Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi münasibətilə təntənəli
mərasim
2004, 14 may
Xəbər verdiyimiz kimi, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Əziz naxçıvanlılar!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Naxçıvan Muxtar Respublikasının 80-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı və uğurlar arzulayıram.
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır. Naxçıvanın çox qədim tarixi vardır. 3500 il bundan əvvəl insanlar burada yaşamış və yaratmışlar. Eyni zamanda, Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Naxçıvan Atabəylər, Eldəgizlər dövlətinin paytaxtı olmuşdur. Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur. Heydər Əliyev demişkən, naxçıvanlılar çox cəsarətli insanlardır. Onlarda milli qürur, milli şüur hissi çox yüksəkdir.
Naxçıvan Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etmişdir. Naxçıvan Azərbaycana və dünyaya xalqımızın ümummilli lideri Heydər Əliyevi bəxş etmişdir.
Heydər Əliyev bütün dövrlərdə xalqa, millətə, dövlətə xidmət etmişdir. O, hakimiyyətə gəlməzdən əvvəl Azərbaycan müttəfiq respublikalar arasında ən aşağı səviyyədə idi. İqtisadi və sosial göstəriciləri digər respublikalardan çox geri qalırdı. Amma 1982-ci ildə Heydər Əliyev Moskvaya gedəndə Azərbaycan bütün sovet respublikaları arasında birinci yerdə idi. Məhz o illərdə Azərbaycanda yeni sənaye müəssisələri, istehsalat kompleksləri, mədəniyyət ocaqları, müasir Azərbaycan üçün mühüm rol oynayan böyük potensial yaranmışdır. Əgər o illərdə bu potensial yaradılmasaydı, müstəqillik əldə etdikdən sonra ölkəmiz daha çətin vəziyyətə düşə bilərdi. Məhz o illərdə ölkəmizin gələcəyi üçün çox mühüm addımlar atılmışdır - infrastruktur yeniləşmiş, ölkəmiz üçün önəmli rol oynayan neft sənayesi yenidən qurulmuşdur. Bu gün Azərbaycanın neft potensialını müəyyən edən infrastruktur məhz o illərdə yaradılmışdır. Heydər Əliyev bütün vasitələrdən istifadə edərək çalışırdı ki, Azərbaycanda yeni müəssisələr tikilsin, ölkəyə texnologiyalar gətirilsin, yeni iş yerləri açılsın. Məhz onun fəaliyyəti nəticəsində 1982-ci ildə Azərbaycan 15 müttəfiq respublika arasında birinci yerdə idi. Bu, bir daha göstərir ki, iş olan yerdə nəticə də olur.
Eyni zamanda, deməliyəm ki, bu tarix sonralar da təkrar olunmuşdur. 1987-ci ilədək Azərbaycanın inkişaf sürəti yüksək idi. Amma 1987-ci ildən 1993-cü ilədək ölkəmiz çox çətin bir vəziyyətə düşdü. O vaxt Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, respublika rəhbərliyinin fəaliyyətsizliyi ucbatından çox ağır və çətin vəziyyət yaranmışdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ən çətin vəziyyətdə yaşayan ölkəyə çevrilmişdi. Təsadüfi deyil ki, 1991-93-cü illərdə Azərbaycan çox ağır bir şəraitdə yaşayırdı.
1990-cı ildə Heydər Əliyev Naxçıvana qayıtdı. O, burada naxçıvanlılarla birlikdə çox ağır və çətin şəraitdə yaşadı və işlədi. Həmin illər Naxçıvan üçün çox çətin, muxtar respublikanın gələcəyi üçün həlledici bir dövr idi. Heydər Əliyevin nüfuzu, beynəlxalq təcrübəsi, iradəsi həmin illər Naxçıvanı qorudu. Heç kəs üçün sirr deyil ki, Ermənistanın təcavüzü Naxçıvana da istiqamətləndirilmişdi. Onların planlarında buranın da işğalı var idi. Ermənilər Naxçıvana hücumlar etmişdilər. Amma naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında bütün bu hücumların qarşısını aldılar. Naxçıvan yaşadı və burada sülh və əmin-amanlıq təmin olundu.
Xalqın tələbi ilə Heydər Əliyev 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıtdı. O illərdən etibarən yenidən Azərbaycanda dirçəliş dövrü başladı - müharibəyə son qoyuldu, atəşkəs rejimi tətbiq edildi, inkişaf üçün gözəl şərait yaradıldı, asayiş bərpa olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və xalqımız rahat yaşamağa başladı. Əgər biz yenidən qonşu ölkələri, keçmiş sovet respublikalarını Azərbaycanla müqayisə etsək, görərik ki, bu son on il ərzində ölkəmiz Heydər Əliyevin rəhbərliyi ilə geniş mənada bölgədə liderə çevrilmişdir. Bütün digər keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycanın inkişaf sürəti çox yüksəkdir. Ölkəmizdə geniş islahatlar aparılır, ümumi daxili məhsulun həcmi ildən-ilə artır, Azərbaycana böyük inam və hörmət vardır. İqtisadiyyatımıza böyük həcmdə sərmayələr qoyulur. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan bütün başqa qonşu ölkələrdən irəlidədir. Biz bu liderliyi saxlayırıq və əminəm ki, əldən verməyəcəyik.
Azərbaycanda ölkəmiz, region və bütün dünya üçün çox mühüm olan layihələr həyata keçirilir. Heydər Əliyevin neft strategiyası öz gözəl nəticələrini verməkdədir. Bu strategiya uğurla həyata keçirilir. Neft sənayesində minlərlə yeni iş yerləri açılmış, bu sahəyə böyük həcmdə sərmayələr cəlb olunmuşdur. Bu sərmayələrin nəticəsində ölkədə çox geniş infrastruktur, kommunikasiya-nəqliyyat layihələri həyata keçirilir. Azərbaycanın neft sənayesinin uğurlu inkişafı ölkəmizin gələcəyi üçün mühüm bir amildir.
Azərbaycanın büdcəsi ildən-ilə artır. Heç kəs üçün sirr deyil ki, bu artım, ilk növbədə, neft sektorunun hesabına baş verir. 1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdanda dövlətin xəzinəsində 1 manat da, pul yox idi, xəzinə tamamilə boş idi. Ölkə, demək olar ki, müflisləşmişdi. Bu gün isə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 500 milyon dollara bərabərdir. Bu, yalnız və yalnız Heydər Əliyevin apardığı siyasətin nəticəsində baş vermişdir. Bütün bu siyasət davam edir. Azərbaycanda geniş özəlləşdirmə proqramı həyata keçirilir, iqtisadi islahatlar aparılır, sosial məsələlərə böyük diqqət göstərilir, əməkhaqları və pensiyalar ildən-ilə artırılır və bundan sonra da artırılacaqdır. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir.
Ölkəmiz dinamik surətdə inkişaf edir və bu inkişafı vətəndaşlarımız öz gündəlik həyatında hiss etməlidirlər. Ən çətin vəziyyətdə yaşayan soydaşlarımız qaçqınlar və məcburi köçkünlərdir. Onlar üçün də imkan daxilində yeni şərait yaradılır, valyuta ehtiyatlarından istifadə edilərək yeni şəhərciklər, qəsəbələr salınır, xəstəxanalar və məktəblər tikilir. Bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Sosial baxımdan ən az müdafiə olunan insanlara diqqət artırılacaqdır.
Azərbaycan digər istiqamətlərdə də çox uğurlar əldə edir. Bildiyiniz kimi, 1993-cü ilə qədər ölkəmiz informasiya blokadası şəraitində yaşayırdı. Azərbaycan haqqında məlumat, demək olar ki, dünya ictimaiyyətinə çatdırılmırdı. Çatdırılan cüzi informasiyalar isə mənfi xarakter daşıyırdı. Biz bu blokadanı yara bildik və bu gün Azərbaycan dünya birliyində öz layiqli yerini tuta bilmişdir. İndi Azərbaycan müxtəlif beynəlxalq təşkilatların fəal üzvü və iştirakçısıdır. Bu təşkilatların ölkəmizə olan münasibəti də məhz Heydər Əliyevin diplomatiyası sayəsində çox yüksək səviyyədədir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatların mövqeyi göstərir ki, onlarda bu məsələ barədə aydın bir fikir də vardır. Fakt ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bu işğalın nəticəsində ölkəmizdə 1 milyon qaçqın və köçkün vardır. Bizim haqlı tələbimiz ondan ibarətdir ki, ərazi bütövlüyümüz bərpa olunsun. Ümidvaram ki, Azərbaycan bundan sonra da beynəlxalq təşkilatlarda fəal rol oynayacaq və bu istiqamətdə yeni addımlar atılacaqdır. Son iki gün ərzində Naxçıvanda səfərdə olarkən mən öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər.
Gələcəkdə bizim böyük planlarımız var. Bizi böyük işlər gözləyir. Biz Heydər Əliyev siyasətini davam etdirməliyik. Bu yaxınlarda imzalanmış fərmanlar məhz bu məqsədə xidmət edir. Son on il ərzində Azərbaycanda görülmüş işlər davam etdirilməlidir. Bunun üçün bütün imkanlar vardır. Azərbaycanın təbii sərvətləri, çox gözəl coğrafi-siyasi vəziyyəti vardır. Regionda ölkəmizin iştirakı olmadan heç bir beynəlxalq layihə həyata keçirilə bilməz. Azərbaycanda çox peşəkar kadrlar, mütəxəssislər vardır. Ən önəmlisi isə, xalqın dəstəyi və Heydər Əliyevin siyasəti vardır.
Mən Azərbaycanın gələcəyinə çox nikbin baxıram. Hamımız bilirik ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkəmiz üçün çox önəmli rol oynayan layihələr yaxın zamanlarda Azərbaycana daha yüksək səviyyədə xidmət etməyə başlayacaqdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin əsəridir. Təsadüfi deyil ki, bu kəməri inşa edən beynəlxalq konsorsium ona Heydər Əliyevin adını vermişdir. Kəmər istismara verildikdən sonra Azərbaycan bundan çox böyük mənfəət götürəcəkdir. Ölkəmizə böyük həcmdə valyuta axını təmin olunacaqdır. Bu bizə Azərbaycanı hərtərəfli inkişaf etdirməyə imkan verəcəkdir. Yeni infrastruktur layihələri, sosial proqramlar həyata keçiriləcəkdir. İqtisadi inkişafın daha da sürətlə artımı təmin olunacaqdır. Bir sözlə, bu amillər həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcəkdir.
Burada Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətləri qeyd olundu. Hələ 1970-ci illərdə Bakıda Cəmşid Naxçıvanski adına məktəbin yaradılması göstərir ki, o dövrdə Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət olacağını və güclü orduya ehtiyac olacağını görürdü. Bu istiqamətdə də çox böyük işlər görülür. Ali baş komandan Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda çox güclü ordu yaradılmışdır. Əgər 1993-cü ilə qədər bizdə ordu yox idisə, indi Silahlı Qüvvələrimiz müasir standartlara cavab verir və qarşıda duran bütün vəzifələri yerinə yetirməyə qadirdir. Biz çalışacağıq ki, ordumuzu daha da gücləndirək, peşəkarlığını daha da artıraq.
Mən üçüncü gündür ki, Naxçıvandayam. Çox sevinirəm ki, bu qədim diyar belə sürətlə inkişaf edir. Çətin vəziyyətdə, blokada şəraitində yaşayan Naxçıvan uğurla inkişaf edir. Bu inkişaf bütün sahələri əhatə edir. Naxçıvanda ümumi daxili məhsulun artımı çox yüksəkdir. Ümumi daxili məhsulda özəl sektorun payı 85 faiz təşkil edir. Deməliyəm ki, bu göstərici Azərbaycan üzrə 75 faizdir. Naxçıvan bu sahədə də liderdir və əminəm ki, bu liderliyini gələcəkdə də əldən verməyəcəkdir.
Baxın, son iki gün ərzində nə qədər yeni müəssisə, obyekt istifadəyə verilmişdir. Onların tikilib istifadəyə verilməsi yalnız Heydər Əliyevin dəstəyi nəticəsində mümkün olmuşdur. Artıq Naxçıvanın bütün beynəlxalq standartlara cavab verən hava limanı vardır. Deməliyəm ki, bu hava limanı çox yüksək səviyyədə tikilmişdir. Mən dünyanın bir çox ölkələrində olmuşam və təbii ki, hava limanlarını görmüşəm. Ona görə də deyə bilərəm ki, Naxçıvan hava limanı çox yüksək səviyyədədir və bəlkə də Avropada bir çox hava limanlarından daha keyfiyyətli və gözəldir.
