2005, 19 dekabr
Diaqnostika-Müalicə Mərkəzinin təməlinin qoyulması mərasimi və
şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından Naxçıvan şəhərinin mərkəzində tikiləcək Diaqnostika-Müalicə Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün tikinti meydançasına yola düşdü.
Yolboyu şəhərin minlərlə sakini Prezident İlham Əliyevi səmimiyyətlə salamlayırdı.
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, 1385 kvadratmetr sahəsi olacaq 5 mərtəbəli Diaqnostika-Müalicə Mərkəzində reanimasiya şöbəsi, stasionar şöbələr də fəaliyyət göstərəcəkdir. Tikinti işləri bir il ərzində başa çatdırılacaq və burada ən müasir standartlara cavab verən avadanlıq quraşdırılacaqdır.
Prezident İlham Əliyev tikintinin təməlinin qoyulduğunu bildirən gilizi bünövrəyə atdı və ilk beton qarışığını tökdü.
Sonra Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
Görüşü Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açdı.
Prezident İlham Əliyev görüşdə nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Əziz naxçıvanlılar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, sizə dərin hörmət və məhəbbətimi bildirirəm. Mən çox şadam ki, bu gün yenidən Naxçıvandayam, qədim Naxçıvan torpağındayam, sizinlə birlikdəyəm. Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, o cümlədən Naxçıvan xüsusilə böyük sürətlə inkişaf edir. Uzun illər ərzində blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri gedir, yeni müəssisələr yaranır, yeni iş yerləri açılır, sosial obyektlər inşa edilir. Bir sözlə, Naxçıvan yaşayır və sürətlə inkişaf edir. Bu, məni çox sevindirir. Çünki mən istəyirəm ki, Azərbaycanın hər bir bölgəsi, hər bir iqtisadi zonası sürətlə inkişaf etsin, bu yüksək inkişaf sürəti daha da artsın və nəticə etibarilə Azərbaycan xalqı daha da yaxşı yaşasın.
Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi. Bütün dövrlərdə siz bunu hiss edirdiniz. Xüsusilə, 1990-cı illərin əvvəllərində naxçıvanlılar Heydər Əliyevi özünə rəhbər seçəndən sonra. Həmin ağır, çətin vəziyyətdə Naxçıvanda sabitliyin təmin olunması, Naxçıvanda inkişafın təmin olunması məhz Heydər Əliyevin və naxçıvanlıların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Naxçıvanlılar bu çətin sınaqdan şərəflə çıxdılar və o illər ərzində təməli qoyulmuş layihələr, işlər bu gün öz bəhrəsini verməkdədir.
1993-cü ildən sonra, Azərbaycan xalqı Heydər Əliyevi Prezident vəzifəsinə seçəndən sonra Azərbaycanın bütün istiqamətlərində inkişafı başladı. Düzdür, o vaxt Azərbaycanda geniş, dərin böhran müşahidə olunurdu. Çünki Azərbaycanı 1990-cı illərin əvvəllərində çətin vəziyyətə salan qüvvələr faktiki olaraq, ölkəmizi idarəolunmaz hala gətirib çıxarmışdı. Ölkədə xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül hökm sürürdü. Sabitlik pozulmuşdu, vətəndaş müharibəsi başlanmışdı. O çətin anlarda xalq Heydər Əliyevin ətrafında birləşərək, öz siyasi liderinə dəstək verərək, Azərbaycanı bu çətin vəziyyətdən çıxara bilmişdi. Ondan sonra Azərbaycanın tarixi yalnız və yalnız inkişafla bağlı oldu, quruculuqla bağlı oldu. Azərbaycanda iqtisadi tənəzzülün qarşısı alındı və bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bütün istiqamətlərdə Azərbaycanda inkişaf var və biz çalışmalıyıq ki, bunu daha da genişləndirək.
