsərin, 3 monoqrafiyanın və 40 müəlliflik şəhadətnaməsinin müəllifidir. Keçmiş SSRİ EA Rəyasət Heyəti yanında "İncə üzvi kimya sintezi" ixtisası üzrə elmi şuranın üzvü olmuşdur (1974-79). Bir sıra beynəlxalq məclislərdə məruzələr etmişdir.
Məhərrəm Məmmədyarov 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Məmmədov Şirəli

Şirəli Məmmədov Nəsirzadə (25.12.1904, Ordubad rayonunun Dəstə kəndi - 1984, Bakı) - mədən işləri sahəsində alim. Texnika elmləri doktoru (1948), professor (1948), Azərbaycan Milli EA akademiki (1968; müxbir üzvü, 1959). Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir (1930). Maqnitoqorsk mədənlər idarəsinin əsaslı tikinti şöbəsinə rəhbərlik etmiş (1932-33), "Soyuzmışyak"m Culfa mərgümüş kombinatının rəisi vəzifəsində çalışmışdır (1934-36). 1938-39 illərdə Moskva Dağ-Mədən İnstitutunda dosent və filiz yataqlarının işlənilməsi kafedrasının müdiri işləmişdir. Böyük Vətən müharibəsi (1941-45) illərində Naxçıvan duz mədəninin baş mühəndisi və direktoru, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin ikinci katibi (1944-45) olmuş, 1950-53-ci illərdə Daşkəsən dağ-mədən kompleksinin tikintisinə rəhbərlik etmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geofizika kafedrasının müdiri, elmi işlər üzrə prorektoru (1948-50; 1953-59), Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri (1959-61) işləmiş, Azərbaycan Milli EA Geologiya İnstitutunda mədən işləri bölməsinə rəhbərlik etmişdir (1958-ci ildən ömrünün sonunadək). Elmi tədqiqatları filiz yataqlarının yeraltı və açıq üsullarla işlənilməsi sistemlərinin və texnologiyasının təkmilləşdirilməsi məsələlərinin həllinə həsr edilmişdir. 169 elmi əsərin, o cümlədən 13 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti vardır. Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif edilmişdir.

Məmmədəliyev Yusif

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Ordubad şəhərində doğulmuşdur. Kimya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
Ali məktəbi bitirdikdən sonra Y. Məmmədəliyev Gəncə Pedaqoji Texnikumunda və İrəvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. 1932-33-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, 1933-45-ci illərdə Elmi-Tədqiqat Neftayırma İnstitutunda işləmişdir. 1945-51-ci illərdə bu institutun direktoru olmuşdur. 1951-54-cü illərdə Y. Məmmədəliyev Azərbaycan EA-nın fizika, kimya və neft bölməsinin elmi katibi olmuşdur. 1954-58-ci illərdə ADU-nun rektoru, 1958-61-ci illərdə Azərbaycan EA-nın prezidenti olur. Onun elmi işləri əsasən kimya, neft və təbii qazın emalına, problemlərinə həsr olunmuşdur. O, reaktiv mühərriklər üçün yeni növ yanacaq yaratmışdır. "Azərbaycanın təbii qazı və onun kimyada tətbiqi", "Alkilləşdirmə və dealkelləşdirmə yolu ilə aromatik karbohidratlardan toluolun sintezi", "Azərbaycanda elmin inkişafı" və bir sıra elmi əsrlərin müəllifidir.
Yusif Heydər oğlu Məmmədəliyev Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1961-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın elmi-tədqiqat Neft-Kimya Prosesləri İnstitutu, Ordubad ipəkçilik kombinatı, Bakı küçələrindən biri onun adını daşıyır. Azərbaycanın paytaxtında və Ordubadda ona abidə qoyulmuş, Ordubadda ev-muzeyi açılmışdır.

 

Məmmədquluzadə Cəlil

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1866-cı ildə Naxçıvanda doğulmuşdur. Yazıçı, dramaturq, publisist, ictimai xadim. İlk təhsilini mollaxanada, orta təhsilini Naxçıvanda almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmişdir.
1887-97-ci illərdə C. Məmmədquluzadə Azərbaycanın İrəvan mahalının Uluxanlı qəsəbəsində müəllimlik etmişdir. XIX əsrin sonunda Moskvada, sonra da Peterburqda olmuşdur. 1898-ci ildə İrəvana, 1903-cü ildə Tiflisə köçmüşdür. 1904-cü ildən M.Şahtaxtlının redaktə etdiyi "Şərqi-rus" qəzeti ilə əməkdaşlıq edir. Burada "Poçt qutusu", "Kişmiş oyunu" satirik hekayələrini yazır. L.Tolstoyun "Zəhmət, ölüm və naxoşluq" hekayəsini tərcümə edib çap etdirir. "Kaspi" və "Tiflisskiy listok", "Vozrojdeniye", "Kafkazskiy raboçiy listok" qəzetlərində felyetonlarını çap etdirir. "Qeyrət" və "Novruz" qəzetlərini nəşr etdirir. Tiflisdə Azərbaycan zadəganları üçün məktəb və pansion təşkil edir. 1905-ci ildə tanınmış jurnalist Ömər Faiq Nemanzadənin və tacir M. Bağırzadənin köməyilə mətbəə alır. 1906-cı ilin aprelindən "Molla Nəsrəddin" satirik jurnalının nəşrinə başlayır. Hakimiyyət tərəfindən sıxışdırılsa da jurnal xalq arasında geniş şöhrət tapır. 1894-cü ildə yazdığı ilk povesti olan "Eşşəyin itməkliyi" - "Danabaş kəndinin əhvalatları" ancaq 1936-cı ildə ölümündən sonra işıq üzü görmüşdür. Əsərdə despotik feodal qaydaları kəskinliyilə tənqid olunur.
C. Məmmədquluzadə kiçik hekayələr müəllifi kimi də tanınmışdır. Bu janrda onun satirik məharəti bütün parlaqlığı ilə üzə çıxır: "Usta Zeynal", "İranda konstitusiya", "Qurbanəli bəy", "İki kişi" "Anamın kitabı" belə hekayələrdəndir. "Ölülər", "Dəli yığıncağı" kimi komediyaları fanatizmin köklərinin amansız tənqidinə yönəlmişdir.
1920-ci ildə C. Məmmədquluzadə ailəsiylə birgə Təbrizə köçür. Burada "Molla Nəsrəddin" jurnalının altı nömrəsini nəşr etdirir. 1922-ci ildə Bakıya qayıdan Cəlil Məmmədquluzadə 1931-ci ilə qədər "Molla Nəsrəddin" jurnalını nəşr edir. Jurnalın adı kommunistlər tərəfindən dəyişdirilib "Allahsız" qoyulduqda o, redaktorluqdan imtina edir. Jurnal cəmi bir nömrə çıxır. Beləliklə əsrin əvvəlində dünyanın 42 ölkəsində sevilə-sevilə oxunan bir məcmuə bağlanır. C. Məmmədquluzadə Bakıda "Yeni yol" qəzetini redaktə edir, başqa qəzetlərlə əməkdaşlıq edir. Yaradıcılığının son illərində "Bəlkə də qaytardılar", "Konsulun arvadı", "İki yastıq" və s. əsərlərini yazır. Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunmuş, dram əsərləri Gürcüstanda, İranda, Türkiyədə, Tatarıstanda, İrəvanda dəfələrlə səhnəyə qoyulmuşdur. C. Məmmədquluzadə yaradıcılığı Azərbaycan ədəbiyyatının və ictimai fikrin formalaşmasında böyük rolu olmuşdur. Onun həyatına və əsərlərinə filmlər çəkilmiş, haqqında monoqrafiyalar, məqalələr yazılmışdır.
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat etmişdir. C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Mirişli Ramiz

Mirişli Ramiz Aqil oğlu 16 aprel 1934-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının xalq artisti (1990), professor (1993). Mir Aqil Mirişlinin oğludur. 1954-cü ildə A. Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1962-ci Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Musiqi Baş Redaksiyasında böyük redaktor işləmişdir. 1963-cü ildən Bakı Musiqi Akademiyası xalq çalğı alətləri kafedrasının müəllimi, 1993-cü ildən professorudur. 1996-cı ildən eyni zamanda Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışır. 1987-95 illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Ramiz Mirişli fortepiano. üçün 12 prelüd, fortepiano triosu, simli kvartet, 2 simfonik poema, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, onlarca kinofilmə və teatr tamaşasına musiqi, xalq çalğı alətləri orkestri üçün konsertlər və süitalar, 3 balet süitası, 500-dən çox mahnı və romans, "Qaçırılmış qız" və "Gəl, qohum olaq" operettaları, 9 simfonik süita, uşaqlar üçün musiqi və s. əsərlərin müəllifidir.
Ramiz Mirişli 1978-98 illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir. Yaradıcılığında Naxçıvan mövzusu əhəmiyyətli yer tutur: xalq çalğı alətləri orkestri üçün "Naxçıvan lövhələri" süitası, Məmməd Arazın sözlərinə "Doğma diyar" vokal-orkestr süitası, İslam Səfərli, Məmməd Araz, Fikrət Qoca və başqalarının sözlərinə mahnılar və s. Bir sıra Şərur yallısını nota almışdır. "Şöhrət" və"Şərəf" ordenləri ilə təltif edilmişdir. Ramiz Mirişli 17 aprel 2015-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.

Müfidzadə Cəmil

Cəmil Mir Yusif oğlu Müfidzadə 1934-cü il fevralın 24-də Ordubad şəhərində doğulmuşdur.
Rəssamlıq təhsilini əvvəlcə Bakıdakı məşhur Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda alımışdır. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır.
Milli təsviri sənətin inkişafındakı xidmətlərinə görə respublikanın Əməkdar (1982) və Xalq rəssamı (2002) fəxri adlarına layiq görülmüşdür.
Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub, xaricdə 10-dan çox fərdi sərgisi keçirilmişdir. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.
“İçərişəhər”, “Abşeron nefti”, “Bakı neft paytaxtı”, “Buhenvald”, “Xınalıq”, “Monqolustan torpağında”, “Misir təəssüratları” və s. silsilə əsərləri xüsusilə məşhurdur.
Cəmil Müfidzadə yaradıcılığında özünəməxsusluq, milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərində miniatür sənət ənənələri ilə həmahənglik var.
Cəmil Müfidzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

Nadirov Asəf

Asəf Abbasqulu oğlu Nadirov (d. 13.3. 1930, Şərur rayonu Cəlilkənd. -14.03.2014, Bakı) - iqtisadçı. İqtisad elmləri doktoru (1968), professor. (1970), Azərbaycan Milli EA akademiki (1980). Azərbaycan Respublikasının əməkdar elm xadimi (1990). Azərbaycan Dövlət Universitetini (indiki BDU, 1951), SSRİ EA İqtisadiyyat İnstitutunun aspiranturasını (1956) bitirmişdir. Azərbaycan Milli EA İqtisadiyyat İnstitutunda şöbə müdiri (1958-64), elmi işlər üzrə direktor müavini (1964-81), Azərbaycan Milli EA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi (1981-97) işləmişdir. 1997 ildən Azərbaycan Milli EA Rəyasət Heyətinin müşaviri, 2001 ildən isə üzvü olmuşdur. O, respublika iqtisadiyyatının kompleks inkişafını əsaslandıran, onun böyük imkanlarını düzgün qiymətləndirən, məhsuldar qüvvələrin əsas istiqamətlərini müəyyən edən Azərbaycan iqtisadçılarındandır. Hər bir ölkənin yüksək iqtisadi inkişafı ilə onun mükəmməl ərazi nisbətlərinin təşəkkülünün qarşılıqlı əlaqəsi ideyasını ilk dəfə A.Nadirov irəli sürmüşdür. Azərbaycan iqtisadiyyatının əsas sahələrini, habelə iqtisadi rayonlarının yüksək inkişaf potensialını elmi cəhətdən əsaslandırmış, dəyərli tövsiyələr vermişdir. Elmi fəaliyyətində Naxçıvan MR-in iqtisadi coğrafiyasına həsr olunmuş tədqiqatları da əhəmiyyətli yer tutur. 20-yə yaxın monoqrafiya, dərslik və elmi-kütləvi kitabçanın, 400-ə qədər elmi məqalənin müəllifidir. Əsərləri Moskvada, MDB ölkələrində, Almaniya, Türkiyə, Hindistan və s. ölkələrdə nəşr olunmuşdur. Almaniya, Fransa, ÇXR, Türkiyə, Hindistan, Yunanıstan, Yuqoslaviya, Bolqarıstan, İran və s. ölkələrdə keçirilmiş beynəlxalq, həmçinin ittifaq əhəmiyyətli konqres və simpoziumlarda məruzələr etmişdir. SSRİ EA-nın Regional iqtisadiyyat elmi problem şurasının (1986-92), Ümumittifaq "Bilik" Cəmiyyəti idarə heyətinin (1982-92), Sovet Sülhü Müdafiə Komitəsinin (1985-92), Azərbaycan Dövlət Mükafatları Komitəsinin (1983-92) üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında mühüm xidməti var.
Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif olunmuşdur.

Naxçıvani Əcəmi

Əcəmi Əbubəkr oğlu Naxçıvani – Azərbaycanın görkəmli memarı, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər.
Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli". Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (XIII əsr), Qarabağlar türbəsi (XII-XIV əsrlər), Bərdə və Səlma türbələri (14 əsr), türk memarı Sinanın (XVI əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir.
H. İbrahimovun "Əsrin onda biri" romanı, Kəmalənin "O bizim dağların oğlu idi" pyesi Əcəmiyə həsr edilmişdir. 1976-cı ildə anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü ucaldılmışdır.
Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı metropoliteninin stansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır.

