Prezident İlham Əliyevin sədrliyi ilə Naxçıvan MR Ali Məclisində
müşavirə
2004, 13 may
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Hörmətli müşavirə iştirakçıları!
İkinci gündür mən Naxçıvandayam. Prezident seçkilərindən sonra ilk dəfədir ki, Naxçıvana gəlmişəm və bu iki günün ərzində gördüklərim məni çox sevindirir. Naxçıvanda böyük quruculuq işləri davam edir.
Naxçıvan çətin şəraitdə yaşayan bir diyardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan blokada şəraitində yaşayır. Azərbaycanın bütün başqa regionlarından fərqli olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın bağlantısı yoxdur. Yalnız hava yolu vasitəsilə əlaqə var. Bütün bunları nəzərə alaraq, möhtərəm prezidentimiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərişi və bilavasitə tapşırığı ilə Naxçıvanda beynəlxalq hava limanı tikilib istifadəyə verilmişdir. Biz dünən onun açılışını təntənəli şəkildə qeyd etdik.
Deyə bilərəm ki, bu hava limanı ən yüksək dünya standartlarına cavab verir, sərnişinlərə gözəl xidmət göstərəcəkdir və gələcəkdə yeni təyyarələrin alınması da nəzərdə tutulubdur. Beləliklə, Naxçıvanla Bakı arasında əlaqələr, digər şəhərlərlə əlaqələr daha da etibarlı olacaqdır.
Naxçıvanda son illər ərzində görülən işlərin əsası 1990-cı illərin əvvəlində qoyulmuşdur. O vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana gəlmişdi. Naxçıvanlılar onu rəhbər seçmişdilər və burada quruculuq işləri başlanmışdı. Siz hamınız o günləri yaxşı xatırlayırsınız. Mən də yaxşı xatırlayıram. Çünki 1990-1993-cü illərdə Naxçıvanda dəfələrlə olmuşdum, o çətin, ağır şəraiti görmüşdüm. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz dirçəliş dövrünü yaşayır.
Naxçıvanın sosial-iqtisadi göstəriciləri çox yüksəkdir. Muxtar respublikanın ümumi daxili məhsulu ildən-ilə artır, sənaye potensialı, yerli istehsal artır, mühüm sosial məsələlər öz həllini tapır. Əlbəttə, görülən bütün bu işlərin təməli məhz o illərdə qoyulmuşdur. Amma təbii ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıtmasından sonra bütün ölkədə yeni dövr - quruculuq, yaradıcılıq dövrü başladı. Əgər Azərbaycanın, o cümlədən Naxçıvanın inkişaf ahənginə nəzər salsaq, görərik ki, 1996-cı ildən sonra çox sürətli artım var. Ölkəmiz sürətlə inkişaf edir, ümumi daxili məhsul artır. Sərmayələrin qoyuluşuna görə Azərbaycan ön sıralardadır. Azərbaycanın beynəlxalq nüfuzu artıbdır. Ölkəmizdə iri, dünya miqyaslı beynəlxalq layihələr həyata keçirilir.
Bir sözlə, Azərbaycan regionda öz mövqelərini möhkəmləndiribdir. Regional məsələlərdə Azərbaycanın sözü həlledicidir. Əlbəttə, bu, bizə imkan verir ki, öz siyasətimizi daha da inamla həyata keçirək.
Bu yaxınlarda Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair xüsusi fərman verilmişdir. Eyni zamanda, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı da qəbul olunubdur. Amma bu iki gündə Naxçıvanda açdığımız müəssisələr onu göstərir ki, bu sosial-iqtisadi inkişaf proqramı Naxçıvanda çoxdan həyata keçirilir.
Baxın, burada muxtar respublikanın həyatı, gələcəyi üçün əhəmiyyətli müəssisələr, infrastruktur obyektləri yaradılır, çox yüksək səviyyədə yollar salınır, hava limanı istifadəyə verilibdir. İdman kompleksləri, üzgüçülük hovuzu, mədəniyyət obyektləri tikilir. Deyə bilərəm ki, idman kompleksləri, universitet binası ən müasir avadanlıqla təchiz olunmuş, internetə qoşulmuş kitabxana, Əlillərin Bərpa Mərkəzi, digər obyektlər bütün dünya standartlarına cavab verir. Bu, onu göstərir ki, sosial məsələlərin həllinə böyük önəm verilir, hər bir sahədə inkişaf var.
