ERMƏNİSTAN RESPUBLİKASININ PREZİDENTİ ROBERT KOÇARYANLA
GÖRÜŞÜ
11 oktyabr 1999-cu il
Naxçıvan MR-nın Sədərək rayonu ərazisində, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Azərbaycan prezidenti Heydər Əliyevin və Ermənistan prezidenti Robert Koçaryanın təkbətək görüşü olmuşdur.
İki saatdan artıq davam edən görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələləri ətraflı müzakirə edilmişdir. Prezidentlər münaqişənin sülh yolu ilə həlli məsələsini ATƏT-in və onun Minsk qrupu həmsədrlərinin fəaliyyətini nəzərdən keçirmiş və bu fəaliyyətin indi də davam etdirildiyini vurğulamışlar.
Söhbət zamanı belə görüşlərin faydalı və səmərəli olduğunu bildirən prezidentlər münaqişəni sülh yolu ilə həll etmək üçün hər iki tərəfin milli mənafelər naminə konstruktiv mövqe tutmasının və qarşılıqlı kompromislərə getməsinin lazım olduğunu bildirmişlər.
Hər iki dövlət başçısı belə görüşləri davam etdirməyin vacibliyini qeyd etmişlər.
* * *
Görüş başa çatdıqdan sonra Azərbaycan və Ermənistan prezidentlərinin
kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinqi
R o b e r t K o ç a r y a n (jurnalistləri göstərərək Azərbaycan prezidenti Heydər Əliyevə dedi):
Səbirsizliklə gözləyirlər, biz deyək ki, bütün problemlər həll olunub və ilaxir.
Görüşlər lazımdır. Biz bütün məsələlər kompleksini müzakirə etdik. Mən deməliyəm ki, nizamlamaya doğru irəliləmək asan deyil, çoxlu problemlər var. Deməliyəm ki, bugünkü görüş indiyədək görülmüş işləri bir qədər yekunlaşdırdı. Təəssüflər olsun, yenə də deməyə məcburam ki, indiki halda biz təfsilat barədə danışa bilmərik. Ancaq, zənnimcə, yaxın vaxtlarda siz daha ətraflı məlumat alacaqsınız.
Hesab edirəm, bir cəhət də çox mühümdür ki, biz bir-birimizlə görüşmək üçün Cenevrəyə, yaxud daha harayasa getmir, sərhəddə görüşürük. Heydər Əliyeviçin söylədiyi kimi, bura bir vaxtlar iki respublikanın rəhbərlərinin görüş yeri idi, burada hətta mitinqlər də keçirilirdi. Hələlik bu qədər deyə bilərəm.
H e y d ə r Ə l i y e v: Bax, bu yerdə erməni və Azərbaycan xalqlarının mitinqini keçirirdik.
Mən prezident Koçaryanın dedikləri ilə tamamilə razıyam. Biz bu problemi kifayət qədər ətrafli təhlil etdik. Siz bilirsiniz ki, münaqişə uzun müddətdir davam edir, on iki il bundan öncə meydana çıxmışdır, müxtəlif mərhələlərdən keçibdir. Bir çox beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilati da, ATƏT də bununla məşğul olublar, 1992-ci ildən ATƏT-in Minsk qrupu bu işlə məşğul olur. Yeri gəlmişkən, Minsk qrupunun həmsədrləri indi bu işlə məşğuldurlar.
Müxtəlif təkliflər, müxtəlif variantlar olub, amma bunlar bizi heç cür razılığa gətirə bilməmişdir. Məsələnin sülh yolu ilə həlli imkanlarını tapmaq üçün biz prezident Robert Koçaryanla bir daha ətraflı götür-qoy etdik, müzakirə etdik.
Əlbəttə, münaqişə mürəkkəbdir, çox vaxt keçib, asanlıqla, bir dəfəyə razılığa gəlmək mümkün deyildir. Ancaq mən hesab edirəm ki, bizim sonuncu görüşlərimiz, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri faydalı olmuşdur. Bəlkə də əvvəlcə, biz bu dialoqa başlayanda, məsələnin həlli üçün belə faydalı əməkdaşlıq edə biləcəyimizi təsəvvür etmək çətin idi.
Biz çox şeyi nəzərdən keçirdik. Amma qərarlara gəlib çatmaq üçün yenə vaxt lazımdır, yenə görüşlər, yenə danışıqlar lazımdır. Əlbəttə ki, qarşılıqlı kompromislər lazımdır. Qarşılıqlı kompromislər olmadan bu məsələni həll etmək çətin ki, mümkün olsun. Robert Setrakoviç, mən düşünürəm ki, kim hansı kompromislərə gedə bilər. Bir sözlə, bizim görüşlərimiz hələ davam edəcəkdir.
Mən razıyam. Bu gün bundan artıq çətin ki, bir şey deyə bilək. Diqqətinizə görə sağ olun. Sağ olun ki, buraya gəlmisiniz. Mən Ermənistandan gələnləri, ilk növbədə prezident Robert Koçaryanı və onun nümayəndə heyətini burada, Azərbaycan torpağında salamlayıram. Ermənistandan gəlmiş mətbuat nümayəndələrini salamlayıram və bu problemə, bizim görüşümüzə göstərdikləri diqqətə görə bütün jurnalistlərə - Ermənistan və Azərbaycan jurnalistlərinə təşəkkür edirəm.
R o b e r t K o ç a r y a n: Mən bir-iki kəlmə əlavə etmək istəyirəm. İki prezidentdən biri kompromislər barədə danışdı. Mən də deməliyəm ki, bəli, biz əsasən məhz kompromislərin dərəcəsini, başqa sözlə, danışıqlar prosesində bir-birimizə yaxınlaşmağı müzakirə etdik. Nizamlama da elə bu deməkdir. Yoxsa, elə çıxar ki, prezident Əliyev kompromislər barədə dedi, prezident Koçaryan isə yox. Ona görə də deyilənlərlə razıyam və əlbəttə ki, qonaqpərvərliyə görə təşəkkür edirəm. Amma bilmirəm, bizə qoyun veriblər, ya yox?
H e y d ə r Ə l i y e v: Qoyun çoxdur, çünki mən buraya gələndə yolda çoxlu qoyun kəsirdilər. Hesab edirəm ki, bax, elə buradaca qoyun kəsib bizə kabab verə bilərlər, onda biz qəti razılığa gələrik.
R o b e r t K o ç a r y a n: Gələn dəfə səhər yeməyi, nahar, yaxud şam yeməyi lazımdır. Bura mənim xoşuma gəldi.
H e y d ə r Ə l i y e v: Bəli, bu mümkündür. Bura yaxşı yerdir. Görüşü burada təşkil edənlər sağ olsunlar, şərait yaxşıdır. Onu da deyə bilərik ki, bu otaq Cenevrədə görüşdüyümüz otaqdan pis deyildir. Sizin maşınınız buradadır?
R o b e r t K o ç a r y a n: Bəli.
H e y d ə r Ə l i y e v: Sağ olun, yaxşı yol, xudahafiz.