Naxçıvani Hinduşah ibn-Səncər

Naxçıvani Hinduşah, ibn Səncər ibn Abdullah əs-Sahibi əl-Girani ən-Naxçıvani (1245, Giran - 1328) - tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi. Bağdadın Müstənsəriyyə mədrəsəsində oxumuşdur. Naxçıvani 1275-ci ildə qardaşı, Kaşan hakimi Seyfəddövlə Əmir Mahmudun naibi olmuş, daha sonra Müstənsəriyyə mədrəsəsində müdərris işləmişdir. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddin Katibinin məntiqə dair "Came əd-dəqaiq fi kəşf əl-həqaiq" əsərinin üzünü köçürmüşdür. Əsrin sonlarında maliyyə sistemində çalışmış, bir sıra vilayətlərin hakimi olmuş, görkəmli dövlət xadimi kimi tanınmış və "Fəxr əd-dövlə" ləqəbi almışdır. Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi" nisbəsini qəbul etmişdir. Naxçıvani türk, ərəb, fars, eləcə də pəhləvi (orta fars) dillərini mükəmməl bilmiş, dərin məlumata malik olması, uzaqgörənliyi, ədəbi zövqü ilə diqqəti cəlb etmişdir. O, fəlsəfə, nücum, riyaziyyat və s. elmlərlə də məşğul olmuş, tərcümələr etmişdir. Müasiri Sədi Şirazi kimi, fars dilində səlis və gözəl nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır. Onun ərəb dilində yazdığı "Məvarid əl-ərab" antologiyası 1307-ci ildə Təbrizdə tamamlanmışdır. Ərəb xəlifələrinin həyatından, dövrlərindən, onların vəzirlərindən, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri isə 1324-cü ildə tamamlanmış və Böyük Lur atabəyi Nüsrətəddin Əhməd bin Yusif şaha (1295-1330) ithaf olunmuşdur.
"Təcarüb əs-sələf əslində, ərəb alimi İbn Təqtəqinin "Əl-Fəxri" əsərinin fars dilinə tərcüməsi kimi tanınır. Lakin Naxçıvani həmin əsəri fars dilinə səlis tərcümə etməklə yanaşı, onun bəzi hissələrini atmış, özündən çoxlu əlavələr etmiş, əsəri təkmilləşdirmiş və son nəticədə əsər ərəb variantından 3 dəfə böyük həcmdə başa çatmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan "Təcarüb əs-sələf"də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumata təsadüf olunur. Muəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni (1225-83) tərəfindən layiqli xanəgah tikildiyini və ona əmlak vəqf olunduğunu göstərir. Naxçıvaninin Naxçıvana olan həsrəti onun həmin diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir. Naxçıvaninin "Sihah ül-əcəm" adlı əsəri farsca-azərbaycanca lüğətdir. 21 bab, 393 fəsildən ibarət bu lüğət 3 hissədən - müqəddimə (ərəb dilində), lüğət və fars dilinin qrammatikasından (ərəb dilində) ibarətdir. Burada digər lüğətlərə nisbətən ən çox fars sözü (5117) və onların qarşılığını ifadə edən təxminən 10.000-ə yaxın Azərbaycan sözü verilmişdir. Əsər XII-XIV əsrlərdə Azərbaycan, eləcə də fars dillərinin leksikasını və qrammatikasını öyrənmək üçün qiymətli mənbədir.

 

Naxçıvani Məhəmməd

Naxçıvani Məhəmməd ibn Hinduşah ibn Səncər ibn Abdullah əl-Girani ən-Naxçıvani (təqribən 1293, Naxçıvan - 1376) - alim və dövlət xadimi, qazı əl-qüzzat (baş qazı). Tanınmış elm xadimləri nəslinə mənsub olmuş, atası Hinduşah Naxçıvaninin yolunu davam etdirmişdir. Yaxşı təhsil almış, ərəb, fars, türk dillərini mükəmməl bilmiş, dövrünün bir sıra elmlərinə yiyələnmişdir. 14-cü əsrin 20-ci illərində Təbrizə gəlmiş və Hülakular sarayında maliyyə sahəsində çalışmışdır. F. Rəşidəddinin oğlu, sonralar dövlətin baş vəziri olmuş Qiyasəddin Məhəmməd Rəşidinin yanında münşi və nədim olmuş, qabiliyyətinə görə "Şəmsi münşi ən-Naxçıvani" ləqəbini almışdır. Qiyasəddin Məhəmməd Rəşidinin vasitəçiliyi ilə Elxani hökmdarı Sultan Əbu Səid Bahadır xanla (1316-1335) tanış olmuş, onun göstərişinə əsasən dövlət quruluşu və idarə sisteminə həsr olunmuş xüsusi əsər yazmağa başlamış, lakin onu uzun müddətdən sonra (1366) başa çatdıra bilmişdir. Həyatının ikinci yarısı Azərbaycanda Çobanilərin ağalığı və Cəlarilərin hakimiyyəti dövrlərinə təsadüf edir. Bu illərdə din sahəsində də məşhurlaşmış və Cəlarilər dövründə bir müddət dövlətin baş qazısı (qazı əl-qüzzat) vəzifəsində çalışmışdır. Naxçıvaninin ictimai-siyasi baxışları Nizam əl-mülk, Rəşidəddin və onun oğlu Qiyasəddinin, həmçinin Vəssaf, Həmdullah Qəzvini və başqa mütəfəkkirlərin baxışları ilə demək olar ki, eyniyyət təşkil edir. O da sələfləri kimi, dövlət quruluşunda monarxiya sistemi və mərkəzləşdirilmiş güclü hakimiyyət tərəfdarı olmuşdur. Elmi irsindən dövrümüzədək 2 əsər çatmışdır. 1328-ci ildə başa çatdırdığı "Sihah əl-furs" əsəri fars dilində işlədilən 2300 sözün, ibarənin izahına həsr olunmuş lüğətdir. Əsər müəllifin müqəddiməsindən (dibaçə), 25 bab və 431 fəsildən ibarətdir. Lüğətin tərtibində sələflərinin təcrübəsindən istifadə edən müəllif fars sözlərinin izahı zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan və türk dili materiallarından faydalanmışdır. Lüğətdə Azərbaycan əhalisinin həyat tərzini əks etdirən etnoqrafik materiallar vardır. Burada bir çox söz ustalarının, eləcə də atası Hinduşah Naxçıvaninin şerlərindən parçalar verilir. Müəllif yeri gəldikcə fars dilinin leksikologiyası və fonetikasından bəhs edir. Əsər sonrakı dövrlərdə lüğət tərtibçiləri üçün mənbə rolunu oynamışdır. 4 əlyazma nüsxəsi məlumdur. 1962-ci ildə Tehranda Ə.Taəti tərəfindən nəşr olunmuşdur.
Cəlairi hökmdarı Şeyx Üveysə (1356-1374) həsr olunmuş və 1366-cı ildə tamamlanmış 2-ci əsəri iki hissədən ibarət "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyin edilməsində katiblər üçün göstəriş") əsəridir. Burada rəsmi dövlət sənədlərinin nümunələri verilmişdir. Lakin sənədlər, sadəcə, nümunə xarakteri daşımayıb, dövrün ictimai-iqtisadi, siyasi, mədəni və dini həyatı barədə çoxlu real faktlarını əks etdirir. Əsərdə torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları, vergi və mükəlləfiyyətlər, hərbi quruculuq, hərbi və dini məhkəmələr, şəhər həyatı, sənətkarlıq və ticarət, oturaq və köçəri təsərrüfatla bağlı məsələlər, xalq kütlələrinin acınacaqlı vəziyyəti və mübarizəsi, feodal iyerarxiyasına uyğun bütün vəzifələrin şərhi, bir çox elm adamları, dövlət xadimləri, sənətkarlar və s. barədə məlumat verilir. Müəllif dövrün idarə sistemində mövcud olmuş vəzifələrə təyinatları şərh edərkən nümunə kimi faktik sənədləri misal göstərmişdir. Burada real tarixi şəxsiyyətlər və yer adları xatırlanır. Əsərdə 100-dən artıq tarixi termin, istilah verilir və onların bir çoxu müəllif tərəfindən açıqlanır. Əsər Nizam əl-mülkün "Siyasətnamə"si, Rəşidəddinin "Cami ət-təvarix"i və s. əsərlərlə bir səviyyədə tutulur. Dünya kitabxanalarında 6 əlyazma nüsxəsi mövcuddur. Elmi-tənqidi mətni (bütün mövcud əlyazma nüsxələri əsasında) akademik Ə.Ə.Əlizadə tərəfindən hazırlanmış və 1964-1976-cı illərdə Moskvada 2 cilddə (3 kitabda) çap olunmuşdur.

