Tikinti

Naxçıvan Muxtar Respublikasında son dövrlərdə tikinti quraşdırma işlərinin həcmi dinamik artımla müşahidə olunur. Zəngin və çoxsaylı tikinti materiallarına malik muxtar respublikanın ərazisi burada tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər və s. sənaye müəssisələrinin yaradılmasına və nadir tikinti məhsullarının dünya bazarına çıxarılmasına imkan vermişdir. Burada aparılan tikinti-quraşdırma və tikinti təmir işləri yalnız muxtar respublikanın daxili imkanları hesabına təmin olunur.
Naxçıvan Muxtar Respublikasının hər bir sakinin normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə əhalinin və iqtisadiyyatın bütün sahələrinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz ilə təminatı, yolların bərpası və yenidən çəkilməsi, zəruri abadlıq işlərinin aparılması, yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər muxtar respublikada uğurla aparılmaqdadır. Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2021-ci ildə muxtar respublikada 355 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ildə 10 kənd mərkəzi istifadəyə verilmişdir. Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 8 yaşayış binasının yenidən qurulması başa çatdırılmışdır. Babək rayonunun Cəhri qəsəbəsində, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Behrud, Dəstə, Dırnıs və Kələki kəndlərində kaptajların, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında nasos stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayon mərkəzi və ətraf kəndlərinin, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində 4, Babək rayonunun Nəzərabad və Ordubad rayonunun Dəstə kəndləri ərazisində, Şahbuz rayonunun Külüs, Qızıl Qışlaq və Badamlı kəndlərində, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə hər birində 1 subartezian quyusunun tikintisi başa çatdırılmışdır. Bu sahədə diqqəti cəlb edən digər mühüm xüsusiyyət isə ondan ibarətdir ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş istehsal müəssisələrinin, təhsil, elm, səhiyyə, mədəniyyət ocaqlarının, inzibati obyektlərin, infrastruktur sahələrinin tikintisi sadəcə muxtar respublikanın mərkəzini deyil, onun bütün rayon mərkəzini və kəndlərini də əhatə etmişdir.