Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın Naxçıvan bölməsinin
yeni korpusunun açılışında iştirak etmişdir
2004, 12 may
Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin yeni korpusunun təntənəli açılışına həsr olunmuş mərasim keçirilmişdir.
Güclü yağış yağmasına baxmayaraq, mərasimə toplaşmış minlərlə insan - müəllim və tələbələr, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri prezident ilham Əliyevi mehribanlıqla qarşıladılar.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Əziz naxçıvanlılar!
Əziz bacılar və qardaşlar!
Mən sizi bu yağışın altında çox saxlamaq istəmirəm. Amma eyni zamanda, öz ürək sözlərimi demək istəyirəm.
Mən bu gün səhərdən Naxçıvandayam. Naxçıvanda böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Naxçıvanda Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni hava limanı açıldı. Biz onun açılışında iştirak etdik. O, bütün yüksək standartlara cavab verən hava limanıdır və naxçıvanlılara gözəl xidmət edəcəkdir. Naxçıvanda yeni kompüter tomoqrafiyası kabineti yaradılmışdır. İndi naxçıvanlılar müayinədən keçmək üçün başqa şəhərlərə, Bakıya, yaxud da xaricə getməyəcəklər, burada pulsuz olaraq müayinədən keçəcəklər.
Bu gün yeni kitabxana ilə tanış olduq. Universitetin gözəl kitabxanası öz qapılarını açdı. Demək olar ki, Naxçıvanda bütün dünya standartlarına cavab verən kitabxana yaradılıbdır. Eyni zamanda, hərbi hissədə olmuşam. Deyə bilərəm ki, bu hərbi hissə Azərbaycanda bütün hərbi hissələr üçün nümunə, örnək ola bilər. Çünki orada görülən işlər belə şəraiti yaradıbdır. Əsgərlər, zabitlər orada gözəl xidmət edirlər.
Bu gün Təbii Ehtiyatlar institutunun binasının açılışıdır, sabah digər tədbirlər də keçiriləcəkdir. Eyni zamanda bilirsiniz ki, Heydər Əliyevin təşəbbüsü ilə burada böyük məktəb binası tikilir. Əminəm ki, bu məktəb də Azərbaycanda bir nömrəli məktəb olacaqdır. Çünki o, Heydər Əliyevin adını daşıyacaq, çünki onun təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu gün yeni üzgüçülük kompleksi ilə tanış olduq. Bu da xalqımıza xidmət edəcəkdir. Naxçıvanda digər tədbirlər də həyata keçirilir. Bu, məni çox sevindirir. Naxçıvan bizim hamımız üçün doğma diyardır, əziz vətəndir. Mənim atamın vətənidir. Demək, mənim də vətənimdir. Hər bir azərbaycanlının vətənidir.
Mən çox xoşbəxtəm, çox sevinirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan yaşayır, inkişaf edir. Burada yeni mədəniyyət ocaqları, səhiyyə ocaqları, insanlara xidmət edəcək müəssisələr yaradılır. Bu, belə də olacaqdır. Naxçıvan daim, bütün zamanlarda ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində idi. Bu diqqət bundan sonra da göstəriləcəkdir.
Mən bu fürsətdən istifadə edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onun yorulmaz fəaliyyəti nəticəsində burada böyük işlər görülübdür. Ümummilli liderimiz Heydər Əliyev hər dəfə Naxçıvana gələndə buradan böyük ruh yüksəkliyi ilə qayıdırdı. ikinci tərəfdən, əlbəttə, bura onun doğma vətənidir. Əlbəttə ki, burada keçirdiyi günlər onun üçün çox əziz idi.
Eyni zamanda, Heydər Əliyev görəndə ki blokada şəraitində, ağır vəziyyətdə yaşayan Naxçıvan - demək olar ki, Naxçıvan Azərbaycanın yeganə diyarıdır ki, buraya təbii qazın verilməsi hələ mümkün deyil, qışda havalar soyuq keçir, bəzi hallarda elektrik enerjisi verilməsində problemlər yaranır, amma biz bütün bu məsafələri həll edəcəyik, görüləcək tədbirlər nəticəsində bu məsələlər öz əksini tapacaqdır - Naxçıvan çiçəklənir, inkişaf edir, burada abadlıq işləri gedir, bu onu çox sevindirirdi. Məni də çox sevindirir. Bu güclənən yağış da mənim sözümün qüvvətidir.
1990-1993-cü illərdə, Naxçıvanın ən çətin dövründə Heydər Əliyev naxçıvanlılarla birlikdə olubdur. O, Naxçıvana gəldi və naxçıvanlılar onu qorudular. Bundan sonra Heydər Əliyev Naxçıvanın rəhbərliyinə gəldi və o, naxçıvanlıları qorudu.
O dövrlərdə Heydər Əliyev xalqla bir idi. Heydər Əliyev - xalq birliyi imkan verir ki, Azərbaycan çox uğurla inkişaf etsin. Naxçıvan, blokada şəraitində yaşayan əziz diyarımız inkişaf edir, çiçəklənir, güclənir və bu ənənələr, bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
Bu gün mən də sizinlə bərabər bu yağışın altındayam. Amma mən bu yağışı hiss etmirəm. Sizin göstərdiyiniz qonaqpərvərliyi, istiqanlılığı, məhəbbəti görəndə mənə elə gəlir ki, sanki səmada günəş çıxıbdır. Mən sizin hamınıza bir daha öz dərin hörmət və ehtiramımı, məhəbbətimi bildirirəm. Sizə öz təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Naxçıvan bundan sonra da yaşayacaq, güclənəcək, zənginləşəcəkdir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan əbədi yaşayacaqdır.
Sağ olun.
* * *
Sonra dövlətimizin başçısı İlham Əliyev bina ilə tanış oldu.
Azərbaycan prezidentinə məlumat verildi ki, bölmənin yeni korpusunda Təbii Ehtiyatlar institutu, Batabat Astrofizika Rəsədxanasının mərkəzi aparatı və Əlyazmalar Fondu yerləşir. Burada elmi kitabxana, nəşriyyat, arxiv, seysmoloji mərkəz vardır, elmi tədqiqat işləri aparılacaq 8 laboratoriya fəaliyyət göstərir. Yeni korpusda 200 nəfər çalışacaqdır.
AzərTAc
“Azərbaycan”, 14 may 2004-cü il