YEKUN NİTQİ
- Mən bu gün bizim görüşümüz başlayanda da dedim. Bir də demək istəyirəm ki, bu gün burada bu müşavirəni keçirməyimin məqsədi ondan ibarətdir ki, Naxçıvan hava limanını yenidən inşa edəcəyik. Orada olan bina, zolaqlar hamısı ləğv olunacaq, yeni bir şey yaranacaqdır. Təbiidir ki, bu, böyük hadisədir və bu, Naxçıvan üçün lazımdır. Ona görə də mən bunu nəzərə aldım. Mən konsernin baş direktorunu dinləmişəm, hesab etdim ki, sizinlə bir yerdə ikinci dəfə də dinləyim və fikirlərinizi öyrənim.
Mən görürəm ki, siz bunu bəyənirsiniz. Elədirmi? Bəlkə istəmirsiniz?
Vasif TALIBOV: Bəli, istəyirlər.
Heydər ƏLİYEV: Siz bunu bəyənirsiniz və Talıbovun dediyinə görə, təşəkkür edirsiniz. İndi siz bəyənsəniz də, bəyənməsəniz də mən bu qərarı qəbul etmişəm və bunu edəcəyəm.
Əsgərov deyir ki, sentyabrın 1-dən işə başlanmalıdır. Mən buna ауrı baxacağam. Yəqin ki, bu razılığı verəcəyik. Çünki bütün başqa məsələlərə Bakıda bir də baxacağam. Sən söz verdin ki, 2003-cü ilin sonunda hava limanı tamam hazır vəziyyətdə təhvil veriləcəkdir.
Cahangir ƏSGƏROV: Bəli, tamam hazır vəziyyətdə istismara veriləcəkdir.
Heydər ƏLİYEV: Biz də birlikdə bunun açılışında iştirak edərik və Naxçıvanın beynəlxalq hava limanı olar.
İndi Naxçıvana bizdə "TU-154" təyyarələri işləyir, sərnişinləri daşıyır. Ancaq mənim fikrim var ki, iki ədəd yeni "TU-154" təyyarəsi alaq. Mən bunu sənə bir dəfə demişəm.
Cahangir ƏSGƏROV: Bəli, cənab prezident.
Heydər ƏLİYEV: Çünki indi istifadə olunan təyyarələr köhnəliblər. Bir də, ümumiyyətlə, gərək təyyarələrin sayını artıraq. Çünki gələcəkdə uçuşlar çox olacaqdır. Onun da xərci çoxdur. Biri 15 milyondur?
Cahangir ƏSGƏROV: Bəli, cənab prezident.
Heydər ƏLİYEV: Təyyarənin biri 15 milyon dollardır, indi bazar iqtisadiyyatıdır. Gərək bu pul qazanılsın ki, təyyarə ala bilsin. Amma bizim konsern qazandığı pulları aldığı kreditlərə, filana verir. Çünki Bakıda hava limanını tikmək üçün kredit götürmüşdük. "Boinq" təyyarələri almışıq, indi bir çox ölkələrə uçur. Bu da böyük bir hadisədir ki, sərnişinlərimiz artıq "Boinq" təyyarəsi ilə uçurlar. Bakıdakı hava limanı beynəlxalq hava limanıdır, onun binasını da görmüsünüz. Bəzən görürsən ki, dünyanın ən böyük şəhərlərində elə bir bina yoxdur. Bilirsiniz ki, 1981-ci ildə mən Azərbaycanda işləyəndə onun bütün layihəsini hazırlatmışdım və onun inşaatına başladım.
Moskvada mülki aviasiya naziri Buqayev var idi, biz bunu onların pulu, vəsaiti ilə tikirdik. Yadımdadır, bir neçə dəfə onu Bakıya gətirmişdim, həmin layihəyə, işin gedişinə baxmışdıq. Ancaq mən Azərbaycandan getdim. Qayıdıb gələndə gördüm, necə qoyub getmişəmsə, eləcə də qalıbdır. Burada da işləyəndə gedirdim, baxırdım, ürəyim yanırdı ki, niyə belədir. Ancaq bu işi başa çatdırmaq yenə mənə nəsib oldu. Mən onu etdim. İndi yenə də deyirəm, Azərbaycanın beynəlxalq hava limanı var.
