Təbiət və təbii sərvətlər

Ümumi məlumat

Naxçıvan MR Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Arazyanı dağlar yarımvilayəti muxtar respublika ərazisində Dərələyəz və Zəngəzur silsilələrini, Naxçıvan çökəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Bu düzənliklərin ümumi sahəsi 10 min ha-aqədərdir. Arazboyu düzənliklərin ən geniş yeri Şərqi Arpaçayın mənsəb hissəsində olub, bu ərazidə bir tərəfdən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəticəsində yaranmışdır.

Relyef

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 myuxarıda yerləşir. Alt Pliosen yaşlı kiçik intruzivlər (kütlələr) və ekstruzivlər silsilənin cənub-qərb yamacında konusvarı, günbəzvarı çıxıntılar yaradaraq təkrarolunmaz relyef əmələ gətirirlər. Hündür zirvələri: Yağlıdərə dağı - 3827 m, Qazangöldağ - 3814 m, Sarıdərə dağı - 3754 m, Dəvəboynu dağı - 3560 mvə s. Dağ aşırımlarının mütləq hündürlüyü 2346 m-lə (Biçənək aşırımı), 3362 m(Ayçonqal aşırımı) arasındadır.
Dərələyəz silsiləsi muxtar respublika ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır (ən uca zirvəsi Küküdağ). Silsilənin Cəhri çayından qərbdəki hissəsi qövs şəklində cənuba doğru uzanaraq alçalır. Burada ən hündür zirvə Keçəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb yer səthi quruluşuna malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Bu silsilədən Qaranquş, Gəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhri çayından şərqdəki əsas hissəsi şərqə və cənub-qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900-3110 m-dir (Sipər dağı - 3117 m, Keçəldağ - 3118 m, Küküdağ - 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağı hündürlüyü 3087 molan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Silsilənin cənub-qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının arası ilə uzanır.

Muxtar respublika ərazisinin şimal-qərb qurtaracağı mürəkkəb yer səthi quruluşuna malikdir. Buradakı dağ zirvələrinin hündürlüyü 2000-2100 m-dən artıq deyil (Kömürlü - 2064 m, Ardıc - 2034 m, Mehridağ - 1869 m, Qabaqyal - 1824 m); əsasən alçaq və orta dağlıqdan ibarətdir. Respublikanın orta və alçaq dağlıq zonalarında müasir relyefdə tam əksini tapmış Miosen-Alt Pliosen yaşlı qalxmalar (Ağqaya, Darıdağ, Qaraquzey) və çökəkliklər (Paradağ, Nurs, Tirkeş) inkişaf etmişdir.

Geoloji quruluş və faydalı qazıntılar

Naxçıvan Muxtar Respublikası ərazisində yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və yer qatının daxilində kristallaşmış süxurların mövcudluğu geoloqların və səyyahların diqqətini hələ XVIII əsrin ortalarından cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiyanın geoloji ədəbiyyatında Alp qurşağının yer qatlarının nisbi yaşı məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan "Naxçıvan lakkolitləri" (Əlincə, İlandağ və s.) və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması hələ qədim vaxtlardan Naxçıvan ərazisində duz, mərgümüş, mis, qızıl, kükürd və s. çıxarıldığını göstərir; orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları "Cavahirnamə" yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin 2-ci yarısından başlanmış, planauyğun surətdə müntəzəm öyrənilməsi isə Naxçıvan MR yarandıqdan sonrakı dövrə aiddir.
Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy (Yerin geoloji tarixinin son 65 mln. ili), Mezozoy (65-248 mln. ili), Paleozoy (248-540 mln. ili) dövrlərinin çökmə, vulkanogen-çökmə, yerüstü vulkanların püskürmə qatlarından və yer qatının daxilində kristallaşmış süxurlardan təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 mln. illik geoloji tarixini bərpa etməyə imkan verir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Paleozoy qırışıqlığını təmsil edən Şərur-Culfa qalxıntısı, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşun özülü isə Baykal tektonik siklində (600 mln. il bundan əvvəl) yüksək dərəcədə dəyişikliyə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və s.) süxur qatları təbəqələrindən, Yer qabığının "qranit" qatından ibarətdir. Onların Yer səthinə yaxın yatımları Devon-Trias (390-220 mln. il bundan əvvəl) çöküntülərinin çıxışları sahəsinə təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 mdərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48-54 kmolaraq, "qranit" qatı 15-20 km-ə, "bazalt" qatı 20-25 km-ə çatır.