Naxçıvani Nəcməddin

Naxçıvani Nəcməddin ibn Əhməd ibn Əbubəkr ibn Məhəmməd (?, Naxçıvan şəhəri - 1253-cü ildən sonra, Suriya, Hələb) - müsəlman Şərqində tanınmış Azərbaycan filosofu. Naxçıvanda təhsil almış, elmin bütün sahələrini mükəmməl öyrənmişdir. Ömrünün müəyyən hissəsini Azərbaycanda yaşamış, Marağa rəsədxanasında çalışmışdır. Ərəb alimi İbn əl-İbri (Əbü-1 Fərəc; 1226-1286) "Müxtəsər tarix əl-düvəl" ("Dövlətlərin müxtəsər tarixi") əsərində Naxçıvani haqqında yazırdı: "O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərin bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu". Naxçıvani doğma yurdunu, çox güman ki, siyasi şərait üzündən tərk etməli olmuşdur. Bir müddət Əmir Cəlaləddin Qaratayın vəziri işləyən filosof yuxarı dairələrdəki haqsızlığın, ədalətsizliyin bilavasitə şahidi olduqda ətrafında baş verən ictimai-siyasi hadisələrə biganə qala bilməmiş, etiraz əlaməti olaraq saray həyatını tərk edərək Hələbə getmiş, ömrünün axırlarında guşənişin həyat keçirmişdir. İbn əl-İbri yazır: "O, ölkələri səyahətə çıxdı, xeyli gəzib dolaşdı, axırda Ruma gəldi, böyük mənsəblər tutdu".
Naxçıvaninin elmi və fəlsəfi yaradıcılığı orta əsr müəllifləri tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb müəllifi İbn Bibi onu "bütün elmlərdə və fənlərdə dalğalı dənizə və yağışlı buluda" bənzətmiş, dini və dünyəvi elmləri özündə topladığını qeyd etmişdir. Naxçıvani peripatetik fəlsəfənin problemlərini dərindən araşdırmış, məntiqə və təbiətşünaslığa böyük əhəmiyyət vermişdir. Ərəbdilli peripatetizmin, onun görkəmli nümayəndəsi İbn Sinanın əsərlərinin fəal təbliğatçılarından sayılmasına baxmayaraq, bir sıra doktrinaları tənqidi planda nəzərdən keçirmişdir. Naxçıvani İbn Sinanın "Tibb qanunu" və "İşarələr və qeydlər" kitablarına şərhlər yazmışdır. İnsan öləndən sonra nəfsin yaşamasına inanan Naxçıvani Şərq peripatetiklərinin əksinə olaraq, mənbələrdə deyildiyi kimi, "tənəsüx təliminə güclü meyl göstərirdi". O, İbn Sinanın əsərlərini ortodoksal islam mövqeyindən təftiş etməmiş, əksinə, hakim ideologiyanın prinsiplərinə heç də uyğun gəlməyən bir təlimi - tənəsüxü qəbul etməklə peripatetiklərə tənqidi yanaşmışdır. Əsərlərinin əlyazma nüsxələri dünyanın müxtəlif arxivlərində, o cümlədən "Tibb qanunu" kitabının şərhi Paris Milli kitabxanasında, "İşarələr və qeydlər" kitabına şərh Türkiyənin Ayasofiya, Nur Osmaniyyə və Köprülü kitabxanalarında, ''Məntiqin məğzi və fəlsəfənin xülasəsi" risaləsi Nəcəf (İraq) şəhərindəki Əl-Məşhəd əl-Əlvin əlyazmalar fondunda saxlanılır.

 

Naxçıvanski Cəfərqulu xan

Naxçıvanski Cəfərqulu xan (?–?) – görkəmli ictimai-siyasi xadim. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan İrəvanski ilə birlikdə mahalda yeni qurum – Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.
Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Osmanlı qoşunlarının getməsindən sonra ermənilərin bölgə üçün təhlükə yaratmasından və mahalın Azərbaycan Xalq Cümhuriyyətindən aralı düşməsindən ciddi narahatlıq, diyarın ana torpaqla – Azərbaycanla birləşə bilməsi üçün şəraitin təmin olunması istəyi ifadə olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin razılığı və İrəvan quberniyası müsəlmanları həmyerlilər cəmiyyətinin tapşırığı ilə 1919-cu ilin fevralında Bakıdan Naxçıvana gələn Mirabbas Mirbağırovla və yerli hökumətin silahlı dəstəsinin komandanı Kalbalı xanla birlikdə mahalın erməni-daşnak silahlı dəstələrindən müdafiəsi və onun tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılması məsələlərini ingilis general-qubernatoru ilə müzakirə etmişdir. Naxçıvan bölgəsində 1919-cu ilin may-iyun aylarında ingilislərin dəstəyi ilə elan olunan “erməni idarəçiliyi”nin ləğvinə, bununla da mahalın daşnaklar tərəfindən işğalının əngəllənməsinə çalışmışdır. Mahalın sovetləşdirilməsi prosesinin ilk çağlarında Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin ermənilərdən müdafiəsi işində fəallıq göstərmiş, lakin tezliklə sovet hökuməti tərəfindən təqib olunmağa başlamış, “qardaş qırğınlarının təşkilatçısı” və “antisovet təbliğatçısı” damğaları ilə 1920-ci il avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi tərəfindən həbs edilərək, Bakıya göndərilmişdir. 1920-ci il oktyabrın 5-də qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, haqsız repressiyaya məruz qaldığını bildirsə də, azadlığa buraxılmamış, sonralar Şuşa həbsxanasına göndərilmiş və orada da vəfat etmişdir.

 

Naxçıvanski Cəmşid

Naxçıvanski Cəmşid Cəfərqulu oğlu 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Hərbi xadim, briqada komandiri. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli "Anna", 2-ci, 3-cü dərəcəli "Stanislav" ordenləri ilə təltif olunmuşdur.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
Rusiya tarixçisi və yazıçısı Rudolf İvanovun Cəmşid Naxçıvanski haqqında yazdığı "Sovet İttifaqı adından... Briqada komandiri Naxçıvanskinin həyatı və ölümü" kitabı 2007-ci ildə Moskvada dərc olunmuşdur. Bu kitab C. Naxçivanski haqqında yazılan ilk mükəmməl tarixi monoqrafiyadır. Kitabda Naxçıvan xanlarının əfsanəvi sülaləsindən olan sonuncu general, imperiya müharibəsinin qəhrəmanı, qoşun başçısı, Stalin repressiyasının qurbanı Cəmşid Naxçıvanskinin faciəli taleyindən bəhs olunur. Kitabın müəllifi saxta ittihamla üç dəfə həbs olunan (1920, 1931 və 1938) və iki dəfə güllələnmə hökmünə məhkum olunan Azərbaycan xalqının böyük oğlunun həyat yolundan parlaq səhnələr təsvir edib. R.İvanov arxiv sənədlərinə əsasən göstərir ki, Cəmşid Naxçıvanskinin güllələnməsi barədə qərar Stalinin əmri ilə ləğv olunaraq sürgündə güllələnmə ilə əvəz olunub. Tarixçi Naxçıvanskinin güllələnmə tarixini dəqiqləşdirməyə müvəffəq olub. Bu, 1938-ci ilin may ayında baş verib. Naxçıvanski Moskva ətrafında «Kommunarka-Loza» obyektində SSRİ-nin digər tanınmış siyasi və hərbi xadimləri, Buxarin, Rıkov, Karayev, Bünyadzadə, Verxovski, Levandovski və başqaları ilə birlikdə dəfn edilib.
Hərbi xadimin şərəfli adı xalqına Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən qaytarılmışdır. İndi onun adına Bakıda hərbi lisey və küçə vardır, ana yurdu Naxçıvanda isə xatirə muzeyi yaradılmışdır.


