Şərur rayon Mərkəzi Xəstəxanasının təntənəli açılış mərasimi
2007, 17 oktyabr
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Şərur rayonunda mərkəzi xəstəxananın təntənəli açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşan səhiyyə işçiləri, rayon sakinləri Prezident İlham Əliyevi böyük ehtiramla, hərarətli alqışlarla qarşıladılar.
Dövlətimizin başçısı İlham Əliyev xəstəxananın açılışını bildirən lenti kəsdi və bu səhiyyə obyekti ilə tanış oldu.
Ümumi sahəsi 10 min kvadratmetr olan yeni səhiyyə ocağı 1972-ci ildə tikilmiş, lakin sonralar tamamilə yararsız vəziyyətə düşmüş xəstəxananın yerində inşa olunmuşdur. Tikinti işlərində 500 nəfər çalışmışdır. Xəstəxana 81 çarpayılıqdır. Burada ümumi cərrahiyyə, reanimasiya, terapiya, stomatologiya, qanköçürmə, pediatriya, rentgen şöbələri, poliklinika, fəaliyyət göstərir. 80 nəfərlik müasir yeməkxana da vardır.
Dövlətimizin başçısı ayrı-ayrı şöbələrdə yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün zəruri olan ən müasir xarici tibbi avadanlığa baxdı. Bildirildi ki, Şərur, Sədərək, Kəngərli rayonlarında böyrək çatışmazlığından əziyyət çəkən xəstələr də burada müalicə olunacaq, qonşu İran və Türkiyəyə, Naxçıvan şəhərinə və Bakıya getməyə ehtiyac qalmayacaqdır.
Sonra xəstəxananın açılışına həsr olunmuş mərasim keçirildi.
Mərasimi Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
-Əziz dostlar, əziz şərurlular!
Mən sizin hamınızı ürəkdən salamlayıram, bu gözəl xəstəxananın açılışı münasibətilə sizi təbrik edirəm.
Çox şadam ki, Şərurda belə gözəl səhiyyə ocağı tikilib istifadəyə verilibdir. Mən xəstəxana ilə indi tanış oldum, gördüm ki, sözün əsl mənasında, bütün dünyada mövcud olan yüksək standartlara cavab verən bir tibb ocağıdır. Burada insanlar yaxşı tibbi xidmət alacaq, müalicə olunacaq, müayinədən keçəcəklər. Burada ən gözəl, ən müasir tibbi avadanlıq quraşdırılıbdır. Bir sözlə, bu xəstəxana ən yüksək dünya standartlarına cavab verir. Bizim də məqsədimiz məhz bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün müəssisələr, bütün infrastruktur obyektləri, sosial infrastruktur obyektləri ən yüksək səviyyədə olsun və biz buna nail oluruq.
Azərbaycanda son illər ərzində çox geniş quruculuq-abadlıq işləri aparılır. Yeni fabriklər, zavodlar, məktəblər, ali məktəblər, xəstəxanalar, poliklinikalar tikilir. Ölkəmizin bütün şəhər və rayonlarında bu inkişaf göz qabağındadır. Bunun əsas səbəbi ondan ibarətdir ki, 1990-cı illərin ortalarında başlanmış və bu gün uğurla davam etdirilən iqtisadi islahatlar Azərbaycana bu şəraiti yaradıbdır. Ulu öndər Heydər Əliyevin siyasi baxışları, siyasi xətti, onun tərəfindən qəbul edilmiş qərarlar, verilmiş sərəncamlar, aparılan çox köklü iqtisadi islahatlar bu gün ölkəmizin hərtərəfli inkişafı üçün gözəl əsas yaradır. Bu möhkəm təməl üzərində biz ölkəmizi daha da inkişaf etdirir, qarşımızda duran bütün məsələləri həll edirik. İqtisadi islahatlar davam etdirilir, regional inkişaf proqramının birinci mərhələsi başa çatır və indidən demək olar ki, nəzərdə tutulmuş əksər məsələlər artıq həll edilmişdir. Nəzərə alsaq ki, proqramın başa çatmasına hələ bir il vaxt var, deyə bilərik ki, onun bütün əsas müddəaları həyatda öz əksini tapacaqdır. Beləliklə, Azərbaycanın regionları inkişaf edəcək, ölkəmizdə qeyri-neft sektoru inkişaf edəcək, iqtisadiyyatımız çoxşaxəli olacaq, neft-qaz amilindən asılı olmayacaq və sosial infrastruktur da yeniləşəcəkdir. Azərbaycanda son illərdə gedən bütün işləri Naxçıvanın timsalında görmək olar. Biz bunu görürük.