Mineral sular

Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Azərbaycanın mineral su ehtiyatının 60 %-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min km2-lik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Bu bulaqlarının böyük əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qaradərə və Əylis çaylarının vadilərində və yaxınlığındadır. Onlar kimyəvi tərkibinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Naxçıvanın müalicə suları müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxır və bu onların kimyəvi-balneoloji xassələrini müəyyənləşdirir. Ərazidə ən qədim su daşıyan süxurların yaşı 400 mln. illə 500-700 min il arasında dəyişir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə "Tanrı ocağı",  deyə inanmışlar; onlara qotur suyu, yel suyu, mədə suyu, dəri suyu, şor su, vayxır və s. adlar vermişlər.
Naxçıvan mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb etmişdir Naxçıvan MR-də mineral su bulaqlarının və onların formalaşdığı mühitin  geologiyası və tektonikasının öyrənilməsinə 1843-cü ildən başlanılmışdır. Lakin bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdən aparılmışdır. Müəyyən edilmişdir ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98%-i karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. Yer səthinə təbii çıxışları olan mineral su bulaqlarından yüksək hərarətlisi, demək olar ki, yoxdur. Mineral suların əksəriyyətinin temperaturu 8°C - 22°C-dir. Sirabda və Darıdağda buruq quyularından hərarəti 50°C və daha yuxarı olan sular aşkar edilmişdir. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan MR ərazisindədir. Mineral-müalicə su bulaqlarının ion tərkibinin əsas komponentlərini kalsium - Ca, qələvilər Na+K və maqnezium Mg kationları və hidrokarbonat HCO3, sulfat - SO4 və xlor - Cl anionları təşkil edir. Muxtar respublikanın mineral su mənbələri gün ərzində yer səthinə 24 mln. l su axıdır. Əsas mineral su mənbələri ərazi üzrə aşağıdakı şəkildə yerləşmişdir:
Ordubad rayonunda təqribən 1000 km2 sahədə 29 mineral su bulağı var. Onların tərkibində suların müalicə xassələrini müəyyənləşdirən qələvilər mühüm rol oynayır. Rayonun qələvili-hidrokarbonatlı sularının bir qismi məşhur "Narzan"dan geri qalmır, digərləri isə müalicə qabiliyyətinə görə daha üstündür.
Culfa rayonunda 900 km2 sahədə 85 mineral su bulağı qeydə alınmışdır; onlardan 42-si buruq quyuları vasitəsilə aşkar edilmişdir. Bu sular qiymətli karbonat-mərgmüşlü olub mineral suların karbonatlı-mərgmüşlü-dəmirli, xlorlu-hidrokarbonatlı-natriumlu tipinə aid edilir. Burada 37 mənbə, o cümlədən 32 quyu vardır. Darıdağ mineral sular qrupunun debiti üst-üstə 3125783 l/gün, temperaturu 17-dən 52°C-dəkdir. Mənbələrin bir çoxu qaynayır və fontanla yer səthinə çıxır. Su yer səthinə çıxdıqda külli miqdarda qaz ayrılır. Hələ qədim zamanlardan Darıdağ mineral sularından müalicə vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu sular vasitəsilə müxtəlif əzələ, oynaq, sümük və dəri xəstəlikləri müalicə olunur. Darıdağ mərgmüşlü suyu bu qəbildən dünyada məşhur olan İtaliyadakı "Cənubi Tirol", "Ronçenyo", Fransadakı "Lya-Bulbul" mərgmüşlü sularından həm keyfiyyətinə, həm də gündəlik debitinə görə xeyli üstündür.
Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 km2 sahədə 50-dək mineral su mənbəyi kəşf olunmuşdur. Rayonun mineral bulaqları arasında məşhur Badamlı mineral sular qrupu xüsusi yer tutur. Bu sular olduqca şəffaf, iysiz və rəngsizdir. İçmək üçün çox tamlıdır. Debiti üst-üstə 2750640 l/gündür. Kimyəvi tərkibinə görə, əsasən, karbon turşulu-hidrokarbonatlı-natriumlu, xloridli-kalsiumludurlar. Onların müalicə əhəmiyyəti tədqiq olunmuş və müəyyən edilmişdir ki, "Badamlı" suyu qaraciyər və öd kisəsi xəstəliklərinə müsbət təsir göstərir və müalicə xüsusiyyətləri Kislovodskin (Şimali Qafqaz) "Narzan" sularının xüsusiyyətlərinə oxşardır.
Babək rayonunun 1200 km2 ərazisi daxilində 50 mineral-müalicə su mənbəyi öyrənilmiş, onların 27-si buruq quyuları vasitəsilə aşkar edilmişdir. Sirab mineral sular qrupunun debiti 2 247 265 l/gündür. Temperaturu 16-24°C-dir. Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Cəhri və Qızılvəng bulaqları üstündür. Sirab-12 az minerallaşmış, soyuq, karbon qazlı, hidrokarbonatlı-maqneziumlu-natriumlu-kalsiumlu, dolomitli "Narzan" tipli müalicəvi-süfrə suyu kimi xarakterizə edilir. Karbon qazlı, orta minerallaşmış, hidrokarbonatlı-kalsiumlu-natriumlu Sirab-8 mineral suyu "Borjomi" tipli mineral suyun analoqudur. Vayxır-7 mədənin xroniki xəstəlikləri, qara ciyərin və öd yollarının  xəstəlikləri  zamanı  məsləhət görülür. Cəhri bulağı-1 "Slavyanskaya" müalicəvi-süfrə suyunun, Cəhri bulağı-2 Badamlı-4 müalicə suyunun, "Əshabi-kəhf" mineral suları Pyatiqorsk (Şimali Qafqaz) radonlu suyunun analoqudur.
Şərur rayonu mineral su bulaqları baxımından çox zəngin deyildir. 1316 km2 ərazidə cəmi 7 mineral su mənbəyi öyrənilmişdir; suların ümumi ixracı rayon üzrə 1,5 mln. l-dən çox deyil.
Bahasu mineral su bulağı Sədərək rayonunda eyniadlı kənddən cənubda, Araz çayının sahilindədir. Bahasu bulağının Naxçıvan MR-də yeganə hidrokarbonatlı-maqneziumlu mineral su olduğu ehtimal edilir. Yerin təkində maqnezitli çöküntülər daxilindən başlayaraq səthə çıxır.
Mineral sular içərisində məşhur müalicə əhəmiyyətli olanları, həmçinin süfrə suyu kimi istifadə olunanlardan Badamlı, Sirab, Vayxır, Darıdağ, Qızılvəng, Nəhəcir, Qahab, Ordubadın "Narzan" tipli bulaqlarını göstərmək olar. Bulaqlar əsasında Badamlı, Darıdağ balneoloji müalicəxanaları fəaliyyət göstərir. Sənaye üsulu ilə mineral su istehsalına 1947-ci ildən başlanmışdır. Hazırda muxtar respublikada 3 mineral su zavodu vardır. Bunlardan ikisi  "Badamlı" və "Sirab" mineral su zavodları bir başa mənbələrin yanında, digəri isə Naxçıvan şəhərindədir. Son illərdəki iqtisadi durum və blokada şəraiti bu zavodların fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hazırda zavodların yenidən qurulması, yeni texnoloji avadanlıqlarla təchizi zərurəti meydana çıxmışdır.

