Sənətkarlıq

Qədim xalq sənəti sahələri olan dulusçuluq, metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və s. Eneolit və İlk Tunc dövrlərindən məlumdur. Naxçıvanda əkinçiliyin, maldarlığın intensiv inkişafı sənətkarlığın təkamülünə imkan yaratmışdır.
Mədəni tələbatın artması bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissələrinin gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir. Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri və zəngin sənətkarlıq nümunələri, bəzək və məişət əşyaları aşkara çıxarılmışdır. Araz çayının sol sahilində yaşamış qədim tayfaların sosial həyat tərzi, dini-ideoloji dünyagörüşləri, inamları və adət-ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.
Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qablar (bu dövrdə Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı qablar mədəniyyəti təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək əşyaları, müxtəlif minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və daşdan zərif sənətkarlıq əsərləri, gil və daş heykəlciklər buna parlaq subutdur. Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneoloit və Tunc dövrlərinə aid gil qablar dulus çarxında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə aid II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan, quş və heyvan təsvirləri ilə bəzədilmiş boyalı qab-qacaq (küp, küpə, kasa, badya, çölmək, vaza, çıraq və s.) məlumdur. Yüksək keyfıyyəti, rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının bəzədilməsi, şüyrələnməsi, şirlənməsi və s. xalq sənətinin mühüm sahələridir.
Naxçıvan dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biridir. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis-mərgmüş, nikel-mərgmüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən Tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası və s. tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək aləti və bəzək hazırlamaq məharətinə malik olduqlarnı göstərir. Toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına, həmçinin çox zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdır. Bu sənətkarlıq məhsulları xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc dolçası (1190) Luvr (Fransa) muzeyində saxlanılır.
Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq olunmuşdur. Ordubad ipək parça istehsal edən əsas mərkəzlərdən biri idi. Azərbaycan ipəyi İraq, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkəsinə ixrac olunurdu. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti geniş yayılmışdı. Orta əsrlərdə xalçaçılıq sənəti də inkişaf etmiş, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutmuşdur. Xalçaçılıq ənənələri bu gün də davam etdirilir.
Naxçıvanın  zəngin təbiəti ta qədimdən bu torpaqlarda qoyunçuluq təsərrüfatı ilə məşğul olmağa şərait yaratmışdır. Yerli əhalinin həyatında əhəmiyyətli rol oynayan qoyun gözəl yunu ilə el sənətinin ən zəngin növlərindən olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynamışdır.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da xalçalar öz bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür: ornamental və süjetli xalçalar. Ornamental xalçalar çoxluq təşkil edir.
Dağlıq rayonlarda zili və şəddə toxunuşlu at, dəvə çulu, məfrəş, xurcun, heybə, duzqabı, qaşıqdan kimi məişət əşyaları çox istifadə olunmuşdur.
Naxçıvanda kilimlər məişətdə çox geniş istifadə olunmuşdur. Naxçıvan kilimləri istər rənginə, istərsə də bədii xüsusiyyətinə görə Qarabağ kilimlərinə çox oxşasa da, bəzi özünəməxsusluqları ilə fərqlənirlər.
Mürəkkəb dolama texnikası ilə toxunan Naxçıvan zililəri şəddə və vərniyə nisbətən daha çox təkmilləşmişdir.
Keçəçilik Şahbuz və Şərurun kəndlərində tarixən inkişaf etmiş sənət sahələrindən biri olmuşdur.
Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıqların və dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsində, bəzədilməsində, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, qapılıq, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük keçəsi hazırlanmasında və digər məişət ehtiyacları üçün geniş istifadə edilmişdir.
Naxçıvanda xovlu xalçalara nisbətən xovsuz xalçalar daha çox toxunmuşdur. Xovsuz xalçalar xalça sənətinin ilk inkişaf dövrünü təşkil edir. Bu xalçaların kompozisiyası müxtəlif formalı naxış elementlərindən qurulmuşdur. Bu xalçalarda təsvir edilən bəzək elementlərinə arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid saxsı qabların, daş və metal alətlərin, müxtəlif bəzək əşyalarının üzərində də təsadüf edilir.
Naxçıvan xalçalarının bədii tərtibatında geniş yayılmış çərxi-fələk (dörd ünsür) təsvirinə e.ə. II-I minilliklərə aid maddi-mədəniyyət abidələri üzərində də təsadüf edilir. Çərxi-fələk adətən iri ölçülü medalyonların mərkəzində təsvir olunur. “Çələbi” kompozisiyalı Naxçıvan xalçalarında da bu elementə rast gəlinir. Naxçıvan xalçaları rəng baxımından digər bölgələrin xalçalarından xeyli fərqlidir. Açıq və tünd rənglərin təzadı Naxçıvan xalçalarına xüsusi ahəngdarlıq bəxş edir.
Naxçıvanda hələ qədim zamanlardan boyaqxanalar fəaliyyət göstərmişdir. Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından; qırmızı və çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil); noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından; sürməyi və göy rənglər xaricdən gətirilən təbii indiqodan alınırdı. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədi ilə onların tərkibinə zəy, duz, mal sidiyi kimi bərkidici maddələr əlavə edirdilər.
Naxçıvanın orijinal naxış kompozisiyasına malik xalça və xalça məmulatları Azərbaycanda və dünyanın bir sıra digər ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Şəxsi kolleksiyalarda Naxçıvan şəhərindən 5, Babək rayonundan 5, Culfadan 5, Kəngərlidən 3, Ordubaddan 6, Sədərəkdən 4, Şahbuzdan 6, Şərurdan 10 xovlu və xovsuz xalça məmulatları saxlanılır. Apardığımız araşdırmalar nəticəsində MR-in 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar əldə edilmişdir. Buraya Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Sədərəkdən 8, Culfadan 37, Kəngərlidən 35, Ordubaddan 36 toxucu daxildir.
Bu gün Naxçıvanda, onun rayon və kəndlərində xalça sexləri fəaliyyət göstərir. Xalçaçılığın inkişafı məqsədi ilə tədris ocaqları yaradılıb. Yeni bina ilə təmin olunmuş Naxçıvan Dövlət Xalça muzeyi isə zəngin eksponatları ilə qonaqların ixtiyarına verilib. Burada Naxçıvan qrupuna aid çoxlu sayda əntiq xovlu və xovsuz xalça məmulatları saxlanılır.