İnformasiya və telekommunikasiya texnologiyaları

Naxçıvan Muxtar Respublikasında informasiya və telekommunikasiya infrastrukturunun inkişafı məqsədilə informasiya və telekommunikasiya şəbəkələrinin texniki imkanlarının müntəzəm əsasda artırılması, rabitə sisteminin informasiya xidməti istehsalında geniş istifadəsinin təmin olunması, informasiyanın ötürülməsi surətinin artırılması, informasiya və telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi iş aparılmaqdadır.
2006-cı ildə Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası 155 meqabit saniyəlik rabitə kanalının istifadəyə verilməsi böyük tutumlu danışıq, video informasiya, sürətli internet və s. məlumat mübadiləsini həyata keçirməyə imkan vermiş, Naxçıvan Dövlət Universitetində muxtar respublika tarixində ilk dəfə olaraq 7 xarici və ölkədaxili universitetlər arasında videokonfrans əlaqəsi yaradılmışdır.
2007-ci ildə muxtar respublikada "Naxtel" simsiz rabitə şəbəkəsi istifadəyə verilmiş, bu şəbəkənin əhatə dairəsində simsiz internet xidməti təşkil olunmuşdur.
Görülən işlərin davamı olaraq Naxçıvan-Türkiyə yeraltı fiber-optik kabel xəttinin çəkilişinin başa çatdırılması böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə öz töhfəsini vermişdir.
2021-ci ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 10 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 10 avtomat telefon stansiyası quraşdırılmışdır. Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasının tikintisi başa çatdırılmış, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilmişdir. 2021-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ildəki müvafiq göstəricini 6,9 faiz üstələyərək 59 milyon 331 min 200 manat olmuşdur. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə mühüm şərait yaratmışdır. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 87 faizi optik şəbəkəyə birləşdirilmişdir. Muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər davam etdirilmişdir.