İqlim

Muxtar respublikanın iqliminə onun coğrafi mövqeyi  ərazinin hər tərəfdən dağ silsilələri (Koqnur-Ələngəz, Zəngəzur və Dərələyəz) ilə əhatə olunması və iri su hövzələrindən (Qara dəniz, Xəzər dənizi) uzaqda yerləşməsi çox təsir göstərir. Ərazinin iqlimi 5 tipə ayrılır:
1. Yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi - Arazboyu düzənlikləri və qismən alçaq dağlıq sahələri (600-1100 m)əhatə edir. Burada orta illik temperatur 10-14°C, orta illik yağıntı 300 mm-dək, mümkün buxarlanma 1200-1400 mm-dir. Ən isti ayın (iyul) orta temperaturu 29°C, ən soyuq ayın (yanvar) orta temperaturu 3-6°C-dir. İl ərzində qar örtüyü 20-40 gün davam edir.
2. Qışı quraq keçən yarım səhra və quru çöl iqlimi-alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın aşağı hissəsini (1100-1600 m) əhatə edir. Orta illik temperatur 8-10°C, orta illik yağıntı 300-350 mm, mümkün buxarlanma 800-1100 mm-dir. Ən isti ayın (iyul) orta temperaturu 21-26°C, ən soyuq ayın (yanvar) orta temperaturu - 4, -6°C-dir.
3. Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi-orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın isə aşağı hissəsini (1600-2600 m) əhatə edir. Orta illik temperatur 6-10°C, ən isti ayın (iyul) orta temperaturu 15-20°C, ən soyuq ayın (yanvar) orta temperaturu -6, -10°Cdir. Orta illik yağıntının miqdarı 400-800 mm arasında dəyişir; bunun 300-400 mm-i ilin isti yarısında, 200-400 mm-i soyuq yarısında düşür.
4. Yayı quraq və sərin keçən soyuq iqlim - Zəngəzur silsiləsinin cənub-qərb yamacında, yüksək dağlıq qurşağın mərkəz zolağında, 2600-3200 m yüksəkliklərdə yayılmışdır. Burada yağıntının orta illik miqdarı 600-700 mm-dir. Havanın orta illik temperaturu 13°C, ən isti ayın (avqust) orta temperaturu 8-12°C, ən soyuq ayın (yanvar) orta temperaturu -10 -13°C-dir.
5. Dağlıq tundra iqlimi - ərazinin yüksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edir, qışın və yayın soyuq keçməsi, yağıntının isə özündən əvvəlki tipə nisbətən az olması və ifrat rütubətlənmə ilə səciyyələnir. Orta illik temperatur -3 -8°C, ən isti ayın orta temperaturu 2-8°C, ən soyuq ayın orta temperaturu -13 -16°C-dir.
4-cü və 5-ci iqlim tiplərinin hakim olduğu ərazilərdəki günəş radiasiyasının ümumi miqdarı (150-160 k/kal kv sm) bütün Cənubi Qafqaz regionu üçün maksimum miqdar hesab edilir.
Ərazidə yüksəklik artdıqca havanın temperaturu azalır. Ən alçaq temperatur yanvar ayında müşahidə olunur. Temperatur fevraldan marta doğru artmağa başlayır. Gilançaydan qərbdə temperatur 7,3-8,3°C, şərqdə (Ordubad-Bist) 6,7-6,8°C təşkil edir. Martdan aprelə doğru artım 7,l-7,5°C-yə çatır. Yayda temperatur daha müntəzəm dəyişir. Havanın maksimum temperaturu avqust ayında olur; sentyabrdan başlayaraq temperatur intensiv surətdə aşağı düşür. Mütləq minimum temperatur 31°C (Dərvişlər), mütləq maksimum temperatur 44°C-dir (Culfa); bu, eyni zamanda Azərbaycan Respublikası ərazisində ən alçaq və ən yüksək temperaturlardır.
Muxtar respublikanın ərazisi, xüsusilə Araz dərəsi böyük su hövzələrindən uzaq düşdüyündən buraya rütubətli hava kütlələri daxil olmur, ona görə də Azərbaycanın digər regionları ilə müqayisədə bu ərazi atmosfer yağıntılarının məhdudluğu ilə səciyyələnir. Yağıntının çox hissəsi yaz mövsümündə, az hissəsi isə yay mövsümündə düşür; iyul, avqust və sentyabr ayları, demək olar ki, tamamilə yağıntısız olur. Güclü leysan yağışları çox təsadüfi hallarda baş verir. Əsasən yerli, dağ-dərə küləkləri əsir. Onların istiqaməti çox vaxt relyef xüsusiyyətlərindən asılı olur. Küləyin orta illik sürəti 24 m/san-dır. Küləklər, əsasən, yayda şərq və cənub-şərq, qışda qərb istiqamətli olur.

