Tarixi abidələr

Ümumi məlumat

Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir.  
Tarixi-mədəniyyət abidələrinə aşağıdakılar daxildir:  
- Arxeoloji abidələr  - 663 
- Memarlıq abidələri  - 285 
- Monumental sənət abidələri- 31 
- Tarixi abidələr - 36 
- Ziyarətgahlar   - 140 
- Təbiət abidələri - 7

Ağoğlan türbəsi

Ağoğlan türbəsi Sədərək rayonunun Sədərək kəndinin şimalında ziyarətgahdır. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağşəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqəddəs və şəfaverici hesab edilir.




Aza körpüsü

Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir. Körpü XVII əsrə aiddir.

Came məscidi

Came məscidi Naxçıvan şəhərində memarlıq abidəsidir. Memarlıq-konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hacı Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında" - deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 60-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı özünü "əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir. Deməli məscidin memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi dövriyyəyə daxil edilmişdir. Onlardan biri məscidin memarı Məhəmməd Təqi (həmçinin, o, kitabənin mətnini mərmər lövhə üzərində yazmışdır), ikincisi isə kitabəni həkk edən Məhəmməd Salehdir. Məscidin ümumi sahəsi təqribən 1000 m2-dir. Bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Sonralar minarə bərpa olunmuşdur. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olmuşdur. 2007-ci ildə məsciddə əsaslı bərpa işləri aparılmışdır.

Culfa (Gülüstan) karvansarası

Memarlıq abidəsi olan Culfa karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Culfa (Gülüstan) karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Culfa karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çaydaşıdan tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zal haqqında qəti fikir söyləmək çətindir. Lakin belə plan quruluşuna malik köhnə məscidlər də məlumdur.

Darkənd gümbəzi

Darkənd gümbəzi Ordubad rayonunun Darkənd kəndində yerləşir. Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Abidənin dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir. Bu mülahizəyə əsasən Darkənd türbəsinin XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.








Dırnıs məscidi

Dırnıs məscidi Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində tarix-memarlıq abidəsidir. Kənddə həcminə görə әn iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Таvan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920-1921) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür. Memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə aid edilir.








Əlincəçay xanəgahı

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Əlincəçay xanəgahı orta əsrlərə aid memarlıq kompleksidir. El arasında Şeyx Xorasan adlanan kompleksdən zəmanəmizədək türbə, məscid və bəzi tikililərin qalıqları gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilmişdir. Kitabənin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII əsrlərə aid etmək olar. Türbənin içərisində bir qəbir vardır. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyildir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də Xanəgah kompleksinə yerli əhali arasında verilən ad (Şeyx Xorasan) tədqiqatçılar tərəfindən F. Nəiminin ləqəblərindən olan Şeyx Xurasa (Günəşə oxşar, Nurani şeyx) və F. Nəiminin təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edilir. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri 901-ci (miladi 1495-1496) ildə Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, öldükdən sonra xanəgahın yanında dəfn olunurdular. Şeyx Hacı Lələ Məlik də xanəgaha rəhbərlik edərək orada yaşamış, vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn olunmuş və qəbrin üstündə Xond Bikə xatın (ehtimal ki, şeyxin arvadı olmuşdur) türbə-məscid inşa etdirmişdir. Xond Bikə xatın vəfat etdikdən sonra özü də xanəgahın ətrafında dəfn edilmişdir. Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalmaqdadır. Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından 1444-1445-ci, 1491-1492-ci, 1493-cü illərə aid məzar kitabələri aşkar olunmuşdur. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik dəlillərə əsasən aydın olur ki, xanəgah XVIII əsrdə də fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını yaymışlar.