Naxçıvanın sosial-iqtisadi həyatında Heydər Əliyevin 1990-cı illərdəki fəaliyyəti bizim hamımıza çox yaxşı bəllidir və tanışdır. Məhz ulu öndərin təşəbbüsü ilə Naxçıvan beynəlxalq aeroportu tikilib istifadəyə verildi və bu gün dünyanın ən ağır yük təyyarələrinin qəbul olunmasına imkanlar var. Bunun nə demək olduğunu hamımız yaxşı başa düşürük. Bu aeroport məxsusi xarakter daşıyır və Naxçıvanın uzun illər, əsrlər boyu normal yaşamasını təmin edəcəkdir.
Eyni zamanda, ulu öndərin təşəbbüsü ilə Naxçıvanda çoxlu məktəblər, digər sosial infrastruktur yarandı. Vayxır su anbarı onun təşəbbüsü ilə inşa edildi və bu gün istismara veriləcəkdir.
Vayxır su anbarının Naxçıvanın kənd təsərrüfatının inkişafında çox böyük rolu var. Nəzərə alsaq ki, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin xətti ilə artıq kənd təsərrüfatı texnikası gətirilmişdir, yaxın zamanlarda kənd təsərrüfatının inkişafı daha da geniş vüsət alacaqdır.
Bu siyasət bu gün də davam edir - Naxçıvana daim diqqət və qayğı olmalıdır. Naxçıvan blokada şəraitində yaşayır, Azərbaycanın əsas hissəsindən ayrı yaşayır və hər bir qurum, hər bir nazirlik, hər bir təşkilat Naxçıvana xüsusi diqqət və qayğı göstərməlidir. Bu, Heydər Əliyevin siyasəti olubdur, bu, mənim siyasətimdir və mən onu bundan sonra da davam etdirəcəyəm.
Bu günlərdə Naxçıvanın həyatında çox önəmli hadisələr baş verir. Uzun fasilədən sonra, 15 ildən sonra Naxçıvana təbii qazın verilməsi təmin olunubdur. 15 il naxçıvanlılar qazsız yaşadılar. Çətin şəraitdə, qışda soyuqda, şaxtada yaşadılar, ancaq bütün bu çətinliklərə baxmayaraq, dözdülər və nəhayət biz Naxçıvana qazın verilməsinə nail olduq. Bir il bundan əvvəl İran ilə Azərbaycan arasında imzalanmış sazişə əsasən, böyük işlər görüldü, bütün müvafiq tədbirlər görüldü və bu günlərdə Naxçıvana qazın verilməsi təmin olundu. Deyə bilərəm ki, bu, tarixi bir hadisədir. Bu, Naxçıvan Muxtar Respublikasının inkişafına verilən çox böyük təkandır. Hər bir inkişafın təməlində enerji daşıyıcıları - qaz, elektrik enerjisi və digər yanacaq növləri dayanır. Onlar olmayan halda heç bir inkişaf mümkün deyil, heç bir yeni müəssisə yaradıla bilməz, heç bir bina tikilə bilməz. Çünki hər şey buna bağlıdır. Ümid edirəm ki, Naxçıvana verilən təbii qaz yaxın zamanlarda həm əhaliyə xidmət edəcək, həm də sənaye potensialının möhkəmlənməsində və güclənməsində öz rolunu oynayacaqdır. Eyni zamanda, Naxçıvan Elektrik Stansiyasında təmir-bərpa işləri aparılır və ümid edirəm ki, bir neçə aydan sonra stansiya işə düşəcəkdir. Stansiya təxminən 50 meqavat gücündədir. Gələn il Naxçıvanda 10 ədəd modul tipli elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Bu da haradasa, əlavə 90 meqavat elektrik enerjisi verilməsini təmin edəcəkdir. Bir sözlə, gələn il Naxçıvanda istehsal olunacaq elektrik enerjisinin həcmi haradasa, 140-150 meqavat səviyyəsinə çatacaqdır. Nəzərə almalıyıq ki, Vayxır su anbarında da kiçik həcmli su elektrik stansiyası tikilir. Bu gün isə Naxçıvanda yalnız 10 meqavat elektrik enerjisi istehsal olunur. Qalan hissəsi İrandan və Türkiyədən alınır. Yəni əlavə 140-150 meqavat gücün təmin edilməsi Naxçıvanda elektrik enerjisi problemini tamamilə aradan qaldırmalıdır və gələcəkdə onun davamlı inkişafına gözəl şərait yaradacaqdır. Bütün bu işlər bir məqsəd güdür. O da ondan ibarətdir ki, Naxçıvan daha da güclənsin, Naxçıvanda insanlar daha yaxşı yaşasınlar, onların bütün məsələləri öz həllini tapsın.
Bildiyiniz kimi, sosial sahəyə də böyük diqqət göstərilir və bu gün bu gözəl Diaqnostika-Müalicə Mərkəzinin təməlinin qoyulması mərasimi bunun çox bariz nümunəsidir. Qısa müddət ərzində, bir il ərzində bu diaqnostika mərkəzi tikilməlidir və burada ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Bizim siyasətimiz həmişə sosial yönümlü olmuşdur. Heydər Əliyev siyasəti sosial yönümlü olub, mənim də siyasətim bundan ibarətdir. Çünki biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, xalq bütün məsələlərdə özünü rahat hiss etsin. Heç bir çətinliyi olmasın.
Mən ümid edirəm ki, naxçıvanlılar xəstələnməyəcəklər, naxçıvanlılar çox sağlamdırlar. Amma adam hərdənbir xəstələnəndə də, gərək normal şəraitdə müayinədən keçsin, müalicə olunsun.
Burada dünyada mövcud olan ən yüksək avadanlıq quraşdırılacaqdır. Bu, həm memarlıq baxımından gözəl bina olacaq, eyni zamanda, burada cərrahiyyə şöbəsi də açılacaqdır. Ürək-damar xəstəlikləri müalicə ediləcək, süni böyrək aparatı, ən müasir diaqnostika avadanlığı olacaqdır. Bir sözlə, bundan sonra tibbi xidmət almaq üçün nə Bakıya, nə də xaricə getməyə ehtiyac qalmayacaqdır.
Sosial sahəni möhkəmləndirmək, gücləndirmək bizim böyük vəzifəmizdir. Eyni zamanda, bildiyiniz kimi, həkimlərin maaşı 30 faiz qaldırılıbdır. Bu meyillər davam edəcəkdir. Azərbaycanın iqtisadi potensialı gücləndikcə bütün bu məsələlər öz həllini tapacaqdır. Ona görə iqtisadi inkişafın təmin olunması, Azərbaycanda işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması bizim prioritet məsələlərimizdir.
Mən çox şadam ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından dünyada lider dövlətdir. 2005-ci ilin on bir ayında bizim iqtisadiyyatımız 25 faiz artıbdır. Müqayisə üçün deyə bilərəm ki, ən inkişaf etmiş ölkələrdə bu göstərici 2-3 faizdir, bəlkə də o ölkələrlə Azərbaycanı müqayisə etmək düzgün olmaz, çünki həmin ölkələrdə bütün mümkün olan resurslardan artıq istifadə olunubdur. Amma, adətən, biz özümüzü keçmiş postsovet ölkələri ilə müqayisə edirik. Deyə bilərəm ki, MDB məkanında ümumi daxili məhsulun artımı orta hesabla 2005-ci ildə haradasa, 5, 6, 7 faiz olmuşdur. Azərbaycanda isə 25 faizdir. Sənaye istehsalı 30 faiz artıb, yoxsulluq 10 faiz azalıbdır. Gələn il də azalmalıdır, Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır. Son iki il ərzində 300 mindən artıq yeni iş yeri açılıbdır. Qarşımıza qoyduğumuz bütün proqramlar həyatda öz əksini tapır. Azərbaycanda uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Proqramı özünün nəticələrini verməkdədir və mən heç şübhə etmirəm ki, yaxın illərdə, yaxın gələcəkdə bu inkişaf daha da sürətlə gedəcəkdir.
Heydər Əliyevin neft strategiyası uğurla icra edilir. Bu gün təməlini qoyduğumuz diaqnostika mərkəzinin tikintisini də mən Azərbaycan Dövlət Neft Şirkətinə tapşırmışam. Bir müddət bundan əvvəl belə bir təşəbbüs irəli sürmüşdüm ki, Dövlət Neft Şirkəti Azərbaycanın bütün bölgələrində müasir diaqnostika-müalicə mərkəzləri inşa etməlidir. İndi bizim gəlirlərimiz artıb, Heydər Əliyevin neft strategiyası artıq öz gözəl nəticələrini verməkdədir. Bizim büdcəmiz artıq 4 milyard dollara çatıbdır. Belə olan halda, əlbəttə ki, bütün bu vəsaitlər ilk növbədə, sosial sahəyə yönəldilməlidir. Mən hesab edirəm ki, gələcəkdə bu proseslər daha da sürətlə gedəcəkdir. Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla inşa edilir, gələn il istismara veriləcəkdir. Ondan sonra Azərbaycan xəzinəsinə hər il milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsait xalqın rifah halının yaxşılaşmasına, Azərbaycanda güclü infrastrukturun yaranmasına, möhkəmlənməsinə yönəldiləcəkdir. Məktəblər, xəstəxanalar, yollar, elektrik stansiyaları tikmək, qaz xətləri çəkmək - bütün bunlar bizim planlarımızdadır. Son iki ilin təcrübəsi onu göstərir ki, qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunur. Biz öz işimizi proqram çərçivəsində aparırıq, düşünülmüş strategiya və taktika çərçivəsində aparırıq. Belə olan halda, nəticələr də var.
Düzdür, ölkədə problemlər də çoxdur. Bu problemlərin əsası sosial xarakterli problemlərdir. Yoxsulluq, işsizlik - bunlar da həll edilir. Bunları həll etmək üçün güclü iqtisadiyyat olmalıdır. Bizim büdcəmiz gələn il 70 faiz artacaqdır. Onun böyük hissəsi maaşların qaldırılmasına, pensiyaların, tələbələrin təqaüdlərinin və digər kateqoriyadan olan insanların əmək haqlarının qaldırılmasına yönəldiləcəkdir. Minimum əmək haqqı Azərbaycanda ildə iki dəfə qaldırılır. Əlbəttə ki, bu səviyyə bu gün bizi qane edə bilməz. Çünki minimum əmək haqqı insanın minimum tələbatını ödəməlidir. Hələ ki, buna imkanımız yoxdur. Amma o da olacaqdır. Azərbaycanda artıq orta əmək haqqı 130-140 dollardır. MDB ölkələrinə nəzər salsaq görərik ki, biz ən qabaqcıl yerlərdəyik. Bir sözlə, Azərbaycanın uğuru, inkişafı üçün bütün lazımlı tədbirlər görülür, bütün proqramlar tərtib olunur və icra mexanizmləri də mövcuddur. Bunu etmək üçün siyasi iradə lazımdır, o da bizdə var. Xalqın dəstəyi lazımdır, o da var. Xalqla iqtidar arasında birlik lazımdır, o da var.
Azərbaycanda iqtisadi inkişafla bərabər, siyasi proseslər də çox uğurla gedir. Azərbaycanda sabitlik qorunub saxlanılır, Azərbaycanda Heydər Əliyev siyasəti davam etdirilir. İki il bundan əvvəl, Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimində çıxış edərkən demişdim ki, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bu yoldan heç vaxt dönməyəcəyəm və Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu gün mən hesab edirəm ki, iki il ərzindəki təcrübə, görülən işlər onu göstərdi ki, biz faktiki işlərlə, əməli addımlarla sübut etdik ki, bu gün Azərbaycanda bu siyasət yaşayır və əbədi yaşayacaqdır.
Hər bir ölkənin inkişafında ən mühüm rol oynayan başlıca amil sabitlikdir, əmin-amanlıqdır. Azərbaycanda bu, qorunub saxlanılır, Azərbaycan uğurla inkişaf edir. Azərbaycanda iqtisadi məsələlər həllini tapır və eyni zamanda siyasi proseslər də müsbət istiqamətdə gedir. Bu istiqamətdə atılmış çox dəyərli addım bu yaxınlarda keçirilmiş parlament seçkiləridir. Parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin, vətəndaş həmrəyliyinin möhkəmlənməsi işində çox mühüm bir hadisə idi, mühüm bir proses idi. Mən çox şadam ki, Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçdi. Seçkilər ərəfəsindəki, həm də seçkilərdən sonrakı bütün proseslər bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz seçiminə sadiqdir. Parlament seçkilərində bizim siyasətimizə verilən səslər, verilən dəstək bizi daha da gücləndirir. Mənə daha da böyük güc verir və bütün islahatları - siyasi və iqtisadi islahatları, sosial islahatları daha da inamla aparacağıq. Azərbaycan xalqının iradəsi parlament seçkilərində öz əksini tapdı. Azərbaycanlılar, Azərbaycan vətəndaşları real işə səs verdilər, real siyasətə səs verdilər, görülən işlərə səs verdilər. Boş vədlərə yox, yalan sözlərə yox, böhtana yox, uydurmaya yox, təxribata yox! Azərbaycan xalqı azərbaycançılığa səs verdi. Ona səs verdi ki, Azərbaycanın taleyi, Azərbaycanın müqəddəratı Azərbaycanda həll olunsun. Ona səs verdi ki, Prezident bu islahatları daha da cəsarətlə aparsın. Ona səs verdi ki, Azərbaycanda gedən bu müsbət işlər davam etdirilsin. İqtisadi sahədə, siyasi sahədə, sosial sektorda, ordu quruculuğunda, regionların inkişaf strategiyasında - haraya baxsaq bu inkişafı, bu irəliləyişi görərik. Mən istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin. Amma buna vaxt lazımdır. O vaxt da uzaqda deyildir.
Heydər Əliyevin Azərbaycan tarixində gördüyü işlərin, demək olar ki, hamısı bu gün davam etdirilir. Onun neft strategiyası Azərbaycana böyük uğurlar gətirəcək, böyük imkanlar açacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik. Xalq bizim bütün qərarlarımızda iştirak etməlidir, öz sözünü deməlidir və mən şübhə etmirəm ki, bundan sonra da belə olacaqdır.
Əziz dostlar mən bir daha sizi ürəkdən salamlayıram. Mən doğrudan da çox şadam ki, bu gün yenidən Naxçıvandayam, sizinlə birlikdəyəm. Naxçıvan hər bir azərbaycanlı üçün çox əziz, doğma yerdir. Mənim üçün çox əziz, doğma yerdir. Mənim atamın vətənidir, mənim vətənimdir. Biz hamımız çalışmalıyıq ki, Naxçıvan həmişə yaşasın, inkişaf etsin, çiçəklənsin!
Prezident seçkilərindən sonra bu, mənim Naxçıvana üçüncü səfərimdir. Bundan sonra bu səfərlər daha da çox olacaqdır, daha da böyük tədbirlərdə iştirak edəcəyik. Hər dəfə Naxçıvana gələndə ümid edirəm ki, yeni, gözəl obyektin açılışında, yaxud da ki, təməlqoyma mərasimində iştirak edəcəyik. Naxçıvan inkişaf edəcək, naxçıvanlılar daha da yaxşı yaşayacaqlar, Azərbaycan xalqı irəliyə gedəcəkdir!
Sağ olun!
AzərTAc.
19.12.2005.