Daxili sular

Naxçıvan MR hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrindən götürür. Muxtar respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri və s.) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişiklikliyə uğramışdır.Hazırda Zəngəzur silsiləsinin cənub-qərb yamacında Naxçıvan çökəkliyinə doğru istiqamətlənən qədim çay dərələrinin qalıqları izlənilir. Zəngəzur silsiləsində - Sakkarsuyun yuxarı axarlarında, Göygöl, Qazangöldağ, Qapıcıq, Gəmiqaya bölgələrində qədim buzlaq relyefi formaları (troq, kar, moren), həmçinin zirvələrdə yayda əriməyən qar topaları var. Süni su arxları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarmada və su təchizatında geniş istifadə edildiyindən aşağı axarında onların suyu mənsəbə çatmır, tam quruyur.

Çaylar

Muxtar respublika ərazisində ümumi uzunluğu 1,8 min km olan təqribən 400 böyük və kiçik çay var. Bunlardan 334-nün uzunluğu 5 km-dək, 31-ninki 6-10 km, 24-nünkü 1125 km, 7-ninki 26-50 km, 3-nünkü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51-100 km, 1-ninki (Arpaçay) isə 100 km-dən artıqdır.

Çaylar

Uzunluğu

hövzəsinin sah.

 

(km)

(kv. km)

Arpaçay

126

2630

Naxçıvançay

81

1630

Əlincəçay

62

599

Gilançay

53

426

Bağırsaqdərə

33

117

Düylünçay

30

124

Vənəndçay

29

91

Parağaçay

21

48

Küküçay

20

105

Ordubadçay

19

42

Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir göstərir. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir; Naxçıvançaydan qərbdə son dərəcə zəif, ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal-qərbindən cənub-şərqinə doğru dağlar Araza yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu, sutoplayıcı sahələri və axımları azalır. Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. Çaylar yeraltı sular və qar-yağış suları ilə qidalanır. Çay hövzələrində əsas rütubət ehtiyatı (35-50%) qış dövründəki yağıntılar hesabına yaranır. Ərazidən axan çayların əsas xüsusiyyəti onların qidalanmasında yeraltı suların nəzərə çarpacaq dərəcədə (35-45%) iştirakıdır. Çaylar ilin 68 ayı ərzində, başlıca olaraq, yeraltı sular hesabına qidalanır. Yazda və yayda daşqınlar olur. Azərbaycan Respublikasında baş verən sellərin 33-35%-i Naxçıvan MR-in payına düşür. Muxtar respublika çaylarının ehtiyatları həm suvarma, həm də enerji mənbəyi kimi istifadədə böyük əhəmiyyət kəsb edir. Bu çayların ümumi enerji gücü 183,4 min kvt-dır. Onların suyundan isə mənbəyindən başlamış mənsəbinədək bütün çaylar boyunca suvarma məqsədilə istifadə edilir. Ərazidə bitki örtüyünün zəif inkişafı, çay hövzələrinin dağlıq relyefə malik olması, kəskin kontinental iqlimin təsiri nəticəsində dağ suxurlarının intensiv surətdə aşınması, şiddətli torpaq eroziyası və aşınmış materialların toplanması, vaxtaşırı gur leysan yağışlarının yağması və dolu düşməsi tez-tez sel hadisələrinin baş verməsinə səbəb olur.

Göllər

Muxtar respublikanın ərazisi quraq iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi kiçikdir. Əksər göl çalalarının formalaşmasında tektonik hərəkətlərin və bulaqların rolu olmuşdur.

