Kənd təsərrüfatı

Naxçıvan Muxtar respublikasının əhalisinin əksəriyyəti (təxminən 70 faizi) kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Hazırda muxtar respublikada il ərzində yaradılan əlavə dəyərin orta hesabla üçdə bir hissəsi kənd təsərrüfatının payına düşür.
Azərbaycanda ilk dəfə olaraq torpaq islahatının Naxçıvanda keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi, burada digər sahələrlə müqayisədə kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaratmışdır. Bu dövr ərzində əldə olunmuş müsbət meyilli dəyişikliklərin dinamikliyini təmin etmək, qarşıya çıxan problemləri aradan qaldırmaq məqsədilə müvafiq qanun və fərmanlar qəbul edilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı əsasən intensiv amillər hesabına təmin olunur. Yüksək məhsuldarlığı olan toxum sortlarının, gübrələrin dövlət dəstəyi ilə alınaraq torpaq mülkiyyətçilərinə çatdırılması, suvarma sistemlərinin müntəzəm olaraq təkmilləşdirilməsi və ya yenidən qurulması, ən müasir texniki avadanlıqların lizinq yolu ilə fermerlərin istifadəsinə verilməsi və digər bu kimi tədbirlər kənd təsərrüfatı istehsalının artımına əhəmiyyətli təsir göstərmişdir. 100 milyon kubmetr tutumu olan Heydər Əliyev su anbarının ölkə prezidentinin himayəsi ilə tikilib istifadəyə verilməsi nəticəsində 16 min 800 hektara yaxın sahənin suvarılması təmin olunmuş, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir.
Hazırda muxtar respublikada həyata keçirilmiş aqrar islahatların nəticəsində özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşması prosesinin ilk mərhələsi başa çatdırılmışdır. Qeyd olunan proseslərin keyfiyyətcə daha yüksək mərhələyə keçidini, müasir tipli aqrar-sənaye sektorunun formalaşmasını təmin etmək məqsədilə sistemli tədbirlər görülməkdədir. Bu mühüm tədbirlərdən mütəşəkkil ticarətin təşkilinin dövlət tərəfindən dəstəklənməsi, əsas ərzaq məhsullarının zəruri səviyyədə istehsal olunmasına şəraitin yaradılması, yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət mexanizminin tətbiqi və ərzaq bazarında ekoloji, sanitar, baytar və fitosanitar tələblərinə cavab verməyən məhsul və xidmətlərin qarşısının alınması, kənd təsərrüfatı məhsullarının ixracına dövlət himayəsi və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə güzəştli kreditlərin, lizinq obyekti olan texnikaların verilməsi hazırda daha çox önəm verilən istiqamətlərdəndir.
17 sentyabr 2008-ci il tarixdə təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir.
Naxçıvan Muxtar Respublikasında iqlim şəraiti və torpaq xüsusiyyətləri, eyni zamanda daxili tələbat nəzərə alınaraq əkinçilik həmişə ön planda olmuşdur. Muxtar respublikada taxılçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilmiş, taxıl əkinçilərinə kreditlər verilmişdir.
Muxtar respublikada bitkiçiliklə yanaşı heyvandarlığın inkişafı sahəsində də bir sıra mühüm işlər görülmüş, mal-qaranın alınması və saxlanmasına yardım məqsədilə heyvandarlıqla məşğul olan fermerlərə banklar və digər kredit təşkilatları tərəfindən müxtəlif kreditlər verilmişdir.
Digər tərəfdən baytarlıq xidmətlərini müasir tələblər səviyyəsində təşkil etmək məqsədilə bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Bütün bunlar heyvandarlığın inkişafına öz müsbət təsirini göstərməkdədir.
Son illər muxtar respublikanın kənd təsərrüfatında quşçuluq, arıçılıq və balıqçılıq öz inkişafı ilə fərqlənən sahələrdəndir. Naxçıvanda bu sahələrlə bağlı ənənələrinin mövcudluğu və yaradılan münbit şərait göstərir ki, gələcəkdə bunlar ən perspektivli sahələrdən olacaqdır.
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılmış və 2021-ci ilin məhsulu üçün 32721 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31824 hektarı payızlıq, 897 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 20930 hektarında buğda, 11791 hektarında isə arpa əkilmişdir. 2021-ci ildə taxıl zəmilərindən 103 min 372 ton məhsul tədarük edilmişdir. Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur. Əkin sahələrindən 54689 ton kartof yığılmışdır. 2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur. 2021-ci ildə əkin sahələrindən 94,3 ton qurudulmuş tütün tədarük edilmişdir. Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ildə də diqqətdə saxlanılmış, 72 heyvandarlıq təsərrüfatının yaradılması,15 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 22 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. 2021-ci ildə muxtar respublikada diri çəkidə 30228,9 ton ət, 88564,1 ton süd istehsal olunmuşdur ki, bu da 2020-ci illə müqayisədə 3,5 və 1,4 faiz çoxdur. Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Muxtar respublikada strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizatın formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarı qısamüddətli mənfi təsirlərdən qorumaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 14 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır.