Sənaye

Naxçıvan Muxtar Respublikasında yüksək nailiyyətlərin əldə olunduğu sahələrdən biri də sənayedir.
Naxçıvan Muxtar Respublikasının sənayesi tarixən Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuşdur. Əsasən yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə XX əsrin ortalarından başlayaraq daha intensiv inkişaf  yoluna qədəm qoymuşdur. Azərbaycanda istehsal edilən daş duzun, molibdenin, sink və qurğuşunun hamısı, mineral suların əsas hissəsi, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə, mürəbbə konservlərinin böyük bir hissəsi muxtar respublikanın payına düşür. 
Naxçıvan Muxtar Respublikası sənaye məhsulu istehsalının artım tempinə görə, sənayenin ümumi məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə və hazır məhsul qalığının minimum həddə olmasına görə Azərbaycan Respublikasının 10 iqtisadi rayonu arasında ilk yerdədir.
Yaradılan münbit sahibkarlıq mühiti öz növbəsində yeni hüquqi və fiziki şəxslərin yaranması, sənayedə fəal təsərrüfat subyektlərinin sayının artması proseslərini xeyli dərəcədə sürətləndirmişdir. Sənaye potensialının müntəzəm əsasda gücləndirilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər öz bəhrəsini verməkdədir.
Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 63 milyon 746 min manatlıq, qeyri-dövlət sektorunda isə 799 milyon 124 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
Muxtar respublikada son illərdə çörək-bulka məmulatı, un, ət və süd məhsulları, quş əti, makaron, çay, qənd, duz, şirniyyat, meyvə şirəsi, spirtli içkilər, pasterizə edilmiş və qablaşdırılmış bal, qovrulmuş və paketlənmiş kənd təsərrüfatı məhsulları, mineral sular, dekorativ daşlar, travertin üzlük daşlar, plastik materiallar, əhəng, gəc, mərmər, müxtəlif çeşidli mebellər, metal, çuğun və əlvan metal emalı və sair məhsulların istehsalı ilə məşğul olan sənaye müəssisələri istifadəyə verilmişdir. 
Naxçıvanda faydalı qazıntı hasilatı xüsusi yer tutur. Sənaye əhəmiyyətli daş duz, dolomit, travertin, tuf, mərmərləşmiş əhəngdaşı, gips, gil, qum, mergel, sink-qurğuşun, molibden, miss-molibden, qızıl və mineral sular kimi zəngin təbii sərvətlərə malik muxtar respublikada müxtəlif növ tikinti materiallarının, o cümlədən dəmir-beton, kərpic, travertin, mərmər və sair məhsulların istehsalının genişləndirilməsi və istehsal olunmuş məhsulların dünya bazarına çıxarılması üçün əlverişli şərait mövcuddur. 2015-ci ildə muxtar respublikada 916 milyon 817 min 900 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ildəki müvafiq göstəricini 2 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 41 milyon 792 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 875 milyon 4 25 min 400 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşmüşdür. Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2015-ci ildə təsərrüfat subyektlərinə 14 milyon 318 min 400 manat həcmində kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,5 dəfə çoxdur. Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2015-ci ildə 316 milyon 797 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

İllər İstehsal olunmuş sənaye məhsulu, min manat Əvvəlki ilə nisbətən, faizlə (müqayisəli qiymətlərlə)
2005 41207,3 156,2
2006 70443,6 164,2
2007 122679,5 166,0
2008 164451,9 126,7
2009 212469,1 124,5
2010 318564,8 144,4
2011 680921,2 2,1
2012 799492,4 115,7
2013 862870,5 106,3
2014 891486,4 102,5
2015 916817,9 102,0