Göllər

Dəniz səviyyəsindən hündürlüyü (m)

Tutumu

 

(mln. m3)

Göygöl

3065

Salvartı

2843

1,0

Qanlıgöl

2424

1,0

Batabat

2113

1,8

Ərazinin təbii gölləri, əsasən, Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl və Salvartı gölü eyniadlı çayların mənbələrində, Göygöl isə Sakkarsu çayının (Gilançayın sol qolu) mənbəyində, 3065 myüksəklikdə yerləşir. Naxçıvan MR ərazisində 20-yədək göl (əksəriyyətinin sahəsi 10 ha-dan azdır) var.
Bir neçə su anbarı (Arpaçay, Uzunoba, Nehrəm, Vayxır, Qahab, Xok və s.) yaradılmış, suvarma kanalları çəkilmişdir. Araz su qovşağı su anbarının bir hissəsi Naxçıvan MR ərazisindədir. Araz çayı üzərində hidrotexniki kompleksin, su anbarlarının, suvarma sisteminin tikilməsi və geniş miqyaslı meliorasiya-irriqasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı xeyli yaxşılaşmışdır.


Sututarlar

Dəniz səviyyəsindən hündürlüyü (m)

Tutumu
(mln. m3)

Araz

777

1254

Arpaçay

959

150

Heydər dəryaçası

1147

100

Bənənyar

1200

15

Uzunoba

1000

9

Sirab

1077

9

Nehrəm

900

6

Xok-1

800

3

Torpaq örtüyü

Muxtar respublikada torpaq örtüyünün əmələ gəlməsində relyef xüsusiyyətlərinin, torpaqəmələgətirən ana süxurların, bioloji amillərin müxtəlifliyi, insanın təsərrüfat fəaliyyəti burada çoxsaylı torpaq tipləri və növlərinin yayılmasına səbəb olmuşdur. Coğrafi vəziyyətindən və oro-geomorfoloji xüsusiyyətlərindən asılı olaraq bu bölgədə yayılmış torpaqları dağlıq və düzənlik torpaqlarına bölmək olar. Ərazinin dağlıq sahələrində atmosfer yağıntılarının, axar suların və iqlim şəraitinin təsirindən güclü fiziki aşınma və eroziya prosesi gedir, nəticədə geniş ərazilərdə torpaq örtüyü yuyulub dağılır, çılpaq qayalıqlar əmələ gəlir. Düzənlik ərazi torpaqları isə suların min illər boyu yuyub gətirdiyi çöküntülərdən təbəqələşərək torpaq layının qalınlığı, müxtəlif dərəcədə şorlaşması, şorakətləşməsi və bataqlıqlaşması ilə nəzəri cəlb edir. Düzənliklərdə isti və quraq iqlim şəraitində yaranmış yarımsəhra landşaftı yoxsul bitki və torpaq örtüyünə malikdir. Arazboyu düzənliklərdə və alçaq dağlıq (1500 m-ədək) sahələrdə ibtidai-boz, boz, tünd-boz, boz-çəmən, şoran, şabalıdı, açıq-şabalıdı torpaqlar yayılmışdır. Orta dağlıq (1500-2400 m) sahədə dağ-şabalıdı, dağ-açıq-şabalıdı, dağ-qəhvəyi, qəhvəyi-dağ-meşə torpaqlar üstündür. Yüksək dağlıq (2400 m-dən yüksək) sahə üçün çimli dağ-çəmən-çöl, çimli-dağ-çəmən torpaqlar, yuyulmuş sahələr, çılpaq qayalıq və daşlıqlar xarakterikdir. Bundan başqa, muxtar respublikanın orta və alçaq dağlıq hissələrində (xüsusilə cənubda) çox geniş sahədə yararsız torpaqlar (bedlend) yayılmışdır. Bu sahələr sıx şırım və yarğanlar vasitəsilə elə şiddətli parçalanmışdır ki, onların səthində torpaq və bitki örtüyü yoxdur. Burada torpaq ibtidai şəkildədir, torpaqəmələgəlmə prosesi çox zəif gedir. Bu sahələr kənd təsərrüfatı üçün tamamilə yararsızdır.

