Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək
Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
«Naxçıvan» sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və mötəbər tarixi qaynaqlara görə, «Naxçıvan» «Nəqş-i cahan», yəni «dünyanın naxışı», «dünyanın bəzəyi» sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə, «Naxçıvan» toponimi Nuh peyğəmbərlə, daha doğrusu, «dünya tufanı» ilə bağlı olub, «Nuhçuvan» - «Nuh tərəfdarlarının məskəni», «Nuhun diyarı» deməkdir. Həqiqətən də, Naxçıvan yaxınlığında dəniz səviyyəsindən 3725 m yüksəklikdə yerləşən «Gəmiqaya» adlı qədim yaşayış məskəni və həmin yaşayış məskənində «Nəbi yurdu» («Peyğəmbər yurdu») adlanan çox qədim bir qəbiristanlıq aşkar olunmuşdur. Nuh peyğəmbərin qəbri isə Naxçıvan şəhərinin özündədir. Ümumiyyətlə Azərbaycan xalqı, o cümlədən Naxçıvan əhalisi arasında qədim abidələr və əntiq mallarla bağlı olaraq «Nuh Nəbidən qalma» («Nuh peyğəmbərdən qalma») ifadəsi çox işlədilir.
«Naxçıvan» sözü «Nakçuana / Naxçuan» - «möcüzəli və ya yaxşı sular diyarı», yaxud «müalicəvi mineral sular ölkəsi» kimi də izah olunur.
* * *
Azərbaycan arxeoloqlarının apardıqları qazıntılar nəticəsində sübut olunmuşdur ki, Naxçıvanda hələ Paleolit dövründə (qədim daş dövrü) ən qədim insanların ilk yaşayış məskənləri olmuşdur. Bu diyarın müxtəlif yerlərindən, xüsusilə Qazma mağarasından (Şərur rayonu) həmin dövrə aid zəngin arxeoloji tapıntılar aşkar olunmuşdur. Bu materiallar Azərbaycanda və dünyada paleolit dövrünün elmi-tədqiqat coğrafiyasını daha da zənginləşdirmişdir.№ |
Nahiyə |
İllik gəlir (axça ilə) |
Yaşayış məntəqələrinin sayı |
Sancağın illik gəlirində xüsusi çəkisi (% ilə) |
Vergi verənlərin sayı və sancaq üzrə nisbəti |
1 |
Naxçıvan |
323.229 |
12 |
12,3 |
777 (7,9) |
2 |
Əlincə |
243.164 |
28 |
9,3 |
1.450 (14,8) |
3 |
Sair Mevazi |
152.342 |
16 |
5,8 |
151 (1,5) |
4 |
Dərəşahbuz |
104.398 |
21 |
3,9 |
153 (1,6) |
5 |
Mülki Arslan |
89.333 |
8 |
3,4 |
550 (5,6) |
6 |
Məvaziyi Xatun |
44.431 |
9 |
1,7 |
42 (0,4) |
7 |
Qarabağ |
293.430 |
15 |
11,2 |
247 (2,5) |
8 |
Qışlağat |
261.371 |
11 |
9,9 |
2.436 (24,9) |
9 |
Dərəşam |
47.865 |
4 |
1,8 |
264 (2,7) |
10 |
Azadciran |
408.455 |
37 |
15,5 |
2.918(29,9) |
11 |
Şorlut |
28.870 |
5 |
1,1 |
133 (1,4) |
12 |
Dərənürgüt |
18.409 |
5 |
0,7 |
56 (0,6) |
13 |
Sisyan |
192.916 |
42 |
7,3 |
189(1,9) |
14 |
Dərələyəz |
420.846 |
102 |
16,0 |
422 (4,3) |
Cədvəldən aydın olur ki, Naxçıvan sancağının 9.788 vergi verəni xəzinəyə hər il 2.629059 axça ödəyirdi.
Naxçıvanın XV əsrdən XVIII yüzilliyin əvvəllərinə qədərki tarixindən bugünkü nəsillərə çoxsaylı numizmatik materiallar, daş qoç heykəlləri, İmamzadə kompleksi, Zaviyə məscidi (Naxçıvan şəhəri), Cümə məscidi, Amaras məscidi, Behrud körpüsü (Ordubad rayonu), Ərəzin nekropolu (Culfa rayonu), Parçı imamzadəsi (Şərur rayonu), Koroğlu qalası (Sədərək rayonu) və digər çox qiymətli maddi mədəniyyət nümunələri, tarixi abidələr yadigar qalmışdır.
Böyük Azərbaycan sərkərdəsi Nadirin hakimiyyətə gəlməsindən sonra [1736-1747] osmanlıların hakimiyyəti altında olan Azərbaycan torpaqları geri qaytarıldı və Əfşar imperiyasının tərkibinə daxil edildi. Çox mühüm strateji əhəmiyyəti olan Naxçıvanda öz hakimiyyətini möhkəmləndirməyə çalışan Nadir şah Əfşar bu diyarın irsi hakimləri olan cəsur kəngərli tayfasının tanınmış nümayəndələrini ölkədən sürgün etdi. Lakin Nadirin hakimiyyəti bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da uzun sürmədi. Nadir öldürüldükdən [1747] sonra Azərbaycanda kiçik yerli dövlətlər xanlıqlar yarandı.
Naxçıvan xanlığı
1747-ci ilin iyununda Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan İran naibi Ağa Həsəni Naxçıvandan qovmuş və özünü xan elan etmişdi. Xanlıq Zəngəzur dağlarından Araz çayı dərəsinədək olan ərazini əhatə edirdi. Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Bəllav mahallarına bölünürdü. Mahalları mirzəbəyilər, onlara daxil olan kəndləri isə kəndxudalar idarə edirdi. Xanlığın ərazisində iki şəhər Naxçıvan və Ordubad şəhərləri mövcud idi. Naxçıvan xanlığının inzibati, həm də başlıca ticarət mərkəzi Naxçıvan şəhəri idi. Şəhərlərdə polis funksiyasını darğa yerinə yetirirdi.
Naxçıvanda natural təsərrüfat hökm sürürdü; əsas istehsal sahələri heyvandarlıq və əkinçilik idi. Torpaq üzərində aşağıdakı 5 mülkiyyət forması mövcud idi:
1. dövlət (xəzinə) torpaqları;
2. xan ailəsinə məxsus olan xalisə torpaqları;
3. şəxsi mülkiyyətdə olan mülk torpaqları;
4. dini təsisatların sərəncamında olan vəqf torpaqları;
5. kənd icmalarına məxsus icma torpaqları.
Kəndlilər rəiyyətlərə, rəncbərlərə və elatlara bölünürdü. Heydərqulu xan xanlığı möhkəmlətmək, ticarət və sənətkarlığı inkişaf etdirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirdi. Lakin hərbi qüdrəti zəif olan Naxçıvan xanı bu tədbirləri daha güclü Azərbaycan xanlarının köməyinə arxalanmaqla həyata keçirmək istəyirdi.
Bu məqsədlə də Heydərqulu xan Qarabağlı Pənahəli xanın hakimiyyətini qəbul etmiş, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəkili Hacı Çələbi xana qarşı uğursuz yürüşdə iştirak etmişdi. Heydərqulu xanın ölümündən (1763/64) sonra taxta çıxmış Hacı xan Kəngərli Şiraz hakimi Kərim xan Zəndin hakimiyyətini qəbul etsə də, sonralar Şiraza çağırılaraq həbs olunmuşdu. 1770-ci ildə Kərim xanın köməyi ilə taxta çıxmış Rəhim xanı da üç ildən sonra Vəliqulu xan Kəngərli əvəz etmişdi.
