Babək rayonu

Ümumi məlumat

Ümumi ərazi, [kv. km]

828,42

Əhalinin ümumi sayı [min nəfər]

73,3

Kəndlərin sayı

36

Qəsəbələrin sayı

1

Bələdiyyə

29

 

İnzibati ərazi dairələri və ərazi vahidləri

1. Babək qəsəbə iəd
Вabəк q.

15. Məzrə kənd iəd
Məzrə k.

2. Araz kənd iəd
Araz k.

16. Naxışnərgiz kənd iəd
Naxışnərgiz k.

3. Aşağı Buzqov kənd iəd
Aşağı Buzqov k.

17. Nehrəm kənd iəd
Nehrəm k.

4. Cəhri kənd iəd
Сəhгi k.

18. Nəzərabad kənd iəd
Nəzərabad k.

5. Çeşməbasar kənd iəd
Çeşməbasar k.

19. Payız kənd iəd
Pауız к.
Gülşənabad к.

6. Didivar kənd iəd
Didivаг к.

20. Sirab kənd iəd
Sirab k.

7. Gərməçataq kənd iəd
Gərməçataq k.

21. Şəkərabad kənd iəd
Şəkərabad k.

8. Güznüt kənd iəd
Güznüt k.

22. Şıxmahmud kənd iəd
Şıxmahmud k.
Xəlilli k.

9. Hacıvar kənd iəd
Hасıvar k.

23. Vayxır kənd iəd
Vауxıг к.
Xalxal к.

10. Kərimbəyli kənd iəd
Kərimbəyli к.

24. Yarımca kənd iəd
Yaгımса к.
Badaşqan к.

11. Kültəpə kənd iəd
Кültəpə k.

25. Yuxarı Buzqov kənd iəd
Yuxarı Buzqov к.

12. Qahab kənd iəd
Qahab k.
Nəcəfəlidizə k.

26. Yuxarı Uzunoba kənd iəd
Yuxarı Uzunoba k.
Aşağı Uzunoba к.

13. Qoşadizə kənd iəd
Qoşadizə k.

27. Zeynəddin kənd iəd
Zeynəddin k.

14. Məmmədrza Dizə kənd iəd
Məmmədrza Dizə k.
Kalbaoruc Dizə k.
Qaraqala

 

 

Babək rayonu 23 oktyabr 1978-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur. Rayon mərkəzi Naxçıvan şəhərindən 6 km cənub-şərq istiqamətində yerləşən Təzəkəndə köçürülür və buraya Babək qəsəbəsi adı verilir. Babək qəsəbəsi şəhər tipli qəsəbədir.
Babək rayonu qərbdə Kəngərli, şimal-şərqdə Şahbuz, şərqdə Culfa rayonları ilə cənubda İran İslam Respublikası, şimal-qərbdə Ermənistanla həmsərhəddir. Mərkəzi Babək qəsəbədir.
Rayona Babək qəsəbəsi və Nehrəm, Çeşməbasar, Güznüt, Qoşadizə, Şəkərabad, Hacıvar, Badaşqan, Yarımca, Qahab, Zeynəddin, Kərimbəyli, Kültəpə, Sirab, Qaraqala, Məzrə, Xalxal, Vayxır, Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq, Paiz, Gülşənabad, Cəhri, Nəzərabad, Didivar, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Xəlilli, Şıxmahmud, Araz, Nəcəfəlidizə, Naxışnərgiz, Məmmədrza Dizə, Oruc Dizə kəndləri daxildir.
Rayonun relyefi şimalda Dərələyəz silsiləsinin cənub yamacından, cənub-şərqdə Zəngəzur silsiləsindən ayrılmış qollardan olan təpələrdən və yüksəkliklərdən, cənubda Naxçıvan maili düzənliyindən, cənub-şərqdə Gülüstan düzənliyindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Düzənliklərdə Antropogen, dağlarda isə, əsasən, Neogen çöküntüləri yayılmışdır. Rayonun ərazisi faydalı qazıntılarla (daşduz, tikinti materialları və s.) zəngindir. Burada Sirab, Vayxır, Cəhri, Qahab və s. mineral su bulaqları var.
Rayonun iqlimi cənubda yayı quraq keçən isti, qışı soyuq keçən yarımsəhra və quru çöl tiplidir. Şimalda isə yayı quraq keçən isti, qışı soyuqdur. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 15-28°C, mütləq maks. temperatur 43°C, mütləq min. temperatur -30°C-dir. İllik yağıntı 200-600 mm-dir.
Rayonun əsas çayları Araz, Naxçıvançay və onun qolu Cəhriçaydır. Rayonda Araz qovşağının su anbarı, Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları var.
Boz və çəmən-boz, şimalda, əsasən, dağ-şabalıdı torpaqlar yayılmışdır. Yarımsəhra və səhra, dağlıq kserofit bitki örtüyü inkişaf etmişdir. Heyvanları: canavar, tülkü, ərəbdovşanı, kirpi, kələz, gürzə, əqrəb, büvə. Quşları: dovdaq, Xəzər uları və s. Araz qovşağının su anbarında çoxlu balıq var.
Rayon iqtisadiyyatında emal və sənaye müəssisələri, xörək duzu, mineral su və tikinti materialları istehsalı, taxılçılıq, üzümçülük, meyvəçilik, bostançılıq, tərəvəzçilik mühüm yer tutur.
Rayonda Sirab mineral su zavodu, üzlük plitələr zavodu, üzüm emalı zavodu fəaliyyət göstərir.
Rayonda 38 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 41 kitabxana, 32 klub müəssisəsi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 16 həkim ambulatoriyası, 14 feldşer-mama məntəqəsi, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir. 
Rayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti 1979-cu ildən nəşr olunur.
Babək rayonu ərazisindən keçən avtomobil yolları respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollara aiddir. Respublika əhəmiyyətli yollar 166,5 km, yerli əhəmiyyətli yollar isə 267,5 km-dir.
Rayon ərazisindən Ordubad-Şərur dəmir yolu keçir. Burada birinci və ikinci Dərəşam, Nehrəm stansiyaları vardır.