Naxçıvanda çox böyük quruculuq işləri aparılır. Mən hər il Naxçıvana gəlirəm, keçən ilin dekabr ayında olmuşam və bu qısa müddət ərzində burada çox böyük dəyişikliklər görürəm. Bəlkə də, siz, burada yaşayanlar bunu görmürsünüz. Amma mən 10 ay bundan əvvəl burada idim və bu gün Naxçıvanda bir neçə tədbirdə iştirak etmişəm. Naxçıvan Dövlət Universitetinin yeni korpusunun açılışında, yeni məktəbin açılışında bu yaxınlarda Şahtaxtı kəndində tikilmiş məktəbdə olmuşam. Şəhərdə gedən quruculuq-abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri – bütün bunlar məni çox sevindirir. Bütün bunlar göstərir ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verirlər.
Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir.
Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin və biz bunu görürük. Xüsusilə Naxçıvanın inkişafına böyük diqqət göstərilir. Çünki uzun illər ərzində, 20 ilə yaxındır Naxçıvan blokada şəraitində yaşayır. Nəzərə alsaq ki, iqlim də çox sərtdir, bu ağır şəraitdə burada görülən işlər doğrudan da təqdirəlayiqdir. Mən hər dəfə burada yenilikləri, inkişafı görəndə çox sevinirəm. Çox şad oluram ki, Naxçıvanda işlər yaxşı gedir və muxtar respublika iqtisadi göstəricilərinə görə də qabaqcıl yerdədir. Naxçıvanda ümumi daxili məhsulun artımı bütövlükdə ölkədəki artımla eynidir, iqtisadiyyat təxminən 30 faiz artır. Əhalinin pul gəlirləri artır, yeni iş yerləri açılır, zavodlar, fabriklər, məktəblər tikilir, xəstəxanalar tikilir.
Mənə bu gün Vasif Talıbov məlumat verdi ki, hər bir rayon mərkəzində belə gözəl xəstəxanalar tikiləcəkdir. Bu onu göstərir ki, Naxçıvanın sosial infrastrukturu qısa müddət ərzində dünyanın ən yüksək standartlarına cavab verəcəkdir və biz bunu istəyirik. Biz istəyirik ki, dünyadakı ən yüksək səviyyə, ən yüksək standartlar Azərbaycanın hər bir yerində tətbiq olunsun. Hər bir kənddə, yaşayış məntəqəsində, qəsəbədə onun əhalisinin sayından asılı olmayaraq, gözəl məktəb, tibb ocağı, sosial infrastruktur, iş yerləri, yollar olsun. Bütün bunlar insanın həyatını təmin edir. Naxçıvanın bütövlükdə infrastruktur layihələri də çox böyük əhəmiyyət kəsb edir.
Bu gün biz Şahtaxtıda yeni körpünün açılışında iştirak etmişik. O körpünün də çox böyük əhəmiyyəti var, insanların gəliş-gedişini asanlaşdıracaqdır. Bir müddət bundan əvvəl Naxçıvanda tikilmiş yeni modul elektrik stansiyası, demək olar, respublikanın elektrik enerjisinə olan tələbatını nəinki ödəyir, hətta əlavə imkanlar yaradır ki, gələcəkdə Naxçıvan elektrik enerjisini ixrac edə bilsin. Görün, biz nəyə nail olmuşuq. Vaxtilə qaranlıqda yaşayan Naxçıvan elektrik enerjisini ixrac edə biləcək, biz buna nail olacağıq.
İrandan çəkilən qaz kəməri Naxçıvanın qazlaşdırılmasını da sürətləndirir. Vaxtilə, 1970-80-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın təxminən hər bir rayonu qazlaşdırılmışdı. Amma sonra Naxçıvana qazın verilməsi kəsilmişdi və 13 ildən sonra biz bunu bərpa edə bildik. İndi biz İranla mübadilə yolu ilə Naxçıvanı qazla təmin edirik. Eyni zamanda, Azərbaycan tərəfindən Astarada böyük qaz-kompressor stansiyası tikilibdir ki, biz İrana eyni həcmdə qaz nəql edək. Beləliklə, artıq Naxçıvanın əhalisinin böyük hissəsi təbii qaz alır. Ancaq bu, hələ birinci mərhələdir. Biz qazlaşdırmanın birinci mərhələsini başa vurduq, indi ikinci mərhələnin icrası davam etdirilir. Bu yaxınlarda əlavə vəsait də ayrılacaq və vaxtilə, 1970-80-ci illərdə qazlaşdırılmış bütün məntəqələrə təbii qaz veriləcəkdir. Amma hələ bu da son məqsəd deyildir. Bizim istəyimiz ondan ibarətdir ki, vaxtilə qazlaşdırılmamış məntəqələrin də qaz təminatını təşkil edək. Bu, işin üçüncü mərhələsidir və mən əminəm ki, biz buna da nail olacağıq.
