“N” hərbi hissəsində yeni korpusun açılış mərasimində nitq söyləmişdir.

Prezident İlham Əliyev “N” hərbi hissəsində yeni korpusun açılışında

iştirak etmişdir

2004, 12 may

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mayın 12-də Naxçıvandakı “N” hərbi hissəsində yeni korpusun açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin

nitqi

- Əziz əsgərlər, zabitlər, generallar!

Sizin hamınızı salamlayıram, seçdiyiniz şərəfli peşənizdə uğurlar arzulayıram.

On üçüncü ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Hər bir müstəqil dövlət üçün onun ordusu müstəqilliyin ən vacib əlamətlərindən biridir. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda, ordu demək olar, yox idi. Ayrı-ayrı dəstələrdən ibarət olan birləşmələr, təbii ki, ölkə qarşısında duran çox çətin vəzifələrin öhdəsindən gələ bilməzdilər. Azərbaycan çox çətin vəziyyətə düşmüşdür və bunun nəticəsində torpaqlarımız işğal olunurdu.

Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə, Azərbaycana qayıdışından, Prezident vəzifəsinə seçilməsindən sonra Azərbaycanda ordu quruculuğunda dönüş yarandı. O ildən başlayaraq, son on il ərzində ordumuz gücləndi, inkişaf etdi və bu gün demək olar ki, bizim ordumuz çox yüksək səviyyədədir. Qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.

Ordumuzun qarşısında böyük vəzifələr durur. Ordumuz Azərbaycanın dövlət müstəqilliyini qoruyur, sərhədlərimizi qoruyur. Əminəm ki, bundan sonra da bu vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Azərbaycan müharibə vəziyyətindədir. Azərbaycan torpaqları işğal altındadır. Biz çalışırıq ki, bu münaqişəni, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Danışıqlar yolu ilə həll edək. Amma hələ ki, buna nail ola bilmirik. Eyni zamanda, biz daim orduya qayğı göstərməliyik, diqqət göstərməliyik, ordumuzu gücləndirməliyik. Bu siyasət bundan sonra da aparılacaqdır.

Orduya ayrılan xərclər hər il artır. Büdcədə nəzərdə tutulmuş xərclər artır. Bundan sonra da orduya ayrılacaq vəsaitlər artacaqdır. Azərbaycanın iqtisadi potensialı güclənir. Ölkə zəngin dövlətə çevriləcəkdir. Əlbəttə, bütün başqa sahələrlə yanaşı, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Biz öz ordu, hərbi potensialımızı gücləndirməliyik. Artıq bu istiqamətdə çox önəmli addımlar atılır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə çox önəmli, demək olar ki, həlledici addımlar atılmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Amma biz istəyirik ki, ordumuz daha da güclü olsun. Orduda xidmət edən zabitlərin, əsgərlərin şəraiti daha da yaxşı olsun. Bu istiqamətdə də böyük işlər görülür. Bu gün burada gördüyünüz yeni binalar, tikililər bir daha buna sübutdur. Orduya qayğı var və bundan sonra da olacaqdır.

Hər bir hərbi hissədə şərait yüksək olmalıdır. Burada, Naxçıvanda bu istiqamətdə çox böyük işlər görülür. Naxçıvanda yerləşən hərbi hissələr muxtar respublikanı çox möhkəm qoruyurlar və mən Ali baş komandan kimi burada aparılan işlərdən razıyam.

Naxçıvan çətin vəziyyətdə, blokada şəraitində yaşayır. Düşmənlə sərhəddə yaşayır. 1990-1993-cü illərdə erməni təcavüzkarları Naxçıvana da hücumlar etmişlər, belə cəhdlər göstərmişlər. Amma Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar onlara çox layiqli cavab verdilər, çox sarsıdıcı zərbələr endirdilər və düşməni yerinə oturtdular. O illər Naxçıvanın taleyi üçün həlledici illər olmuşdur. Heç kəs üçün sirr deyil ki, Ermənistanın qəsbkar siyasətinin bir istiqaməti ondan ibarət idi ki, Naxçıvanı da işğal altına salsınlar. Amma buna nail ola bilmədilər. Çünki Heydər Əliyev və xalq bunun qarşısını aldılar.

