Rəssamlıq

Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da bu sənətin köklərinin Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir. Qədim naxçıvanlıların dünyagörüşünü, bədii-estetik təfəkkürünü əks etdirən bu rəsmlərdə onların təsərrüfat həyatı və məişəti (ov, mərasim, rəqs səhnələri, süjetli daş oymalar, keçi, öküz, maral, quş və s. heyvan təsvirləri, müxtəlif piktoqrafık işarələr) əbədiləşmişdir. Ərazidən tapılmış maddi mədəniyyət nümunələri, xüsusilə Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları (VI-VII əsrlər), Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədimdən mövcud olduğunu göstərir.
İslam dini rəsmə mənfi münasibət bəslədiyi üçün Orta əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Naxçıvanda da bu günkü mənada professional rəssamlıq formalaşmamış, onun yerinə xəttatlıq, nəqqaşlıq və kitabşünaslıq xeyli inkişaf etmişdir. Nəşəvi Həddad ibn Asim (XI əsr), İzzəddin Əbülfəzl Dövlətşah əs-Sahibi (XII əsr), Ətiq Ordubadi, Mirzə Məhəmməd Ordubadi (XVI-XVII əsrlər) Görkəmli şair Usta Zeynal Nəqqaş (XIX əsr) və.b. dövrlərinin mahir sənətkarları olmuşlar.
Naxçıvanda professional rəssamlığın təşəkkülü Bəhruz Kəngərlinin (1892-1922) adı ilə bağlıdır. Realist Azərbaycan rəssamlığının banisi B.Kəngərlinin əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapmışdır. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı nəticəsində doğma yurdundan didərgin düşmüş azərbaycanlıların portretlər silsiləsi ("Qaçqın qadın" 1921; R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi və s.) təkcə rəssamın yaradıcılığında deyil, həm də Azərbaycan boyakarlığında əhəmiyyətli yer tutur.
Son 80 ildə incəsənətin başqa sahələri ilə yanaşı, təsviri sənət də uğurla inkişaf etmişdir. Məşhur Azərbaycan və türk boyakarı İbrahim Səfi, xalq rəssamları Hüseyn Əliyev və Elmira Şahtaxtinskaya, əməkdar incəsənət xadimi Əyyub Hüseynov, əməkdar rəssam Cəmil Müfidzadə bu torpağın yetirmələridir. Əməkdar incəsənət xadimləri Şamil Qazıyev, Əyyub Fətəliyev əsasən teatr rəssamı kimi tanınmışdır. Ş. Qazıyevin "Çoban" portreti Tretyakov qalereyasında (Moskva) saxlanılır (1931). Son illər Naxçıvanda yaşayıb-yaradan rəssamların fəaliyyətlərində yenidən canlanma müşahidə olunmaqdadır. Muxtar Respublikada Rəssamlar Birliyi fəaliyyət göstərir. Naxçıvan Dövlət Rəsm qalereyasında və Rəssamlar Birliyinin sərgi salonunda görkəmli rəssamların əsərləri mühafizə olunur, təbliğ və nümayiş etdirilir.