Əshabi-Kəhf

Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində "mağara sahibləri" deməkdir. Qurani-Kərimdə "əl-Kəhf" surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Uzun illər bir sıra ədəbiyyatda mövcud olmuş yanlış fikrə görə hadisə xristianlıqla əlaqələndirilmiş, Qurani-Kərimdə adı çəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilmişdir. Həmin ədəbiyyatlarda Naxçıvanda olan Əshabi-Kəhf mağarasından və rəvayətdən bəhs olunmamışdır. Lakin son dövrdə aparılmış araşdırmalar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf mağarası Naxçıvan ərazisindədir və bunun xristianlıqla heç bir əlaqəsi yoxdur. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İri həcmli mərmər lövhədən (145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən "əl-Kəhf" surəsindən 9-12, 17-18-ci ayələri həkk edilmişdir. Lövhənin kənarlarında, sağ tərəfdə yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvarı haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: "Qar, yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli-adı çəkilən ölkənin keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın xələfi-qərar verərək buyurdular ki, həmin lövhənin üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında (22.03-20.04-1776) lövhəni yazıb qurtarmışdır". Göründüyü kimi əvvəllər bu kitabənin yerində Qurani-Kərimin qeyd olunan ayələri həkk olunmuş ayrı bir kitabə olmuş, ancaq zaman keçdikcə təbii amillərin təsirindən aşındığı üçün həmin vaxt Naxçıvan ölkəsinin hakimi olan Şükrulla xan Kəngərlinin əmri ilə mətn ayrı bir mərmər lövhəyə yazılıb onun yerinə qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulmuşdur. Kitabədə deyilir: "Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür". Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılmışdır. Bərpa və abadlıq işləri zamanı Əshabi-Kəhfdə zəvvarlar üçün yaxşı şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış, məscid tikilmişdir. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

Fərhad Evi

Fərhad evi Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki düzəldilmişdir; birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 m, eni 1,30 m-dir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Qayanın şimali-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 m hündürlükdə uzunluğu 5 m, eni 80 sm, dərinliyi 30 sm olan səki qazılmışdır; səki boyunca 3 sətirlik qədim yazı həkk olunmuşdur Məzmunu oxunmaz vəziyyətə salınmış yazı çox güman ki, mixi yazısıdır. Yaxınlıqdakı kurqan tipli abidə üzərindəki vişap oğurlanmışdır. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e. ə. I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılmışdır.

Gəmiqaya

Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayırıcında zirvə olan Gəmiqayanın hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 m)xalq arasında Gəmiqaya adı verilmişdir. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə. 4-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar) vardır.

Gilan türbəsi

Gilan türbəsi Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsidir. 1979-cu ildə Xaraba Gilan şəhəri yerində aşkar edilmişdir. Şərti olaraq "Gilan türbəsi" adlandırılan bu abidə iri təpənin yamacında yerləşir. Türbənin üst qülləsi dağılmış, sərdabəsi isə yaxşı qalmışdır. Sərdabənin planı daxildə səkkizbucaqlı, xaricdə isə düzbucaqlıdır. İçərisində sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi Azərbaycan və qonşu ölkələrin orta əsr memarlığında geniş yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir. Gilan sərdabəsində örtüyün ortası iç məkanın mərkəzində ucalan göbələkvarı -yuxarıya doğru genişlənən sütuna dayanır. Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədən-Marağadakı Qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186) türbələrinin sərdabələrindən bəllidir. Gilan türbəsi Marağa-Naxçıvan memarlıq məkanında olmasına baxmayaraq, memarlıq quruluşu, konstruksiya baxımından Şərqi Anadolunun (Türkiyə), Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin (XII əsrin əvvəlləri) alt qatı ilə, demək olar ki, eynidir. Hər iki sərdabənin həcmi və hündürlüyü də bir-birinə çox yaxındır. Kemahdakı türbənin də Marağa-Naxçıvan memarlıq məktəbi nümayəndəsi tərəfindən tikilməsi ehtimalı güclüdür. Çünki həmin illərdə Menqucuqların əsas tikililərini iki azərbaycanlı memar yerinə yetirirdi. Onlardan birinin - memar Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavus türbəsi görünüşcə Gilan və Kemah türbələrinə bənzərdir. Gilan sərdabəsi ətraf qayalardan qopardılmış lay daş parçalarından tikilmişdir. İçərisinə nisbətən bayır üzlərində daşlar daha diqqətlə yonulmuş, hörgü işi səliqəli aparılmışdır. İnteryerdə tavan və döşəmə büsbütün, eləcə də divarların və mərkəzi dayağın hörgü daşlarının arası ağ məhlulla suvanmışdır. Tünd boz daşlar təbii biçimləri və codluğu ilə ağ yerlikdə orijinal dekorativ düzüm əmələ gətirir. Bütövlükdə, sərdabə interyerinin ifadəliliyi biçimlərin təmiz həcm quruluşuna əsaslanır, estetik tələblərə uğurla cavab verməklə fəzalı plastik arxitektonikası ilə gözəl təsir bağışlayır. Bayırda sərdabə qatının üstündə kubvarı tutumlu gövdə ucaldılmışdır. Uçub dağılmış və indiyədək kiçicik fraqmentləri qalmış üst qüllə tamamilə kərpicdən tikilmiş, üzləri kərpicdən hörülmüş, mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Gövdənin künclərini silindrik kərpic sütunlar qapayırmış. Sütunlardan birinin alt bölümü qalmışdır. Bəzək işlərində göy rəngli kaşı lövhələr də işlədilmişdir. Gilan türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son rübündə inşa edildiyi ehtimal olunur.