18-ci əsrin 80-ci illərinin əvvəllərində İrəvanlı Hüseynqulu xan, Qarabağlı İbrahimxəlil xan və Kartli-Kaxeti çarı II İraklinin yardımı ilə Naxçıvan xanlığında Abbasqulu xan Kəngərli hakimiyyətə gəldi. Lakin Kərim xan Zəndin ölümündən (1779) sonra Xoy hakimi Əhməd xan Mərkəzi İranda hakimiyyəti ələ keçirmiş Əlimurad xanın yardımı ilə 1783-cü ildə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xanı Naxçıvan taxtına əyləşdirdi. Abbasqulu xanın Tiflisə qaçmasından istifadə edən II İrakli onun hakimiyyətini bərpa etmək pərdəsi altında Naxçıvanda möhkəmlənməyə cəhd göstərdi. 1785-ci il mayın əvvəlində qarabağlı İbrahimxəlil xanın qoşunu Naxçıvan qalasını ələ keçirib Abbasqulu xanı yenidən hakimiyyətə gətirdi. 1787-ci ildə Cəfərqulu xanın əmisi oğlu Kalbalı xan Abbasqulu xanı hakimiyyətdən kənarlaşdırıb özünü xan elan etdi; o, fasilələrlə 1820-ci ilədək hakimiyyətdə olmuşdur.
1792-ci ildə İbrahimxəlil xan avar Ümmə xanla ittifaqa girərək Naxçıvana yeni yürüş etdi. Naxçıvan ətrafında baş vermiş vuruşmada Kalbalı xan Xoy və İrəvan xanlarının köməyi ilə qalib gəldi. Vuruşmada xeyli dağıstanlı həlak olduğundan, döyüşün getdiyi yer "Ləzgiqıran" adlanır. Lakin İran təhlükəsinə qarşı mübarizə aparmaq zərurəti Kalbalı xanı yenidən İbrahimxəlil xanla yaxınlaşmağa məcbur etdi.
1795-ci ildə İranda hakimiyyəti ələ keçirmiş, Azərbaycanın cənub xanlıqlarını özündən asılı vəziyyətdə saxlamış və Cənubi Qafqaza 1-ci hücuma başlayan Ağa Məhəmməd xan Qacar Kalbalı xandan da itaət göstərməyi və girovlar verməyi tələb etdi. Kalbalı xan nifrət bəslədiyi Abbasqulunu girov kimi Ağa Məhəmməd xan Qacarın yanına göndərdi. Sonuncunun bundan xəbər tutması Kalbalı xana münasibətdə xeyli gərginlik yaratdı. 1796-cı ildə general V.Zubovun komandanlığı ilə Rusiya qoşunlarının Cənubi Qafqaza yürüşü zamanı Kalbalı xan Naxçıvan xanlığının Rusiyanın himayəsinə qəbul olunmasına cəhd göstərdi. Bundan xəbər tutan Ağa Məhəmməd Şah Qacarın (o, 1796-cı ildə özünü şah elan etmişdi) 1797-ci ildə Azərbaycana 2-ci yürüşü zamanı Kalbalı xan tutularaq bir gözü çıxarıldı və Tehrana göndərildi. Xanlığın idarəsi Abbasqulu xana tapşırıldı. 1797-ci ilin yayında Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetirildikdən sonra İranda hakimiyyəti ələ almış Fətəli şah Kalbalı xanı İrəvanda yaşamaq şərtilə azad etdi və o, yalnız 1804-cü ildə yenidən Naxçıvan xanı təyin edildi.
Birinci Rusiya-İran müharibəsi illərində (1804-13) 1806-cı ildən ruslara meyl edən Kalbalı xan qohumu İrəvanlı Hüseynqulu xan tərəfindən hiylə ilə həbs edilərək Tehrana göndərildi; Abbasqulu xan yenidən Naxçıvan taxtına gətirildi. Bu vaxtlar Kalbalı xanın oğlu Şeyxəli (Şıxəli) bəy rus ordusunun tərkibində vuruşurdu. 1808-ci il oktyabrın sonlarında general Nebolsinin tərkibində Şeyxəli bəyin dəstəsinin də olduğu rus qoşunu Qarabağdan Naxçıvana tərəf hərəkət edərək, Qarababa adlı yerdə İran vəliəhdi Abbas Mirzənin qoşunlarını məğlub etdi. Şeyxəli bəy rus qoşunlarının önündə getdiyindən Naxçıvan qalası döyüşsüz təslim oldu. Müharibənin sonlarına doğru İran hökuməti Kalbalı xanı həbsdən azad etməyə məcbur oldu; o, 1812-ci ildən yenidən Naxçıvan taxtına sahibləndi. Gülüstan müqaviləsindən (1813) sonra Naxçıvan xanlığı İranın tərkibində idi. 1820-ci ildə Kalbalı xan Naxçıvan xanlığının idarəçiliyini oğlu Ehsan xana tapşırıb Məkkəyə ziyarətə getdi. Onun ziyarətdən qayıdarkən yolda vəfat etməsi ilə Naxçıvanda siyasi sabitlik pozuldu və Naxçıvan xanlığında Kərim xan, Hüseyn Mirzə, Məhəmməd Bağır xan bir-birinin ardınca taxta əyləşdilər. İkinci Rusiya-İran müharibəsi (1826-28) gedişində 1827-ci ilin iyununda rus qoşunları Naxçıvanı zəbt etdilər; iyulda Abbasabad qalası ələ keçirildi. Rusiya hökuməti Ehsan xanı Naxçıvan hakimi təyin etdi. Türkmənçay müqaviləsinə (1828) əsasən Naxçıvan xanlığı İrəvan xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi. 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə ləğv edilmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisində süni şəkildə "erməni vilayəti" yaradıldı.
Naxçıvan xanları
Heydərqulu xan Kəngərli (1747-1764)
Hacı xan Kəngərli (1764-1765)
Rəhim xan Kəngərli (1765-1770)
Əliqulu xan Kəngərli (1770-1773)
Vəliqulu xan Kəngərli (1773-1781)
Abbasqulu xan Kəngərli (1781-1783, 1797-1801, 1806)
Cəfərqulu xan Kəngərli (1783-1785)
Kərim xan (1808, 1813-1816, 1823-1827)
Kalbalı xan Kəngərli (1787-1796, 1801-1807, 1809-1810, 1816-1820)
Hüseyn Mirzə – hakim (1822-1823)
Məhəmməd Bağır xan (1827)
Ehsan xan Naxçıvanski – hakim (1828-1839)
Qeyd: Naxçıvan xanlığının tarixi haqqında daha geniş məlumatı Kitabxanamızın www.preslib.az saytındakı Elektron kitablar bölməsində F. Əliyev və M. Əliyevin “Naxçıvan xanlığı: 1747-1828” (Bakı, Azərnəşr, 1996) kitabından əldə etmək olar.
