Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə giriş nitqi söyləmişdir.

2005, 19 dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə

Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir.

Müşavirəni Prezident İlham Əliyev giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin

giriş nitqi

- Axşamınız xeyir.

Bu gün Naxçıvanda Naxçıvan üçün, Azərbaycan üçün bir neçə tədbirdə birlikdə iştirak etdik. Bir daha gördüm ki, Naxçıvan inkişaf edir, burada böyük işlər görülür, həm respublikanın iqtisadi potensialı güclənir, yeni müəssisələr, fabriklər, iş yerləri açılır, həm də sosial xarakterli tədbirlər, tikinti işləri çox geniş vüsət alıbdır. Bu, məni çox sevindirir. Çünki Azərbaycanın inkişafı məhz bundadır: iqtisadi potensialın möhkəmlənməsi və sosial problemlərin həlli. Hər iki istiqamətdə Naxçıvanda çoxlu uğurlar var və mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm.

Keçən il mən iki dəfə Naxçıvanda olmuşdum. Bir ildən artıqdır ki, gəlmişdim buraya və bu müddətdə böyük dəyişiklikləri görürəm: yeni tikintilər, müasir, çox böyük zövqlə tikilmiş binalar, abadlıq, quruculuq işləri. Blokada şəraitində yaşayan respublikanın belə böyük uğurlar əldə etməsində, əlbəttə ki, sizin hamınızın, hər birinizin əməyi var.

Xüsusilə, mən Naxçıvan Muxtar Respublikasının rəhbərini, Vasif Talıbovu bu münasibətlə təbrik etmək, ona minnətdarlığımı bildirmək istəyirəm. Bunu təkcə mən yox, Naxçıvana gələn hər bir qonaq, hər bir xarici nümayəndə, vətəndaş qeyd edir. Bu, məni çox sevindirir. Mən əminəm ki, gələcəkdə bu gözəl işlər davam etdiriləcəkdir.

Bu illərdə Naxçıvanın gələcək perspektivləri müəyyən olunur. Hamımız bilirik ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana həmişə böyük diqqət, qayğı göstərirdi. Məhz onun təşəbbüsü ilə bu nəhəng, böyük layihələr ərsəyə gəldi. Əlbəttə, biz hamımız çalışmalıyıq, əlimizdən gələni edək ki, Naxçıvan daha da möhkəmlənsin, müasirləşsin, zənginləşsin və burada güclü potensial yaransın.

Mən bu gün qeyd etdim ki, hər bir bölgənin inkişafında enerji daşıyıcılarının rolu ən önəmli xarakter daşıyır. Bu baxımdan 2005-2006-cı illər burada ciddi dönüş illəri olacaqdır. Çünki gələn il təxminən 140-150 meqavat əlavə gücün işə salınması böyük bir nailiyyətdir. Deyə bilərəm ki, Azərbaycanda bütövlükdə son illər ərzində, 5-6 ildə təxminən 500-600 meqavat əlavə güc işə salınıbdır. Naxçıvanda isə bir ildə 140-150 meqavat olacaqdır. Buraya İranla mübadilə yolu ilə təbii qazın verilməsi həm sosial, həm iqtisadi amildir. Eyni zamanda, mən göstəriş verdim ki, Naxçıvanda iki asfalt zavodu qurulsun və yolların salınması üçün lazım olan texnika da gətirilsin. Mənim bu məsələyə dair müvafiq sərəncamım var, vəsait ayrılıbdır və burada yol tikintisi daha da sürətlə gedəcəkdir. Bilirsiniz ki, bu, indi bizim prioritet məsələmizdir. Gərək hər bir ən ucqar kəndə yol çəkilsin. Bunu etmək üçün əlbəttə ki, texnika, vəsait lazımdır. Onların hər biri var. Bu gün Azərbaycanın iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir. Bizim büdcəmiz artır. Təbii ki, bütün infrastruktur layihələrinə ayrılmış xərclər artır. Sosial məqsədlərə ayrılmış xərclər artır. Maaşlar, pensiyalar və sair qaldırılır.

Naxçıvan üçün önəmli olan digər məsələ Azərbaycanın qalan ərazisi ilə hava körpüsünün normal fəaliyyətidir. Bəzi hallarda buna təbiət də müdaxilə edir. Məsələn, bu gün mən də, haradasa, 3 saat gecikdim. Çünki hava dumanlı idi, təyyarə gələ bilmirdi. Ancaq bu, əlbəttə, təbiət məsələsidir. Bu da faktdır ki, Azərbaycanda, o cümlədən Naxçıvanda iqtisadi-sosial inkişaf gücləndikcə, təbii ki, uçuşların sayı da artmalıdır. Mənə verilən məlumata görə, indi gündə 4 reys vardır. Mən göstəriş verdim ki, bu uçuşların sayı artırılsın. Bu gün “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoruna göstəriş verdim ki, bu məsələyə baxılsın. O, mənə dedi ki, artıq məsələ öz həllini tapıbdır.