Naxçıvanski Hüseyn

General-leytenant Hüseyn xan Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda anadan olmuşdur. Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. Atası rus ordusunun general-mayoru idi. Ona görə də oğlunu - on beş yaşlı Hüseyn xanı Peterburqdakı Paj korpusu məktəbinə oxumağa göndərir. Bu məktəb imperatorun şəxsi himayəsində idi. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir. Tanınmış rus jurnalisti A. Kvitkanın "Zabaykalye kazak zabitinin gündəliyi" əsərində Naxçıvanskinin alayının döyüş rəşadətindən də bəhs olunur. 1906-cı ildə leybqvardiya polkunun komandiri olmuş, 1907-ci ildə general-mayor rütbəsinə layiq görülmüşdür. 1912-ci ildə Naxçıvanski 1-ci Əlahiddə süvari briqadasının komandiri idi. Birinci dünya müharibəsində 1-ci və 2-ci süvari diviziyalarının komandiri olan Naxçıvanski alman cəbhəsinin yarılmasında fərqlənmişdir. Rus yazıçısı A.Soljenitsin "14 avqust" romanında yazmışdır: "Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi". Birinci dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilmişdir. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Fevral inqilabından (1917) sonra hərbi işdən uzaqlaşmışdır. "Müqəddəs Georgi" ordeninin dörd dərəcəsi ilə, "Müqəddəs Vladimir", ikinci dərəcəli "Müqəddəs Aleksandr", "Müqəddəs Anna", "İgidliyə görə", İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli "Şire-Xurşid", zabitlərə məxsus "Rumın ulduzu", Avstriyanın "Dəmir xaç", Bolqarıstanın "Döyüş xidmətlərinə görə" ordenləri, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla təltif olunmuşdur. O, Rusiyada orduda general-adyutant rütbəsinə layiq görülmüş ilk və yeganə müsəlman idi. Şərəfli bir nəslin yetirməsi olan Hüseyn xan Naxçıvanski nəinki əvəzolunmaz bir sərkərdə, həm də rus xalqına və onun hökmdarı II Nikolaya bütün varlığı ilə bağlı olan müdrik bir şəxsiyyət idi. İmperiya hakimiyyəti dağıldıqdan sonra belə Hüseyn xan Naxçıvanski müvəqqəti hökumətə tabe olmaqdan qətiyyətlə imtina etmişdi. Hətta II Nikolay özü Hüseyn xan Naxçıvanskiyə müvəqqəti hökumətə tabe olmağı məsləhət görsə də, o, öz əqidəsindən dönməmiş, pərəstiş etdiyi monarxiya hakimiyyətinin və onun hökmdarının yolunda ölümə belə getməyə hazır olduğunu bildirmişdi. Elə buna görə də Hüseyn xan Naxçıvanski 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən həbs olunmuş və ağır işgəncələrə məruz qaldıqdan sonra güllələnmişdir. Professor Rudolf İvanovun Hüseyn xan Naxçıvanski haqqında yazdığı "Əlahəzrətin general-adyutantı" kitabı 2006-cı ildə Moskvada çapdan çıxmışdır.

Naxçıvanski İsmayıl xan

Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu (05.01.1819, Naxçıvan - 1918, Naxçıvan) - hərbi xadim, general-leytenant. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Kalbalı xan Naxçıvanskinin qardaşıdır. Tiflis hərbi gimnaziyasını bitirmiş (1839), bir il sonra poruçik rütbəsi almışdır. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanskiyə 1844-cü ildə ştabs-kapitan, 1860-cı ildə isə alay komandiri kimi polkovnik rütbəsi verilmişdir. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür. Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan günbəzli hamam tikdirmişdir. Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur. Birinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav", üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdur. Rus yazıçısı Valentin Pikul "Bəyazid" tarixi romanında Naxçıvanskinin obrazına müraciət etmiş, onun igidliyindən, əla sərkərdəlik bacarığından söz açmışdır. Naxçıvanskinin adı Sovet Hərbi Ensiklopediyasının birinci cildində də çəkilir, "Bəyazid" şəhəri rus qoşunları tərəfindən mühasirəyə alınarkən gedən ağır döyüşlərə polkovnik Naxçıvanskinin rəhbərlik etdiyi göstərilir. Bəzi tədqiqatlarda Naxçıvanski İsmayıl xan onun qardaşı oğlu olan Hüseyn xan Naxçıvanski ilə qarışıq salınmışdır.

Naxçıvanski Kalbalı Xan

Naxçıvanski Kalbalı xan Ehsan xan Oğlu (1824, Naxçıvan – 01.05.1883, orada) – hərbi xadim. General-mayor (1874). Sonuncu Naxçıvanxanı Ehsan xan Kəngərlinin oğlu, İsmayıl xan Naxçıvanskinin qardaşıdır. 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur. Müalicədən sonra 1849-cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak etmiş, döyüşlərdə igidlik göstərdiyinə görə zabit rütbəsinə layiq görülmüşdür. Krım müharibəsində (1853-56) igidliklə vuruşmuş, 1855-ci ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunmuşdur. 1877-78-ci illər rus-türk müharibəsində azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri təyin olunan K.Naxçıvanski hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir. Xalq arasında böyük nüfuz sahibi olan K.Naxçıvanski Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni, iki “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuş, brilyantla bəzədilmiş qılıncla mükafatlandırılmışdır.




Nəimi Fəzlullah

Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1394-cü illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə"). Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurilər Nəimini Əlincə qalasına qədər təqib etmiş, əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.

Ordubadi Hatəmbəy

Hatəmbəy Məlik Bəhrambəy oğlu Ordubadi (?, Ordubad şəhərində - 25.05.1610, Məşhəd) - dövlət xadimi, mədəniyyət himayəçisi. Nəsirəddin Tusinin nəslindəndir. Atasının ölümündən sonra onun yerinə Ordubadın kələntəri vəzifəsinə təyin olunmuş, sonralar Xoy, Yəzd və Şiraz hakimlərinin yanında xidmət etmişdir. I Şah Abbasın [1587-1629] hakimiyyətinin ilk illərində Səfəvilər sarayında maliyyə işlərinə nəzarət etmiş, 1592-ci ildə vəzir (etimadüd-dövlə) təyin olunmuş, Səfəvilər dövlətinin siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır. I Şah Abbas 1606-cı ildə Ordubada ziyarətindən sonra şəhəri soyurqal olaraq Hatəmbəy Ordubadiyə bağışlamışdı. O, şəhərdə geniş abadlıq işləri aparmış, ictimai binalar tikdirmişdir. Elm və mədəniyyət xadimlərinə himayəçilik etmişdir. Hatəmbəy Ordubadi bədii yaradıcılıqla da məşğul olmuş "Safı" təxəllüsü ilə türk (Azərbaycan) və fars dillərində şeirlər yazmışdır. Qəflətən vəfat etmiş Hatəmbəy Ordubadinin cənazəsi Təbrizə, sonra isə Məşhədə aparılmış, İmam Rza məqbərəsinin aşağı hissəsində dəfn olunmuşdur.