Naxçıvan qəzası
Şimali Azərbaycan Rusiyaya ilhaq olunduqdan sonra Naxçıvan xanlığı ləğv edilmiş, 1828-ci ilin martında yaradılan "Erməni vilayəti"nin tərkibinə verilmişdi. 10 aprel 1840-cı il islahatı haqqında qanununa əsasən Naxçıvan əyaləti əsasında qəza yaradılmışdı (1841-ci il yanvarın 1-dən qüvvəyə minmişdi). 1849-cü ildə İrəvan quberniyası yaradıldıqda Naxçıvan qəzası onun tərkibinə daxil edilmişdi. Rusiya işğalı ərəfəsində Naxçıvan xanlığının ərazisi təxminən 4500 kv.verst (1 verst=1,0668 km) olduğu halda, sonralar onun torpaqları xüsusi məqsədlə digər inzibati vahidlər arasında bölüşdürüldü. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Naxçıvan qəzasının sahəsi 3939 kv.verst, yəni xanlığın ərazisindən 561 kv.verst az idi. Həmin dövrdə qəzada 122208 nəfər əhali yaşayırdı. Qəza əhalisinin 66117 nəfəri (54,1%) kişi, 56091 nəfəri (45,9%) qadın, 119272 nəfəri yerli sakin, 2936 nəfəri müvəqqəti yaşayanlar idi. Naxçıvan xanlığı Rusiyanın tərkibinə qatıldığı dövrdə (sonra Naxçıvan əyaləti və Ordubad dairəsi) burada təxminən 29463 nəfər (köçürülüb gətirilmiş ermənilərin sayı çıxılmaqla) əhali yaşayırdı. Çarizmin Türkmənçay müqaviləsindən (1828) sonra həyata keçirdiyi kütləvi erməni köçürmələri zamanı buraya 12 min (oradakı əhalinin 40,7%-i qədər) erməni gətirilmiş, nəticədə əhalinin etnik tərkibində dəyişiklik yaradılmışdı. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsi sonralar da davam etdirilmişdi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Naxçıvan qəzasında azərbaycanlıların sayı 70 min (57,3%) təşkil edirdi. Bu onu göstərirdi ki, çarizmin bütün cəhdlərinə baxmayaraq, Naxçıvan qəzasını erməniləşdirmək siyasəti boşa çıxmışdı.
Çar hökuməti burada qəza idarə sistemi yaratmışdı. Qəzanın təsərrüfat həyatında aqrar bölmə (əkinçilik, bağçılıq, maldarlıq və s.) əsas yer tuturdu. Duz istehsalı da inkişaf etmişdi. Eyni zamanda, ipəkəyirmə, pambıqtəmizləmə müəssisələri fəaliyyət göstərirdi. 19-cu əsrin 60-70-ci illərində Tiflis-İrəvan-Naxçıvan, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Yevlax-Şuşa-Gorus-Naxçıvan şose yolunun çəkilməsi iqtisadi əlaqələri genişləndirdi. 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti istifadəyə verildi. Sosial-siyasi və mədəni həyatda da müəyyən dəyişikliklər baş verdi. 1837-ci ildə Naxçıvanda qəza məktəbi açılmışdı. Çar Rusiyası tərəfindən ermənilərin Naxçıvana köçürülməsi ilə yanaşı, ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasəti qəzada ağır vəziyyət yaratdı. Ermənilər 1905-06-cı illərdə Naxçıvan qəzasında yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər. Nəticədə, 1897-ci illə müqayisədə Naxçıvanda azərbaycanlıların sayı 31.279 nəfər (34,6%) azalmışdı. Təbii artım da nəzərə alınsa, erməni soyqırımı nəticəsində Naxçıvanda azərbaycanlıların sayı iki dəfə aşağı düşmüşdü.
Rusiyada Müvəqqəti hökumət dövründə fəallaşan ermənilər Oktyabr çevrilişindən (1917) sonra Naxçıvanda yeni qırğınlar törətməklə yenidən etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Xüsusi Zaqafqaziya komitəsi (1917, mart-noyabr) və Zaqafqaziya komissarlığı (1917, noyabr - 1918, aprel) orqanları bu qırğının qarşısını almaqda fəallıq göstərmədi. Türk ordusunun bölgəyə daxil olması Naxçıvanın həyatında mühüm hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması (1918, 28 may) dövlətin ərazi bütövlüyü uğrunda mübarizəni gücləndirdi. Lakin Mudros barışığına (1918) əsasən, türk ordusunun Azərbaycanı, o cümlədən Naxçıvanı tərk etməsi vəziyyəti yenidən mürəkkəbləşdirdi. Bölgə əhalisini qırğınlardan xilas etmək məqsədilə Naxçıvan - Şərur-Dərələyəz və Ordubad qəzalarını, həmçinin Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və başqa əraziləri əhatə edən məhəlli Araz-Türk Respublikası (1918, noyabr - 1919, mart) quruldu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bölgədə vəziyyəti yaxşılaşdırmaq məqsədilə 1919-cu il 28 fevral tarixli qərarı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaratmışdı. Türklərin bölgəni tərk etməsindən sonra burada fəallaşan ingilislər Naxçıvanda təxminən iki ay müddətinə (1919, may-iyul) erməni idarəçiliyi qurmağa nail oldular, lakin xalqın qətiyyətli müqaviməti nəticəsində onun faktik fəaliyyətini təmin edə bilmədilər. İyulun sonlarında ermənilər Naxçıvandan qovuldu. Ermənilərin Naxçıvanda qısa müddətdə idarəçilik cəhdi bölgəyə ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bölgədə möhkəmlənmək tədbirlərini davam etdirirdi. 1919-cu ilin avqustunda Səməd bəy Cəmillinski Cənub-Qərbi Azərbaycan general-qubernatoru təyin olundu. Qubernatorluğun iqamətgahı qısa bir müddətdə Ordubadda olsa da, tezliklə Naxçıvan şəhərinə köçürülmüşdü. Lakin ABŞ-ın bölgə üzərində Millətlər Cəmiyyətinin mandatını alması ilə yeni vəziyyət yarandı. 1919-cu ilin iyulunda müttəfiqlərin Ermənistanda ali komissarı təyin edilmiş amerikalı polkovnik Y.Haskel avqustun 26-da Bakıya gəldi. O, Şərur və Naxçıvandan ibarət neytral zona yaradılması ideyasını irəli sürdü. Haskel oktyabrın 24-də polkovnik Edmund Dellini Amerika general-qubernatoru təyin etdi, lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli əhalinin səyi nəticəsində bu niyyət baş tutmadı. Naxçıvanda, yalnız Paris sülh konfransının (1919-20) nümayəndəsi kimi fəaliyyətə başlayan Delli az sonra, bütün Amerika zabitləri isə, 1920-ci ilin əvvəllərində Naxçıvanı tərk etdilər. Amerika general-qubernatorluğu ideyası baş tutmasa da, müttəfiq qoşunlarının Ali komissarlığının qərargah rəisi Haskel Parisə qayıtdığı üçün onu əvəz edən C.Rey noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistan arasında beş maddədən ibarət saziş imzalanmasına nail oldu. Azərbaycan hökuməti sazişə inanaraq, hərbi qüvvələrini Zəngəzurdan çıxardı. Bununla da, Naxçıvan erməni-daşnak hərbi birləşmələrinin hücum təhlükəsi ilə üz-üzə qaldı. 1920-ci ilin əvvəllərində ermənilərin hücumu daha da gücləndi, yüzlərlə azərbaycanlı qətlə yetirildi. Sovet Rusiyasının 11-ci Qırmızı ordu hissələrinin Azərbaycana hərbi müdaxiləsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu (1920, 28 aprel) regionda vəziyyəti yenidən dəyişdi. Sovet qoşunları iyulun 28-də Naxçıvanı ələ keçirdi, Naxçıvan İnqilab Komitəsi yaradıldı. Sovet Rusiyası Ermənistanın sovetləşdirilməsindən sonra (1920, noyabr) Naxçıvan torpaqlarının Azərbaycandan qoparılması siyasətini həyata keçirməyə çalışırdı. Naxçıvanın taleyini Moskva və Qars müqavilələri (1921) qəti şəkildə həll etdi. Naxçıvan qəzasının ərazisi Naxçıvan Sovet Sosialist Respublikasının (1920-23), Naxçıvan Muxtar Diyarının (1923-24), 1924-cü il fevralın 9-dan isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu.
Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5988 kv.km müəyyən edilmişdi. 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvana məxsus ərazilərin bir hissəsi, o cümlədən Qorçevan, Qurdqulaq, Horadiz, Ağxəç, Oğbin, Almalı, İtqıran, Sultanbəy kəndləri, həmçinin Kilit kəndi torpaqlarının bir hissəsi əkin sahəsi, otlağı, biçənəyi ilə birlikdə (cəmi 657 kv.km) Ermənistana verildi. Beləliklə, 1929-30-cu illərdə Ermənistan SSR-yə verilən ərazilər hesabına Naxçıvan MSSR-in ərazisi azalaraq 5,5 min kv.km oldu. 1930-cu ildə isə Naxçıvan MSSR-in Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır.
