Naxçıvan Beynəlxalq hava limanının açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.

Naxçıvan Beynəlxalq hava limanının açılış mərasimi

2004, 12 may

AzərTAc-ın müxbirləri xəbər verir ki, mayın 12-də Naxçıvan beynəlxalq hava limanının təntənəli açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Əziz naxçıvanlılar!

Əziz bacılar və qardaşlar!

Əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Sizə öz dərin hörmətimi, dərin məhəbbətimi bildirirəm.

Bu gün həyatımızda çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Naxçıvan hava limanı istifadəyə verilir. Mən sizin hamınızı bu münasibətlə ürəkdən təbrik edirəm.

Bu hava limanı bütün yüksək dünya standartlarına cavab verir. Burada gözəl aerovağzal kompleksi, uçuş-enmə zolağı, digər infrastruktur obyektləri tikilmişdir və bunlar yüksək səviyyədə inşa olunmuşdur. Mən xatırlayıram ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bu tikinti ilə əlaqədar çoxlu müşavirələr, görüşlər keçirilmişdir və tikinti başlayanda da inşaat işləri daim onun nəzarəti altında idi. O, çox istəyirdi ki, Naxçıvan üçün gözəl, Naxçıvana uyğun, Naxçıvana yaraşan bir hava limanı tikilsin və insanlara xidmət etsin. Bu gün biz buna nail olmuşuq. Heydər Əliyevin əsəri - yeni Naxçıvan hava limanı öz qapılarını açır.

Bu gün çox gözəl bir gündür. Amma eyni zamanda, kədərli bir gündür. Çünki bizim hamımızın istəyi, arzusu o idi ki, ümummilli liderimiz Heydər Əliyev özü bu hava limanının açılışında iştirak etsin, özü bu qırmızı lenti kəssin və hava limanına öz xeyir-duasını versin. Amma onun səhhəti belə bir imkan yaratmadı.

Bu gün Azərbaycan Heydər Əliyevsiz yaşayır. Bu, bizim hamımız üçün böyük sınaqdır, hamımız üçün böyük imtahandır, hamımız üçün böyük kədərdir, dərddir. Amma bizə təskinlik verən odur ki, Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır, güclənir və bundan sonra da yaşayacaqdır.

Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı hərtərəfli inkişaf etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə alternativ siyasəti qəbul etmir və bizim gələcəkdə görəcəyimiz bütün işlərin uğurlu olması üçün bu, əsas şərtdir.

Bu hava limanı, eyni zamanda, Naxçıvanı digər yerlərlə, şəhərlərlə bağlayacaqdır. Azərbaycanın qədim torpağı Naxçıvan Azərbaycanın digər hissəsindən təcrid olunmuş vəziyyətdə, çətin blokada şəraitində yaşayır. Ona görə, əlbəttə, sərnişinlər üçün hava yolu yeganə rabitə vasitəsidir.

Bu gün səhər Bakıda Heydər Əliyevin adını daşıyan beynəlxalq hava limanının yerli hava xətləri üçün aerovağzal binası, terminalı açılmışdır. Biz o açılışda iştirak etmişik. O terminal da, əsasən, naxçıvanlılara xidmət edəcəkdir, Naxçıvanda yaşayan insanlara ən yüksək səviyyədə xidmət edəcəkdir. Eyni zamanda, digər şəhərlərlə birbaşa uçuşların təşkil olunması nəzərdə tutulur. Naxçıvan hava limanına beynəlxalq status verilibdir. Bu statusdan istifadə edib digər marşrutlar üzərində işləmək mümkün olacaqdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, yaxın zamanlarda, gələn il Azərbaycana yeni, müasir təyyarələrin alınması da nəzərdə tutulubdur. Xaricdə istehsal olunan yeni müasir təyyarələr gətiriləcəkdir ki, bu da Öz növbəsində, insanlarımıza çox yüksək səviyyədə xidmət göstərməyə imkan verir.

Ümumiyyətlə, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir. Bu, bizi çox sevindirir. Bizim hava yollarının fəaliyyəti yüksək səviyyədədir. Xəzər Dəniz Gəmiçiliyi çox böyük mənfəətlə, uğurla işləyir. Azərbaycan Dəmir Yolu İdarəsi uğurla işləyir, yeni avadanlıq, qatarlar alınır, bərpa işləri gedir. Azərbaycanda böyük avtomobil yollarının layihələri həyata keçirilir, yeni yollar salınır və yaxın zamanlarda Azərbaycanı bütün istiqamətlərə aparan yollar ən yüksək dünya standartlarına cavab verəcəkdir. Bu, çox mühüm bir amildir. Nəqliyyatın inkişafı ölkənin ümumi iqtisadi inkişafının göstəricisidir.

Bildiyiniz kimi, Azərbaycan son illər ərzində çox uğurla inkişaf edir, bu sahədə Azərbaycan bütün digər keçmiş sovet respublikalarını qabaqlayır. Azərbaycana böyük sərmayələr qoyulur, adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə, MDB və Şərqi Avropa məkanında birinci yerdədir. BÜtün bunlar Heydər Əliyevin siyasətinin nəticəsidir. Azərbaycanda son illər ərzində aparılan siyasi, iqtisadi, sosial islahatların nəticəsidir.