Bitki örtüyü

Naxçıvan MR-in ərazisi zəngin floraya və rəngarəng bitki örtüyünə malikdir. Bu, ilk növbədə bölgənin təbii şəraitinin geoloji və geomorfoloji quruluşunun çox mürəkkəb olması ilə əlaqədardır. Bitki örtüyünün formalaşmasında fiziki amillərdən başqa, antropoloji amillər də müəyyən rol oynayır. Muxtar respublikada iqlimin quraqlığı və kontinentallığı ilə əlaqədar bitki örtüyü və onun şaquli və üfüqi zonallığı Azərbaycanın digər rayonlarından kəskin şəkildə fərqlənir. Belə ki, bitki örtükləri eynilik təşkil etdiyi halda, Kür-Araz ovalığında səhralar hündürlüyü -28 m-lə +350 marasındakı əraziləri, muxtar respublikada isə 600-700 m-lə 1100 marasındakı əraziləri əhatə edir. 1100-1200 m-lə 1500 marasında friqana tipli kserofit bitkiliyi, 1500-1700 m-lə 1900 marasında dağ-bozqır bitkiliyi, 1900-2350 m-də qarika, yaxud çəmən-bozqır bitkiliyi, kserofit kollu çəmənliklər, bəzən kiçik meşələr (Biçənək meşəliyi), 2350-2400-2500 m-də subalp bitkiliyi (çəmənlər, yaxud çəmənli-bozqırlı sahələrin bitkiliyi), 2400-3000 mvə 3500 mhündürlüklərdə isə subalp və xırda boylu Alp çəmənliyi və Alp xalıları geniş ərazilərdə öz müxtəlifliyi ilə fərqlənir.
Muxtar respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir. Ərazi cəhətdən çox da geniş olmayan bu regionda 2500 növə qədər floraya rast gəlinir (V. Hacıyev, Ə. İbrahimov, 1981) ki, bunun da 30 növü mədəni halda becərilir. Yabanı bitkilərin 123 fəsiləsi və 697 cinsi mövcuddur. Floristik bolluğuna görə ərazi 3 regiona bölünür: Arazboyu düzənliklər, orta dağlıq və yüksək dağlıq qurşaqları. Ən çox bioloji müxtəliflik orta dağlıq qurşağa mənsubdur. Belə ki, Arazboyu düzənliklərdə 730 növ, orta dağlıqda 1200 növ, yüksək dağlıqda isə 550 növ floraya rast gəlinir.
Göstərilən bitki örtüklərinin taksonomik vahidləri, rolu, quruluşu və mənası müxtəlif tərkiblidir; bəzisi böyük sahələrdə yayılaraq mikrozonallıq, digərləri isə kiçik sahələrdə yayılaraq mikrosenozlar əmələ gətirir, zonallığın daxilində lokal (talalar) şəkildə rast gəlir və formalaşırlar.