Araz Türk Cümhuriyyəti
Türk Araz Cümhuriyyəti və yaxud Araz Cümhuriyyəti – Azərbaycanın Naxçıvan bölgəsində və onun çevrəsindəki ərazilərdə yaradılmış dövlət qurumu idi.
1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyəti Naxçıvan qəzası, Şərur-Dərələyəz və Ordubad mahallarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. Azərbaycan torpaqlarını əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi.
Araz Türk Cümhuriyyətində də siyasi durumun mürəkkəbliyinə görə geniş fəaliyyət göstərə bilməyən bir sıra dövlət strukturları - hakimiyyət orqanları mövcud olmuşdur. Onun parlamenti bölgədəki müsəlman milli şuralarının üzvlərindən ibarət idi. Araz Türk Cümhuriyyəti hökumətinə - Nazirlər Şurasına Əmir bəy Əkbərzadə başçılıq edirdi. Hökumətin tərkibinə isə İbrahim bəy Cahangirzadə – hərbi nazir; Əli bəy Qəmbər Bənəniyarlı – inzibati-ərazi işləri üzrə nazir; Həsən ağa Səfazadə – xarici işlər naziri; Məmməd Bəyzadə – ədliyyə naziri; Mirzə Hüseyn, Mirzə Həsənzadə və Müfti Xoca Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yardımçı olaraq seçilmişdi.
Cümhuriyyətin meydana gəlməsi bölgədə ağır tarixi-siyasi şəraitlə sıx bağlı olmuşdur. Osmanlı ordu hissələrinin bölgəni tərk etmələri və mahalın türk-müsəlman əhalisinin erməni-daşnakların təcavüzü, soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət qurumunun və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Belə bir ağır şəraitdə bölgənin türk-müsəlman əhalisinin başbilənləri və öndə gedənləri məhəlli siyasi-dövlət qurumu yaratmaq qənaətinə gəldilər. Onların bu qənaəti, əsasən, aşağıdakı səbəblərlə izah olunurdu: birincisi, erməni-daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək, ikincisi, həmin dövrdə Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq.
Ordubad Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadənin Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin − Araz Respublikasının yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidzadə bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı: Tiflisə və Gəncəyə yolların bağlanması; türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım - ərzaq gətirilməsinin dayandırılması; bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi; Naxçıvan və Şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman-Araz dövlətini yaratmaq qərarına gəlinməsi; Araz hökumətinin də Gəncə Hökuməti (Azərbaycan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cı il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti (yəni Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşənədək) müstəqilliyini elan etməsiylə nəticələnmişdir.
Araz Türk Cümhuriyyətinin Nazirlər Şurasının sədri Əmir bəy Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi. Osmanlı dövlətinin Araz Türk Cümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və b. da Cümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər.
Araz Türk Cümhuriyyətinin hərbi naziri İbrahim bəy Cahangirzadənin rəhbərliyi ilə qısa müddətdə silahlı qüvvələr yaradılmışdı. Bu hərbi hissələr – könüllü xalq dəstələri 20 tabordan (batalyondan) ibarət idi. Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, digərləri isə Ordubad, Vedibasar, Qəmərli və s. ərazilərdə yerləşdirilmişdi. Tabor komandirlərindən Kəblə Muxtar (Nehrəm). Kəblə Kərim (Cəhri), İbrahimxəlil Axundov (Ordubad), Həsən Şahverdioğlu (Şərur-Dərələyəz) və b. Araz Türk Cümhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində xüsusilə fərqlənmişdilər. Araz Türk Cümhuriyyətinin hərbi hissələrinin yaradılmasında və onların fəaliyyətinin təşkilində Osmanlı dövlətinin 9-cu ordusunun komandanı Yaqub Şevqi paşa və 9-cu diviziya komandiri polkovnik Rüştü bəyin böyük əməyi olmuşdu. Araz Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən də müvafiq işlər görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanun"da Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər millət vəkilinin seçilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili Araz Türk Cümhuriyyətinin türk-müsəlman əhalisi tərəfindən razılıqla qarşılanmışdı. Ordubaddan səlahiyyətli müvəkkil A.Hacıyevin imzası ilə Azərbaycan Parlamentinə ünvanlanan təbrik teleqramında həmin mahalın əhalisi bu qurumu özlərinin ali qanunverici hakimiyyət orqanı kimi qiymətləndirmiş və ona hər cür yardım göstərməyə hazır olduqlarını bildirmişdi.
Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P.Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919-ci il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Respublikasında türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komissiya göndərilməsi, Bakıdakı ingilis general-qubernatoru Tomsonla müzakirələr aparılması, müvafiq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu. Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan "Həmyerlilər" cəmiyyətinin toplantısında (6 yanvar, 1919-cu il) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900 000 manat Naxçıvana aparılmaq üçün P.Bayrambəyova verilmişdi.
Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə görkəmli şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Özünün çox ağır iqtisadi-maliyyə vəziyyətinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu ilə aid dövlət büdcəsində yalnız Ələt-Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırmışdı.
Çox qısa bir zaman kəsiyində mövcud olan və fəaliyyət göstərən Araz Türk Cümhuriyyəti, əsasən, Naxçıvan bölgəsi və çevrəsinin ermənilərin güclü hərbi və siyasi diplomatik təzyiqinə məruz qalması, bu dövrdə Azərbaycanda sözükeçən başlıca xarici qüvvənin (ingilislərin) Araz Türk Cümhuriyyətini dəstəkləməməsi və əslində, ermənipərəst mövqe tutması, Azərbaycan Xalq Cümhuriyyətinin Araz Türk Cümhuriyyəti ilə geniş əlaqələr yarada və ona yetərincə hərbi, siyasi, maliyyə yardımı göstərə bilməməsi və s. səbəblərə görə süquta uğradı. Araz Türk Cümhuriyyətinin süqutu ermənilərin 1919-cu ilin əvvəlində bölgəyə hücumları ilə bağlı yaranan ağır və mürəkkəb şəraitlə də əlaqəli idi.
İrəvan quberniyası müsəlmanları "Həmyerlilər" cəmiyyətinin 1919-cu ilin yanvar-fevralında bölgəyə göndərdiyi Mirabbas Mirbağırovun öz səfəri barədəki məruzəsindən məlum olur ki, birincisi, ermənilərin Qəmərliyə hücumu zamanı Araz Türk Cümhuriyyəti dağılmışdı, ikincisi, Kəlbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı.
Araz Türk Cümhuriyyətinin yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi.
Naxçıvan general-qubernatorluğu
Naxçıvan general-qubernatorluğu, Azərbaycan Xalq Cümhuriyyətinin Əlahiddə Naxçıvan general-qubernatorluğu - Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). Həmin qərarla Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi işlər üzrə, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə onun müavinləri təyin olunmuşdular. Naxçıvan general-qubernatorluğunun nəzdində 7 nəfərdən ibarət şura yaradılmışdı; martın 16-da istefa verən Bəhram xan Naxçıvanskini Haşımbəyov əvəz etmiş, o, Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin sərəncamına çağırıldıqdan sonra isə Səməd bəy Cəmillinski Naxçıvan general-qubernatoru təyin olunmuşdu. Siyasi şəraitin mürəkkəbliyi, ilk növbədə isə Ermənistan daşnak hökumətinin fitnəkar hərəkətləri üzündən yüksək vəzifəli şəxslərin Naxçıvana gələrək vaxtında öz vəzifələrinin icrasına başlaya bilməmələri general-qubernatorluğun işində ciddi çətinliklər yaratmışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti general-qubernatorluğun fəaliyyətinin bir an da olsun dayanmasına yol verməmişdi; 1919 ilin avqustunda qısa müddət Ordubadda fəaliyyət göstərməyə məcbur olan general-qubernatorluğun iqamətgahı sonra yenidən Naxçıvana köçürülmüşdü. Naxçıvan general-qubernatorluğu o zamankı mürəkkəb şəraitlə bağlı səbəblər üzündən daha geniş və səmərəli fəaliyyət göstərə bilməsə də, bölgənin erməni təcavüzündən müdafiəsində, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə əlaqə yaradılmasında və möhkəmləndirilməsində mühüm rol oynamışdı.
