Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycan Respublikasının iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Sovet İttifaqının iqtisadi-siyasi sisteminin tənəzzül etməsiylə yaranmış xaotik vəziyyət artıq geridə qalmış, ölkədə sosial-siyasi sabitlik bərqərar olunmuş, iqtisadi inkişaf dövrü başlanmışdır.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir. Ölkə prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixdə imzaladığı fərmanla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmişdir. Digər tərəfdən iqtisadiyyatın bütün sahələrində inkişafa istiqamətlənmiş tədbirlərin ayrı-ayrı dövlət proqramları çərçivəsində həyata keçirilməsi ümumi nəticədə səmərəliliyi xeyli artırmışdır. Belə proqramlardan 2004-2008-ci illəri əhatə edən 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ümumiqtisadi inkişafın mərkəzlə yanaşı regionlara doğru istiqamətlənməsində müstəsna əhəmiyyət kəsb etmişdir.
Regionların investisiya potensialından tam və kompleks şəkildə istifadə olunması, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələrinin yaradılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin təhsil, səhiyyə və digər sosial təminatlarının daha da yaxşılaşdırılması tədbirləri ölkənin iqtisadi və ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın qorunması, onun idxaldan asılılığının minimuma endirilməsi və bir sıra bu kimi strateji dövlət maraqlarına xidmət edir.
Ötən dövr ərzində ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda regionların rolunun yüksəldilməsi, iqtisadiyyatın sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Qeyd olunan ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. İşğalçı Ermənistan Respublikasının Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir.
Azərbaycan Respubliksaının iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan Muxtar Respublikasının ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunmuşdur. Lakin o, özünün çoxsahəli strukturu ilə fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq hesabına təmin etmək zərurəti ilə izah olunur.
Naxçıvan Muxtar Respublikası inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilmiş, torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır.
Muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə məqsədli proqramlar hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının icrasını təmin etmək, Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən və yerli şəraitdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə 9 iyun 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)" təsdiq olunmuş və icrası uğurla reallaşdırılmışdır.
Muxtar respublika iqtisadiyyatının səmərəli strukturunun formalaşdırılması məqsədilə elmi əsaslara söykənən idxal-ixrac siyasətinin həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkarlığın inkişafına, son məhsul istehsalının artırılmasına, daxili bazarın əsasən yerli istehsal məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə əsasında istehsal potensialının gücləndirilməsinə iqtisadi stimul yaradılmışdır. Sosial-iqtisadi inkişafa bu cür kombinə edilmiş yanaşma, elmi nəzəriyyəyə və təcrübəyə söykənən konsepsiya əsasında həyata keçirilən köklü islahatlar və irimiqyaslı quruculuq proseslərinin nəticələri muxtar respublika iqtisadiyyatında və sosial sahədə əldə edilmiş yüksək inkişaf templərinin qorunub saxlanılmasına və daha da yüksəldilməsinə təminat verir.
Azərbaycan Respublikasının Prezidenti əldə olunmuş iqtisadi tərəqqinin davamlılığını təmin etmək, mövcud təbii ehtiyatlardan və əmək potensialından səmərəli istifadənin təşkilini həyata keçirmək məqsədilə 2014-cü il fevralın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etmişdir. Üçüncü Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının da inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
1991-2001-ci illər ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın yarandığı 1924-cü ildən 1991-ci ilədək - yəni 67 il ərzində əldə olunanları xeyli üstələyir.
2015-ci ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 2 milyard 467 milyon 422 min 400 manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 2,1 faiz artaraq 5581,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 61,8 faiz təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat vəsait ayrılmışdır.
Muxtar respublikada pozitiv meyillərlə səciyyələnən bu sosial-iqtisadi fəallığın təməlində iqtisadi inkişafın sosial yönümlü olması, hər bir vətəndaşın iqtisadi və sosial inkişafda iştirakından asılı olaraq maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması, əsassız məhdudiyyətlərin aradan götürülməsi, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təminatı üçün aparılmış kompleks işlər dayanır.
Naxçıvanda 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 552 milyon manatdan çox olub. Bu dövrdə sənaye məhsulunun həcmi 593,9 milyon manat, kənd təsərrüfatı məhsulu 358,4 milyon manat, informasiya və rabitə xidmətlərinin həcmi 34,2 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 178,2 milyon manat, orta aylıq əməkhaqqı isə 689,0 manat təşkil edib.
2023-cü ildə büdcə gəlirlərində qeyri-dövlət sektorunun payı 55,7 faiz, vergi daxilolmalarında isə 62,4 faiz təşkil edib. Sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib ki, bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına və 3,5 faizi isə xidmət sahələrinə yönəldilib. Muxtar respublika iqtisadiyyatında kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib, 2023-cü ildə qeydiyyatda olan KOB subyektlərinin sayı 2022-ci illə müqayisədə 26 faiz artıb.
daşınmaz əmlakın şəffaf idarə edilməsi nəticəsində 2023-cü ildə bağlanmış icarə müqavilələrindən büdcəyə daxilolmalar 7,7 faiz, daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatı 43,6 faiz, dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar ötən illə müqayisədə 2,2 dəfə artıb. Muxtar respublikada sahibkarların dövlət satınalmalarında aktiv iştirakı ilə rəqabətlilik təmin edilib. 2023-cü ildə 531-dən çox müsabiqə əsaslı satınalma həyata keçirilib, satınalmalarda ehtimal olunan qiymətin 16 faizinə qənaət olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinə dair sərəncamı proqramın əsas qayələrindən birinin sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirmək olması öz əksini tapmışdır.