Ümumi məlumat
Ümumi ərazi, [kv. km] |
704,89 |
Əhalinin ümumi sayı [min nəfər] |
33,3 |
Kəndlərin sayı |
10 |
Qəsəbələrin sayı |
1 |
Kənd inzibati ərazi dairələri |
9 |
İnzibati ərazi dairələri və ərazi vahidləri
Qıvraq q.
Böyükdüz k.
Çalxanqala k.
Xıncab к.
Təzəkənd к.
Хок к.
Qabıllı k.
Qarabağlar k.
Şahtaxtı k.
Yeni Kərki k.
Yurdçu k.
Kəngərli rayonu qədim Kəngərlililərin məskunlaşdığı ərazidə yaranmışdır.
Azərbaycan ərazisində kəngərli tayfaları Naxçıvanda Şərur rayonunun (hal-hazırda Kəngərli rayonunun ərazisidir) ərazisində Arazboyu maili düzənlikdə məskunlaşmışlar.
Kəngərlilər qədim türkdilli tayfalardandır. «Kəngər» sözü Aral və Baxış gölləri arasında ortaya çıxmışdır. Kəngərli tayfalarının bir qismi IV-V əsrlərdə Hunların tərkibində Azərbaycana gəlmişdir.
XV-XVI əsrlərdə Naxçıvan diyarı Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin hakimiyyəti altında olmuş və XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdə Səfəvi şahları Naxçıvan ölkəsinin idarə edilməsi hüququnun özlərinin ən güclü dayaqlarından olan Kəngərli tayfa başçılarına vermişdilər. Kəngərli tayfa başçıları Naxçıvanın irsi hakimləri olaraq Naxçıvanı XIX əsrin 40-cı illərinə qədər idarə etmişlər.
İndiki Kəngərli rayonu ərazisi kəngərlilərin yaşadığı qədim ərazi Arazboyu düzənlikdən şimal-qərbdən cənub-şərqə doğru uzanır. Bura Kəngərli düzü adlanır.
Rayon şimal və şimal-şərqdən Dərələyəz dağ silsiləsinin qolları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir.
Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələrindən ibarətdir.
Kəngərlilər tayfasının Azərbaycan xalqının etnogenezinin formalaşmasında böyük rolu olmuşdur. Səfəvilər dövlətinin dövründə Kəngərlilər dövlətin daxili və xarici siyasətində və işlərində fəal iştirak etmişlər.
XVIII əsrin II yarısında Kəngərli hakimlərinin əksəriyyəti Azərbaycanda yüksək titullar daşımışdır.
Kəngərlilərin tarixini qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gerçəkləşdirdi.
Ölkə Prezidentinin qərarı ilə 19 mart 2004-cü il tarixdə «Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Kəngərli rayonu cənub və cənub-qərbdə İran, şimal-şərqdə Ermənistanla həmsərhəddir. Mərkəzi Qıvraq qəsəbədir.
Rayona Qıvraq qəsəbəsi və Qarabağlar, Qabıllı, Yurdçu, Şahtaxtı, Çalxanqala, Xok, Yeni Kərki, Böyükdüz, Təzəkənd, Xincab kəndləri daxildir.
Rayonun ərazisi şimal və şimal-şərqdən Dərələyəz silsiləsi ilə əhatələnərək cənubdan Araz çayına doğru uzanır. Arazboyu sahə Kəngərli düzü adlanır. Ərazidəki Keçəltəpə (2744 m), Qaraquş (2600 m), Anabadgədik (2081 m), Qabıllı (1125 m),Xok (1063 m), Tənənəmdağ (1007 m), Tazıuçan (935 m), Binədüzü (885 m) dağları Dərələyəz silsiləsinin zirvələridir.
Tabaşir-Antropogen çöküntüləri yayılmışdır.
Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəngdaşı və travertin yataqları vardır. Şahtaxtı-Xok daş karxanaları buradadır.
Rayonun iqlimi kontinentaldır. Orta temperatur yanvarda -6°C-dən -3°C-yədək, iyulda 20-28°C-dir.
Əsas çayları Lizbirt və Cəhridir. Çayların əksəriyyəti yay aylarında quruyur. Araz su anbarı rayonun cənubundadır.
Boz, çəmən-boz və dağ-şabalıdı torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, yovşanlıqdan ibarətdir.
Heyvanları: canavar, tülkü, ərəbdovşanı, kirpi, kələz, əqrəb və s. Quşları: dovdaq, ular və s. Araz su anbarında balıq var.
Rayonun təsərrüfatında taxılçılıq, tərəvəzçilik, şəkər çuğunduru istehsalı və heyvandarlıq mühüm yer tutur.
Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Rayonun ərazisində olan avtomobil yollarının ümumi uzunluğu 148,5 km-dir. O cümlədən, respublika əhəmiyyətli yolların uzunluğu 71 km, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 77,5 km-dir.
Rayon ərazisində yerləşən Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsi 2-ci kateqoriya dəmir yolunun ümumi uzunluğu 30,2 km-dir və aşağıdakı stansiyalar var:
1. Qarğalıq stansiyası 2. Şahtaxtı stansiyası 3. Qıvraq stansiyası 4. Başbaşı stansiyası
Tarixi və memarlıq abidələri haqqında məlumat
1. Qarabağlar türbəsi - Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir, XIV əsr abidəsidir. Qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi güman olunur. Minarəni bir-birinə bağlayan baştağın üzərində nəsx xətti ilə yazılmış kitabə bu türbənin Elxanı hökmdarı Hülakü xanın arvadı Quti xatunun şərəfinə tikildiyini göstərir. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı Qarabağlar türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Türbənin kitabələrinin bəzi hissələri dağıldıqdan onun tarixini dəqiq müəyyən etmək mümkün deyil. Bu nadir memarlıq abidəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı və himayəsi ilə restavrasiya edilmişdir.
2. Qıvraq məscidi və hamamı - Qıvraq məscidi XVIII əsrin əvvəllərində inşa edilmişdir. 300 ilə yaxın tarixi olan bu memarlıq abidəsi kimi bu gün də qorunur. Hamam - Qıvraq qəsəbəsində XIX əsrin əvvəllərində tikilib inşa edilmişdir.
3. Çalxanqala abidə divarları - Bu divar memarlıq-incəsənət abidələrinin qalıqlarıdır. Tunc dövrünə aid, Cəhri çayının sağ sahilində hündür təpə üzərindədir. İri qaya daşlarından, bərkidici məhlullar işlədilmədən hörülmüşdür. Tunc dövrü siklop tikililərə aid olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 metr, hündürlüyü 2,5-3 metr, eni 2,7-3 metrdir. Ehtimal olunur ki, Çalxanqala divarları b. e. ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqlarının əsas müdafiə qalası olmuşdur. Kəngərli rayonu ərazisində Çalxanqala divarları ən qədim tarixi-memarlıq abidəsidir.
4. Çalxanqala türbəsi - 1978-ci ildə Naxçıvanın arxeoloji ekspedisiyası türbəni (mədəni türbə) aşkar etmişdir. Aşınma nəticəsində mədəni türbə dağıdılmışdır. Tədqiqat zamanı zəngin materiallar üzə çıxarılıb, məlum olub ki, bu türbənin divarları kül qarışıq gil laylarından ibarət olub.
5. Şahtaxtı Govur qalası - b. e. ə. III-I minilliyə aid abidədir. Qalanın tarixi son tunc - ilk dəmir dövrünə aid edilir. Haliyyədə qala divarlarının qalıqları mühafizə olunur.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.