Ermənilərin Naxçıvan bölgəsində törətdikləri soyqırım aktları
Qədim tarixə və mədəniyyətə sahib Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımlara məruz qalmış xalqlarındandır. Cənubi Qafqaza köçürüldükdən sonra imperialist dairələrin dəstəyindən məharətlə istifadə edərək regionda möhkəmlənmiş ermənilər XX əsrin ilk illərindən başlayaraq müəyyən fasilələrlə azərbaycanlılara qarşı soyqırım aktları törətmişlər. Azərbaycanın əksər bölgələrində həyata keçirilən qətliamlar Rusiyada çarizmin devrilməsindən sonra daha da genişləndirilmiş və Naxçıvanı da əhatə etmişdir. S.Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olmuş ermənilər, xüsusilə də Andronikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutmuşdur. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı (Culfa rayonu) kəndinin əhalisinə divan tutulmuş, kənd viran qoyulmuşdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılmış və Ordubadda 2000 türk-müsəlman əhali qətlə yetirilmişdir. Qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, əli yalın insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları yırtılmış və başqa insanlığa sığmayan işgəncələr verilmişdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulmuşdur.
Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə "Yapon" ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salmışdır. Təxminən 200 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdır. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etmişdir.
1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətmişdir. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınmış, Dəmirçi kəndi dağıdılaraq qarət olunmuş, 60 nəfər həbs edilərək İrəvana göndərilmiş, 200 nəfər Arazı keçmək istərkən çayda boğulmuşdur. Yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşan erməni hərbi hissəsi geri çəkilməyə məcbur olmuşdur. 1919-cu ilin 1-ci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da mahalın azərbaycanlı əhalisinə qarşı ağlasığmaz zorakılıqlar edilmişdir. Təxminən iki aylıq "erməni idarəçiliyi" (1919, may-iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 600 nəfərə yaxın dinc sakin həbs olunmuş, təqribən 150 nəfərə isə dəhşətli işgəncələr verilmişdir. Bölgənin yerli əhalisinin "erməni idarəçiliyi"nə qarşı bir həftəlik üsyanın (19-25 iyul) uğurla nəticələnməsi, yəni daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni soyqırımların qarşısını almışdır.
Ermənilərin yürütdükləri "yandırılımış torpaq" - etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üzləşmişdir. Bir tərəfdən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə, Andronikin işğalı və "erməni idarəçiliyi" zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdur. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdir. Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk vaxtlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdir. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdır:
Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir. Bütövlükdə, 1918-21-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir.
Bütün bu mahallardan 50000 iri və xırda buynuzlu mal-qara aparılmış, onların 500 min nəfərlik əhalisi tamamilə yoxsul vəziyyətə salınmışdır. Kütləvi qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 mindən çoxu aclıq və xəstəliklərdən tələf olmuşdur. Qaçqınların 70 mini Cənubi Azərbaycanda, 400 min nəfəri isə Naxçıvanda və onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdır.
1921-ci ilin yanvarında Naxçıvan əhalisinin referendum əsasında Azərbaycanın tərkibində qalmaq arzusunu qəti şəkildə bildirməsi, Moskva və Qars müqavilələri (1921) ilə diyara Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması (1924) ilə bölgədə türk-müsəlmanların soyqırımına qismən son qoyulmuşdur. Lakin "Böyük Ermənistan" yaratmaq kimi sərsəm xülyalarla yaşayan erməni şovinistləri sonralar da bu siyasətdən əl çəkməmiş, zaman-zaman bütün XX əsr boyu açıq və gizli şəkildə davam etdirmişlər (30-cu illərin qanlı repressiyaları, 40-50-ci və 80-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Qərbi Azərbaycandan kütləvi surətdə deportasiyası və s.). 1990-93-cü illərdə Ermənistanın Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzünün qarşısını almaq üçün qanlı döyüşlər getmiş, bu döyüşlərdə 362 nəfər azərbaycanlı şəhid olmuş, 500-ə yaxını yaralanmış, 1 kənd (Kərki) işğal olunmuş, 500-ə yaxın yaşayış evi, ictimai-inzibati bina, sosial obyektlər dağıdılmışdır.
Naxçıvan İnqilab Komitəsi
Naxçıvan Diyar İnqilab Komitəsi - Naxçıvanda sovet hakimiyyəti qurulması və Naxçıvan SSR-in yaradılması elan edildikdən (1920, 28 iyul) sonra fəaliyyət göstərmiş ali hakimiyyət orqanı olmuşdur. Tərkibinə M. Bəktaşov, A. Qədimov, Q. Əsgərov, F. Mahmudbəyov, Q. Babayev və b. daxil idilər. NİK yaradıldığı gün (29 iyul) Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan edərək Ermənistanın daşnak hökumətinə müraciətində sülh danışıqlarına başlamağı və qan axıdılmasına son qoymağı təklif etmiş (lakin təhqiramiz şəkildə rədd cavabı almışdı), iyulun 30-da diyarın bütün əhalisinə müraciət edərək milliyyətindən və əmlak vəziyyətindən asılı olmayaraq qaçqınların hamısını doğma kənd və şəhərlərinə qayıtmağa çağırmış (onları mütəşəkkil qaydada yerləşdirmək məqsədilə avqustun 23-də NİK nəzdində geniş səlahiyyətli qaçqınlar komitəsi yaradılmışdı), avqust ayında torpaqların milliləşdirilməsini həyata keçirmişdi. Sovet hakimiyyətinin ilk aylarında NİK-in səlahiyyət dairəsi yalnız Naxçıvan qəzasını əhatə edirdi.
1920-ci ilin oktyabrında Ordubad qəzası, dekabrında isə Şərur qəzası daşnaklardan təmizləndikdən sonra həmin qəzalarda da qəza və dairə inqilab komitələri yaradılmış və beləliklə, NİK-in səlahiyyəti bütün Naxçıvan diyarına yayılmışdı. Görünür, məhz elə bu amil NİK-in 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırılmasında əsaslı rol oynamışdı.
1920-ci ilin oktyabrında Azərbaycan SSR Daxili İşlər Komissarlığının təlimatına əsasən NİK yanında daxili işlər, kommunal, ərzaq, səhiyyə, torpaq, maliyyə, maarif, sosial təminat şöbələri, XTŞ və s. yaradılmış, noyabrda maarif şöbəsi Xalq maarif komissarlığına çevrilmişdi. Lakin diyarda totalitar sovet rejiminin möhkəmləndiyi şəraitdə qanunsuz repressiv tədbirlərə də əl atılmış, hələ 1920-ci ilin sentyabrında qeyri-məhdud səlahiyyətli fövqəladə istintaq komissiyası yaradılaraq fəaliyyətə başlamış, nəticədə Azərbaycanın istiqlaliyyət qazanmasında və erməni təcavüzünün dəf edilməsində mühüm xidmətləri olmuş bir çox görkəmli şəxslər (o cümlədən Azərbaycanda sovet təqiblərindən yaxa qurtarmaq üçün Naxçıvana gəlmiş və bir müddət hətta NİK sədrinin müavini işləmiş Həbibbəy Səlimov, Naxçıvan Milli Komitəsinin sədri Cəfərquluxan Naxçıvanski, onun qardaşı Rəhimxan və b.) amansız təqiblərə məruz qalmış, edam, yaxud sürgün edilmişdilər.
