Sənaye

Naxçıvan Muxtar Respublikasında yüksək nailiyyətlərin əldə olunduğu sahələrdən biri də sənayedir.
Naxçıvan Muxtar Respublikasının sənayesi tarixən Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuşdur. Əsasən yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə XX əsrin ortalarından başlayaraq daha intensiv inkişaf  yoluna qədəm qoymuşdur. Azərbaycanda istehsal edilən daş duzun, molibdenin, sink və qurğuşunun hamısı, mineral suların əsas hissəsi, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə, mürəbbə konservlərinin böyük bir hissəsi muxtar respublikanın payına düşür. 
Naxçıvan Muxtar Respublikası sənaye məhsulu istehsalının artım tempinə görə, sənayenin ümumi məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə və hazır məhsul qalığının minimum həddə olmasına görə Azərbaycan Respublikasının 10 iqtisadi rayonu arasında ilk yerdədir.
Yaradılan münbit sahibkarlıq mühiti öz növbəsində yeni hüquqi və fiziki şəxslərin yaranması, sənayedə fəal təsərrüfat subyektlərinin sayının artması proseslərini xeyli dərəcədə sürətləndirmişdir. Sənaye potensialının müntəzəm əsasda gücləndirilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər öz bəhrəsini verməkdədir.
Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 63 milyon 746 min manatlıq, qeyri-dövlət sektorunda isə 799 milyon 124 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
Muxtar respublikada son illərdə çörək-bulka məmulatı, un, ət və süd məhsulları, quş əti, makaron, çay, qənd, duz, şirniyyat, meyvə şirəsi, spirtli içkilər, pasterizə edilmiş və qablaşdırılmış bal, qovrulmuş və paketlənmiş kənd təsərrüfatı məhsulları, mineral sular, dekorativ daşlar, travertin üzlük daşlar, plastik materiallar, əhəng, gəc, mərmər, müxtəlif çeşidli mebellər, metal, çuğun və əlvan metal emalı və sair məhsulların istehsalı ilə məşğul olan sənaye müəssisələri istifadəyə verilmişdir. 
Naxçıvanda faydalı qazıntı hasilatı xüsusi yer tutur. Sənaye əhəmiyyətli daş duz, dolomit, travertin, tuf, mərmərləşmiş əhəngdaşı, gips, gil, qum, mergel, sink-qurğuşun, molibden, miss-molibden, qızıl və mineral sular kimi zəngin təbii sərvətlərə malik muxtar respublikada müxtəlif növ tikinti materiallarının, o cümlədən dəmir-beton, kərpic, travertin, mərmər və sair məhsulların istehsalının genişləndirilməsi və istehsal olunmuş məhsulların dünya bazarına çıxarılması üçün əlverişli şərait mövcuddur. Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. 2021-ci ildə muxtar respublikada 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir. Sənaye məhsulu istehsalının 94,6 faizi malların, 5,4 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil etmişdir. 2021-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 52 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında 2021-ci il 24 noyabr tarixdə Sərəncam imzalanmışdır. Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilmişdir

İllər İstehsal olunmuş sənaye məhsulu, min manat Əvvəlki ilə nisbətən, faizlə (müqayisəli qiymətlərlə)
2005 41207,3 156,2
2006 70443,6 164,2
2007 122679,5 166,0
2008 164451,9 126,7
2009 212469,1 124,5
2010 318564,8 144,4
2011 680921,2 2,1
2012 799492,4 115,7
2013 862870,5 106,3
2014 891486,4 102,5
2015 916817,9 102,0
2016 942944,7 101,7
2017 967060,0 101,4
2018 990067,0 101,3
2019 1014971,5 101,4
2020 1040475,9 101,4
2021 1069655,9 101,5