Gülüstan türbəsi

Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir.Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Planda kvadrat (6,6 x 6,6m) olan kəsik piramida xaricdən yuxarıda düzgün onikibucaqlıya çevrilir, onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin üst çadır örtüyü tamamilə dağılmışdır. Odur ki, bu çadır örtüyünün piramidaya oxşar və ya konik biçimdə olmasını müəyyənləşdirmək çətindir.
Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi burada da taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür. Oniki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisindən ibarətdir.
Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir. Gülüstan türbəsinin fəza quruluşu çevrədən kvadrat əsasa, kubik tutumdan konik əsasa və beləliklə, mütənasiblik sistemlərinin bir-birinə keçməyin bədii texniki həllinin parlaq nümunəsidir. Belə türbələrin geniş yayıldığı ərazi Anadolu olduğuna görə Gülüstan türbəsini mərkəzi Azərbaycan və Anadolu Səlcuq türbələrinin soy birliyinin baş göstəricisi hesab etmək olar. Memarlıq formalarının arasında mütənasiblik, biçim və naxışlarının incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən üstünlüyü ilə seçilir.

Hacı Huseynqulu məscidi

Hacı Hüseynqulu məscidi Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsidir. Kəndin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, 20-ci əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib. Məscidin əsas, qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı vardır. Məscid təmir olunarkən divarlarında gəc üzərində rənglə dini xarakterli kəlamlar yazılmışdır. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Minarənin üstündə belə bir kitabə qoyulub: "Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilmişdir. Memarları Kərbəlayi Səyid, Kərbəlayi Qurban". Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş, onu qəbiristanlıq üçün bağışlamışdır. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu 15-ci əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirmişdir.

Xan Sarayı

Xan Sarayı Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib. Xan Sarayının ümumi sahəsi 382 m2, divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestibüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestibüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır. Taxtlı güşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir. Sonralar aparılan çoxsaylı təmir və bərpa işləri zamanı rəsmlər pozulmuş və ya üzəriləri suvaqla örtülmüşdür. Zalın əzəmətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada, demək olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili və xovsuz: sumax, vərni, kilim, palaz, şəddə, cecim və s.) və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı" və s. xalçalarla yanaşı, süjetli xalçalar [Azərbərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s.] da əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları -misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir

Xanəgah türbəsi

Xanəgah türbəsi Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən memarlıq abidəsidir. Orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq kompleksinin tərkibinə daxildir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir Seyyid Əhməd əl-Oğul-Şaminin oğlu, sahib əl-əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının memarlıq elementləri Möminə xatın türbəsinin elementlərinə oxşayır. Türbə sərdabə planında düzbucaqlı formada olub, daş və kərpicdən tikilmişdir. Bərkidici maddə kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilmişdir.





