Azərbaycan və İran Prezidentlərinin birgə mətbuat
konfransı
2005, 20 dekabr
Sənədlərin imzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçirildi. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi bir daha ürəkdən salamlayıram və Sizə xoş gəlmisiniz deyirəm.
Bir müddət bundan əvvəl biz, hörmətli cənab Prezidentlə Məkkə şəhərində görüş keçirdik və ikitərəfli əlaqələri müzakirə etdik, geniş fikir mübadiləsi apardıq. Mən cənab Əhmədinejadı Naxçıvana dəvət etdim ki, burada görüşək. Həm İrandan Naxçıvana qazın verilməsini qeyd edək, eyni zamanda, yenidən görüşüb ikitərəfli əlaqələri müzakirə edək, aramızda olan siyasi-iqtisadi, mədəni əlaqələri müzakirə edək. İki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir. Biz çox səmərəli əməkdaşlıq edirik və bu əməkdaşlığın praktiki nəticələri vardır.
Çox sevindirici haldır ki, imzalanmış sənədlər, sazişlər qısa müddət ərzində həyatda öz əksini tapır və icra olunur. Bugünkü görüşlərdə də müvafiq nazirlərə konkret tapşırıqlar verildi, bizim əməkdaşlığımızın gələcək addımları müzakirə edildi və bir daha əmin olduq ki, iki dost, qardaş ölkə arasında əlaqələr yüksələn xətlə davam edir. Bizim aramızda qarşılıqlı anlaşma var, əməkdaşlıq var, dostluq var və əminəm ki, bu səfərdən sonra bütün sahələrdə əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
İran ilə Azərbaycan qonşu, dost ölkələrdir. Bizim aramızda olan əməkdaşlıq həm ölkələrimiz üçün, həm də bölgə üçün çox əhəmiyyətlidir. Bölgədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunması çox böyük əhəmiyyət kəsb edir. Bizim ölkələrimiz bu işə öz töhfəsini verir. Əlbəttə, iqtisadi əlaqələrin genişlənməsi bizim maraqlarımıza uyğundur. 15 ildən sonra Naxçıvana təbii qazın verilməsi tarixi bir hadisədir. Gələcəkdə bizi birləşdirən daha çox başqa-başqa layihələr olacaqdır. Bu layihələr bizi daha da sıx birləşdirəcəkdir.
Bu gün keçirilmiş görüşlər, apardığımız danışıqlar məni bir daha əmin etdi ki, gələcəkdə bizim ölkələrimiz sıx əməkdaşlıq edəcək və hələ çoxlu layihələri birgə həyata keçirəcəklər.
Sağ olun.
AzərTAc
20 dekabr 2005-ci il