CAHANGİR ƏSGƏROV (“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru): Bəli, cənab Prezident.

İLHAM ƏLİYEV: Nə vaxtdan artacaqdır?

CAHANGİR ƏSGƏROV: Yanvarın 1-dən.

İLHAM ƏLİYEV: Əlbəttə, gələcəkdə bu da kifayət etməyəcəkdir. Çünki mən əminəm ki, uçuşlar daha da çox lazım olacaqdır. Bəlkə bu məqsədlə əlavə təyyarələr də alınmalıdır. Hər halda, bu məsələyə də baxarsınız.

Bu gün həm Şahbuz rayonunda, həm də Naxçıvan şəhərində sosial infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimləri keçirilmişdir. Bu da çox gözəl haldır, ümumi inkişafın göstəricisidir. Naxçıvanda ən müasir standartlara cavab verəcək yeni Diaqnostika-Müalicə Mərkəzi tikiləcəkdir. Şahbuzda isə ucqar dağ kəndində çox gözəl məktəb tikilibdir, bu gün onun açılışını etdik. Gənclik Mərkəzi, Kitab evi - bütün bunlar məni çox sevindirir. Bir daha demək istəyirəm ki, bu, inkişafın təzahürüdür, əlamətidir.

Azərbaycanın bütün bölgələrində inkişaf gedir. Biz bunu təmin etmək üçün çox dəyərli proqramlar təsdiq etmişik və onları həyata keçiririk. Əlbəttə, yeni məsələlər də ortaya çıxır. Çünki heç bir proqramda bütün məsələləri əks etdirmək mümkün deyildir. Proqramlar konseptual xarakter daşıyır, eyni zamanda, təbii ki, orada görüləcək konkret işlər də təsdiq edilir. Ancaq həyat bir yerdə dayanmır, yeni məsələlər ortaya çıxır, həllini tələb edən yeni məqamlar ortaya çıxır. Ona görə mən istərdim ki, bugünkü toplantıda bunları müzakirə edək və əgər ehtiyac olarsa, əlavə tədbirlərin görülməsi üçün lazımi addımları ataq.

Yəqin yadınızdadır, keçən il sentyabr ayında biz Naxçıvana qazın verilməsi məsələsini müzakirə etdik. O vaxt haradasa bir ay keçmişdi ki, İranla bizim aramızda müqavilə imzalanmışdı. Biz dərhal burada müşavirə keçirdik, “Azəriqaz”a, yerli orqanlara göstərişlər verildi və bir il ərzində artıq buna nail olduq. İndi, 15 illik fasilədən sonra Naxçıvana təbii qazın verilməsinə başlanıbdır.

Onu da bilirsiniz ki, bütün abunəçilərə pulsuz, hədiyyə olaraq qaz plitələri də verildi. Həm hündür mərtəbəli binalarda, həm də fərdi evlərdə yaşayanlara. “Azəriqaz”ın sədri mənə məruzə edərək demişdi ki, belə bir xahişlər, müraciətlər olubdur. Dedim ki, bunu mütləq həll edin.

Biz o müşavirədə qazın verilməsi məsələsini müzakirə edirdik və yadımdadır, demişdim ki, bu, birinci mərhələdir. Birinci mərhələ ondan ibarətdir ki, keçmişdə qazlaşdırılmış evlərə, məntəqələrə qazın verilməsinə nail olaq. Ondan sonra, ikinci mərhələdə qazlaşdırılmamış məntəqələrə, kəndlərə qazın verilməsi olacaqdır. Biz bu gün birinci mərhələni demək olar ki, həll etdik. Ona görə indi ikinci mərhələ gəlir. Sonra üçüncü mərhələ həll olunacaqdır. Beləliklə, bütün muxtar respublika sakinləri təbii qazla təmin olunacaqlar. Ona görə, biz bu gün gərək bu məsələ ilə məşğul olaq.

Bir sözlə, görülən bütün işlər, əldə olunmuş uğurlar bir daha onu göstərir ki, biz düz yoldayıq. Naxçıvanda görülən işlər, əldə edilmiş uğurlar bir daha bunu sübut edir. Geniş abadlıq, quruculuq işləri gedir və biz hamımız çalışmalıyıq əlimizdən gələni edək ki, Naxçıvana kömək göstərək.

Bilirsiniz ki, mən bütün nazirlərə göstəriş vermişəm ki, onlar ulu öndər Heydər Əliyevin tapşırığını unutmasınlar. Çünki Heydər Əliyev tapşırıq vermişdi ki, bütün nazirlər vaxtaşırı Naxçıvana gəlməlidir, muxtar respublikanın rəhbərliyi ilə daim əlaqə saxlamalıdır və onlardan tələb olunan bütün işləri görməlidirlər. Amma sonra eşitdim ki, bir fasilə yarandı. Ona görə ciddi göstəriş verdim ki, bu praktika bərpa olunsun. Bütün qurumlar, nazirliklər gərək bu işdə fəal iştirak etsinlər.

İndi isə mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova söz verirəm.