Teatr

Naxçıvanda teatr sənəti, hələ qədim dövrlərdən meydan teatrı və şəbeh tamaşaları formalarında mövcud olmuşdur. 1882-ci ildə tanınmış ziyalı Eynəli Sultanovun təşəbbüsü ilə Naxçıvanda əsas üzvləri müəllimlərdən ibarət olan "Müsəlman şiə dram incəsənəti cəmiyyəti" və "Ziyalı məclisi" təşkil olunmuşdur. E. Sultanov 1884-cü ildə iki pərdəli "Tatarka" ("Azərbaycan qızı") pyesini yazmışdır. Cəmiyyət və məclis üzvlərinin təşəbbüsü ilə 1886-cı il avqustun 12-də mütərəqqi ziyalılardan Hacı Nəcəf Zeynalovun "Zaviyə" məhəlləsindəki evində M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının oynanılmasıyla Naxçıvan teatrının təməli qoyulmuşdur. Bunun ardınca M.F.Axundovun "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara", "Xırs quldurbasan" komediyaları, sonrakı illərdə isə N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli", "Müsibəti-Fəxrəddin", "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qənbər"), Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu", N.Nərimanovun "Nadir şah", C. Məmmədquluzadənin "Ölülər" əsərləri və s. pyeslər səhnə təcəssümü tapmışdır. Naxçıvan teatrının təşəkkülündə E.Sultanovla yanaşı, C.Məmmədquluzadə, M.T. Sidqi, Q.Şərifov, Ə. Sultanov, M.S.Qulubəyov, Ə.Xəlilov, S.Xəlilov, M.C.Şürbi, C.P.Sultanov, M.Ə.Süleymanov, N.Şeyxov, M.Qazıyev və başqalarının, sonralar isə B.Naxçıvanlının, R.Təhmasibin, Ə.Qəmküsarın, R.İsfəndiyarlının və b. mühüm xidmətləri olmuşdur. Azərbaycan teatrının böyük ustadları H.Ərəblinskinin, M. Əliyevin, S.Ruhullanın və b. tez-tez Naxçıvana gələrək, yerli aktyor və rejissorlarla birlikdə tamaşalar göstərməsi, dəyərli məslələhətlər verməsi Naxçıvan teatrının peşəkarlıq səviyyəsinin artmasına və püxtələşməsinə güclü təsir göstərmişdir. Ümumiyyətlə, XIX əsrin 80-90-cı illərində və XX əsrin əvvəllərində Naxçıvan teatrı Azərbaycan milli teatrının inkişafında əhəmiyyətli rol oynamışdır.
XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Naxçıvan aktyorları vahid truppada birləşmiş, 1922-ci ildə Dövlət Dram Teatrı yaradılmışdır. H.Cavidin ("Şeyx Sənan") və C.Cabbarlının ("Aydın") pyeslərinin tamaşaya qoyulması Naxçıvan teatrına yeni ab-hava gətirmişdir. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. 30-cu illərdə teatrda C. Cabbarlının "Almaz", "Yaşar", M.İbrahimovun "Həyat", S.Rəhmanın "Toy", S. Vurğunun "Vaqif" pyesləri və s. əsərlər uğurla tamaşaya qoyulmuşdur. Bu dövrdə Naxçıvan teatrının səhnəsinə bir sıra istedadlı aktyor və rejissorlar (İ.Musayev, S. Mövləvi, M.Mirişli, İ.Həmzəyev, Ə.Haqverdiyev, X.Qazıyeva, F.Əlixanova və b.) gəldi. Teatr öz repertuarında Azərbaycan dramaturgiyası ilə yanaşı, dünya klassiklərinin əsərlərinə də müntəzəm surətdə müraciət edirdi.
İkinci Dünya müharibəsi zamanı SSRİ-nin müdafiəsi (1941-1945) illərində qəhrəmanlıq və vətənpərvərlik ruhunda yazılmış pyeslər oynanılmışdır. Sonrakı dövrlərdə Azərbaycan dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı Sofokl, U.Şekspir, F.Şiller, K.Holdoni, Lope de Veqa, N.V.Qoqol, A.N. Ostrovski, A.P.Çexov, M.Qorki, N.Hikmət və b. dünya klassiklərinin əsərləri də uğurla tamaşaya qoyulmuşdur.
Müxtəlif illərdə teatrın səhnəsində dram əsərləri ilə yanaşı, musiqili teatr əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Ər və arvad", Z. Hacıbəyovun "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", S.Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F.Əmirovun "Gözün aydın", S. Ələsgərovun "Ulduz", "Özümüz bilərik" və s. opera və musiqili komediyaları uğurla səhnələnmişdir. Teatrın repertuarında yerli müəlliflərin (H.İbrahimov, M.Tarıverdiyev, H. Razi, H.Elsevər, Ə.Yusifli, Kəmalə, H.Arzulu və b.) əsərləri də əhəmiyyətli yer tutur.
Keçən onilliklər ərzində Naxçıvan teatrında istedadlı aktyor (M.Quliyev, Z. Həmzəyeva, S.Hüseynova, Ə.Qardaşbəyov, A.Şahsuvarov, R.Cəfərxanova, H. Ağayev, Y.Haqverdiyev, K.Hüseynov, P.Məmmədova, T.Məmmədova, İ. Bənənyarlı, T.Mövləvi, M.Səfərov, İ.Məmmədov, N.Həmzəyev və b.) və rejissorların (B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev, K.Quliyev və b.) bir neçə nəsli yetişmişdir.
2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə uşaqların milli mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, dünyagörüşünü formalaşdırmaq məqsədilə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılmışdır.
Naxçıvan Dövlət Uşaq Filarmoniyası 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Bu mədəniyyət müəssisəsində Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Mahnı və Rəqs Ansamblı, xor kollektivi fəaliyyət göstərir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci il fevralın 3-də istifadəyə verilmişdir.
Hazırda Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2008-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları fəaliyyət göstərir.