Beləliklə, insanların rahat yaşaması, yeni müasir infrastrukturun yaradılması, səhiyyə, təhsil ocaqlarının tikintisi, yeni zavod və fabriklərin işə düşməsi Naxçıvanın potensialını möhkəmləndirir. Naxçıvanın büdcəsi ildən-ilə, təxminən Azərbaycanın büdcəsinin artım dinamikası ilə bərabər səviyyədə artır. Sosial Müdafiə Fondunun ayrılmaları ilə birlikdə, gələn il Naxçıvanın büdcəsi təxminən 280 milyon manat olacaqdır. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl Naxçıvanın büdcəsi cəmi 70 milyon manat idi. Yəni bu, əlavə imkanlar yaradır. Gözəl xəstəxanalar, gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir.
Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.
Mən sizi əmin edə bilərəm ki, belə gözəl xəstəxanalar inkişaf etmiş ölkələrin böyük şəhərlərində də tikilmir. Belə gözəl məktəblər, hansı ki, biz bu gün Naxçıvanda onun açılışını etdik, heç bir ölkədə tikilmir. Mən bunları bilən adam kimi sizə deyirəm. Naxçıvan Dövlət Universitetinin yeni binası mənim dünyada olduğum, gördüyüm bütün ali məktəblərdən üstündür. Bu, real həqiqətdir. Bir daha onu göstərir ki, bizim siyasətimiz öz nəticələrini verir.
Mən deyəndə ki, hər bir sahədə yüksək səviyyə olmalıdır, biz indi bunu həyatda icra edirik, həyatda bunu görürük və bu, insanların yaxşı yaşamasına xidmət edir. Burada müalicə olunacaq insanlar yaxşı, yüksək tibbi xidmət alacaqlar. Burada süni böyrək cihazları quraşdırılıbdır. Böyrək çatışmazlığından əziyyət çəkən insanlar vaxtilə qanı təmizləmək üçün Naxçıvandan ya İrana, ya Türkiyəyə, yaxud da Bakıya gedirdilər. Naxçıvanda Müalicə-diaqnostika mərkəzinin istifadəyə verilməsindən sonra orada müalicə olunurlar. İndi bu aparatlar, cihazlar burada, Şərurda da quraşdırılıbdır. Şərurda olan xəstələr heç Naxçıvana da getməyəcəklər, burada müalicə alacaqlar. Biz bunu nə üçün edirik? Onun üçün edirik ki, xəstələr yaxşı tibbi xidmət alsınlar. Xəstə adam onsuz da xəstəliyindən əziyyət çəkir, biz ona əlavə əziyyət verməməliyik. Yol xərci, yolda çəkdiyi əziyyət onun xəstəliyini daha da dərinləşdirir, ona mənəvi sarsıntılar gətirir. Xəstə insan gərək qayğı ilə əhatə olunsun. Ona görə biz çalışırıq ki, bütün müasir avadanlıq, texnologiya, binalar yüksək səviyyədə olsun. Ancaq həkimlərdən də çox şey asılıdır. Mən ümid edirəm ki, bizim həkimlərimiz də öz peşəkarlıqlarını artıracaqlar, dünyada gedən yenilikləri də öyrənəcəklər və yaxşı təcrübə toplayıb xəstələrə tibbi xidmət göstərəcəklər.
Mən həkimlərin işini də çox yüksək qiymətləndirirəm. Bu, çox ağır, eyni zamanda, çox xeyirxah peşədir. Biz çalışırıq ki, həkimlərin sosial problemlərinin həlli üçün də əlimizdən gələni edək. Səhiyyə mərkəzlərinə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır, gələn il də artırılacaqdır. Bu vəsaitlə yeni xəstəxanalar tikilir və bu vəsaitdən istifadə edib biz gələn il də həkimlərin əmək haqlarını qaldıracağıq. Biz bunu etməklə həkimlərin həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Onların gördüyü işlərə, fədakarlığına öz münasibətimizi bildirməliyik.
