Sahibkarlıq

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bazar münasibətləri istiqamətində inkişafı insanların işə olan münasibətini dəyişmiş, onların sahibkarlıqla bağlı maraqlarını daha da gücləndirmişdir. Artıq muxtar respublikada iqtisadiyyatın formalaşmasında özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlıq mühüm rol oynayır.
İqtisadiyyat sahəsində aparılan islahatlar muxtar respublikada bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.
Sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. İdarəetmənin və iqtisadiyyatın bütün sahələrində mühüm əhəmiyyətə malik qanunlar, proqramlar və fərmanlar qəbul edilmişdir. Sahibkarlıq infrastrukturunun zəruri mexanizmləri yaradılmışdır. Sahibkarlara maliyyə, informasiya və məsləhət xidmətləri göstərən strukturlar formalaşmışdır. Sahibkarlığın inkişafı üçün zəruri baza formalaşdıran özəlləşdirmə prosesinin birinci mərhələsi başa çatmış, özəlləşdirmə sahəsində II Dövlət Proqramı qəbul edilmişdir. Bunun nəticəsində artıq iri və orta müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi növbəti həlledici mərhələyə daxil olmuşdur. Bu mərhələnin həyata keçirilməsində başlıca vəzifə səmərəli sahibkarlıq bölməsinin yaradılmasından ibarətdir.
Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunmasına, dövlət orqanları ilə sahibkarlıq strukturları arasında şəffaf əlaqə mexanizminin qurulmasına, sahibkarlıq mühitinin sağlamlaşdırılmasına istiqamətləndirilmiş bir sıra fərman və sərəncamlar imzalanmışdır.

Naxçıvan Muxtar Respublikasında Sahibkarların mənafeyinin qorunması, onların fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində sahibkarların ictimai birliyi, Naxçıvan Muxtar Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və 2005-ci ildə Sahibkarlıq işçiləri Həmkarlar İttifaqı Komitəsinin muxtar respublika təşkilatı yaradılmışdır. Son illər vergi sisteminin sahibkarlığın inkişafı tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.

2013-cü ildə  muxtar respublikada Biznes Mərkəzi yaradılmışdır.
2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilmişdir. Verilmiş kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 52 hüquqi və 2389 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2021-ci ildə muxtar respublikada 427 yeni iş yeri yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 3873 nəfər müxtəlif peşələrə yiyələnmişdir.