Ədəbiyyat

Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malikdir. Azərbaycan xalq ədəbiyyatında Naxçıvan motivləri mühüm yer tutur. "Kitabi-Dədə Qorqud" dastanının boylarında Naxçıvan bölgəsi ilə səsləşən süjetlərə, yer və yurd adlarına rast gəlinir. Qorqudşünaslar dastandakı "Basatın Təpəgözü öldürdüyü boy" və "Bəkil oğlu İmran" boylarında cərəyan edən hadisələrin, əsasən, Naxçıvanla bağlı olduğunu göstərmişlər. Naxçıvan süjetləri, toponimləri və qəhrəmanları "Koroğlu", "Əsli-Kərəm", "Qaçaq Nəbi" dastanlarında da mövcuddur. Naxçıvan folklorunda Azərbaycan şifahi xalq ədəbiyyatının bütün janrları təmsil olunmuşdur. Əsasən, bu diyara xas olan janrlar (haxışta, gülümey, yallıbaşı mahnılar) və nümunələr də vardır. Diyarda xalq ədəbiyyatının mühüm qollarından olan aşıq sənəti də (əsasən, Şərur və Şahbuz rayonlanında) inkişaf etmişdir.
Hələ qədim zamanlarda bir çox görkəmli şair və yazıçılar, o cümlədən Qətran Təbrizi bir müddət Naxçıvanda yaşayıb yaratmışdır. Atabəy Məhəmməd Cahan Pəhləvanın sarayına yaxın olan, "təbiblər sultanı" kimi şöhrət qazanmış Kəmaləddin Naxçıvani şair kimi də məşhur idi. Əbubəkr ibn Xosrovun Atabəylər sarayında xidməti dövründə yazdığı məşhur "Munisnamə" əsəri mühüm sosial-əxlaqi motivləri və humanizmi ilə seçilir. Orta əsrlərdə Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Sadiq bəy Ordubadi, Baba Nemətullah Naxçıvani, Fəzlullah Nəimi və b. alim və mütəfəkkirlər həm də bədii əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişlər.
XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının geniş yayılması bu bölgədə də ədəbiyyat və mədəniyyətin sürətli inkişafına təkan vermişdir. Bu dövrdə Naxçıvan ədəbi mühitində ciddi canlanma nəzərə çarpır. Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi (1838) klassik ədəbi ənənələrlə yanaşı, yeni maarifçi-realist ədəbiyyatın da inkişafına müəyyən təsir göstərmişdir. Məclisin fəal üzvlərindən Qüdsi Vənəndi, Fəqir Ordubadi, Əhmədağa Şəmi, Usta Zeynal Nəqqaş, Molla Hüseyn Bikəs, Abbas Dəhri, Məşədi Həsən Dabbağ və başqalarının yaradıcılığında klassik məhəbbət lirikasının ənənənəvi mövzuları ilə yanaşı, maarifçilik ideyaları, tənqidi-realist-satirik meyllər, dövrandan şikayət, haqsızlığa etiraz motivləri də əhəmiyyətli yer tutur. Azərbaycan maarifçi-realist ədəbiyyatında M.T.Sidqinin (1854-1903) ədəbi-pedaqoji irsinin özünə-məxsus yeri vardır. Onun "Nümuneyi-əxlaq" və "Töhfeyi-bənat, yaxud qızlara hədiyyə" dərsliklərinə daxil edilmiş şeir və nəsr nümunələri, "Kəblə Nəsir", "Heykəli-insanə bir nəzər" əsərləri, "Məktəb hekayələri" Azərbaycan maarifçilik ədəbiyyatının kamil nümunələrindəndir.
XIX əsrin 80-ci illərindən Naxçıvan ədəbi-mədəni mühitinə görkəmli yazıçı-publisit və teatr xadimi E.Sultanov (1866-1935) başçılıq edirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış "Ziyalı məclisi", "Müsəlman şiə dram incəsənəti cəmiyyəti" Naxçıvanın qabaqcıl ədəbi-mədəni qüvvələrinin təşkilatlanmasında, maarif və mədəniyyətin, mətbuatın inkişafında, xüsusilə Naxçıvan teatrının yaranmasında və təşəkkülündə mühüm rol oynamışdır. Həmin cəmiyyətlərin ətrafında toplaşmış C.Məmmədquluzadə, Ə.Xəlilov, M.Ə.Süleymanov, S.Xəlilov, N.Şeyxov, Ə.Sultanov, M.C.Şürubi və b. təhsilli maarifçi ziyalılar bu sahədə mühüm xidmətlər göstərmişlər.
XX əsrdə Naxçıvan diyarı Azərbaycan ictimai, ədəbi-bədii fıkrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Dahi yazıçı, dramaturq və publisist, "Molla Nəsrəddin" jurnalının yaradıcısı C. Məmmədquluzadə (1869-1932) hekayələri, felyetonları, "Danabaş kəndinin əhvalatları" povesti, ölməz "Ölülər" komediyası, "Anamın kitabı", "Dəli yığıncağı" və s. pyesləri ilə realist-demokratik Azərbaycan ədəbiyyatı tarixində müstəsna yer tutur. Ədib "Çay dəstgahı", "Kişmiş oyunu", "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu" əsərlərini Naxçıvanda yaşadığı illərdə yazmışdır.