İmamzadə kompleksi

İmamzadə kompleksi Naxçıvan şəhərinin cənub-şərq hissəsində memarlıq abidəsidir. XVI-XVIII əsrlərdə formalaşmışdır. 3 binadan ibarətdir. Kompleksin özəyini planda kvadrat şəkilli, xarici görünüşünü isə kubik formalı qülləvarı türbələrdən gələn dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbirin üstü sənduqə formasında düzəldilmiş, sementlə suvanmış, üstünə qara örtük salınmışdır. Qəbirin üzərində epitafiya- məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Türbənin şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olmuşdur. Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan "Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında" sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-1732-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa etdirilmişdir. Türbənin yaxınlığında Naxçıvan şəhərinin antik və orta əsrlərdə mövcud olmuş ikinci qala divarının qalığı aşkar edilmiş, sənətkarlıq nümunələri tapılmışdır. Türbəyə bitişən, nisbətən böyük həcmə malik və qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. Kompleksdən azca aralı şimal tərəfdə başqa bir türbə vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunmuş, üstü günbəzlə örtülmüşdür. Kompleksə daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalmışdır. Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmamışdır. İmamzadə kompleksinə daxil olan binalar bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansamblı yaratmışdır. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş XVI əsrə aid məzar kitabələri tədqiq edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvari sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri - xanəgah kimi istifadə etmişlər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik məscid, təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməmişdir. Memarlıq kompleksi 2004-cü ildə əsaslı şəkildə təmir olunaraq yenidən bərpa edilmişdir.

"İsmayılxan" hamamı

Naxçıvan şəhərində, Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında tarixi-memarlıq abidəsidir. XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa edilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m2-dir. Hamam planda düzbucaqlı formadadır. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə inşa edilmişdir. Hamama giriş çatmatağlı portaldandır. Portalın eksteryeri kaşılarla bəzədilmişdir. Hamamın daxilinə geniş vestübüldən, soyunma zalına isə dar keçiddən daxil olmaq mümkündür. Soyunma zalı səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 6 ədəd dərin taxça yerləşdirilmişdir. Yuyunma zalının iki keçidi var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində 2x2 m ölçüdə çarhovuz inşa edilmişdir. 108 m2 sahəsi olan zalın tavanı sferik günbəzlə örtülmüşdür. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və kümbəzin üstündəki bacalarla işıqlandırılır.
Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsində əsas rol oynamışdır. Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilmişdir. Hamam Naxçıvan xanlarından biri olan İsmayıl xanın adı ilə bağlıdır. Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Köhnəqala

Köhnəqala Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzülərin Tunc dövründə (е.ə.3-2-ci minilliklər) Duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgirdin (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 7400 m2-dir. Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19х19х5 sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziq-zaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 m.-dən 9 m.-dək dəyişən konusvari bürclərlə tamamlanmışdır. Böyükqalanın salamat qalmış divarlarının eni 1 т., hündürlüyü isə bəzi yerlərdə 5 m.-ə çatır. Ауrıса onu da qeyd edək ki, qalanın qərb küncündə Nuhun türbəsi və digər tikintilərin qalıqları qalmaqdadır. Qalanın kvadrat formada (150x150 m)olan Narınqala hissəsində hazırda binaların izləri qalmaqdadır. Narınqalanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m.-dən 4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur. Narınqalanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən salamat halda zamanımızadək gəlib çatmışdır. Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun - "tələ"nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.

Qarabağlar türbəsi  

Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Qarabağlar türbəsi Kəngərli rayonunun Qarabağlar kəndindədir. Türbə memarlıq kompleksinə daxildir. Memarlıq kompleksinə daxil olan türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu – XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir.
1928-ci ildə "Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin elmi katibi M. Mirheydərzadə qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin yazıldığını müəyyən etmişdir: "Allahın bu nişanəsi türkman Quti xatındır". Sərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qülləvarı türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı Qarabağlar türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Kitabələrin mətni şaquli qoyulmuş firuzeyi kaşılı kərpiclərdən və üfüqi düzülmüş kaşısız qırmızı kərpiclərdən tərtib olunmuş və kərpic vasitəsilə düzəldilən dəfələrlə təkrarlanan rombların içərisində yazılan "lə iləhə illəllah Məhəmmədən Rəsulallah" (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur!) kəlamlarından ibarətdir. Bu isə müəyyən qədər 1322-ci il Bərdə türbəsinin ornamentli kitabəsini xatırladır. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx xətti ilə işlənmişdir. Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır. Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı şimal tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyildir. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal edilir.

Qazançı körpüsü

Qazançı Körpüsü Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsidir. Körpü xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin әn yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır. Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.