Mən bilirəm ki, ümummilli liderimiz Heydər Əliyev bundan sonra da daim Naxçıvan haqqında düşünürdü. Daim Naxçıvana böyük diqqət göstərirdi. O cümlədən Naxçıvanda yerləşən hərbi hissələrə böyük diqqət göstərilirdi. Bu istiqamətdə işlər davam etdiriləcək, hazırda əməli addımlar atılır və bundan sonra da atılacaqdır. Naxçıvanda yerləşən hərbi hissələr qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdırlar və qadirdirlər. Bundan sonra görüləcək tədbirlərin nəticəsində isə burada çox güclü hərbi birləşmə yaranacaqdır.

Bütün bunları həyata keçirmək üçün, qarşıda duran məqsədlərə nail olmaq üçün Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf etməlidir. Ümummilli liderimiz tərəfindən təməli qoyulmuş iqtisadi islahatlar, Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr bizə imkan verəcəkdir ki, yaxın zamanlarda ölkəmiz iqtisadi cəhətdən çox qüdrətli ölkəyə çevrilsin. Heç kəs üçün sirr deyil ki, iqtisadi cəhətdən zəif ölkələrdə güclü ordu olmur. Yalnız iqtisadi cəhətdən güclü olan ölkələr güclü orduya malik olurlar. Bizim də vəzifəmiz budur. Biz ölkəmizi gücləndirəcək, zənginləşdirəcəyik. Ölkəmiz sürətlə inkişaf edəcək və yaranmış iqtisadi potensial, o cümlədən bəlkə də, ilk növbədə, ordu quruculuğuna sərf olunacaqdır.

Ölkəmiz müharibə şəraitindədir. Bizim işimiz haqq işidir. Biz heç kəsin torpağını işğal etməmişik, heç kəsin də torpağında da gözümüz yoxdur. Bizim ərazi bütövlüyümüz pozulubdur, torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı, Azərbaycan ordusu hər an öz ərazi bütövlüyünü bərpa etmək üçün lazımi addımlar ata bilər. Bizim buna haqqımız çatır. Beynəlxalq hüquq normaları da bizə belə bir imkan yaradır. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozubdur. Artıq dünyada bu məsələ ilə əlaqədar ictimai rəy formalaşıbdır. Deyə bilərəm ki, bu ictimai rəy ədaləti əks etdirən rəydir, bizim üçün müsbət rəydir. Azərbaycanın tələbləri artıq böyük diqqətlə qarşılanır və biz görürük ki, beynəlxalq ictimaiyyət, dünyanın aparıcı ölkələri bu məsələyə daha ədalətli yanaşmağa başlamışlar.

Biz ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar yolu ilə bərpa olunacaqdır. Biz buna çalışacağıq və sülh danışıqlarına sadiqik. Ancaq, eyni zamanda, Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Əgər biz görsək ki, danışıqların heç bir nəticəsi yoxdur, bütün vasitələrdən istifadə edib torpaqlarımızı azad edəcəyik. Bunu etmək üçün güclü ordu lazımdır, vətənpərvərlik ruhu lazımdır, xalqın birliyi, iradəsi lazımdır. Bunların da hamısı var.

Azərbaycanda son 10 il ərzində Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Ötən il keçirilən prezident seçkilərində xalq Heydər Əliyev siyasətinə, Heydər Əliyev ideologiyasına səs veribdir. Azərbaycan xalqı bu siyasətə alternativ görmür. Azərbaycanın rahat yaşaması üçün, xalqımızın rahat şəraitdə yaşaması üçün bu siyasət davam etdirilməlidir. Azərbaycanda ictimai-siyasi asayiş var, iqtisadi tərəqqi var, sosial məsələlər öz həllini tapır, ölkəmiz ildən-ilə güclənir. Bu gün Naxçıvanda olarkən bunu bir daha açıq-aydın görürük. Blokada şəraitində yaşayan Naxçıvan böyük addımlarla irəliləyir. Burada aparılan abadlıq, quruculuq işləri məni çox sevindirir. Yeni binalar, müəssisələr, elm ocaqları, səhiyyə ocaqları, idman qurğuları yaradılır, demək olar ki, həyatımızın hər bir sahəsi Naxçıvanda inkişaf edir. O cümlədən ordu quruculuğu da. Burada Naxçıvan rəhbərliyinin xüsusi xidmətləri vardır. Mən buna görə onlara minnətdaram.

Əziz əsgərlər, zabitlər, generallar!

Mən sizi bir daha salamlayıram və Vətən uğrunda xidmətinizə görə sizə öz təşəkkürümü bildirirəm.

Sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.

Sağ olun.

AzərTAc

13 may 2004-cü il