Tarixi və memarlıq abidələri haqqında məlumat

Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.
I Kültəpə Babək rayon mərkəzindən 14 km şimalda, Kültəpə kəndi ərazisində, Naxçıvançayın sol sahilində yerləşir. Eneolit - ilk Dəmir dövrünə, e. ə. IV minillik - e. ə. I minilliyin əvvəlinə aid yaşayış yeridir. İlk dəfə 1904-cü ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, əldə olunmuş materialların bir qismi 1905-ci ildə Tiflis Qafqaz muzeyinə verilmişdir. Qazıntılar sonralar davam etdirilmiş 22,2 m qalınlığında 4 mədəni təbəqə öyrənilmişdir. Qalınlığı təqribən 9 m olan alt təbəqədən Eneolit dövrünə aid dairəvi planlı, bünövrəsi çay daşları və gil məhlulu, divarları möhrə palçıqla hörülmüş yaşayış binaları, təsərrüfat tikililəri, ocaq və qəbirlər aşkar edilmişdir. Burada tək, qoşa və kollektiv dəfn olunmuş qəbirlər aşkar edilmiş, qəbirlərdə məişət avadanlıqları, əmək alətləri, bəzək əşyaları tapılmışdır. Eyni zamanda Yaxın Şərq ölkələrindən gətirilmiş boyalı qablar tapılmış, 9,5 m qalınlığında olan 2-i təbəqədən Tunc dövrünə (e. ə. III minillik) aid yaşayış binaları, alət və avadanlıqlar, yarma naxışlı və cızma bəzəkli cilalanmış boz və qara saxsı qablar, heyvan fiqurları, kömürlənmiş arpa, buğda, darı əldə edilmişdir. Qalınlığı 2 m olan mədəni təbəqədən orta və son Tunc dövrünə aid materiallar əldə edilmiş, qalınlığı 1,5 m olan 4-cü təbəqədən isə ilk Dəmir dövrünə aid nümunələr tapılmışdır. Bütün bu tapıntılar Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Burada tapılmış Polixram boyalı qablar bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələri sayıla bilər.
II Kültəpə abidəsi Babək rayon mərkəzindən 16 km şimalda, Didivar və Yuxarı Uzunbora kəndlərinin yaxınlığında, Cəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. Bura e. ə. IV-I minilliklərə aid yaşayış yeridir. Qalınlığı 14 m olan 4 mədəni təbəqə öyrənilmiş, Kür-Araz mədəniyyətinə aid edilmiş alt təbəqədən dairəvi yaşayış binaları, müdafiə divarı, təsərrüfat tikililəri, daş, tunc, sümükdən əmək alətləri, gil qablar, kömürləşmiş taxıl qalığı, heyvan sümükləri aşkar edilmişdir. 2-ci təbəqədən isə dulusçuluq emalatxanaları, dulus kürələri, metaləritmə sobasının qalıqları tapılmış, metal emalı ilə bağlı alətlər, təsərrüfat alətləri, tikililər üzə çıxarılmışdır. Buradan tapılmış maddi mədəniyyət nümunələri o dövrdə Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələrin olduğunu sübut edir.
Babək rayonu ərazisində, rayon mərkəzindən 28 km şimal-qərb istiqamətində, Payız kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, təbii cəhətdən əlverişli mövqedə, tunc dövrünə aid Çalxanqala qala abidəsi yerləşir. Qala hündür dağ üstündədir. Çalxanqala abidəsi böyük daş divarlarla əhatə olunmuşdur. Buranın e. ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu ehtimal olunur. Arxeoloji qazıntılar zamanı xeyli maddi mədəniyyət nümunələri tapılmışdır.
Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcud olmuş, qala 1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş, beşbucaq şəklində olan qala bürcləri müdafiə xarakteri daşımışdır. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır.
Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində «Heydər» məscidi, Nehrəm, Qahab, Zeynəbbin, Cəhri, Sirab kəndlərində və Babək qəsəbəsində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.
Rayonun mərkəzində Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılmışdır.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar erməni işğalçılarının 1990-1991-ci illərdə Babək rayonunun Yuxarı Buzqov və Gərməçataq kəndlərinə hücumu zamanı burada olan mədəniyyət müəssisələrinə xeyli ziyan dəymiş, onların binaları uçmuş, kitabxana fondları dağıdılmış və yanmışdır.
Yuxarı Buzqovda kitabxana binası, Aşağı Buzqovda mədəniyyət evi, Gərməçataq kəndində klub və kitabxana binaları dağıdılmışdır.
Bununla yanaşı həmin kəndlərdə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.