Bir sözlə, Azərbaycanda və Naxçıvanda həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli, həm də gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Bu, bizim uğurlarımızın təməl prinsipləridir. Məhz bu möhkəm təməl əsasında biz irəliyə gedirik. Bu möhkəm təməl əsasında Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. Azərbaycan müasir ölkəyə, dünya üçün çox əhəmiyyətli ölkəyə çevrilir.
Biz hamımız müstəqilliyimizin ilk illərini xatırlayırıq və siz də yaxşı xatırlayırsınız ki, Azərbaycan xalqı hansı böyük çətinliklərlə üzləşmişdi. O cümlədən Naxçıvan. O vaxt, 1990-cı illərin əvvəllərində Bakıda rəhbərlikdə olan qüvvələrin antinaxçıvan siyasətini biz yaxşı xatırlayırıq. Onlar nəinki Naxçıvana kömək etmir, hətta Naxçıvanı da işğala məruz qoymağa hazır idilər. Nəyə görə?! Çünki Naxçıvana o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edirdi. Əlbəttə, onun xalq arasında olan nüfuzu, onun biliyi Bakıda oturanları çox narahat edirdi. Ona görə nəinki Naxçıvana kömək etmirdilər, hətta bütün səylərini Naxçıvanı boğmağa yönəltmişdilər. Bir tərəfdən, ermənilər, erməni qəsbkarları Naxçıvana hücum edirdilər. Digər tərəfdən, Azərbaycan rəhbərliyində oturan xainlər, milli satqınlar istəyirdilər ki, Naxçıvanı Azərbaycandan tamamilə ayırsınlar. Amma naxçıvanlılar öz liderləri ətrafında, Heydər Əliyevin ətrafında birləşmişdilər. Naxçıvanlılar ermənilərə tutarlı cavab verdilər, onları yerində oturtdular, öz torpaqlarını müdafiə etdilər. Azərbaycanın ərazi bütövlüyünü Azərbaycanın bu hissəsində müdafiə etdilər və öz lideri ətrafında birləşərək, o vaxt Naxçıvanı faktik olaraq, blokadadan çıxara bildilər. Məhz o illərdə, Heydər Əliyev burada rəhbərlikdə olduğu dövrdə Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü tikilmişdi. O vaxt Sədərəkdə böyük mərasim keçirilmişdi. O körpü elə bil ki, Naxçıvan üçün bir nəfəs borusu idi. Ancaq o, birinci mərhələ idi. Yenə də çətinliklər var idi.
Ondan sonrakı illərdə Azərbaycanda Heydər Əliyev siyasəti başlayanda, Heydər Əliyevin rəhbərliyi altında aparılan bütün işlər Azərbaycanı çətin vəziyyətdən çıxardı. Biz nəinki o böhranın acı nəticələrini aradan qaldırdıq, o tənəzzülün qarşısını aldıq, biz həm də dirçəldik, Azərbaycan özünə gəldi və Heydər Əliyevin rəhbərliyi ilə ölkə inkişaf etməyə başladı. 1996-cı ildən başlayaraq, 2004-cü ilə qədər iqtisadiyyat hər il orta hesabla on faiz artırdı. Bu bizə imkan verdi ki, güclənək, maliyyə resurslarımızı işə salaq, Heydər Əliyevin neft strategiyasından əldə olunan vəsaitdən səmərəli istifadə edib, onu Azərbaycan xalqının inkişafına yönəldək.
2004-cü ildən sonra isə iqtisadiyyat daha da yüksək sürətlə inkişaf etməyə başladı: 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ilin doqquz ayında təxminən 30 faiz. Heç bir başqa ölkədə belə göstəricilər yoxdur. Bu, təkcə statistik rəqəmlər deyil, biz bunu hər gün həyatda görürük. Bax, bu gözəl xəstəxanalarda görürük, tikilən məktəblərdə, salınan yollarda, tikilən elektrik stansiyalarında, qaz xətlərində, su kəmərlərində, mədəniyyət ocaqlarında, Azərbaycanın inkişafında görürük.
Mən əminəm ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır. Necə ki, Naxçıvanın səması həmişə açıq-aydın olur, - burada heç vaxt nə tüstü, nə buludlar olur, Naxçıvanın səması həmişə çox təbii rəngdə, çox açıq olur, - eləcə də Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik. Mən bu yolda sizin hamınıza uğurlar arzulayıram.
Sağ olun.
AzərTAc
18 oktyabr 2007-ci il