Naxçıvan şəhərində Diaqnostika-Müalicə Mərkəzinin təntənəli açılış mərasimində nitq söyləmişdir.

Naxçıvanda Diaqnostika-Müalicə Mərkəzi istifadəyə verilmişdir

2006, 20 dekabr

Dekabrın 20-də Naxçıvan şəhərində Diaqnostika-Müalicə Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

-Əziz naxçıvanlılar,

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl Diaqnostika-Müalicə Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl mərkəz həm xarici görünüşünə, həm də daxili təchizatına görə dünyanın ən yüksək standartlarına cavab verir. Bu bir memarlıq abidəsidir və əminəm ki, burada göstəriləcək xidmət ən yüksək səviyyədə olmalıdır və olacaqdır. Çünki burada quraşdırılmış avadanlıq dünyanın ən öndə gedən tibb firmalarının istehsalıdır və ən qabaqcıl texnologiyaları əks etdirir. Biz düz bir il bundan əvvəl bu mərkəzin təməlqoyma mərasimini bərabər keçirdik və o vaxt da mən əmin olduğumu bildirmişdim ki, qısa müddət ərzində bu mərkəz tikilib istifadəyə veriləcəkdir. Çox şadam ki, düz bir il ərzində biz buna nail ola bildik və bu gün bu mərkəz naxçıvanlıların sərəncamına verilir. Deyə bilərəm ki, Azərbaycanın tarixində buna, bu mərkəzə bərabər tibb ocağı olmamışdır. Ən müasir tibbi mərkəzdir və burada insanlar həm müayinədən keçəcəklər, eyni zamanda, müalicə olunacaqlar.

Azərbaycanda son illər ərzində görülən işlər ən yüksək səviyyədədir və bizim məqsədimiz, istəyimiz ondan ibarətdir ki, dünyada olan ən yüksək texnologiyalar, ən yüksək keyfiyyət Azərbaycana gətirilsin. Çünki Azərbaycan xalqı buna layiqdir. Bizim imkanlarımız artır və artdıqca da, əlbəttə ki, bunu ilk növbədə, sosial məsələlərin həllinə səfərbər edəcəyik.

Mən bu gün Naxçıvan hava limanından ulu öndər Heydər Əliyevin abidəsi önünə gəldim. Heydər Əliyev muzeyinin açılışını qeyd etdik. Heydər Əliyevin həyatı, fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə xalqın lideri öz xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1970-80-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfəsini vermişdir. Ondan sonra, Moskvada çalışdığı dövrdə də həmişə Azərbaycana böyük diqqət göstərmişdir. 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalan idi, ən axırıncı yerdə idi. 1982-ci ildə isə Azərbaycan bütün 15 respublika arasında iqtisadi, sosial inkişaf baxımından birinci idi. Eyni zamanda, 1993-cü ildə Heydər Əliyev yenidən Azərbaycana qayıdanda vəziyyət çox ağır idi. Demək olar ki, ölkə parçalanma ərəfəsində idi. Amma rəhbərliyinin 10 ili ərzində onun müdrikliyi, siyasəti nəticəsində, cəsarəti nəticəsində Azərbaycan bu gün iqtisadi inkişaf dinamikasına görə ən qabaqcıl ölkələr sırasındadır.

Naxçıvan Heydər Əliyevin həyatında xüsusi yer tutmuşdur. Naxçıvan Heydər Əliyevin vətənidir, o, burada doğulmuş, oxumuşdur və bütün dövrlərdə daim Naxçıvana böyük diqqətlə yanaşırdı. 1970-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanın sosial-iqtisadi inkişafına böyük töhfələr vermişdir. 1990-93-cü illərdə ağır, çətin şəraitdə naxçıvanlılarla birlikdə blokada şəraitində muxtar respublikanın inkişafına, burada əmin-amanlığın bərqərar olunmasına, təhlükəsizliyin təmin edilməsinə böyük xidmətlər göstərmişdir.

1993-2003-cü illərdə müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev həmişə Naxçıvanın qayğıları ilə yaşamışdır. Dəfələrlə respublikaya gəlmiş, öz tövsiyələrini vermiş və Naxçıvanın inkişafı üçün çox önəmli qərarlar qəbul etmişdir. Bu gün Naxçıvan çox sürətlə inkişaf edən respublikadır. Sosial-iqtisadi inkişaf çox sürətlidir, abadlıq-quruculuq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar bərpa olunur. Uzun fasilədən sonra Naxçıvana təbii qaz verilməsinin bərpası mümkün olmuşdur və bu, insanların həyat səviyyəsinin yaxşılaşmasına böyük dəstəkdir.

Naxçıvanda elektrik stansiyaları tikilir və bu gün bu tədbirdən sonra biz yeni elektrik stansiyasının açılışında iştirak edəcəyik. Yəni Naxçıvan özü enerjiyə olan tələbatını ödəyəcəkdir. 87 meqavat gücündə modul elektrik stansiyasının tikintisi, 50 meqavat gücündə elektrik stansiyasının bərpası, Heydər Əliyev Su Anbarında tikilmiş 4,5 meqavat gücündə Vayxır elektrik stansiyası - bütün bunlar son müddət ərzində görülmüş işlər, Naxçıvanın enerji təhlükəsizliyini təmin edən məsələlərdir. İnfrastruktur olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. İnfrastrukturun əsas hissəsini elektrik enerjisi və qaz təminatı təşkil edir. Azərbaycan özünün, o cümlədən Naxçıvanın da enerji təhlükəsizliyini təmin edir.