Ordubadi Məmməd Səid

Məmməd Səid Hacıağa oğlu Ordubadi 1872-ci ildə Ordubadda doğulmuşdur. Yazıçı, şair, dramaturq, ədəbiyyatçı. Azərbaycanın əməkdar incəsənət xadimi. Evdə təhsil almışdır. Çox erkən yaşlarında atasını - şair Hacıağa Fəqiri itirmişdir. 14 yaşında ipək kombinatında işləməyə başlamışdır. İlk şeirini 1903-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirmişdir. İlk şeirlər kitabını "Qəflət", 1906-cı ildə nəşr etdirmişdir. O dövrün qəzetləri - "İrşad", "Tərəqqi", "Tazə həyat", "Birlik" və "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Satirik şeirlər, felyetonlar yazmışdır. "Vətən və hürriyyət" kitabında azadlığa çağırış aşkar hiss olunurdu. "İki çocuğun Avropaya səyahəti" və "Bədbəxt milyonçu" romanlarında İrandakı feodal rejimini kəskin tənqid etməklə, xalq kütlələrinin maariflənməsinə çağırır. "Dumanlı Təbriz", "Döyüşən şəhər" və "Gizli Bakı" romanlarında Azərbaycanda gedən xalq azadlıq hərəkatından bəhs olunur. "Qılınc və qələm" romanı orta əsrlər Azərbaycanında şərqin böyük şairi Nizami Gəncəvinin həyatından bəhs edir. M. S. Ordubadi bir sıra dramatik əsərlərin, opera və operetta librettolarının, habelə ədəbi publisistik yazıların müəllifidir. A. S. Puşkinin "Bağçasaray fontanı" və "Boris Qodunov" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. M. S. Ordubadinin əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunmuşdur. Şeirlərinə F. Əmirov və S. Rüstəmov mahnı və romanslar yazmışlar. Məmməd Səid Hacıağa oğlu Ordubadi dəfələrlə Azərbaycan Ali sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1950-ci ildə Bakıda vəfat etmişdir. Respublikada onun adı küçə, kitabxana, və məktəbə verilmiş, Ordubadda ev-muzeyi yaradılmış, Ordubadda və Naxçıvanda büstləri qoyulmuşdur.

Rəhimov Rəhim

Rəhim Nurməmməd oğlu Rəhimov (d. 13. 8.1923, Ordubad ş.) - rentgenoloq. Tibb elmləri doktoru (1969), professor (1970), Azərbaycan Milli EA akademiki (1989; müxbir üzvü 1983), əməkdar elm xadimi (1981), səhiyyə əlaçısı (1964). Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsini (1950) və Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun aspiranturasını (1957) bitirmişdir. Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun baş elmi işçisi (1962-70), elmi işlər üzrə direktor müavini (1970-74) və direktoru (1975-90) olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostikası şöbəsinin rəhbəridir. Mədə-bağırsaq xəstəliklərinin diferensial diaqnostikasına, qida yolunun, mədənin, yoğun bağırsağın rentgen-morfoloji dəyişikliklərinə həsr olunmuş fundamental əsərlərin müəllifidir. R.Rəhimov yoğun bağırsağın patologiyasının tədqiqində yeni rentgen diaqnostikası metodunu işləyib hazırlamışdır. Alınmış nəticələr keçmiş SSRİ-də, Yaponiyada, Almaniyada dərc olunmuşdur. 130-dan çox elmi əsərin müəllifidir. Doktorluq və namizədlik dissertasiyaları müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri, Respublika Rentgenoloqlar və Radioloqlar Elmi Cəmiyyətinin sədri (1965-85), SSRİ Rentgenoloq, Radioloq və Onkoloqlar Elmi Cəmiyyəti plenumunun üzvü (1970-90), Rentgenologiya və radiologiya xəbərləri" jurnalı (Moskva) redaksiya heyətinin üzvü (1975-97) olmuşdur. "Onkologiya məsələləri" jurnalı (Sankt-Peterburq) redaksiya heyətinin üzvüdür (1976-cı ildən). Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" adına (1997) və qızıl medala (1999) layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" , "Şöhrət" ordenləri ilə təltif edilmişdir.
Rəhim Rəhimov 6 iyul 2013-cü ildə vəfat etmişdir.

Rizayev Ramiz

Ramiz Həsənqulu oğlu Rizayev (d. 2.11. 1939, Naxçıvan ş.) - kimyaçı. Kimya elmləri doktoru (1974), professor (1977), Azərbaycan Milli EA-nın akademiki (2001; müxbir üzvü 1983). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirmişdir (1962). Azərbaycan Milli EA Neft Kimyası Prosesləri İnstitutunda elmi və baş elmi işçi (1962-73), laboratoriya müdiri (1973-85) olmuşdur. 1985-93-cü illərdə Azərbaycan Milli EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiridir. Əsas tədqiqatları aromatik birləşmələrin oksidləşdirici ammonoliz reaksiyalarının nəzəri və tətbiqi problemlərinin həllinə aiddir. R.Rizayevin rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə benzonitrilin, ftalonnitrilin və tereftalonnitrilin texnologiyası hazırlanmış və tətbiq edilmişdir. Bu maddələr əsasında yeni növ plastik kütlələr, sintetik qatranlar, boyalar, stabilizatorlar və s. istehsal edilir. 250-yə yaxın elmi işin müəllifidir. 50 müəlliflik şəhadətnaməsi var. R.Rizayevin ixtiralarına ABŞ, Yaponiya, Fransa, İngiltərə, AFR, Belçika və s. ölkələrin 30-dan çox patenti verilmişdir. Əsərləri mötəbər xarici jurnallarda çap olunmuşdur. Rumıniyada (1971), AFR-də (1972), Niderlandda (1976, 1981, 1982), İsveçdə (1978) keçirilən elmi məclislərdə məruzələr etmişdir. Kimya sənayesi sahəsində əməkdaşlıq üzrə keçmiş Sovet-Niderland işçi qrupunun üzvü (1981-1991) olmuş, "AKZO" konserninin (Niderland) Mançester və Amsterdamdakı elmi mərkəzləri, Almaniyanın Leypsiq və Hindistanın Heydərabad Universitetləri ilə birgə tədqiqatlar aparmışdır.

Rüstəmov Musa

Musa İsmayıl oğlu Rüstəmov (d. 8.5. 1930, Ordubad ş.) - kimyaçı-texnoloq. Texnika elmləri doktoru (1968), professor (1971), Azərbaycan Milli EA akademiki (1989; müxbir üzvü 1980). Azərbaycan Respublikası əməkdar elm xadimi (1979), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1982). Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir (1952). Azərbaycan Neft Emalı Sənayesi Elmi-Tədqiqat İnstitutunda (indiki Azərbaycan Milli EA Y. H. Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitutu) müxtəlif vəzifələrdə işləmiş, direktor müavini (1968-ci ildən) olmuşdur; 1988-ci ildən İnstitutun direktorudur. M.Rüstəmov Azərbaycanda neft emalı və neft kimyası sahəsində elmi məktəbin yaradıcılarındandır. Elmi fəaliyyəti heterogen katalitiz texnologiyasında, neftin emalının rasional sxemlərinin işlənib hazırlanmasında, neft xammalının katalitik emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılması sahəsində geniş problemlər dairəsini əhatə edir. Onun rəhbərliyi ilə yüksək sıxımla izopentan və avtomobil benzininin yüksəkoktanlı izokom-ponentinin alınmasına imkan verən hidrokrekinq və destruktiv hidroizomerləşmə proseslərinin orijinal texnologiyası yaradılmış, bir çox şəhərlərdəki [Moskva, Bakı, Kazan, Pavlodar, Burqas (Bolqarıstan) və s.] neft emalı zavodlarında tətbiq olunmuşdur. Hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur.
Tədqiqatlarının nəticələri 500-ə yaxın elmi məqalədə, yüzdən çox müəlliflik şəhadətnaməsi və patentdə əksini tapmışdır. Beynəlxalq konqres və simpoziumlarda [Moskva (1968), London (1976), Praqa (1982), Buenes-Ayres (1990), Budapeşt (1991), Kioto (1994), Baltimor, Boston, Ştutqart (1996), San-Diyeqo (1997) və s.] məruzələr etmişdir. Bakı Beynəlxalq neft-kimya konfranslarının (1994, 1996, 1998, 2000) təşkilatçısı olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Bir sıra beynəlxalq elmi şura və assosiasiyaların üzvüdür. "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktorudur.
Musa Rüstəmov 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Salayev Eldar

Eldar Yunus oğlu Salayev 1933-cü ildə Naxçıvanda doğulmuşdur. Alim-fizik, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-nın akademiki. Azərbaycan Dövlət mükafatı laureatıdır.
E. Salayev elmin istedadlı təşkilatçısı kimi uzun illər elmi-tədqiqat fizika və fotoelektronika institutuna rəhbərlik etmişdir. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olmuşdur. Yarımkeçiricilər fizikası ilə bağlı onlarla elmi əsərin və monoqrafiyaların müəllifidir. Rəhbərliyi altında onlarla elmlər namizədləri və doktorları yetişmişdir.
Salayev Eldar Yunus oğlu SSRİ Ali Sovetinə deputat, 1995-ci ildə Milli Məclisə üzv seçilmişdir. Orden və medallarla təltif olunmuşdur.






