Şahbuz rayonunun Ayrınc kəndində orta məktəb binasının açılış mərasimində çıxış etmişdir.

2005, 19 dekabr

Şahbuz rayonunun Ayrınc kəndində orta məktəb binasının açılışı

Dekabrın 19-da Şahbuz rayonunun Ayrınc kəndində 144 yerlik orta məktəb binasının açılışı olmuşdur.

Bu münasibətlə keçirilən təntənəli mərasimin iştirakçıları Prezident İlham Əliyevi böyük hörmətlə qarşıladılar.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Ayrınc kənd məktəbinin məzunları arasında görkəmli insanlar var və onlar Azərbaycan elmi üçün böyük xidmətlər göstərmişlər. Məktəbin bir il ərzində tikilib istifadəyə verilmiş yeni binasında 11 sinif otağı, idman salonu, kitabxana, kompüter otağı, tibb otağı var.

Prezident İlham Əliyev sinif otaqlarını gəzdi, şagirdlərlə görüşüb söhbət etdi, onların təhsilləri ilə maraqlandı. Onların yaxşı oxumalarını arzuladı və bunun üçün hər cür şəraitin yaradılacağını bildirdi.

Müəllimlər Prezidentə təşəkkür edərək, ucqar kəndlərdə belə təhsil ocaqlarının tikilməsini gələcək nəsillərə göstərilən qayğı kimi qiymətləndirdilər.

Prezident İlham Əliyev məktəbin açılışına toplaşan kənd sakinləri ilə görüşdü, onların qarşısında çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Əziz kənd sakinləri!

Hörmətli dostlar!

Sizi bu gün bu orta məktəbin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu cür orta məktəblərin açılması gələcək üçün, Azərbaycan üçün, uşaqların təhsili üçün faydalıdır və bu, onların dəyərli insanlara çevrilməsi üçün vacibdir. İstəyirik ki, burada gənclər yaxşı təhsil alsınlar və gələcək üçün, Azərbaycan üçün, bizim cəmiyyətimiz üçün dəyərli insanlara çevrilsinlər. Bilik hər şeyi həll edir, savad hər şeyi həll edir. Bu gün oxumaq üçün, yaşamaq üçün bu cür gözəl şəraitiniz var. Ölkəmizdə əmin-amanlıqdır, sülhdür, inkişaf var. İndi Azərbaycanın ən ucqar kəndlərində bu cür gözəl məktəblər, xəstəxanalar, digər binalar tikilir. Bu onu göstərir ki, ölkəmizdə inkişaf var, tərəqqi var. İnsanların həyat səviyyəsi daha da yaxşı olmalıdır, daha da böyük işlər görülməlidir: iqtisadi inkişaf, sosial-iqtisadi inkişaf proqramları, kənd təsərrüfatının inkişafı. Siz yaxşı bilirsiniz ki, kənd yerində əsas məsələ kənd təsərrüfatının inkişafıdır. İndi bu istiqamətdə də vacib qərarlar qəbul edilibdir. Yeni texnika var, gübrələr gətiriləcək, insanlar gərək daha da yaxşı yaşasınlar. Mənim məqsədim budur və hər dəfə belə bir gözəl, yeni məktəbi, xəstəxananı, binanı görəndə ürəyim sevinir. Bu o deməkdir ki, Azərbaycan inkişaf edir, yaşayır, bizim müstəqil dövlətimiz möhkəmlənir.

Bu şəraiti bizə xalqımızın lideri Heydər Əliyev yaratdı. Onun əməyi nəticəsində, onun gördüyü işlər nəticəsində bu gün Azərbaycan, sözün əsil mənasında, müstəqil ölkədir. Yenə də deyirəm, iqtisadi inkişaf var, sabitlik var, əmin-amanlıq var, asayiş qorunur, saxlanılır. Cəmiyyətdə vətəndaş birliyi, həmrəyliyi var. Bundan başqa nə olmalıdır? Bu, hər bir inkişafı təmin edən amillərdir. İndi bizdən asılıdır ki, hərə öz yerimizdə daha da yaxşı işləyək, ümumi işimizə töhfəmizi verək. Hər halda, Azərbaycanın son illərdəki inkişafı deməyə əsas verir ki, biz düzgün istiqamətdə irəliləyirik, ulu öndər Heydər Əliyevin qoyduğu yolla gedirik və bundan sonra da heç kim, heç bir qüvvə, heç bir hadisə bizi bu yoldan döndərə bilməyəcək.

Çox şadam ki, bu gün sizinlə görüşə gəlmişəm. Ümid edirəm ki, bundan sonra da sizin vətəninizdə Azərbaycanda, Naxçıvanda, Azərbaycanın hər bir yerində inkişaf daha da sürətlə gedəcəkdir. Belə gözəl məktəblər tikiləcək, insanları narahat edən başqa məsələlər öz həllini tapacaq, əmək haqları qaldırılacaqdır. Bir sözlə, biz möhkəm, qüdrətli Azərbaycanımızı gərək hərtərəfli inkişaf etdirək. Bu işdə sizə uğurlar arzulayıram, cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun. Uşaqlar yaxşı oxusunlar və heç bir problem olmasın. Hər halda, mən buna çalışıram ki, Azərbaycanda hər bir insan yaxşı yaşasın.

AzərTAc

“Xalq qəzeti”, 19 dekabr 2005-ci il