Bizim ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri yeni iş yerlərinin açılmasıdır. Bu istiqamətdə də Naxçıvanda çox gözəl işlər görülür. Bu gün açılışında iştirak etdiyimiz sənaye kompleksində çoxlu yeni iş yerləri yaradılıbdır. İnsanlar işlə təmin olunubdur. Eyni zamanda, yerli istehsalın potensialı artır. Bizim məqsədimiz ondan ibarətdir ki, imkanımız çatan sahələrdə yerli istehsalı gücləndirək, idxalı azaldaq. Əlbəttə, Azərbaycanda istehsal edilməyən məhsullar, təbii ki, idxal olunmalıdır. Amma Azərbaycanda istehsal olunan məhsulların buraxılması Naxçıvanda da inkişaf etməlidir. Bu gün mənə verilən məlumata görə, Naxçıvan özünü, demək olar, böyük həcmdə təmin edir. Bu ənənələr, bu meyllər davam edəcəkdir. Naxçıvan daha da inkişaf edəcək. Burada yeni sənaye müəssisələri, yeni infrastruktur obyektləri tikiləcəkdir.
Heydər Əliyevin təşəbbüsü ilə Vayxır su anbarının, demək olar ki, yenidən qurulmasına başlanmışdır. Oraya böyük həcmdə sərmayə qoyulur və bu gün biz gördük ki, işlər necə uğurla davam edir. Bu, imkan verəcək ki, kənd təsərrüfatı inkişaf etsin. Bir sözlə, görülən bütün bu işlər gələcəkdə imkan verəcək ki, Naxçıvan çox uğurla inkişaf edə bilsin. Bizim məqsədimiz ondan ibarətdir ki, Naxçıvan maksimum dərəcədə özünü bütün cəhətlərdən təmin edə bilsin. Mən ümid edirəm ki, biz buna nail olacağıq.
Naxçıvanın əsas problemlərindən biri elektrik enerjisi məsələsidir. Bilirsiniz ki, buraya elektrik enerjisinin əsas hissəsi xaricdən gəlir. Naxçıvana 140 meqavat həcmində elektrik enerjisi verilir. Onun yalnız 20 meqavatı daxildə istehsal olunur. Qalanı isə Türkiyə və İrandan alınır. Bizim planlarımız, proqramlarımız var. Bu istiqamətdə işlər aparırıq ki, Naxçıvanı elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün yeni layihələr həyata keçirək. Biz bu yaxınlarda həmin məsələ ilə ciddi məşğul olmuşuq. Mən "Azərenerji"nin prezidenti Pirverdiyevə göstərişlər vermişəm. Sizə deyə bilərəm ki, artıq İranla çox önəmli danışıqlar aparılır. İranla elektrik enerjisi mübadiləsi həyata keçirilir. Düzdür, onun həcmi o qədər də böyük deyildir. Nə qədərdir?
Etibar PİRVERDİYEV ("Azərenerji" SC-nin prezidenti):
Cənab prezident, cəmi 200 meqavatdır.
İlham ƏLİYEV: Yay ərzində ildə 200 meqavatdır. Amma görüləcək işlərin nəticəsində biz bunu 700 meqavata çatdıra bilərik. Belə olan halda, Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam ödəniləcəkdir.
Qaz verilməsi məsələsi də gündəlikdədir. Bu istiqamətdə də işlər aparılır. Əlbəttə, əgər Naxçıvanla Azərbaycan arasında əlaqə olsaydı, buraya qaz vermək bizim üçün problem olmazdı. Çünki Azərbaycanda ildə 5 milyard kubmetrdən çox qaz hasil edilir. Eyni zamanda, 4 milyard kubmetrdən artıq idxal olunur. Naxçıvanın tələbatı 350-400 milyon kubmetrdir. Bunu təmin etmək problem deyildir. Problem odur ki, biz bu qazı Naxçıvana verə bilmirik. Belə olan halda, əlbəttə, başqa yollar arayırıq ki, bu məsələni də həll edək. Mən ümid edirəm ki, bu məsələni həll edəcəyik. Bu məsələ öz həllini taparsa, əlbəttə ki, Naxçıvanda yeni müəssisələrin yaradılması prosesi daha da sürətlə gedəcəkdir. Bizim məqsədimiz bundan ibarətdir.
Ordu quruculuğu sahəsində burada çox böyük işlər görülür. Mən dünən hərbi hissədə olarkən öz çıxışımda qeyd elədim ki, bu hərbi hissə Azərbaycanın hər bir hərbi hissəsi Üçün nümunə, örnək ola bilər. Əsgərlərlə bir yerdə olduq, yemək yedik, yemək də çox dadlı idi. Orada olan şərait ən yüksək standartlara cavab verir. Azərbaycanın Ordusu məhz bu cUr olmalıdır.