Seyidov Nadir

Nadir Miribrahim oğlu Seyidov (d. 28.4. 1932, Naxçıvan ş.) - kimyaçı. Kimya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli EA akademiki (2001; müxbir üzvü 1989). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini (1955) və Azərbaycan EA Neft İnstitutunun aspiranturasını (1960) bitirmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda (ADETOİ) baş elmi işçi, Elastomerlər laboratoriyasının (1962-78), Elastomerlər və karbohidrogen aşqarları şöbəsinin (1979-93) müdiri, elmi işlər üzrə direktor müavini (1993-97) işləmişdir. 1997-ci ildən Azərbaycan Milli EA Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiridir. Polimer kimyası sahəsində görkəmli alim olan N.Seyidov yüksək molekullu birləşmələr kimyası və neft-kimya sintezi, olefinlər əsasında yeni sintetik kauçukların alınması sahəsində fundamental tədqiqatlar aparmış, bu kauçukların istehsalı üçün lazım olan monomerin texnologiyasını işləyib hazırlamışdır. Onun rəhbərliyi ilə yüksək aktivliyə və sabitliyə malik yeni növ katalizatorlar alınmış, bunların aktivləşmə, oliqomerləşmə, polimerləşmə reaksiyalarında işlədilən katalizatorlardan 2-3 dəfə səmərəli olduğu müəyyən edilmiş, Sumqayıt Sintetik Kauçuk zavodunda, Tolyatti İstehsalat Birliyində, Nijni-Kamsk Kimya Kombinatında sınaqdan çıxarılaraq sənayedə tətbiq olunmuşdur. Etilen-propilen birgə polimerinin parçalanması nəticəsində bir sıra qiymətli məhsulların, o cümlədən effektli özlülük aşqarlarının, xüsusən aşağı temperaturda (-70°C ) donan yüksək özlülüyə malik yağların alınması sahəsində də səmərəli tədqiqatlar aparılmışdır. 4 monoqrafiyanın, 250 elmi əsərin müəllifidir. 100 müəlliflik şəhadətnaməsi və 20 xarici ölkənin (ABŞ, Almaniya, İtaliya, Yaponiya və s.) patentini almışdır. Pedaqoji fəaliyyətlə də məşğul olur. İtaliya, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Polşa, Türkiyə, Rusiya, Finlandiya və s. ölkələrdə beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini təmsil etmişdir. Elmi kadrlar hazırlanmasında xidməti vardır. Orden və medallarla təltif olunmuşdur.
Nadir Seyidov 5 oktyabr 2015-ci ildə vəfat etmişdir.

Sidqi Məhəmməd Tağı

Sidqi (Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərovun təxəllüsü; 22.3.1854, Ordubad şəhəri - 09.12.1903, Şərur rayonunun Qarabağlar kəndi) ) - maarifçi, pedaqoq, şair, publisist. Mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfi traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında” 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə guşələrinin yaradılması, seçilmiş şerlərinin nəşr olunması və digər tədbirlər nəzərdə tutulmuşdur. Məzarı Naxçıvan şəhərindədir.

Şahtaxtinski Behbud

Şahtaxtinski Behbud ağa Əliağa oğlu(1881, Kəngərli rayonunun Şahtaxtı kəndi. - 30.5.1924, Tiflis) - diplomat. 1905-1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, "Hümmət" təşkilatı Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar V.İ.Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni V.İ.Lenin və B. Şahtaxtinski imzalamışdılar (1920-ci il, 30 sentyabr). Kominternin 2-ci konqresinə nümayəndə seçilmişdi. 1921-1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq Fəhlə-Kəndli Müfətişliyi komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. vəzifələrdə çalışmışdır. Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Onun Naxçıvan məsələsində Nəriman Nərimanovun adından Moskvada atdığı addımlar, Rusiya-Türkiyə danışıqlarında seçdiyi xətt Naxçıvana Azərbaycanın ayrılmaz bir hissəsi kimi muxtariyyət statusu verilməsinə müsbət təsir göstərmişdir.



Şahtaxtinski Məhəmməd ağa

Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinski (Şahtaxtlı) 1846-cı ildə Naxçıvanın Şahtaxtı kəndində doğulmuşdur. Publisist, şərqşünas, filoloq, müəllim, ictimai xadim. İbtidai təhsilini Naxçıvanda, orta təhsilini Tiflis gimnaziyasında almışdır. 1869-cu ildə Leypsiq universitetinin fəlsəfə, tarix və hüquq işləri fakültəsini bitirmişdir. M.Şahtaxtlı 1870-ci ildə Almaniyada elmi-publisistik fəaliyyətə başlamışdır. Qəzet və jurnallarda şərq ədəbiyyatı və tarixi ilə bağlı oçerk və məqalələrlə çıxış etmişdir. 1879-cu ildə Tiflisdə "Təkmilləşdirilmiş müsəlman əlifbeyi" adlı kitabını çap etdirir. Burada öz fikirlərini elmi şəkildə əsaslandıraraq türk xalqlarına bu əlifbaya keçməyi təklif edirdi. M.Şahtaxtlı bütün ömrü boyu bu problemlə məşğul olmuşdur. XX əsrin 80-ci illərindən İstanbulda "Moskovskiye vedemosti" qəzetinin xüsusi müxbiri, 1891-93-cü illərdə isə "Kaspi" qəzetinin redaktoru olur. 1902-ci ildə M.Şahtaxtlı Avropaya qayıdır. Paris xarici dillər institutunda şərq dillərindən dərs deyir. Fransa Maarif Nazirliyinin "Fəxri fərman"ı ilə təltif olunmuşdur. 1902-ci ildə təkrarən Tiflisə qayıdaraq burada "Qeyrət" mətbəəsini yaradır. 1903-cü ildə "Şərqi-Rus" qəzetini nəşr edir. 1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilir. Peterburqda "Rossiya" qəzeti ilə əməkdaşlıq edir. 1908-18-ci illərdə M.Şahtaxtlı İranda, İraqda, Türkiyədə yaşayır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra Vətənə gələrək Azərbaycan Dövlət Universitetinin yaradılmasında fəal iştirak edir. Universitetin professoru kimi şərq xalqlarının tarixi, dili və ədəbiyyatı haqqında mühazirələr oxuyur. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra "Bakinski raboçi" və Moskvanın "Krasnıy Vostok" qəzetləri ilə əməkdaşlıq edir. Türk xalqlarının və taciklərin latın əlifbasına keçməsi üzrə ümumittifaq komitəyə daxil idi. 1899-cu ildən ümumdünya fonetika cəmiyyətinə 1900-cü ildən - ümumdünya Asiya cəmiyyəti, 1903-cü ildən rus imperatorluğu coğrafiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü idi. Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinski (Şahtaxtlı) öz dövrünün qabaqgörən adamlarından olmuş, Azərbaycanda ədəbiyyatşünaslıq elminin və publisistikanın səviyyəsini yüksəklərə qaldırmışdır. Məhəmməd ağa Şahtaxtinski 1931-ci ildə Bakıda vəfat etmişdir.