Naxçıvanda sosial məsələlərə böyük diqqət göstərilir. Əlillərin Bərpa Mərkəzi, digər sosial obyektlər istifadəyə verilmişdir və yüksək səviyyədə fəaliyyət göstərir. Kompüter tomoqrafiyası kabineti açılmışdır. İndi naxçıvanlılar müayinədən keçmək üçün başqa şəhərlərə getməyəcək, burada ən yüksək səviyyədə və pulsuz müayinə olunacaqlar. Biz elektron kitabxananın açılışında iştirak etdik. Bu kitabxana çox gözəl və müasir binada yerləşir. Bina həm gözəl memarlıq üslubunda tikilmiş, həm də yüksək səviyyədə təchiz olunmuşdur. Dünən Naxçıvanda böyük sənaye kompleksi açıldı. Bu kompleks muxtar respublikanın tələbatını ödəyəcəkdir. Məqsədimiz budur ki, Azərbaycanın da, Naxçıvanın da istehsal etdiyi məhsullar daxili tələbatı ödəsin, yerli istehsal güclənsin. Bu, belə olarsa, idxal da azalar, habelə yeni iş yerləri açılar. Yeni iş yerlərinin açılması bizim siyasətimizin əsas istiqamətidir. Mən çox sevinirəm ki, son aylar ərzində Azərbaycanın hər bir yerində yeni iş yerləri açılır, yerli icra orqanları və sahibkarlar bu məsələyə böyük diqqətlə yanaşırlar. Bilirlər ki, dövlət bu istiqamətdə onların fəaliyyətini dəstəkləyəcəkdir.
Naxçıvan üçün böyük əhəmiyyət kəsb edən Vayxır su anbarı tikilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bu obyekt də Heydər Əliyevin əsəridir. O, Naxçıvanda olarkən müvafiq tapşırıqlar vermişdir, vəsait ayırmışdır. Bu vəsaitin hesabına Vayxır su anbarı tikilir. Mən dünən oraya baş çəkdim, vəziyyətlə tanış oldum və işlərin çox yüksək səviyyədə aparıldığını gördüm. Bu obyekt Naxçıvanın gələcəyi üçün, kənd təsərrüfatının inkişafı üçün çox vacibdir. Digər məsələlər də öz həllini tapır. Mən çox sevinirəm ki, Naxçıvanda gözəl quruculuq və abadlıq işləri aparılır. Blokada şəraitində yaşayan, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvan yaşayır, güclənir və irəliyə doğru inamla addımlayır.
Fürsətdən istifadə edərək mən Naxçıvan rəhbərliyinə və şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova görülən bütün işlərə görə öz dərin minnətdarlığımı bildirirəm.
Biz hamımız - mən də, Vasif Talıbov da, sizlər də Heydər Əliyevin komandasıyıq. Hamımız Heydər Əliyevin övladlarıyıq və gərək elə işləyək ki, onun adını daim uca tutaq.
Mən yenə də 1990-93-cü illərə qayıtmaq istəyirəm. O vaxt Heydər Əliyev naxçıvanlılarla birlikdə yaşayırdı, çalışırdı, böyük işlər görürdü. Mən də tez-tez Naxçıvana gəlirdim, qısa da olsa, onunla birlikdə olurdum. Onun hər bir uğura, görülən hər bir işə necə sevindiyini görürdüm. Vasif Talıbov burada dedi ki, Azərbaycanın dövlət simvolu olan milli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılmışdır. O vaxt Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı dalğalanırdı. Naxçıvan isə milli bayrağımızı qaldırmışdı. Ondan sonra qardaş Türkiyənin iştirakı və köməyi ilə "Ümid" körpüsü tikildi. Bu körpü, həqiqətən, Naxçıvan üçün həyat körpüsünə çevrildi. Çünki bir tərəfdən, Ermənistanın blokadası, digər tərəfdən isə Azərbaycanın o vaxtkı rəhbərliyinin ögey münasibəti, təzyiqlər naxçıvanlıların həyatını daha da çətinləşdirirdi. Amma bütün bunlara baxmayaraq, naxçıvanlılar öz liderini qorudular, heç bir təzyiq onlara təsir etmədi və axıra qədər Heydər Əliyevi dəstəklədilər. Sonra Heydər Əliyev Bakıya getdi, orada işləməyə başladı. Ancaq hamımız bilirik ki, onun ürəyi, qəlbi həmişə naxçıvanlılarla bir yerdə idi. Onun qəlbində Naxçıvanın xüsusi yeri vardı.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşayır. Naxçıvan Heydər Əliyevin doğma vətənidir. Mən də bu hisslərlə yaşayıram. İstəyirəm biləsiniz ki, mənim də qəlbimdə Naxçıvanın xüsusi yeri var və bu yer çox böyükdür. Bu torpaq mənim də vətənimdir, mənim övladlarımın da vətənidir. Əminəm ki, biz - Heydər Əliyevin davamçıları Naxçıvanı da, Azərbaycanı da Heydər Əliyevin yolu ilə inamla yeni qələbələrə doğru aparacağıq.
Bir daha bu gözəl bayram münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Naxçıvan və naxçıvanlılar!
Yaşasın Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan!
(Azərbaycan prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).
“Azərbaycan”, 16 may 2004-cü il