Muzeylər

Naxçıvan Muxtar Respublikasında 23 muzey - Heydər Əliyev Muzeyi, Naxçıvan Muxtar Respublikası tarix, ədəbiyyat, "Azərbaycan xalçası”, "Xatirə", açıq səma altında muzeyləri, 6 rayon tarix-diyarşünaslıq muzeyi, 7 ev muzeyi və Babək rayon Nehrəm kəndində C.Məmmədquluzadənin xatirə muzeyi fəaliyyət göstərir.

Heydər Əliyev Muzeyi - Naxçıvan şəhərində yerləşən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeydə Ümummilli Lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cumhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Muzey 5 bölmədən təşkil olunmuşdur. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Muzeyin saytı yaradılmışdır: http://www.aliyev-museum.nakhchivan.az



Naxçıvan Dövlət Tarix Muzeyi - 1924-cü ildə təşkil olunmuş muzeyə 1968-ci ildə dövlət statusu verilmişdir. 48 mindən artıq eksponatın mühafizə olunduğu muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. nümayiş etdirilir. Həmçinin muzeydə elmi-tədqiqat işləri aparılır, stasionar və səyyar sərgilər təşkil olunur, görüşlər, anım mərasimləri, elmi-nəzəri və təcrübi konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlər həyata keçirilir.
Naxçıvan Dövlət Tarix Muzeyi ilə yanaşı muxtar respublikada 6 regional tarix-diyarşünaslıq muzeyi də fəaliyyət göstərir. Bu muzeylər, ərazisində yerləşdikləri rayonların ən qədim zamanlardan müasir dövrümüzədək tarix və mədəniyyətlərini əks etdirərək milli və tarixi yaddaşın qorunmasında və formalaşmasında mühüm əhəmiyyətə malikdirlər.

Xatirə Muzeyi - Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmış muzey Naxçıvan-Şərur yolunun kənarında hündür təpə üzərində 100 kv.m sahəsi olan dəyirmi formalı binada yerləşir. Muzeydə Naxçıvan şəhidlərinin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanları və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət 1800-dən artıq eksponat qorunub saxlanılır və nümayiş etdirilir.




Naxçıvan Dövlət Xalça Muzeyi - 1998-ci ilin aprelində təşkil olunmuş muzeydə Azərbaycanın bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları - mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Burada respublika xalçaçılarını sərgisi təşkil olunur, sənət adamları ilə görüşlər keçirilir və video lentə alınıb muzeyin fondunda saxlanılır.
Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir.
Muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb.
2013-cü ildə yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır.  http://xalca.nakhchivan.az/


Açıq Səma Altında Muzey - 2002-ci ildə Naxçıvan şəhərindəki "Əcəmi" seyrangahında təşkil olunmuş muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sənduqələrdən ibarət 450 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Möminə xatun türbə-muzeyi də fəaliyyət göstərir.







C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi -  Muzey 1966-cı ildə yaradılmışdır. Muzeyin 18 mindən artıq eksponatı var. Fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və  təsviri sənət nümunələri, qədim və  müasir kitablar, qəzet və  jurnallar, xatirə əşyaları və  digər muzey materialları mühafizə olunur.
Muzeyin Şərur rayonunda Cəlilkənd filialı fəaliyyət göstərir. Burada görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə aid sənəd, fotomateriallar və şəxsi əşyalar nümayiş etdirilir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi
Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır.
1787-1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş I Kalbalı xan tərəfındən Naxçıvan şəhərində Xan Sarayı tikdirilmişdir.
Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır.
Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 2500-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.


Dövlət Bayrağı Meydanı və Muzeyi
Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlamışdır. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Muzeydə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilmişdir.





Ev Muzeyləri - Muxtar respublikada Naxçıvan torpağında doğulmuş Azərbaycanın böyük şəxsiyyətlərindən yazıçı C.Məmmədquluzadə və M.S.Ordubadinin, romantik şair və dramaturq H.Cavidin, akademik Y.Məmmədəliyevin, hərbi xadim C.Naxçıvanskinin və rəssam B.Kəngərlinin ev muzeyləri fəaliyyət göstərir. Muzeylərdə onların həyat və fəaliyyətlərinin müxtəlif dövrlərinə aid eksponatlar, o cümlədən müxtəlif sənədlər, çap olunmuş əsərlər, fotoşəkillər, habelə xatirə əşyaları və s. materiallar nümayiş etdirilir.
2013-cü ildə Ordubad rayonunda "Gəmiqaya" Tarix-Bədii Qoruğu və muzey üçün binanın tikintisi, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yenidən qurulması, Naxçıvan şəhərində "Buzxana" tarix-memarlıq abidəsinin bərpası başa çatdırılmışdır.