Bu gün Azərbaycan çox inamla irəliyə gedir. Azərbaycanın çox gözəl perspektivləri vardır. Azərbaycanda insanların sosial vəziyyəti ildən-ilə yaxşılaşır, əmək haqları, pensiyalar artır. Bu proses bundan sonra da davam edəcəkdir. Azərbaycanın büdcəsi ildən-ilə artır və bizə imkan verir ki, belə gözəl binalar yaradaq. Əgər müstəqilliyimizin ilk illərində Azərbaycanda yaradılan müəssisələrin əksəriyyəti xarici kreditlərin hesabına idisə, indi əsas tikinti işləri öz hesabımıza aparılır. Bu onu göstərir ki, ölkəmizin imkanları var. Bizim böyük valyuta ehtiyatlarımız var.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 10 il ərzində aparılan uğurlu neft strategiyası bizə imkan verir ki, ölkəmizin valyuta ehtiyatları çoxalsın. Bu gün biz həmin strategiyanın əyani nəticələrini görürük. Neft sahəsində görülən işlər, Azərbaycana qoyulan sərmayələr, Azərbaycanda tikilən böyük, nəhəng neft-qaz kəmərləri bizə imkan verəcək ki, bir necə ildən sonra ölkəmiz zəngin, qüdrətli ölkəyə çevrilsin. Bu, bizim məqsədimizdir, bizim siyasətimizdir. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən sonra Azərbaycan öz iqtisadi potensialını çox sürətlə gücləndirəcəkdir. Bu da öz növbəsində, imkan verəcəkdir ki, sosial məsələlərə daha da böyük diqqət göstərilsin, əmək haqları qaldırılsın, pensiyalar, digər müavinətlər artırılsın. Bizim məqsədimiz budur. Heydər Əliyevin siyasəti budur. Xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini gücləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik.

Azərbaycan, demək olar ki, bölgədə ən dinamik inkişaf edən ölkədir. Qonşu dövlətlərlə müqayisədə görərik ki, bizim inkişaf ahəngimiz, iqtisadi potensialımız çox fərqlənir və getdikcə bu fərq daha qabarıq səkildə özünü büruzə verəcəkdir.

Planlarımız çoxdur. Azərbaycanda növbəti 5 il ərzində sosial-iqtisadi proqramların həyata keçirilməsi nəticəsində yüz minlərlə iş yerlərinin açılması nəzərdə tutulur. Əminəm ki, biz buna nail olacağıq. Biz nəzərdə tutulan bütün tədbirləri həyata keçirəcəyik.

Naxçıvan çox sürətlə inkişaf edir. Bu, bizim hamımızı sevindirir. Naxçıvan hər bir azərbaycanlı üçün əziz, doğma torpaqdır. Azərbaycanın qədim torpağıdır. Naxçıvanda son illər ərzində aparılan abadlıq, quruculuq işləri bizim hamımızı çox sevindirir. Çətin şəraitdə, blokada şəraitində yaşayan naxçıvanlılar böyük işlər görüblər. Bu hava limanının tikilməsi, şəhərdə digər obyektlərin inşa olunması, yüksək səviyyədə tikilməsi onu göstərir ki, Naxçıvan çox sürətlə inkişaf edir.

Naxçıvan həmişə Heydər Əliyevin diqqət mərkəzində idi. Təkcə ona görə yox ki, Heydər Əliyevin vətənidir və Heydər Əliyev Naxçıvanda doğulmuşdur. Ona görə ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən diyardır. Əlbəttə, Naxçıvanın hərtərəfli güclənməsinə Heydər Əliyev həmişə böyük əhəmiyyət verirdi. Bu siyasət davam etdiriləcəkdir.

Mən bunu bir neçə dəfə qeyd etmişəm - Naxçıvana olan xüsusi münasibət bundan sonra da göstəriləcək və mən naxçıvanlıları daim, həmişə dəstəkləyəcəyəm.

Biz istəyirik ki, Naxçıvanda və Azərbaycanın digər bölgələrində insanlar daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, əmək haqları onları təmin etsin, onlar sosial cəhətdən daha güclü müdafiə olunsunlar. Bütün bu amillər bizim proqramlarımızın tərkib hissəsidir. Mən ümid edirəm ki, biz buna nail olacağıq.

Əziz naxçıvanlılar!

Əziz dostlar!

Mən bu gün Naxçıvana gəlmişəm. Mən keçmişdə Naxçıvanda dəfələrlə olmuşam. Xüsusilə,
1990-1993-cü illərdə, Heydər Əliyev Naxçıvanda işləyəndə, yaşayanda burada dəfələrlə olmuşam, o çətin şəraiti görmüşəm. Soyuq, şaxtalı qışda insanların necə çətin şəraitdə yaşamasını görmüşəm. Köhnə hava limanından böyük çətinliklə dəfələrlə istifadə etmişəm.

Baxmayaraq ki, Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri idi, hava limanından hamı necə, biz də elə istifadə edirdik. Həmin o meydanda növbə gözləyər, növbə çatanda Bakıya balaca "YAK" təyyarəsi ilə gedərdik. Amma baxın, bu gün nə gözəl şərait yaradılıbdır. Bu şərait onu göstərir ki, ölkəmiz inkişaf edir, ölkəmiz yaşayır, ölkəmiz güclənir və bundan sonra da güclənəcəkdir.

Mən çox şadam, xoşbəxtəm ki, bu gün sizinlə birlikdəyəm, Azərbaycanın qədim Naxçıvan torpağındayam. Biz hələ bir neçə gün birlikdə olacağıq. Amma bundan sonra biz Bakıya qayıtsaq da, biləsiniz ki, bizim qəlbimiz buradadır, sizinlədir. Sizi bir daha təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).

* * *

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan beynəlxalq hava limanının rəmzi açılışını bildirən lenti kəsdi, aerovağzal kompleksini gəzərək burada görülmüş işlərlə, sərnişinlər, habelə aviatorlar üçün yaradılmış şəraitlə ətraflı tanış oldu, 2002-ci il avqustun 11-də ümummilli liderimiz prezident Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə hava limanının tikintisinə dair müzakirələrin videolent yazısına baxdı.

 “Azərbaycan”, 13 may 2004-cü il