Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə giriş nitqi söyləmişdir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ ZAMANI VAYXIR SU ANBARININ TİKİNTİSİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ GİRİŞ NİTQİ

Naxçıvan şəhəri

13 avqust 2002-ci il

Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən bu dəfə Naxçıvana gələndə bəyan etdim ki, Naxçıvanda bir neçə böyük problemlərin həll edilməsi ilə məşğul olacağam. Görürsünüz ki, ayın 10-da buraya gələndən bunu edirəm. Bu problemlərdən biri Naxçıvan Muxtar Respublikası üçün çox böyük əhəmiyyəti olan Vayxır su anbarının tikilib başa çatdırılması və layihəyə uyğun olaraq istismara verilməsidir. Güman edirəm ki, bunu dəfələrlə burada müzakirə etmisiniz, keçmişdə də müzakirə edilibdir. Onun əhəmiyyəti sizə yaxşı məlumdur, izah etməyə ehtiyac yoxdur.

Hələ 1981-ci ildə onun layihəsi hazırlanmışdır. Ancaq belə bir su anbarının yaranması haqqında qərarı biz Azərbaycanda bundan bir neçə il öncə qəbul etmişdik. Yəni belə böyük tikintiləri biz özümüz həll edə, onları öz vəsaitimizlə inşa edə bilmirdik. Bunlar Azərbaycanın büdcəsinə daxil ola bilmirdilər. Bunların hamısını biz o vaxtlar ümumittifaq büdcəsindən və ümumdünya iqtisadiyyatının müxtəlif sahələrindən istifadə edərək həyata keçirirdik. Ona görə Vayxir su anbarının tikilməsinin ideyası çoxdandır və bu işin görülməsi haqqında da hələ xeyli zaman layihə işlərinə başlanmamışdan əvvəl biz lazımi qərarlar qəbul etmişdik. Nəhayət, 1981-ci ildə bu, layihələşdirildi, 1982-1983-cü illərdə inşaat işlərinə başlandı. Ancaq indi 2002-ci ildir, 20 il keçib, bu, yarımçıq qalıbdır. Təbiidir ki, indi zamanı gəlib, yəqin bizim imkanlarımız buna şərait yaradır ki, bu böyük layihəni tamamilə həyata keçirək.

Naxçıvan Muxtar Respublikasının həyatında bu, indi də böyük rol oynayır. Amma inşaat işləri tam qurtarandan sonra böyük rolu olacaqdır, kənd təsərrüfatı istehsalını artıracaqdır. Ümumiyyətlə, Naxçıvanın su təminatı məsələsi biryolluq həll olunacaqdır. Ona görə də mən bu layihənin həyata keçirilməsini öz nəzarətimə götürdüm. Amma gördüm ki, bu məsələ mənim nəzarətimlə həll olunmur. Təşəbbüsü öz üzərimə götürdüm ki, bu barədə lazımi tədbirlər görüm.

Dünən mən su anbarında, bənddə oldum. Ondan əvvəl mən baş nazirin müavini Şərifovu, sizin naziri, başqa mütəxəssislərimizi oraya göndərmişdim. Onlar o işlərlə məşğul olmuşdular. Dünən axşamçağı mən də orada oldum. İşlərlə yerində tanış oldum, orada kiçik bir müzakirə apardıq. İndi isə mən istəyirəm ki, bu məsələni burada müzakirə edim. Yəni o mənada ki, tapşırıqlarımın yerinə yetirilməsi haqqında mənə məlumat verilsin. Sizinlə birlikdə baxaq, görək bu gələcək proqramı nə cür tərtib edəcəyik və onu nə cür həyata keçirəcəyik.

Mən indi bu salona girərkən bir şey xatirimə gəldi. Bir anlığa düşündüm ki, bəlkə mən elə 1993-cü ildən buradan getməmişəm, buranın Ali Məclisinin sədriyəm. Çünki o vaxtlar biz bu salonda tez-tez toplaşırdıq, sessiyalar, iclaslar keçirirdik. Dünən birinci dəfə alimlərlə, bu gün də ikinci dəfə buraya daxil olanda elə bildim ki, həmin o dövrdür və mən də həmin vəzifədəyəm. Amma həqiqətən belə deyildir. Mən sadəcə, indi bu salondan istifadə edirəm. O vaxt xatirinizdədir, yoxsa, yox? Yoldaş Vasif Talıbov, deyəsən, bunlar yadlarından çıxarıblar.

Vasif Talıbov: (Naxçıvan MR Ali Məclisinin sədri): Cənab prezident, çoxunun xatirindədir.

Heydər Əliyev: Biz bu masanın arxasında nə qədər günlər, dəqiqələr keçirmişik. Bizim nə qədər ağır günlərimiz, gecələrimiz olubdur. Ona görə bu bina, bu salon hesab edirəm ki, böyük tarixə malikdir.