Qeysəriyyə

Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid tarixi memarlıq abidəsidir. Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 m2-dir. Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1,45x2,2 m-dir. Dayaq taxçalarından fərqli olaraq kənar divar taxçaları çatmatağ konstruksiyalı olub, ölçüsü 3,4x1,37x3 m-dir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş, divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir. Qeysəriyyə sözunun mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərində. Hazırda ən görkəmlisi və abadı Ordubaddakıdır. Sonrakı dövrlərdə bu abidədən "Zorxana" kimi istifadə edilmişdir. Belə ki, zalının döşəməsi nisbətən binanın döşəməsindən aşağı olduğu üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını buraya doldurub üstünə narın torpaq tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisinin üzvləri (yaradıcısı fars və ərəb dillərini gözəl bilən, həcv və satirik şeirlər yazan, lakin, təəssüf ki, əsərləri bizim dövrümüzə gəlib çatmayan Ordubadlı Kərbalayı Molla Əhməd adlı bir nəfər olmuşdur) Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas Dəhri, Usta Zeynal Nəqqaş, Hacı Əhməd Bikəs və başqaları bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimin güclü yazdığını bəyan edərmişlər. Qeysəriyyə binası çar Rusiyasının hakimiyyəti dövründə üçtürləngəli feldşer Qasımın və pinəçi İbrahimin babaları və dayıları tərəfindən qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilmişdir. Sovet hakimiyyəti dövründə binanın bir tərəfi mağaza və anbar, digər tərəfi isə aşxana kimi istifadə edilmişdir. XX əsrin axırlarında, 1978-ci ildə ordubadlı memar Zakir Haşım oğlu Babayev tərəfindən abidə yenidən bərpa edilmişdir. Qeysəriyyə binası 1981-ci ildən Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.

Miranşah piri

Miranşah piri Babək rayonunun Qaraqala kəndindən şərqdə, hündür təpənin ətəyində yerləşir. Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar yarımdairəvi tağlarla tamamlanmışdır. Azərbaycan xalqının qədim inancları və mifoloji görüşləri Miranşah pirini е.ә. III-II minilliklərə aid etməyə imkan verir.

Möminə Xatun türbəsi

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir Memarı Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizarvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".
Ümumi hündürlüyü 34 molmuş, sonralar 8 m hündürlüyündə xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınmışdır.Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən tikilmiş Möminə Xatun Türbəsinin bucaqları çıxıntı şəklində, səthləri isə batıq formada həll edilmişdir. Türbənin bucaqlarındakı çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 m-ə çatır. Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baş tağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək vurulmuşdur. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur incəsənət tarixçisi, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.V. Alpatov türbə haqqında yazır: "XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaratdığı Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Möminə xatın türbəsi Şərqin ən gözəl klassik əsərləri-Firdovsinin "Şahnamə"si və Nizaminin "Leyli və Məcnun"u kimi əbədidir". Alpatovun fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl abidəyə rast gəlmək olmur. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.
19-cu əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə Xatun türbəsinin yanında monumental tikililər, o cümlədən, Came məscidi olmuşdur.

Naxçıvan Buzxanası

Naxçıvan buzxanası Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında memarlıq abidəsidir. Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Azərbaycan ərazisində buna oxşar buzxana Ordubad şəhərində vardır. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII-XIV əsrlər) tikildiyini göstərir.

Nehrəm İmamzadəsi

Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid memarlıq abidəsidir. Bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm imamzadəsi türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Türbənin daxilində, divarlarda, mehrabın cənub, baş və sağ tərəfində günbəzvarı çərçivələrdə dini xarakterli kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara məxsus olduğu göstərilir. Kitabələr içərisində diqqəti cəlb edən "Möcüzələr sahibi Əlini çağır!" duası Bəktaşi dərvişlərinə məxsusdur. Bu dua göstərir ki, Nehrəm İmamzadəsi bir müddət xanəgah vəzifəsini yerinə yetirmiş, burada Bəktaşi dərvişləri yaşayıb fəaliyyət göstərmişdir. Kompleks ətraflı tədqiq edilməmişdir