Ümumiyyətlə, hava limanı hər bir ölkənin giriş qapısıdır. İndi ölkələr arasındakı əsas nəqliyyat növü təyyarələrdir. Ona görə hava limanının səviyyəsi, о ölkəyə gələn yeni adama, yaxud dəfələrlə gələn adama göstərilən xidmət, о adamların rahat gəlib keçməsi həmin ölkə haqqında fikir yaradır. Mən çox məmnunam ki, bizim hava limanımız belə yüksək səviyyədə neçə ildir istismar olunur, yaxşı səviyyədədir. Amma mən bunun əsasını 1981-ci ildə qoymuşdum.
İndi Naxçıvanda da beynəlxalq hava limanı yaradırıq. Yenə də deyirəm, təyyarələr köhnəlibdir. Amma siz onu vaxtında təmir edirsiniz.
Cahangir ƏSGƏROV: Bəli, cənab prezident, təhlükəsizliyi təmin edirik.
Heydər ƏLİYEV: Təhlükəsizliyi təmin edin. Bilirsiniz, bu xətdə Allah eləməmiş, bir şey olsa, ondan sonra... Başa düşürsən?
Cahangir ƏSGƏROV: Başa düşürəm.
Heydər ƏLİYEV: Bu, təkcə konsernə aid deyil, sizə də aiddir. Təkcə konserndən asılı deyil ki, hava limanında nə cür xidmət edirlər. Siz gərək orada xidmətin keyfiyyətini artırasınız. Xüsusən, indi orada iş gedəcəkdir. İş gedəndə çox adam cəlb ediləcəkdir. Yerli adamlar maksimum cəlb olunmalıdır.
Cahangir ƏSGƏROV: Cənab prezident, bizim layihələrlə görülən işlərə maksimum cəlb olunurlar.
Heydər ƏLİYEV: Ancaq lazım olan mütəxəssislər kənardan gələcəkdir. Qalan hamısı yerli adamlar cəlb olunmalıdır ki, onlar üçün yeni iş yerləri açılsın. Amma belə bir şəraitdə orada rejimi saxlamaq daha da çətin olacaqdır. Siz gərək bunu biləsiniz və lazımi tədbirlər görəsiniz.
Beləliklə, yenə deyirəm, bu, mənim planımda var. İndi hələ bunu fikirləşirəm, nə cür edək. Çünki vəsait tapmaq lazımdır ki, Naxçıvana işləməsi üçün iki ədəd "TU-154" təyyarəsi alaq. Bununla da Naxçıvan əhalisinin nəqliyyat tələbatını daha da yüksək səviyyədə ödəyək.
Demək, bu gün mən sizin yanınızda bu qərarı qəbul edirəm. Mən Bakıda, sadəcə, layihənin bəzi hissələrinə baxacağam, onun maliyyələşdirmə məsələsi barədə təkliflərə baxacağam. Çünki bunlar sizin işiniz deyil, bizim işimizdir. Bir halda ki, Əsgərov deyir sentyabrın 1-dən başlamaq lazımdır, demək, başlamaq lazımdır. Siz öz işlərinizi görün, nə lazımdırsa, bu günlərdə baxıb həll edəcəyik.
Yaxşı, sağ olun. Hesab edirəm, bu gün böyük bir iş gördük.
Cahangir ƏSGƏROV: Cənab prezident, icazə verin hava limanının maketini Vasif müəllimə hədiyyə edim.
Heydər ƏLİYEV: Bunu Vasif müəllimə hədiyyə ver, iş otağına qoysun və gündə ona baxsın. Sağ olun.
AzərTAc