Energetika

1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasına gələn təbii qaz və elektrik enerjisi xətlərinin kəsilməsi enerji təchizatında çox ciddi problemlər yaratmışdı. Lakin o vaxtlar muxtar respublikada Ali Məclisin Sədri olan ümummilli lider Heydər Əliyevin gərgin əməyi, qonşu Türkiyə Respublikası və Iran Islam Respublikası ilə aparılan danışıqlar nəticəsində muxtar respublikaya elektrik enerjisinin idxal olunması üçün müvafiq tədbirlər həyata keçirilmiş və problem qismən aradan qaldırılmışdır.
2004-cü ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanmış müqaviləyə əsasən 2005-ci ilin sonlarından etibarən İran ərazisindən mübadilə olunmaqla muxtar respublikaya təbii qazın verilməsi təmin olunmuşdur. Hazırda Naxçıvanın bütün ərazisi qazlaşdırılmışdır.
Təbii qazın nəqli elektrik enerjisinə olan tələbatı azaltmaqla yanaşı, bu tələbatın daxili istehsal hesabına ödənilməsi istiqamətində də geniş imkanlar yaratmışdır. Elektrik enerjisinə olan tələbat 22 meqavat gücündə olan Araz Su Elektrik Stansiyası, 87 meqavat güclü Naxçıvan Modul Elektrik  Stansiyası, 60 meqavat güclü Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası  və Heydər Əliyev Su Anbarı üzərində istifadəyə verilən 4,5 meqavat güclü su elektrik stansiyası vasitəsilə fasiləsiz olaraq ödənilir.
Kəngərli rayonunda 35 meqavolt-amper gücündə 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma, Babək rayonunda 1260 kilovolt-amper gücündə 35/10 kilovoltluq “Nehrəm” yarımstansiyasında yenidənqurma və 90 meqavolt-amper gücündə “Araz” yarımstansiyasında avadanlıqların yenilənməsi işləri başa çatdırılmışdır. 2021-ci ildə muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının və Şərur rayonunda Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şahbuz rayonunda 3 kəndin elektrik təsərrüfatı yenidən qurulmuş, Şərur rayonunun Maxta və Muğanlı kəndlərində 35/10 kilovoltluq transformator yarımstansiyalarının, Şərur şəhərində yüksək gərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılmışdır. Muxtar respublikada 87,9 kilometr uzunluğunda 35,10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, ümumilikdə 25 transformator yarımstansiyası quraşdırılmışdır.
Görülmüş tədbirlər nəticəsində muxtar respublika elektrik enerjisi idxalçısından enerji ixracatçısına çevrilmişdir.