Nuh Türbəsi

Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrə aid memarlıq abidəsidir. K. A. Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində Həzrəti Nuh peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: "Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub 2,5 m. dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur". V. M. Sısoyev əsərində "Nuhun türbəsi" haqqında məlumat verərkən sərdabənin tərəfləri 2,5 m olan səkkizguşəli prizma şəklində olduğunu qeyd etmişdir. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir. Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr vardır. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlı qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapmışdır. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ. Şopen, Dyubua-de Monpere, K. A. Nikitin, V. M. Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər. XIX əsrin 80 illərində Naxçıvan şəhərində yaşayıb, pedoqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A. Nikitin (1832-1894) yerli əhalinin köməyi ilə Nuh peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya almış və onun buradakı məzarının yerini müəyyənləşdirmişdir. Nikitin 1882-ci ildə "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar" məcmuəsində çap olunmuş "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində bu barədə müfəssəl məlumatlar vermişdir: "...Bundan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hələ indi də onun buradakı məzarı və türbəsinin yerini göstərirlər. Hətta Nuhun Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti xalq arasında dolaşan rəvayətlərdə indi də saxlanılmaqdadır. Guya ki, o, burada ilk çalışanlardan olmuşdur. ...O, öz ailəsi ilə burada qərar tutmuş və gələcək şəhərin əsasını qoymuşdur. Naxçıvan şəhərinin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir... Rəvayətlərə görə insan nəsli buradan yayılmışdır." Nuhun gəmisinin qalıqlarının Gəmiqayada olması barədə ehtimallar və rəvayətlər indi də yaşamaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.

Ordubad Came məscidi

Orta əsrlərə aid memarlıq abidəsidir Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir.1604-cü ilə aid olan bu fərmanda deyilir: "...Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar edildiyindən və zatən şiə olduqları üçün Azərbaycan vilayəti düşmənlərin əlinə keçdiyi zaman onlara cürbəcür zülm və sitəm rəva görüldüyünə, bir çoxları öldürülüb və əsir alındıqlarına görə, bu camaatın ümumiyyətlə fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə - Tusiyyə silsiləsinin fədakarlığı müqabilində Şahın müzayiqəsiz mərhəmətinin bir qisməti onlara bəxş edildi. Qeyd olunan vilayət yüksək qalibiyyətli dövlətin hakimiyyətinə keçdiyi tarixdən adı çəkilən qəsəbənin malucəhat və vücuhatını, sənətkar mallarından, bağlardan, əkin yerlərindən, dəyirmanlardan alınan vergiləri, ixracat, itlataq, nüzul, əvariz, qonalqa mükəlləfiyyətlərini Allah yolunda sədəqə olaraq ləğv etdi və Allahın razılığını qazanmaq üçün maaf etdi və Azərbaycan boniçəsində onu müstəsna buyurdu ki, onu xəzinəyə veriləcək itlaqatından çıxsın..."
Məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1901-1902-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun əsasının hicri 111-ci (miladi 729-ci il) ildə qoyulduğu aydın olur. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.

Yusif Küseyir oğlu türbəsi

Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən bu abidə xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. 8 əsrdən çox yaşı olan türbə 20-ci əsrin ortalarında bərpa edilmişdir. Bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir. Divarlarının qalınlığı 80 sm, 20 x 20 x 4,5 sm bişmiş kərpiclə inşa edilmişdir. Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağ şəkilli sferik günbəzlə örtülmüşdür. Türbədə biz ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabə bildirir ki, "Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur". Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə "Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir" şəklində türbənin memarının adı qeyd olunmuşdur. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə Qurandan ayələr yazılmışdır. Türbənin yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri sadə hörgülü kərpicdən yaradılmışdır. Binanın qəfəsini təşkil edən bu qurğuların arasındakı sahələr (türbənin səthləri) həndəsi ornamentli tavalarla üzlənmiş, ayrı-ayrı səthlər müstəqil motivli naxışlarla işlənmişdir. Ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, gəc məhlulu ilə tava şəklində birləşdirilərək səthlərə bərkidilmişdir. Türbənin qərbə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş baştağı şəklində tərtib edilmişdir. Ornament bəzəkləri tikilinin memarlıq formaları ilə həmahəngdir. Sərdabə ilə yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Sərdabə günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün silindrik formada xüsusi hava-təmizləyici boşluq qoyulmuşdur. Sərdabəyə qərb tərəfdəki pilləkənlərlə enilir. Əsas fasaddakı giriş portalı çatma tağlı taxça, qapısı isə düzxətli tağ formasındadır. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla-keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli, qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol işıq-kölgə çalarları ilə bu koloriti zənginləşdirir. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii-memarlıq nümunəsidir

