Naxçıvan Muxtar Respublikasında mədəni maarif müəssisələri arasında kitabxanalar xüsusi əhəmiyyətə malikdir və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikasında cəmi 235 kitabxana - M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası, Naxçıvan Kitab Evi, şəhər və rayonlarda 8 mərkəzləşmiş kitabxana sistemi və onların tərkibində 224 filial kitabxanalar fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası - Muxtar respublikada ən böyük kitabxana və elmi-metodik mərkəzdir. Naxçıvan şəhər kitabxanası əsasında 1930-cu ildə yaradılmışdır. 1953-cü ildə kitabxanaya Məmməd Səid Ordubadinin adı verilmişdir. Kitabxananın fondunda 320 minə yaxın kitab və jurnal var. Böyük oxu zalı, dövri mətbuat zalı, komputer-internet zalı oxuculara xidmət edir. 18 min oxucusu var. Metodiki, kitabişləmə, kataloq, komplektləşdirmə, kütləvi, məlumat-biblioqrafiya, xidmət, kitabsaxlama, musiqi-not, kitabxanalararası abonement şöbələri, informasiya, mübadilə, qeydiyyat, depozitar səyyar bölmələri fəaliyyət göstərir. Kitabxana muxtar respublikanın ictimai-mədəni həyatında iştirak edir, oxucuların mənəvi-estetik tərbiyəsi ilə əlaqədar tədbirlər, elmi nəzəri seminarlar keçirir.
Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası - 2004-cü ildə Naxçıvan Dövlət Universiteti üçün müasir tələblərə cavab verən Elektron kitabxana tikilib istifadəyə verilmişdir. Kitabxananın fondunda 160 mindən artıq kitab var. Kitabxananın müasir tipli 4 oxu zalı, internet mərkəzi, sərgi bölməsi, dövri mətbuat fondu, cildxanası və s. mövcuddur.
A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası - Naxçıvan şəhər uşaq kitabxanası əsasında 1960-cı ildə yaradılmışdır. Fondunda 175 mindən artıq çap vahidi vardır. Kitabxanada iki oxu zalı, müxtəlif profilli 3 dərnək fəaliyyət göstərir. Kitabxananın 8500-dən artıq oxucusu var. Kitabxana muxtar respublikanın məktəb kitabxanaları ilə əlaqə saxlayır, onlara əməli metodik köməklik göstərir.
Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evi - 2005-ci ildə istifadəyə verilmiş Kitab Evi bədii, elmi, siyasi ədəbiyyatların, məktəb ləvazimatlarının və məktəbli formalarının kompleks satışı üzrə formalaşan ilk ticarət mərkəzi olmaqla bərabər burada eyni zamanda, məktəbli və yeniyetmələrin mənəvi-vətənpərvərlik tərbiyəsi ilə əlaqədar tədbirlər, oxucu konfransları, yaradıcı ziyalılarla görüşlər, yeni kitabların ictimai müzakirəsi keçirilir.