Bizim böyük işlərimiz, böyük planlarımız var. Bu planlar uğurla həyata keçirilir. Naxçıvanın timsalında biz bunu görə bilərik. Qəbul edilmiş qərarların qısa müddət ərzində icrası nəticəsində çox gözəl inkişaf, irəliləyiş var. Mən bir rəqəmi demək istəyirəm ki, Naxçıvanın büdcəsi son dörd ildə beş dəfə artıbdır. Yəni bu, o deməkdir ki, beş dəfə çox işlər görmək mümkündür. Maaşlar artır, pensiyalar artır. Dünən imzaladığım Sərəncamla yanvarın 1-dən minimum əmək haqqı 10 manat artırılacaq və 40 manat səviyyəsinə qaldırılacaqdır. İnfrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası və sosial məsələlərin həlli - demək olar ki, bizim sosial-iqtisadi siyasətimiz sahəsində əsas istiqamətlər bunlardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı da uğurla icra edilir, son üç ildə 500 min yeni iş yeri açılmışdır. İşsizlik aradan qaldırılır, yoxsulluq səviyyəsində yaşayanların sayı kəskin şəkildə azalır. Ünvanlı sosial yardım mexanizmi artıq tətbiq olunur.

Bir sözlə, bizim iqtisadi imkanlarımız, düşünülmüş siyasət, Heydər Əliyevin siyasi xətti imkan verir ki, Azərbaycan öz problemlərini qısa müddət ərzində həll etsin və biz bunu edirik. Bunu etmək üçün başlıca şərt Heydər Əliyev siyasətinin davam etdirilməsidir və bu siyasət indi davam etdirilir. Heydər Əliyevin siyasi irsi qorunur, onun siyasəti davam etdirilir və Azərbaycanda sabitliyin möhkəmlənməsində, sosial-iqtisadi inkişafın güclənməsində, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində bunun çox önəmli rolu var.

Naxçıvanda yeni aeroport, elektrik stansiyaları, məktəblər tikilmiş, yollar çəkilmişdir. Digər sosial obyektlərin tikintisi sürətlə gedir. Azərbaycanın hər bir bölgəsində biz bunu görürük. Hər bir bölgə inkişafdadır, bizim iqtisadi imkanlarımız buna şərait yaradır. Bu gözəl iqtisadi əsasda, bu gözəl iqtisadi zəmində güclü iqtisadiyyat yaratmaq mümkündür.

Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyətdədir. Məhz ulu öndərin təşəbbüsü ilə biz bu kəmərin tikintisinə nail ola bilmişik. Bir neçə gün bundan əvvəl “Şahdəniz” yatağından ilk qazın hasilatına nail ola bilmişik və Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır.

Nəzərə alsaq ki, indi bu məsələ dünyada ön plana çıxıbdır, görərik ki, əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsinə başlanmasaydı, bu gün Azərbaycanın vəziyyəti tam başqa olardı. Bizim iqtisadi vəziyyətimiz imkan verməzdi ki, bu sürətlə inkişafa nail olaq.

Son dörd il ərzində Azərbaycanın dövlət büdcəsi 4 dəfə artıb və Azərbaycanda böyük layihələr, böyük tikintilər dövlət büdcəsi hesabına həyata keçirilir. Bu Diaqnostika-Müalicə Mərkəzi də dövlət vəsaiti hesabına tikilmişdir. Biz artıq heç yerə müraciət etmirik, kreditlər axtarmırıq, öz imkanlarımızı səfərbər edib, maliyyə nizam-intizamını gücləndirib yeni obyektlərin yaradılmasında iştirak edirik. Gələcəkdə belə mərkəzlər başqa şəhərlərdə də tikiləcəkdir. Artıq bu proses başlanmışdır. Azərbaycanın 10 bölgəsində yeni, müasir diaqnostika-müalicə mərkəzi tikiləcəkdir.

Mən sizi bu soyuq havada çox saxlamaq istəmirəm, görürəm ki, burada gənclər bir az üşüyürlər. Hava doğrudan da soyuqdur, mənfi 6 dərəcədir. Amma nəzərə alsaq ki, yeni xəstəxana tikilib və əgər kimsə xəstələnərsə, əminəm ki, burada yüksək xidmət alacaqdır. Amma arzu edirəm ki, heç kim xəstələnməsin, bütövlükdə, naxçıvanlılar fiziki cəhətdən sağlamdırlar. Bu çətin iqlim onları möhkəmləndirir. Ancaq əgər kimsə xəstələnsə, artıq ən yüksək tibbi xidmət almaq mümkün olacaqdır.

Əvvəllər bəzi hallarda bölgələrdən Bakıya müalicə üçün gəlirdilər, indi də belə hallar var. Amma bölgələrdə yaradılan tibb mərkəzləri bunun qarşısını alacaqdır. Yəni bölgələrdə indi böyük cərrahiyyə əməliyyatları aparılır. Lənkəran şəhərində bu il açdığımız müalicə-diaqnostika kompleksində ürəkdə açıq cərrahiyyə əməliyyatı keçirilmişdir. Yəni bu, imkan verəcək ki, yəqin nə vaxtsa başqa ölkələrdən buraya müalicə üçün gələcəklər. Hər halda, Azərbaycanın bugünkü durumu buna imkan verir.

Azərbaycanın gələcək inkişaf strategiyası da respublikamızı hərtərəfli şəkildə inkişaf etmiş, güclü iqtisadi potensiala, güclü siyasi və beynəlxalq mövqelərə malik ölkəyə çevirəcəkdir. Mən bunu arzulayıram və öz gündəlik fəaliyyətimdə bunu təmin etməyə çalışıram.

Əziz dostlar, sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sağ olun.

AzərTAc

“Azərbaycan”, 21 dekabr 2006-cı il