Zaviyə mədrəsə binası

Zaviyə-mədrəsə binası Naxçıvan şəhəri Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian rahiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarını da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufi qardaşlıqları ardıcıllarının məskənlərinin adlarından biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. XVII-XVIII əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m2-dir, divarların qalınlığı 0,9 - 1,5 m arasında dəyişir. Əsas qalınlıq 90 sm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilmişdir. Kərpiclər iki ölçüdədir. 20 x 20 x 5 sm olan sarı rəngli kərpiclərdən binanın əsas tikintisində istifadə olunmuşdur.
XIX əsrin 2-ci yarısında məscidin əsaslı təmiri zamanı 26 x 13 x 5 sm-lik qırmızı rəngli kərpic-lərdən daha çox istifadə edilmişdir. Zaviyə-mədrəsə binası istər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir. Çox güman ki, XIX əsrin axırlarında aparılan təmir işləri zamanı yeni tikintilər və formalar əlavə olunduğundan binanın memarlıq quruluşu xeyli dəyişdirilmiş, əvvəlki zamanların tikintisində istifadə olunan çatma tağlar və sferik gümbəzlər əvəzinə, XIX əsrin mürəkkəb xətli tağları və düz dam örtüyü ilə əvəz edilmişdir. Ona görə də binanın tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir. Binanın indiki interyer quruluşu böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikimərtəbəli üç yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik gümbəzləri dağıdıldığından, XIX əsrin sonlarında düz xətli örtüklə əvəz edilmişdir. Binaya üç tərəfdən: qərbdən və şimaldan bir, şərq tərəfdəki həyətdən isə üç giriş qapısı var. Əsas giriş qərbdəndir. Qərb tərəfdəki düz xətli portal eyvan şəklində qurulmuşdur. Eyvana mərmər pilləkənlərlə qalxılır. Giriş portaldakı qapıdan bir tərəfi üçbucaqlı formada olan vestibülə daxil olunur. Vestibülün sahəsi 19,8 m2-dir. Vestibüldən sağda hündürlüyü 5,5 m, sahəsi 88 m2olan hücrə tipli ibadət salonu yerləşir. Salona şərq tərəfdən də giriş var. Salonun şərq və qərb divarlarının hər birində 0,9 x 3,2 m ölçüdə üç ədəd şəbəkəli pəncərə qoyulmuşdur. İbadət salonunun mehrabı 1,7 x 5,15 x 5,5 m ölçüdə cənub divarda ayrıca bölmə şəklində yerləşdirilmişdir. Mehrabın çatma tağlı taxçası və digər bəzəkləri çoxsaylı təmir nəticəsində suvaqla doldurularaq düz səthə çevrilmişdir. Vestibüldən solda iki qapı var. Qapılardan biri minarənin dolama pilləkənlərinə, digəri isə yardımçı otaqlara açılır. Qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki otaqlara taxta pilləkənlərlə qalxılır. Buradakı ibadət otağı ilə əsas salon arasında pəncərə var. Binanın əsas fasadı mərkəzdə yerləşdirilmiş eyvanlı portaldan, üç ədəd uzunsov şəbəkəli pəncərədən və çox da hündür olmayan minarədən ibarətdir. Əsas fasadla uzlaşmayan antamblement və tikintinin başını dövrələyən çatma tağ motivli parapet binaya sonradan əlavə edilmişdir. Antamblementdəki dörd düzbucaqlı sütun çıxıntıları və mərkəzdə yerləşdirilmiş dairəvi boşluqlar binanın fasadında tamamilə yad element kimi görünür. XX əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunmuşdur. 2007-ci ilədək Naxçıvan MR Qadınlar Məclisi burada yerləşmişdir. 2008-ci ildə əsaslı təmir və bərpa olunmuşdur.

 

Qeyd: Naxçıvan Muxtar Respublikasında mövcud olan tarixi-memarlıq abidələri haqqında daha geniş məlumatı Kitabxanamızın www.preslib.az saytındakı Elektron kitablar bölməsində yerləşdirilən “Naxçıvan abidələri ensiklopediyası” (Naxçıvan, 2008) kitabından əldə etmək olar.