NİK 1921-ci ilin sentyabrınadək yoxsul komitələri və sovetlərin təşkili dövründə tam səlahiyyəti ilə fəaliyyət göstərmiş, sentyabrın 10-da Naxçıvan MİK və XKS təşkil edilərək fəaliyyətə başladıqdan sonra isə onlarla paralel fəaliyyət göstərməkdə davam etmişdi. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.
Naxçıvan Muxtar Diyarı
Naxçıvan Muxtar Diyarı, Naxçıvan Muxtar Ölkəsi - Naxçıvan SSR-in Azərbaycan SSR-in tərkibində muxtariyyəti statusunun rəsmiləşdirilməsinin növbəti mərhələsində (1923, 27 fevral - 1924, 9 fevral) totalitar sovet rejiminin təzyiqi altında yaradılmış muxtar qurum; Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinin ziddinə olaraq Naxçıvan SSR muxtariyyətinin məhdudlaşdırılmasını, onun Naxçıvan SSR muxtariyyətinin Azərbaycan SSR-in protektoratlığı altında təşkil edilməsini deyil, diyarın məhdud muxtar vilayət hüququnda ona birləşdirilməsini nəzərdə tuturdu. İlk dəfə 1922-ci ilin dekabrında Cənubi Qafqaz (Zaqafqaziya) I Sovetlər qurultayında irəli sürülmüş və müvafiq qərar qəbul edilmiş, 1923-cü ilin yanvarında isə Rusiya Kommunist (bolşevik) Partiyası Cənubi Qafqaz Diyar Komitəsi həmin məsələni müzakirə edərək Cənubi Qafqaz I Sovetlər qurultayının qərarına əsasən Naxçıvan SSR muxtar vilayətə çevirməyi Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə tövsiyə etmişdi. Bundan sonra nəhəng təbliğat maşını işə salınmış, Azərbaycan Kommunist (bolşevik)Partiyası Naxçıvan Diyar Komitəsinin 1923-cü il 5 fevral tarixli qərarı ilə həmin məsələ "ümumxalq müzakirəsinə" verilmiş və "zəhmətkeşlər tərəfindən yekdilliklə bəyənildikdən" sonra Azərbaycan Kommunist (bolşevik)Partiyası Naxçıvan Diyar Komitəsinin Rəyasət Heyətində (20 fevral) və Azərbaycan Kommunist (bolşevik)Partiyası Naxçıvan diyar təşkilatının III qurultayında (23 fevral) təsdiq edilmişdi. III Ümumnaxçıvan Sovetlər qurultayı (1923, 27 fevral) partiya orqanlarının həmin qərarı "müzakirə edərək" Naxçıvan SSR muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilməsi barədə müvafiq qətnamə və bəyannamə qəbul etmişdi. Qurultayın qərarı ilə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi, Xalq Komissarlar Soveti və bütün komissarlıqları buraxılmış, diyarı idarə etmək üçün 17 üzv və 7 namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi (NDİK) seçilmişdi; Naxçıvan, Şərur və Ordubad qəzaları ləğv edilmiş və Naxçıvan Muxtar Diyarının bütün ərazisi altı dairəyə - Tumbul, Cəhri, Əbrəqunus, Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdü.
1923-cü il iyunun 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sessiyası Naxçıvan Sovetlər qurultayının Naxçıvan diyarının muxtariyyət hüquqları əsasında Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqqında xahişini bəyənərək Naxçıvan Muxtar Diyarı haqqında Əsasnamə qəbul etmişdi. Diyarda ali hakimiyyət orqanı Naxçıvan Diyar İcraiyyə Komitəsi tərəfindən ildə bir dəfə çağırılan Naxçıvan Diyar Sovetlər Qurultayı (NDSQ) idi. Ali icraedici və sərəncamverici orqan sayılan Naxçıvan Diyar İcraiyyə Komitəsi Naxçıvan Diyar Sovetlər Qurultayı qarşısında hesabat verirdi. Naxçıvan SSR-in ləğv edilmiş xalq komissarlıqları əvəzinə Naxçıvan Diyar İcraiyyə Komitəsinin torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və s. şöbələri yaradıldı.
Naxçıvan Muxtar Diyarı daha çox inzibati-ərazi muxtariyyəti prinsiplərinə uyğun idi və yüksək milli-ərazi muxtariyyəti tələblərinə az cavab verirdi. Halbuki ərazicə Azərbaycandan ayrı salınmış Naxçıvan diyarına geniş səlahiyyətli siyasi hüquqlar verilməsi bilavasitə 1921-ci il Moskva və Qars müqavilələrinin şərtlərindən irəli gəlirdi. Naxçıvanın muxtariyyəti məsələsinə yenidən baxılması, görünür, elə məhz bu zərurətdən doğmuşdu. 1923-cü il dekabrın 31-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul etdi; qərar Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin yanvar 1924-cü il tarixli birinci plenumunda təsdiq edildi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan MSSR-ə çevrilməsi təsbit edildi.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikasının tarixi iki dövrə ayrılır:
1. Sovet dövrü [1924-1991-ci illər];
2. Müstəqillik dövrü [1991-ci ildən yaşadığımız günlərədək].
Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi. 1929-1930-cu illərdə və bundan sonra, Kreml rejimi 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddialarmı həyata keçirdi. Nəticədə Muxtar Respublikanın ərazisi daha da azaldıldı. Hazırda Naxçıvan Muxtar Respublikasının ərazisi 5.365 kv.km-dir. Bu, Azərbaycan Respublikası ərazisinin 6,2%-nə bərabərdir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında demişdir: «Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq».
Sovet dövründə Naxçıvan MSSR-in əhalisinin say dinamikası aşağıdakı kimi dəyişmişdir (Cədvəl 3-ə baxın).
Cədvəl 3
Naxçıvan MSSR əhalisinin Ümumittifaq siyahıyaalmalarına əsasən say dinamikası
(1926—1989-cu illər; min nəfər hesabı ilə)
İllər |
Azərbaycan SSR üzrə |
Naxçıvan MSSR üzrə |
||
|
|
Cəmi |
Artım |
Azərbaycan |
1926 |
2.313,7 |
104,9 |
|
4,53 |
1939 |
3.205,2 |
126,7 |
21,8 |
3,95 |
1959 |
3.697,7 |
141,4 |
14,7 |
3,82 |
1970 |
5.117,1 |
202,2 |
60,8 |
3,95 |
1979 |
6.028,3 |
238,8 |
36,6 |
3,96 |
1989 |
7.037,9 |
295,1 |
59,3 |
4,19 |
1941-1945-ci illər müharibəsinədək Muxtar Respublika əhalisinin sayı 130 min nəfərdən çox olmuşdur. Müharibə əhalinin artım sürətinə mənfi təsir göstərmişdir. Muxtar Respublika əhalisinin artım sürəti 1939-cu ildəki 21,8 mindən 1959-cu ildə 14,7 minə enmişdir. Həmin ildə Azərbaycan SSR əhalisi içərisində Naxçıvan MSSR əhalisinin payı da ən aşağı həddə düşmüş – 3,82% olmuşdur. 1970-ci ildə əhalinin sayı 200 minlik həddi keçmişdir. 1989-cu ildə Muxtar Respublika əhalisinin sayı 295,1 min nəfər olmuş, Naxçıvan əhalisi Azərbaycan SSR əhalisinin 4,19 %-ni təşkil etmişdir. SSRİ-nin dağılması ərəfəsində Naxçıvan MSSR əhalisi 300 mindən çox olmuşdur. Naxçıvan əhalisinin təxminən üçdə bir hissəsi şəhərlərdə, qalanı isə kənd yerlərində yaşayırdı. Sovet hakimiyyəti illərində Naxçıvan əhalisi olduqca ağır siyasi, sosial-iqtisadi və mədəni problemlərlə qarşılaşmışdır. Bütün bu problemlər təəssüf ki, ən yeni tarix ədəbiyyatında da öz əksini tapmamışdır. Heydər Əliyev demişdir:
«... bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə, Azərbaycanın başqa bölgələrindən daha da dəhşətli, faciəli olubdur... Azərbaycan hakimiyyəti tərəfindən Naxçıvana qarşı ədalətsizliklər də olubdur... Naxçıvanın hüquqlarını daim məhdudlaşdırmaq istəyiblər».