Böyük romançı M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş və onun kamil nümunələrini (dördcildlik "Dumanlı Təbriz" epopeyası, "Qılınc və qələm" və s.) yaratmışdır. "Dumanlı Təbriz"dəki süjetlərin əksəriyyəti ədibin həyatının Naxçıvan dövrü ilə bağlı müşahidələrinin məhsuludur. "Qılınc və qələm"də də Naxçıvanla bağlı motivlər də var. Şair və jurnalist Ə.Qəmküsarın ədəbi irsi ədəbiyyat tariximizdə layiqli yer tutur. Milli romantik şeir və dramaturgiyamızın korifeyi Hüseyn Cavidin humanist lirikası, "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" və s. mənzum və mənsur dramları, "Azər" mənzum dastanı Azərbaycan ədəbiyyatının şah əsərləri sırasına daxil olmuşdur.
XX əsrin 20-ci illərində ədəbiyyata yeni gənc qüvvələr gəldi. "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsində birləşən gənc yazarların ilk qələm təcrübələri "Şərq qapısı" qəzetində müntəzəm dərc olunurdu. Xalq yazıçıları M.İbrahimov və Ə.Vəliyevin ayrı-ayrı vaxtlarda Naxçıvanda yaşayıb-yaratmaları da burada ədəbi-mədəni prosesin, o cümlədən teatrın inkişafına müsbət təsir göstərmişdir. Eyni zamanda, Naxçıvan mühiti ilə bağlı hadisələr hər iki yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. M.İbrahimov "Həyat" pyesinin mövzusunu Naxçıvan həyatından götürmüş, Ə.Vəliyev "Budağın xatirələri" romanında Naxçıvan təəssüratlarından istifadə etmişdir.
Çağdaş Azərbaycan ədəbiyatının görkəmli nümayəndələri - şair və dramaturq İ.Səfərli, xalq şairi Məmməd Araz, şair Rüstəm Behrudi də Naxçıvan torpağının yetirmələridir.
Hazırda Azərbaycan yazıçılarının böyük bir dəstəsi Naxçıvanda yaşayıb yaratmaqdadır. Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin (hazırda Naxçıvan Yazıçılar Birliyi) yaradılması, "Şərq qapısı" vilayət qəzetinin nəşri, yerli radio verilişləri XX əsrin 50-ci illərindən etibarən Naxçıvanda ədəbi mühitin canlanmasına ciddi təkan vermişdir.
Naxçıvan ədəbi mühitində şeir həmişə üstünlüyə malik olsa da nəsr sahəsində də diqqətəlayiq uğurlar qazanılmışdır. Xalq yazıçısı Hüseyn İbrahimovun "Əsrin onda biri", "Böhtan", "Sabahın sorağında", "Bahar yağışı" romanları, povestləri müasir Azərbaycan nəsrinin nailiyyətlərindəndir.
Bu gün Naxçıvanda dramaturgiya ənənələri də müvəffəqiyətlə davam etdirilir. Eyni zamanda publisistika sahəsində də uğurlu addımlar atılır. Naxçıvanın yerli dramaturq və publisistlərinin qələm nümunələri Azərbaycan ədəbi mühitində özünəməxsus yer tutur. Naxçıvan torpağı Azərbaycan ədəbiyyatşünaslıq elminə M.Şahtaxtlı, Məmməd Cəfər, Əziz Şərif, Əli Sultanlı, M.H.Təhmasib, A.Zamanov kimi görkəmli alimlər bəxş etmişdir. Tanınmış ədəbiyyatşünaslar Y.Seyidov, M.Sadıqlı, F.Hüseynov, Ə.Səfərli və b. bu torpağın yetirmələridir. 50-ci illərdən başlayaraq ədəbiyyatşünaslıq bilavasitə Naxçıvanda da inkişaf etmişdir. Qocaman maarif xadimi və ədəbiyyatşünas Lətif Hüseynzadə Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Naxçıvanda Ə.Qəmküsar haqqında dissertasiya müdafıə etmiş (1950), Qaraqoyunlu hökmdar-şairi Cahanşah Həqiqinin divanını tapıb nəşr etdirmiş, habelə ədəbiyyatımızın bir çox digər klassiklərinin yaradıcılığını araşdırmışdır.
Son 30 ildə Naxçıvanda tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İ. Həbibbəylinin, filologiya elmləri doktorları Y. Axundlunun, Ə. İsmayılovun Azərbaycan ədəbiyyatının böyük klassikləri C.Məmmədquluzadə, M.S. Ordubadi, H.Cavid haqqında monoqrafik tədqiqatları ədəbiyyatşünaslığımıza dəyərli töhfədir. Mərhum ədəbiyyatşünas İ.Maqsudov görkəmli yazıçı və publisist Eynəli Sultanovun həyat və yaradıcılığını tədqiq etmişdir. Hazırda alimlər Naxçıvan ədəbi mühitinin tarixinə, çağdaş ədəbi prosesə dair uğurlu tədqiqatlar aparmaqdadırlar.