Əlbəttə, görülən bütün bu işlərin səbəbi vardır. İlk növbədə, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvana münasibətini xatırlatmaq istəyirəm. O, həmişə deyirdi ki, Naxçıvana xüsusi münasibət olmalıdır. Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır, ona görə Naxçıvana xüsusi diqqət olmalıdır. Özü də daim bu diqqəti göstərirdi. Digər tərəfdən, siz Naxçıvanda işlərin düzgün qurulması, Naxçıvanın rəhbərliyinin, Ali Məclisin sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz.
Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu - abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir. Buna görə mən sizə öz minnətdarlığımı bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, Naxçıvana bu vaxta qədər Azərbaycan rəhbərliyi tərəfindən göstərilmiş diqqət, qayğı bundan sonra da göstəriləcəkdir. Bu, Heydər Əliyevin siyasətidir və mən də bu siyasəti davam etdirirəm.
Yadımdadır, prezident Heydər Əliyev Naxçıvanda olarkən Bakıdan gəlmiş nazirlərə göstəriş vermişdi ki, onlar vaxtaşırı Naxçıvana gəlsinlər, burada məsələlərlə məşğul olsunlar, lazımi köməyi də göstərsinlər. Mən bu gün nazirləri tənqid etmək fikrində deyiləm. Amma deyə bilərəm ki, mənə verilən məlumata görə, prezident seçkilərindən sonra buraya daxili işlər naziri Ramil Usubovdan başqa heç bir nazir gəlməyibdir. Bu, yaramaz bir haldır. Prezident seçkilərindən 7 ay keçib və bu 7 ay ərzində Usubovdan başqa heç bir nazir buraya gəlməyibdir.
Hörmətli nazirlər, bəlkə də, bu gün bunun yeri deyil, amma mən istəyirəm biləsiniz: Heydər Əliyevin hər bir sözü bizim üçün qanundur. Əgər o, belə deyibsə, bundan sonra da belə olacaqdır. Mən sizdən tələb edirəm ki, Heydər Əliyevin sizə verdiyi tapşırıqları yerinə yetirəsiniz və vaxtaşırı, rübdə azı bir dəfə buraya gələsiniz, bütün məsələlərlə məşğul olasınız, lazımi köməyi göstərəsiniz ki, işlər daha da sürətlə getsin. Mən ümid edirəm ki, növbəti dəfə bu tapşırığı verməli olmayacağam.
Görülən bütün işlər məni çox sevindirir. Çox sevindirir ki, doğma vətənimiz belə uğurla inkişaf edir. İnsanların rifah halı yaxşılaşır, gəlirləri artır. Son illər ərzində Azərbaycanda aparılan sosial-iqtisadi islahatların nəticəsində bütün sahələrdə çox dinamik inkişaf müşahidə olunur.
Azərbaycan bazar iqtisadiyyatı prinsipləri ilə irəliləyir. Bu, bizim siyasətimizdir. Dünya təcrübəsi bunu göstərir ki, başqa alternativ yoxdur. Yalnız və yalnız bazar münasibətləri prinsipləri əsasında qurulmuş iqtisadiyyat uğurlar əldə edir. Amma, eyni zamanda, Azərbaycanda sosial məsələlərə böyük önəm verilir. Mən bu barədə bir necə dəfə fikirlərimi bildirmişəm.
Baxmayaraq ki, iqtisadiyyatımız bazar prinsipləri əsasında qurulub, büdcəmizin böyük hissəsi sosial məsələlərin həllinə yönəldilir. Bu, onu göstərir ki, sosial məsələlər, başqa sözlə, insanlara olan qayğı daim diqqət mərkəzindədir. Bu siyasət davam edəcəkdir. Azərbaycanda hələ çətin vəziyyətdə yaşayan insanların sayı az deyildir. Onların arasında ən çətin vəziyyətdə olan soydaşlarımız qaçqın-köçkün insanlardır. Onların vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülür.
Bilirsiniz ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Neft Fondundan 70 milyon dollar vəsait ayrılmışdır ki, qaçqınlar, köçkünlər üçün yeni müasir evlər, binalar, şəhərciklər tikilsin. Bu binalar tikilir. Biləsuvar rayonunda belə bir şəhərciyin açılışında mən iştirak etmişdim. Bu siyasət davam etdirilir. Artıq mənim fərmanlarımla müəyyən tədbirlər planı nəzərdə tutulub ki, yaxın zamanlarda digər qaçqın-köçkünlər üçün də oxşar şərait yaradılacaqdır.