1920-30-cu illər Naxçıvan tarixinin ağır dövrlərindəndir. Həmin illərdə Naxçıvanın idarə edilməsi, ilk vaxtlar, Azərbaycan MİK-in 1924-cü ilin aprelində qəbul etdiyi Əsasnamə ilə tənzimlənirdi. Həmin əsasnamə 1926-cı il aprelin 18-də Ümumnaxçıvan Sovetlər qurultayının qəbul etdiyi Naxçıvan MSSR-in birinci Konstitusiyasınadək qüvvədə olmuşdu. Sonra isə SSRİ və Azərbaycan SSR Konstitusiyalarının dəyişdirilməsi ilə əlaqədar olaraq 1937-ci il sentyabrın 17-də Naxçıvan MSSR-də yeni Konstitusiya qüvvəyə minmişdi.
1920-30-cu illərin repressiyaları Naxçıvanda da çox ağrılı keçmişdir. Bu qanlı faciələrin şahidi olmuş Heydər Əliyev sonralar deyirdi:
«... mən o günlərin şahidiyəm. Mən Naxçıvanda yaşayırdım. Bizim qonşularımızı iki günün içində gətirib ağlaya-ağlaya avtomobillərə doldurdular, çıxarıb Arazın o tayına saldılar. Mən 1937-1938-ci illərdə Naxçıvandan siyasi motivlər üzrə Orta Asiyaya sürgün olunanları da görmüşəm. Onlar orta məktəbdə mənimlə bir yerdə oxuyan qızlar, oğlanlar idi, göz yaşları içində gəlib bizimlə vidalaşırdılar. Biz də başa düşmürdük, gəlib yola salanda görürdük ki, bir günün içərisində onların evlərində-eşiklərində nə vardısa töküb-dağıdıb, onları avtomobillərə doldurub sürürlər».
Sovet dövründə Naxçıvanın əhalisi kimi ərazisinə qarşı da qəsdlər davam etdirilirdi. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, ümumiyyətlə, 657 kv.km torpaqları Ermənistana verilmişdir. Naxçıvana qarşı ərazi qəsdləri 1930-cu ildə də davam etdirildi: Əldərə, Lehvaz, Astazur, Nüvədi və b. Azərbaycan torpaqları hesabına Ermənistanın Mehri rayonu yaradıldı.
Naxçıvan MSSR 1941-1945-ci illər müharibəsi dövründə faşizm üzərində qələbəyə layiqli töhfələr vermişdir. Naxçıvandan olan Nəcəfqulu Rəfiyev (1912-1970), Qəzənfər Əkbərov (1917-1944), Abbas Quliyev (1916-1998) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə igid müharibə cəbhələrində faşizmə qarşı şərəflə vuruşmuşdur. Əslən Naxçıvandan olan böyük kimyaçı alim, akademik Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzin sovet aviasiyasının faşist ordusu üzərində qələbəsində həlledici rol oynamışdır.
İkinci Dünya müharibəsində Azərbaycanın, o cümlədən Naxçıvanın faşizm üzərində qələbəyə göstərdiyi tarixi xidmətlərə baxmayaraq, ölkənin mənəvi-siyasi həyatında ciddi dəyişiklik baş vermədi. Sovet hökuməti Azərbaycana qarşı ədalətsiz siyasətini, ayrı-seçkiliyi davam etdirdi. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən öz ata-baba torpaqlarından deportasiyası həyata keçirildi. 1968-1969-cu illərdə ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü. Lakin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ermənilərin bu planlarının reallaşdırılmasına imkan vermədi.
Sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər respublikanın, o cümlədən Naxçıvanın həyatında yüksəliş dövrüdür. 1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş verdi. Bu dövrdə SSRİ və Azərbaycan SSR Konstitusiyalarına uyğun olaraq, Naxçıvan MSSR-in də yeni Konstitusiyası (1978-ci il) qəbul edildi.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin Azərbaycandan, o cümlədən Naxçıvan Muxtar Respublikasından yeni ərazilər qoparmaq planları baş tutmadı. Lakin Heydər Əliyev Azərbaycan rəhbərliyindən getdikdən sonra 1985-ci ildə bu bədnam niyyət baş tutdu: digər Azərbaycan əraziləri ilə birlikdə Naxçıvanın da bir qisim torpaqları Ermənistan SSR-ə verildi.
1987-ci ildə Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi sıralarından uzaqlaşdırıldı. Bu addımın siyasi mənasını Azərbaycanın o zamankı rəhbərliyi dərk edə bilmədi. Tarix isə öz işini gördü. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından dərhal sonra Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda aqressiv separatçılıq hərəkatı başlandı. Bunun ardınca SSRİ rəhbərliyinin hərtərəfli kömək göstərdiyi Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda dinc əhaliyə divan tutmasından bir neçə saat əvvəl Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. Azərbaycan ilk şəhidlərini Naxçıvanda verdi. Kərki kəndi ermənilər tərəfindən işğal olundu. Naxçıvanda muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında müstəsna qərar qəbul edildi. Moskvada isə 1990-cı il 20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin səhəri günü Heydər Əliyev verdi.
Vətənin dar günündə özünü Bakıya yetirən və Kreml rejiminə yarınan Azərbaycan rəhbərliyinin xəyanəti nəticəsində paytaxtda qala bilməyən Heydər Əliyevin Naxçıvana qayıtması 1990-1993-cü illərdə Naxçıvanı ermənilərin işğal təhlükəsindən xilas etdi. Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev, eyni zamanda bütün Azərbaycanın ümid çırağı idi. Onun 1991-ci ilin fevralında Ali Sovetin sessiyasında çıxışı, SSRİ-nin saxlanmasına dair referendumun Naxçıvanda keçirilməməsi buna parlaq sübutdur.
1991-ci il sentyabrın 4-də, özünün etirazlarına baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevi özünə sədr seçdi. Naxçıvanda sovet hakimiyyəti ləğv edildi. Azərbaycan Respublikası prezidenti seçkilərini Naxçıvanda keçirməmək haqqında qərar qəbul olundu. Ali Məclisin 5 sentyabr 1991-ci il tarixli iclasında Muxtar Respublikanın xalq təsərrüfatında yaranmış gərgin vəziyyət, onu normallaşdırmaq və böhran vəziyyətindən çıxarmaq tədbirləri müzakirə edildi. Siyasi fəallığın konkret iqtisadi şərtlərlə təmin edilməsi Heydər Əliyev dövlətçilik təfəkkürünün parlaq təzahürü idi.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası tarixinin məna və mahiyyətinə görə bir-birindən kəskin surətdə fərqlənən iki dövrü bir-birindən ayrılırdı - sovet dövrü başa çatır, xalqın arzusunda olduğu müstəqillik dövrü başlanırdı. Naxçıvanda yeni Azərbaycanın quruculuğu prosesi gedirdi. Bu tarixi prosesə ulu öndər Heydər Əliyev başçılıq edirdi.