Şahtaxtinski Toğrul

Toğrul Nemət oğlu Şahtaxtinski (doğulub - 22. 10.1925, Bakı) - kimyaçı, texnoloq, kimya elmləri doktoru (1968), professor (1968), Azərbaycan Milli EA akademiki (1976; müxbir üzvü 1972). Azərbaycan Respublikası əməkdar elm xadimi (1991). Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) kimya-texnologiya fakültəsini (1949) və Azərbaycan EA Neft İnstitutunun aspiranturasını (1952) bitirmişdir. Azərbaycan Milli EA Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri (1962-74) olmuş, 1971-73-cü illərdə Naxçıvan Regional Elm Mərkəzinə rəhbərlik etmişdir. Azərbaycan Milli EA Kimya Elmləri bölməsinin akademik-katibi (1973-81 və 1990-97) olmuşdur. Azərbaycan Milli EA Musa Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru və Oksidləşmə prosesləri laboratoriyasının müdiri (1975-ci ildən, eyni zamanda) olmuşdur. Azərbaycan EA-nın Baş akademik-katibi (1997-ci ildən), "Azərbaycan kimya jurnalı"nın baş redaktorudur (1975 ildən). Əsas elmi işləri kimyəvi reaksiyaların genetika və mexanizminin tədqiqinə, üzvi və neft-kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə, kimya proseslərinin modelləşdirilməsinə və optimallaşdırılmasına, kimya texnologiyasının nəzəri əsaslarının işlənilməsilə əlaqədar geniş problemlərə həsr olunmuşdur. T.Şahtaxtinski neft kimyası, homogen və heterogen katalitik reaksiyaların kinetika və mexanizmi, qeyri-stasionar katalitik proseslərin nəzəriyyəsi və texnologiyası, bioüzvi və fermentativ sistemləri sahəsində görkəmli alimdir. 500-dən çox elmi əsərin, o cümlədən 11 monoqrafiyanın, 130 ixtira və patentin müəllifidir. Beynəlxalq konqres və simpoziumlarda (Almaniya - 1963, 1969, 1971, 1996; Rumıniya - 1996; Yaponiya - 1974, 1975, 1998, 2000; Fransa - 1980; Bolqarıstan - 1983; Macarıstan - 1983, 1986, 1989; ABŞ - 1977, 1979, 1990, 1997; Türkiyə - 1992, 1993, 1996; Hollandiya - 1996; Belçika - 1998, 2000) Azərbaycan elmini təmsil etmişdir. Əsərləri nüfuzlu beynəlxalq elmi nəşrlərdə (İngiltərə, AFR, Macarıstan, Rumıniya və s.) çap olunmuşdur. Elmi kadrlar hazırlanmasında mühüm xidməti vardır. "Şərəf" nişanı, "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir.
Toğrul Şahtaxtinski 8 oktyabr 2010-cu ildə vəfat etmişdir.

Tusi Nəsirəddin

Nəsirəddin Tusi Məhəmməd ibn Məhəmməd ibn Həsən (17.2.1201, Tus - 25.6.1274, Bağdad) - dahi Azərbaycan alimi. Böyük ensiklopediyaçı mütəfəkkir, fılosof, ictimai-siyasi xadim. İlk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusi 1259-cu ildə Marağa rəsədxanasını təşkil etmişdir. Bu, onun dünya elmi və mədəniyyəti tarixində ən mühüm xidmətlərindən biridir. O, müxtəlif xalqların 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə о dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfı və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 mindən çox kitabı olan zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçivan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın [1587-1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur. Nəsirəddin Tusinin ilahiyyat, fəlsəfə, siyasət və etikaya dair əsərlərində onun dünyagörüşü geniş əks olunmuşdur. Nəsirəddin Tusi öz əsərlərində insanın iradə azadlığına mühüm yer verirdi. Nəsirəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, onların ideyalarını inkişaf etdirmişdir. Nəsirəddin Tusinin etik və ictimai- siyasi görüşləri, əsas etibarilə 1235-ci ildə yazılmış «Əxlaqi-Nasiri» əsərində əksini tapmışdır. Bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfıyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Nəsirəddin Tusi fıqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfı şeirlərin də müəllifıdir. Nəsirəddin Tusinin riyaziyyat, astronomiya və fızika sahələrində misilsiz xidmətləri vardır. «Zic-Elxani» əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta XVII əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti (5124) tapılmışdır (müasir qiyməti 5122). «Zic-Elxani» əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə məşhur olan 256 şəhərin coğrafı koordinatlar cədvəlidir. X.Kolumbun müəllimi P.Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda [1652-ci il] və Oksfordda [1711-ci il] ərəb və latın dillərində çap edilmişdir. Marağa rəsədxanasında fəaliyyət göstərən azərbaycanlı mühəndis Kəriməddin Səlmasi alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl [1266-cı ildə] coğrafı qlobusu hazırlamışdır. Nəsirəddin Tusinin «Təhriri-Öqlidis» («Evklidin şərhi») əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb [1594-cü il] və latın [XVII əsr] dillərində nəşr olunmuş, fransız riyaziyyatçısı A.Lecandrın, ingilis riyaziyyatçısı J.Vallisin və italyan alimi J.Sakkerinin yaradıcılığına böyük təsir göstərmişdir. Nəsirəddin Tusi bu əsərdə və «Həndəsənin əsasları»nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin «Kürə və silindr» və «Dairənin kvadratlanması» əsərlərindəki nisbətlər nəzəriyyəsini Nəsirəddin Tusi inkişaf etdirmişdir. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdı. O, Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturlarmı vermiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin etmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif vermişdir. Nəsirəddin Tusi hesaba aid əsərində tam ədəddən ixtiyari dərəcədən kökalma əməlini kökünün nümunəsi kimi izah etmiş (riyaziyyat tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir. Nəsirəddin Tusi fızikaya sözün ən geniş mənasında bütün təbiətşünaslıq məsələlərini aid etmişdir. Burada bəsit və mürəkkəb cisimlər, yerdə və göydə əmələ gələn hadisələrin, məsələn, göy gurultusu, ildırım, şimşək, yağış, qar, zəlzələ və buna oxşar hadisələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblərinin xüsusiyyətləri (mineralogiya), bitkilər, onların növləri, nəfs və qüvvələri (botanika), ixtiyari və iradi hərəkət edən cisimlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüvvələri (zoologiya), insanın düşüncəli nəfsinin xüsusiyyətləri (psixologiya) öyrənilir. Nəsirəddin Tusi təbabət, əkinçilik elmi və s.-ni fızikanın əlavə bölmələri hesab etmişdir. Nəsirəddin Tusinin və Marağa rəsədxanası alimlərinin kəşf və ixtiraları bəşər elmi fıkrini zənginləşdirmişdir. Mənbələrdə Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə «on birinci əql» («əl-əql əl-hadi-əşər» - Şərq peripatetizmi on əql növünün mövcudluğunu qəbul edirdi) və «bəşər ustadı» («ustad əl-bəşər») deyilmişdir. 1981-ci ildə böyük alimin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfınə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq rəssamı Nəcəfqulu) yaradılmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, о cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofızika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin «Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında» 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir.


M Ə N B Ə L Ə R:

Naxçıvan Ensiklopediyası. I-II-ci cildlər, Naxçıvan, 2005.
www.nakhchivan.az
shexsiyyetler.nakhchivan.az
www.preslib.az