NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 75 İLLİK YUBİLEYİ ÜZRƏ
DÖVLƏT KOMİSSİYASININ İCLASINDA GİRİŞ NİTQİ
Prezident sarayı
9 fevral 1999-cu il
Hörmətli xanımlar və cənablar!
Naxçıvan Muxtar Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə mən fərman imzalamışam. Bu fərmanla da muxtar respublikanın 75-ci ildönümü yubileyini hazırlamaq və keçirmək üçün dövlət komissiyası yaranıbdır. Biz bu gün dövlət komissiyasının birinci iclasına toplaşmışıq.
Naxçıvan Azərbaycanın qədim diyarıdır, ayrılmaz bir hissəsidir. Ancaq bu əsrin 20-ci illərinin əvvəlində Azərbaycanın və Azərbaycanla qonşu olan ölkələrin sərhədləri müəyyən edilərkən Azərbaycana qarşı bir çox ədalətsizliklər olubdur. Bu qədim Azərbaycan torpaqlarının bir qismi Azərbaycanın təyin edilmiş, müəyyən olunmuş sərhədlərindən kənarda qalıbdır və xüsusən qonşu Ermənistana verilibdir.
Biz hələ 1918–1919-cu illərdə Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyskinin məktubu ilə İrəvan xanlığının, İrəvanın Ermənistana verilməsini görürük. Sovet hakimiyyəti qurulduqdan sonra bu proses davam edibdir. Bunun nəticəsində, o cümlədən Zəngəzur mahalı Ermənistana verilibdir. Baxmayaraq ki, bu, qədim Azərbaycan torpağıdır. Bu da Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın ərazisini bir-birindən ərazicə ayırıbdır.
Ancaq eyni zamanda, o dövrdə Azərbaycanın mənafeyini qoruyanlar çox olublar, onlar çox mübarizə aparıblar. Bunların nəticəsində beynəlxalq müqavilələr – Moskva və Qars müqavilələri ilə Naxçıvan Azərbaycanın tərkibində, Azərbaycanın ayrılmaz bir hissəsi kimi təsdiq edilibdir. Ona görə də 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaranıbdır.
75 il ərzində Naxçıvana, Azərbaycanın başqa torpaqlarına yenə də qəsdlər olubdur. Ancaq bunların hamısına baxmayaraq, Naxçıvan ərazicə Azərbaycanın əsas hissəsindən indi Ermənistana məxsus olan ərazi ilə ayrı düşsə də, Naxçıvan yaşayıb, inkişaf edibdir. Nəhayət, indi müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikasının o tarixi şəraitdə yaranması, şübhəsiz ki, Azərbaycan üçün, xalqımız üçün tarixi bir hadisədir. Biz bunu qiymətləndirməliyik. Çünki Azərbaycanın torpaqlarına, xüsusən Ermənistan tərəfindən iddia həmin bu 75 il içərisində azalmayıbdır. O cümlədən Naxçıvan da Ermənistanın həmin bu iddiası içində olubdur. Ancaq Naxçıvan Muxtar Respublikasının yaranması və Azərbaycanın öz ərazisini qorumaq sahəsində qətiyyətli mövqe tutması bütün bu iddiaları – şübhəsiz ki, əsassız iddiaları rədd edibdir. Naxçıvan Muxtar Respublikası artıq 75 ildir ki, yaşayır və mən inanıram ki, bundan sonra da yaşayacaqdır.
Bütün bunlara görə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi böyük siyasi, beynəlxalq xarakter daşıyır. Bunlara görə də mən Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümünün qeyd olunması ilə əlaqədar geniş bir fərman imzalamışam. Fərman mətbuatda dərc olunubdur, siz onun məzmunu ilə tanışsınız. Siz görürsünüz ki, Naxçıvanın tarixi sxematik olaraq bu fərmanda öz əksini tapıbdır. Ancaq güman edirəm ki, biz Naxçıvanın 75 illik yubileyi münasibətilə geniş tədbirlər həyata keçirməliyik. Bu tədbirlərin həyata keçirilməsi zamanı Naxçıvanın qədim və son əsrlərdəki tarixi daha da geniş təhlil olunmalıdır, yazılmalıdır. Azərbaycana torpaq iddiası ilə yaşayanlara qətiyyətli cavab verilməlidir. Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, biz Naxçıvan Muxtar Respublikasının 75 illiyini artıq Azərbaycanın müstəqilliyi dövründə keçiririk.
Naxçıvan Muxtar Respublikasının yaranmasının yubileyləri olubdur. Xatirimdədir ki, onun 25 illik, sonra 40, 50 illik yubileylərinin çoxunda vaxtilə iştirak etmişəm. Ancaq indi müstəqil Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yubileyini keçirməsi heç də bir təntənə, şənlik məqsədi daşımır. Bu, böyük bir siyasi məqsəd daşıyır. Bir də ona görə ki, biz artıq müstəqil dövlət olaraq tariximizi düzgün, doğru, kənar təzyiqlərdən azad şəkildə özümüz müəyyən edirik və bu halda da müəyyən edirik, edəcəyik. Həm bu gün üçün, həm də gələcək nəsillər üçün Azərbaycanın tarixinin bir hissəsini bu müddətdə yaradıb həm öz ictimaiyyətimizə, həm dünya ictimaiyyətinə nümayiş etdirəcəyik, yenə deyirəm, həm də ki, gələcək nəsillər üçün bir əsas yaradacağıq. Bu yubileyin keçirilməsinin əsas məqsədi bundan ibarətdir.
Komissiyanın bugünkü iclasına yubiley tədbirlərinin həyata keçməsi ilə əlaqədar plan layihəsi təqdim edilibdir. Həmin layihə bu gün komissiyanın üzvlərinə verilibdir, yəqin siz onunla tanış olmusunuz. Ona görə də bu planın müzakirəsi, ümumiyyətlə, bu hadisə ilə əlaqədar imzalanmış fərmanın müddəalarının müzakirəsi ilə biz bundan sonra işimizin daha da düzgün qurulmasını təmin edə bilərik.