İqtisadiyyatın inkişafı fonunda yeni müəssisələrin yaradılması, uzun müddət işsiz dayanmış müəssisəlrin fəaliyyətlərinin bərpa olunması, mövcud müəssisə və təşkilatların yenidən qurulması, istehsal sahələrinin genişləndirilməsi yeni iş yerlərinin açılmasında əsas amillərdən olmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi muxtar respublikada yeni iş yerlərinin açılması proseslərini daha da sürətləndirmişdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, Naxçıvan Muxtar Respublikasında əmək ehtiyatlarından daha effektiv istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə "Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir
Hazırda əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublika ərazisində fəaliyyət göstərən məşğulluq mərkəzlərinin və keçirilən əmək yarmarkalarının da rolu böyükdür. Eyni zamanda muxtar respublikada işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində fəaliyyəti tənzimləmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi yaradılmışdır.
Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
2021-ci ildə muxtar respublikada 427 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, qazanxana maşinisti, dərzi, bərbər-manikürçü, elektrik montyoru, aşpaz və xalçaçı peşələri üzrə, ümumilikdə, 264, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Çəzaçəkmə Müəssisəsində isə 24 məhkum daş üzərində oyma və heykəltəraş peşə kurslarına cəlb edilmişdir.
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru, dəmiryolu nəqliyyatında elektrik montyoru, kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru və dayə peşələri üzrə ixtisasartırma kurslarına, ümumilikdə, 131 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 3873 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Şəhriyar, Çərçiboğan və Dərvişlər, Babək rayonunun Araz və Göynük, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Vələver və Dırnıs kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Əbrəqunus kəndində xidmət sahəsinin tikintisi başa çatdırılmışdır.