Amma bu, məsələnin həlli deyildir. Məsələnin həlli ondadır ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından geri çəkilsin və qaçqınlar, köçkünlər doğma torpaqlarına qayıtsınlar. Bu istiqamətdə böyük səylər göstərilib, danışıqlar aparılıbdır. Düzdür, hələ ki, danışıqların heç bir nəticəsi yoxdur. Amma Azərbaycanın mövqeləri günbəgün möhkəmlənir. Bu gün beynəlxalq təşkilatlardan gələn xəbərlər, dəyişən mövqelər bizdə nikbinlik hissi oyadır. Artıq dünya ictimaiyyəti bu məsələ ilə əlaqədar daha ədalətli mövqe tutubdur. Aparıcı beynəlxalq təşkilatlar öz mövqelərini açıq-aydın ortaya qoyurlar. Ümid edirəm ki, görülən bütün bu işlərin nəticəsində ədaləti əks etdirən, beynəlxalq hüquq normalarına əsaslanan sülh müqaviləsi mümkün olacaqdır. Hər halda, biz çalışırıq və əlimizdən gələni edirik ki, buna nail olaq. Amma bilirsiniz ki, Azərbaycanın prinsipləri var və biz bu prinsiplərdən geri çəkilməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal olunmuş torpaqlar azad edilməli, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu prinsiplərin əsasında biz istənilən danışıqları apara bilərik. Amma bu prinsiplərin xaricində biz heç vaxt heç bir razılaşmaya gedə bilmərik.
Biz məsələni sülh yolu ilə həll etmək əzmindəyik. Amma eyni zamanda, hər an hazır olmalıyıq ki, bu məsələni bütün digər vasitələrlə həll edək. Azərbaycanın iqtisadi potensialı ildən-ilə artır, güclənir. Bu gün Azərbaycanın büdcəsi Ermənistanın büdcəsindən üç dəfə çoxdur. Amma Heydər Əliyevin əsəri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən, digər önəmli layihələr həyata keçiriləndən sonra, əlbəttə, Azərbaycanın büdcəsi daha böyük olacaq, iqtisadi potensialı güclənəcəkdir. Bu da imkan verəcəkdir ki, Azərbaycanın hər bir sahəsi inkişaf etsin, güclənsin. Mən əminəm ki, vaxt gələcək, Azərbaycanın torpaqları azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Əziz dostlar!
Bir daha qeyd etmək istəyirəm ki, bu iki gün mənim üçün çox xoş keçir. Mən yenə 1990-cı illərin əvvəlində Naxçıvanda atamla birlikdə keçirdiyim günləri xatırlayıram. Onun sizə olan məhəbbətini xatırlayıram. Naxçıvanlıların Heydər Əliyevə göstərdiyi dəstəyi xatırlayıram. Mən xatırlayıram ki, o, Moskvada böyük təzyiqlərə məruz qalmışdı. Bakıya gəldi. O vaxt Sovet İttifaqı Kommunist Partiyasının əlaltıları ona Bakıda da qalmağa imkan vermədilər. Doğma vətəni Naxçıvana gəldi və naxçıvanlılar onu qorudular, dəstəklədilər, özlərinə rəhbər seçdilər.
Heydər Əliyev burada, bu binada işləmişdir. Bu bina da mənim üçün çox əzizdir. Çünki mənim yadımdadır ki, Naxçıvana atamı görməyə gələndə səhərdən-axşama qədər onu bu binada gözləyirdim ki, işi nə vaxt qurtaracaq, evə gedəcəyik. Ona görə bütün bu xatirələr məndə yaşayır. Bu xatirələr mənim üçün çox əzizdir.
Mən bilirəm və siz də bilirsiniz ki, Heydər Əliyev burada əsasını qoyduğu bütün layihələrin həyata keçirilməsini, özünün də gəlib onların açılışında iştirak etməsini necə istəyirdi. Bilirəm, Vasif Talıbovdan dəfələrlə soruşurdu ki, hava limanının inşası necə gedir. Məndən soruşurdu ki, idman qurğularını nə vaxt açacaqsınız, bunu niyə belə yubadırsınız, nə vaxt olacaq. Ürəkdən istəyirdi, tələsirdi ki, onların açılışlarında iştirak etsin və belə də olmalı idi. Amma bəzi hallarda həyatda ədalətsizliklər də baş verir. Əfsuslar olsun ki, o, bunları görmədi.
Amma, eyni zamanda, mən bilirəm, bəzən insan təsəlli axtarır. O gördü ki, onun işi davam etdirilir, onun əsəri olan müstəqil Azərbaycan yaşayır, onun yolu ilə gedir. Gördü ki, xalq o siyasəti dəstəkləyir. Bizim hamımızın borcudur ki, Heydər Əliyevin siyasətini yaşadaq, davam etdirək, Azərbaycanı onun yolu ilə irəliyə aparaq.
Sizi bir daha salamlayıram. Sizə yeni uğurlar, yeni qələbələr, cansağlığı, xoşbəxtlik arzulayıram.
Sağ olun.
“Azərbaycan”, 15 may 2004-cü il