Heyvanlar aləmi

Muxtar respublikanın ərazisi təbii şəraitinə görə Azərbaycanın digər bölgələrindən kəskin surətdə fərqlənir və bu, bölgənin heyvanlar aləminin son dərəcə zənginliyində əksini tapır. Buradakı heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80%-ni təşkil edir. Muxtar respublikanı endemik və yeni növlər məskəni adlandırmaq olar; yalnız bu əraziyə xas olan çoxsaylı endemik və relikt, hətta elm üçün yeni olan heyvan növləri mövcuddur. Belə çoxsaylılıq ərazidə rast gəlinən bütün heyvan qruplarında nəzərə çarpır. Buna görə də Naxçıvan MR ərazisi hələ qədimdən yerli və bir sıra xarici alimlərin marağına səbəb olmuşdur. Muxtar respublikanın heyvanlar aləmi XIX əsrin 2-ci yarısından başlayaraq tədqiq olunur. Bir sıra xarici və rus alimlərinin Cənubi Qafqazda cücülərin öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materiallarda Naxçıvan bölgəsinə, xüsusilə Ordubad rayonuna daha çox diqqət yetirilirdi. Sonralar, 1911-ci ildə alman alimi Y.Miller Ordubad rayonundan xeyli kəpənək növü toplamışdı. Bu alimlər bölgədə 117, Azərbaycan alimləri isə əlavə olaraq 813 kəpənək növü aşkar etmişlər; bunların 150 növü yalnız Naxçıvan MR ərazisi üçün səciyyəvidir. S.Ə. Əliyev Azərbaycanda yayılan 716 növ sovkadan 134 növünün Naxçıvan ərazisində yayıldığını qeyd etməklə, onların geniş elmi təhlilini vermişdir (1975). Ərazidə 4 növ qulağagirən, 3 növ yüyürük (1 növü elm üçün yeni), 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı (4 növü elm üçün yeni) və 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı (7 növü endemik) qeydə alınmışdır. Burada yayılmış 2250 böcək növünün 25 növü Cənubi Qafqaz üçün, 51 növü isə Naxçıvan bölgəsi üçün endemikdir. Böcəklər içərisində faydalı sayılan 46 parabüzən növündən 39-una Naxçıvan ərazisində rast gəlinir. Ərazidə kənd təsərrüfatı heyvanları və insanlar arasında bir sıra qorxulu yoluxucu xəstəliklər yayan 42 növ nəm milçəyi qeydə alınmışdır; bunun 5 növü elm üçün yeni, 10 növü endemikdir.
Muxtar respublikanın çay və göllərində 23 növ balıq aşkara çıxarılmışdır: Kür altıağızı, Kür qumlaqçısı, Araz xramulyası, Kür şirbiti, Cənubi Qafqaz gümüşçəsi, qaraqaş, Şərq qıjovçusu, Cənubi Qafqaz yastıqarını, anqor çılpaqcası, zərtəpər, qızılxallı balıq, xəşəm (h ə ş ə m), mursa, çəki, naxa və s.
Naxçıvan MR-də suda-quruda yaşayanların (amfibiyaların) 5 növü (yaşıl quru qurbağası, Şelkovnikov qurbağası, göl qurbağası, qısaayaq qurbağa və Kiçik Asiya qurbağası), sürünənlərin 19 növü (Xəzər tısbağası, quru tısbağası, Qafqaz kələzi, yovşanlıq girdəbaşı, zolaqlı kərtənkələ, ilangöz kərtənkələ, ştraux, Cənubi Qafqaz kərtənkələsi, koramal, cılız koramal, kor ilan, kiçik yatağan, adi suilanı, İran suilanı, suilanı, xaltalı kontiya, kələz ilan, gürzə, Naxçıvan gürzəsi) qeydə alınmışdır.
Azərbaycan Respublikasında qeydə alınmış 343 növ quşun yarıdan çoxuna (190 növ) muxtar respublika ərazisində rast gəlinir. Ərazinin belə zəngin aviafaunaya malik olması, hər şeydən əvvəl onun landşaft quruluşunun rəngarəngliyi, yəni burada yarım-səhra, dağ səhra, meşə, qayalıq və dərələrin, quru çöl və Arazboyu kolluqların, bağların və vahələrin, subalp və Alp çəmənlərinin mövcudluğu ilə əlaqədardır. Burada səciyyəvi quşlardan qırmızıbaş alaçöhrə, solğun zəvzək, oxuyan silva, doydağ, çillər, Suriya ağacdələni, muymul, kəklik, Xəzər uları, quzuqapan və s. göstərmək olar. Ərazidə məməlilərin 53 növü məlumdur. Bunlar 4 qrupa bölünür: cücülərlə  qidalanan məmə1i1ər - adi kirpi, kiçik qonurdiş, ağqarın ağdiş, uzunquyruq ağdiş, kiçik ağdiş, su kutoru; yarasalar - böyük nalburun, nalburun, blazaus, uzunqanad yarasa, palazqulaq yarasa, cırtdan yarasa, payız palazqulağı; yırtıcı  məməlilər - çaqqal, canavar, tülkü, qonur ayı, qaban, gəlincik, ağdiş dələ, bəbir, porsuq, qamış pişiyi, manul, vaşaq; cütdırnaqlı - məməlilər cüyür, bezoar keçisi, muflon, dağ qoyunu; gəmirici məməlilər - boz dovşan, meşə süleysini, kiçik ərəb dovşanı, qara siçovul, boz siçovul, səhra siçovulu, Qafqaz siçanı, meşə siçanı, Asiya dağ siçanı, Vinoqradov qum siçanı, adi korca, dağ korcası, sugöl siçanı, tirəndaz.