İran Prezidenti ilə birgə Naxçıvana təbii qazın verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış etmişdir.

Naxçıvana təbii qazın verilməsinə həsr olunmuş

təntənəli mərasim

2005, 20 dekabr

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasına İran ərazisi ilə təbii qazın verilməsi münasibətilə dekabrın 20-də təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad mərasimdə iştirak edirdilər.

“Naxçıvanqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni binası qarşısına toplaşan sakinlər dövlət başçılarını alqışlarla qarşıladılar.

Prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejad ilk qazın verilməsini bildirən məşəli alovlandırdılar. Bununla da Naxçıvan əhalisinin təbii qaza olan 15 illik həsrətinə son qoyuldu. Sakinlər bu tarixi hadisəni böyük sevinclə qarşıladılar.

Prezident İlham Əliyev və Prezident Mahmud Əhmədinejad “Naxçıvanqaz” MMC-nin binasının rəmzi açılışını bildirən lenti kəsdilər, burada İrandan Naxçıvana çəkilmiş qaz xəttinin baş planına, kəmərin keçdiyi ərazinin xəritəsinə, eləcə də evlərdə quraşdırılacaq qaz piltələrinə və sayğaclara baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad mərasimdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, dostlar!

Bu gün çox tarixi bir gündür, çox gözəl bir gündür. Uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi bərpa olundu, 15 ildən sonra Naxçıvana qaz verildi. Bu, çox böyük hadisədir, tarixi bir hadisədir. Bu münasibətlə mən sizin hamınızı təbrik edirəm.

Bir il bundan əvvəl iki dost, qardaş ölkə arasında saziş imzalandı ki, mübadilə yolu ilə Naxçıvan qazla təmin olunsun. Bir ildən sonra biz bu gözəl mərasimi keçiririk. Bu gün bizimlə bərabər bu mərasimdə İran İslam Respublikasının Prezidenti hörmətli dostum, qardaşım Mahmud Əhmədinejad iştirak edir. Xahiş edirəm, onu salamlayaq.

Naxçıvana qazın verilməsi iki ölkə arasında olan əlaqələrin təzahürüdür, onun nəticəsidir. İranla Azərbaycan arasında çox yaxın münasibətlər vardır. Bu gün keçirdiyimiz görüşdə bir daha əmin olduq ki, həm siyasi, həm iqtisadi, mədəni, həm də bütün başqa sahələrdə bizim aramızda qarşılıqlı anlaşma var, inam var, gözəl əməkdaşlıq var. Bu, çox vacibdir. Çünki qonşular arasında münasibətlər məhz belə olmalıdır. Məhz bu münasibətlərin nəticəsində birgə layihələr icra olunur, birgə məsələlər öz həllini tapır.

Naxçıvana İrandan təbii qazın verilməsi bu istiqamətdə atılmış çox böyük bir addımdır. Ancaq son addım deyildir. Bundan sonra böyük birgə layihələr icra olunacaq, enerji mübadiləsi məsələsi öz həllini tapacaqdır. Bilirsiniz ki, İrandan gələn qazla işləyən elektrik stansiyaları bu yaxınlarda işə düşəcəkdir və biz Naxçıvanı elektrik enerjisi ilə tamamilə təmin etmək iqtidarında olacağıq. Bu, bir daha onu göstərir ki, siyasi iradə olan yerdə, qarşılıqlı maraq olan yerdə və dostluq, qardaşlıq münasibətləri olan yerdə istənilən məsələ öz həllini tapır.

Bu gün təbiət də bizim tərəfimizdədir. Mən dünən Naxçıvana uçanda bir neçə saat Bakıda gözlədim. Çünki Bakıda hava buludlu idi, dumanlı idi. Bu gün də fikirləşirdim ki, bizim qonağımız gələndə görəsən hava necə olacaq, problem yaranmayacaq? Görürsünüz ki, hava da açıldı. Bu, gözəl bayramdır. Bu bayram münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Naxçıvan bundan sonra da inkişaf etsin, çiçəklənsin, möhkəmlənsin. Naxçıvanda insanlar yaxşı yaşasınlar, onların sosial problemləri öz həllini tapsın. Elektrik enerjisi, qaz təchizatı, sosial infrastrukturun inkişafı - bütün bunlar görülən işlərin nəticələridir.

Əziz naxçıvanlılar, bu bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram

AzərTAc

“Xalq qəzeti”, 20 dekabr 2005-ci il