Müstəqillik dövrü
Müstəqillik hər bir xalqın ən böyük arzusudur. Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsi xalqın böyük nailiyyəti idi. Hakimiyyət çəkişmələri və siyasi hərc-mərcliyin baş alıb getdiyi Bakıdan fərqli olaraq Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan istiqlal mübarizəsi və yeni həyat quruculuğunun önündə gedirdi. Məhz ilk dəfə Naxçıvanda SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul edilmiş, SSRİ-nin saxlanılması haqqında referenduma etiraz edilmişdi. Yeni, müstəqil Azərbaycanın qurulması prosesi Naxçıvanda uğurla davam etdirilirdi. Rəsmi Bakı isə Heydər Əliyev dühasından, Naxçıvan təcrübəsindən faydalanmaq əvəzinə, Naxçıvana təzyiq göstərmək, Muxtar Respublikanın hüquqlarını məhdudlaşdırmaq yolunu tutmuşdu. Bu dövrdə Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinin Naxçıvan Ali Məclisinin Sədrinə aid bəndinin çıxarılmasına, ümumiyyətlə, Naxçıvanın muxtariyyətinin ləğv edilməsinə cəhdlər göstərilmişdi. Lakin bütün bu cəhdlər iflasa uğradı. Naxçıvan Muxtar Respublikası tarixin bu mürəkkəb sınaq çağında da Heydər Əliyev müdrikliyi və qətiyyəti sayəsində öz muxtariyyətini qoruyub saxlaya bildi. Və bu, sonralar 1998-ci il Konstitusiyasında təsbit olundu.
Bakıda hakimiyyət çəkişmələri şəraitində siyasi hərc-mərclik və xaosun baş alıb getdiyi halda Naxçıvanda sabit hakimiyyət formalaşmışdı. Blokada şəraitində yaşayan Naxçıvanda sosial-iqtisadi və mədəni həyatın müxtəlif sahələrindəki nailiyyətlər qorunub saxlanılır, müstəqillik şəraitində ona yeni məzmun vermək uğrunda qətiyyətli mübarizə gedirdi. 1991-ci ilin sentyabrından 1993-cü ilin iyununadək olan dövrdə Naxçıvanda görülən böyük işlər Heydər Əliyevin nitq, çıxış və müsahibələrində, dövri mətbuatda və müxtəlif toplulardakı sənədlərdə əks olunmuşdur. Onların əsas məzmunu Muxtar Respublikanın idarə sisteminin təkmilləşdirilməsi, sosial-iqtisadi islahatlar hazırlanması və həyata keçirilməsi, blokadanın aradan qaldırılması üçün həmsərhəd ölkələr, xüsusilə Türkiyə ilə münasibətlərin yeni səviyyədə qurulması və b. ibarət idi. 1992-ci il mayın 28-də Sədərəkdə Naxçıvanla Türkiyə arasında körpünün açılışı xüsusilə böyük əhəmiyyətə malik idi. Heydər Əliyev bu körpünü «arzu və ümidlərimizin körpüsü» adlandırmışdı.
Naxçıvan Muxtar Respublikası təkcə öz sərhədləri daxilində deyil, bütün Azərbaycan üçün sabitləşdirici amilə çevrilməkdə idi. Bu, Naxçıvanın Azərbaycanın müasir tarixindəki misilsiz xidmətlərindən biri idi. Təsadüfi deyil ki, 1993-cü ilin iyun hadisələri zamanı bütün respublikanın diqqəti Naxçıvana yönəldi və xalqın tələbi ilə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev Bakıya gəldi, respublikanın siyasi hakimiyyətində dəyişiklik baş verdi, vətəndaş müharibəsinin, separatçı qüvvələrin fəaliyyətinin qarşısı alındı, sabitlik və əmin-amanlıq yaradıldı, sosial-iqtisadi islahatların hazırlanması və həyata keçirilməsinə başlandı. Heydər Əliyevin başladığı qurtuluş mübarizəsi qələbə çaldı. Azərbaycan Respublikasının rəhbəri kimi Heydər Əliyevin diqqət və qayğısı Naxçıvanın sonrakı inkişafında da həlledici rol oynadı.
Azərbaycanın müstəqilliyi dövründə Naxçıvan MR tarixinin ən mühüm siyasi hadisələrindən biri də, onun tarixi və müasir inkişaf sahəsində əldə etdiyi nailiyyətləri təsbit edən yeni Konstitusiyasının qəbulu olmuşdur. Heydər Əliyevin sədrliyilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiya tərəfindən başa çatdırılmış və 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş Konstitusiyanın VIII fəsli (maddə 134-141) bilavasitə Naxçıvan Muxtar Respublikasına həsr edilmişdir. 1998-ci ilin yanvarında Heydər Əliyevin sədrliyilə Azərbaycan Respublikası Konstitusiya komissiyasının iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsi müzakirə olunmuşdur. Həmin Konstitusiya layihəsinin hazırlanması, müzakirəsi və qəbul edilməsinə dair sənədlər çox vacib tarixi qaynaqlardır və onların öyrənilməsi Azərbaycanda dövlət quruculuğunun, o cümlədən qanunvericiliyin və qanunvericilik aktlarının yaradılması təcrübəsinin araşdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev Konstitusiya komissiyasının yuxarıda qeyd olunan iclasındakı yekun nitqində demişdir: «Beləliklə, biz həm Azərbaycanın qanunvericiliyi sahəsində çox ciddi addım atırıq, həm də ki, bu məsələləri nizamlayırıq. Yəni müstəqil Azərbaycan dövlətinin, respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası böyük tarixi mərhələlərdən keçərək, nəhayət, özünə uyğun, özünəməxsus bir status, bir yer alacaqdır. Bu, bu gün üçün də, gələcək üçün də lazımdır».
Heydər Əliyevin respublikaya ikinci rəhbərliyi dövründə Naxçıvanda yeni iqtisadi münasibətlərin təşəkkülü və inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi, sərhədlərin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, mədəni inkişaf sahəsində də böyük uğurlar əldə olundu. Heydər Əliyevin təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Hüseyn Cavidin qəbri üzərində Naxçıvan memarlıq məktəbi ənənəsinə uyğun olaraq möhtəşəm məqbərə ucaldıldı [1996-cı il].
Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, müasir dünyanın görkəmli dövlət xadimi İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin həyatında böyük tarixi hadisə oldu. 1993-cü ilin iyununda olduğu kimi Azərbaycan xalqı yenə öz sözünü dedi: xalq öz taleyini və doğma Vətənin müqəddəratını Heydər Əliyevin ən yaxın silahdaşı İlham Əliyevə etibar etdi.
Naxçıvan Muxtar Respublikasının sosial-siyasi həyatı da yaddaqalan tədbirlərlə zəngin olmuşdur. Muxtar Respublika Ali Məclisinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası A. A.Bakıxanov adına Tarix İnstitutu, AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetinin 2006-cı ilin 9-10 iyununda Naxçıvanda keçirdiyi «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri» mövzusunda beynəlxalq simpozium böyük əhəmiyyətə malik olmuşdur. Türkiyə və İran alimlərinin də iştirak etdikləri beynəlxalq simpozium ermənilərin Naxçıvana olan əsassız ərazi iddialarını qətiyyətlə rədd etmişdir.
Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, Muxtar Respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə, daha da mətinləşdirmişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.
Naxçıvanın keçdiyi qədim və uzun tarixi inkişaf yolunun hər bir səhifəsi aydın sübut edir ki, bu diyar ən qədim zamanlardan türk yurdu kimi Azərbaycana məxsus olmuşdur, onun ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir.
Azərbaycan torpağı olan Naxçıvan bu gün dinamik inkişaf edən, Azərbaycan Respublikasının tərkibində dünya birliyinə uğurla inteqrasiya edən çox önəmli bir bölgədir.