Naxçıvan şəhərindəki Heydər Əliyev adına orta məktəbin açılış
mərasimi
2004, 2 sentyabr
Sentyabrın 2-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan orta məktəbin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Əziz naxçıvanlılar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Heydər Əliyevin adını daşıyan bu gözəl məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bu məktəbin açılışı çox əlamətdar hadisədir. Əvvəla, ona görə ki, bu məktəb xalqımızın ümummilli liderinin adını daşıyır. Digər tərəfdən, bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu, həm memarlıq baxımından gözəl binadır, eyni zamanda, burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Natiq Əliyev öz çıxışında qeyd etdi ki, bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız çox şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir. Deyə bilərəm ki, bu məktəb indi təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda bir nömrəli məktəbdir.
Heydər Əliyev xalqımız üçün ən çətin anlarda onunla birlikdə idi. Naxçıvanın ən ağır dövrlərində o, naxçıvanlılarla birlikdə burada yaşamış və işləmişdir. Naxçıvanı xalqla birgə qorumuş və bu qədim diyarın inkişafına nail ola bilmişdir. Naxçıvan blokada şəraitində yaşadığı dövrdə Türkiyə ilə muxtar respublika arasında "Ümid" körpüsünün tikintisi də məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyata keçirilmişdir. Bu körpü indi də Naxçıvan üçün həyati əhəmiyyət kəsb edir. O zamanlar körpü Naxçıvanın dünya ilə yeganə əlaqə vasitəsi idi. Naxçıvanın ən ağır vəziyyətində Heydər Əliyev bu diyarın digər sahələrdəki problemləri ilə də məşğul olur, onları həll edirdi, Naxçıvanı dünyada tanıdırdı. Təsadüfi deyil ki, həmin illər beynəlxalq təşkilatlarda, digər mötəbər qurumlarda Naxçıvan haqqında kifayət qədər məlumat var idi.
Naxçıvanın ağır blokada şəraitində yaşaması da dünya ictimaiyyətinə məlum idi.
Azərbaycan çətin vəziyyətə düşdükdən sonra xalq yenə də öz liderinə müraciət etdi və 1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bakıda vəziyyət çox ağır idi. Ölkəmiz böyük təhlükə ilə üzləşmişdi. Heydər Əliyevin qətiyyəti, iradəsi, müdrikliyi Azərbaycanı bu bəladan xilas etdi. Həmişə xalqın iradəsinə arxalanmış lider on il ərzində ölkəmizi irəli apardı. Azərbaycan inkişaf dövrünü yaşadı. Ölkəmizdə bütün sahələrdə inkişaf prosesi başlandı. Beynəlxalq aləmdə yerimiz möhkəmlənmişdir və bu gün Azərbaycan dünyada tanınan bir ölkədir. Azərbaycan bölgədə və dünyada öz mövqelərini gücləndirmişdir. Ölkəmiz iqtisadi inkişaf baxımından çox sürətlə irəli gedir, regionda liderdir. İqtisadi göstəricilərinə görə Azərbaycan bir çox inkişaf etmiş ölkələri də qabaqlayır.
On il ərzində Heydər Əliyev tərəfindən Azərbaycanda aparılmış iqtisadi islahatlar öz gözəl nəticələrini vermişdir. Xalqımız ildən-ilə daha yaxşı yaşayır, insanların rifahı yaxşılaşır, sosial məsələlər öz həllini tapır, maaşlar, təqaüdlər vaxtlı-vaxtında ödənilir və onların həcmi artır. Bildiyiniz kimi, bu yaxınlarda bu istiqamətdə çox önəmli addımlar atılmışdır - minimum əmək haqqı artırılmış, büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin maaşları qaldırılmışdır. Bu siyasət bundan sonra da aparılacaqdır. Bu, bizim üçün prioritet istiqamətdir. Azərbaycanın hərtərəfli inkişafı, regionların inkişafı və eyni zamanda, sosial məsələlərin həlli başlıca vəzifələrdir. Bütün bunları həyata keçirmək üçün, əlbəttə ki, ölkənin güclü iqtisadiyyatı olmalıdır. Əgər iqtisadiyyat olmasa, heç bir sosial proqramı həyata keçirmək mümkün olmayacaqdır. Ona görə də bu gün iqtisadi inkişaf məsələlərinə xüsusi əhəmiyyət verilir. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların inkişaf proqramı da məhz bu məqsədə xidmət edir. Çox sevindirici haldır ki, prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanda 70 mindən çox yeni iş yeri açılmış, onlardan 50 mini daimi, 20 mini isə müvəqqəti iş yerləridir. Bu onu göstərir ki, aparılan iqtisadi və sosial siyasət öz nəticələrini verməkdədir.
Bütün bu uğurların əsası 1993-cü ildə qoyulmuşdur. Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, iqtisadi islahatları aparmasaydı, Azərbaycanı dünya birliyində tanıtmasaydı, onun yerini möhkəmləndirməsəydi, bu gün hər hansı bir iqtisadi uğurdan söhbət gedə bilməzdi. Eyni zamanda, bizim iqtisadi inkişafımızın əsas səbəblərindən biri də Heydər Əliyevin neft strategiyasıdır. Burada qeyd olundu ki, on il bundan əvvəl 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Heydər Əliyev Azərbaycanda neft strategiyasını həyata keçirməyə başladı.
Bu on il ərzində həm ölkəmizə böyük həcmdə xarici sərmayə qoyuldu, həm də infrastruktur yaradıldı, yeniləşdi, neft sənayesində on minlərlə yeni iş yerləri açıldı və orada çalışanların əmək haqqı çox yüksəkdir. Neft strategiyamız bizə imkan verib ki, Azərbaycanda Neft Fondu yaradılsın, burada vəsait toplansın və bu vəsait də şəffaf şəkildə sərf olunsun. Bu gün Azərbaycanın ildən-ilə artan büdcəsinin müəyyən hissəsi Neft Fondunun hesabınadır. Gələcəkdə, Heydər Əliyevin adını daşıyan və onun tərəfindən həyata keçirilən böyük, irimiqyaslı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsindən sonra ölkə iqtisadiyyatı daha da güclənəcəkdir.
Neft strategiyasının nəticələrindən biri də bu məktəbdir. Əgər Azərbaycan Dövlət Neft Şirkəti Heydər Əliyev tərəfindən həyata keçirilən neft strategiyasından bəhrələnməsəydi, əlbəttə ki, bu məktəb də tikilə bilməzdi. Bu məktəbə kifayət qədər vəsait qoyulmuşdur.
Azərbaycanın son on ildə və bu gün də bütün sahələrdə inkişafının əsas səbəbi məhz 1993-cü ildə Azərbaycan xalqının tutduğu, seçdiyi yoldur. Biz bu yola sadiqik. Bu siyasət davam etdirilir. Azərbaycan prezident seçkilərindən keçən dövr ərzində də bu yolla gedir. Xarici siyasətimiz də, eyni zamanda, ölkə daxilində islahatlar da həmin ümumi istiqamət çərçivəsində aparılır. Mən dəfələrlə demişəm ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Məhz bu siyasət Azərbaycanı çox parlaq gələcəyə aparacaqdır, ölkəmiz ildən-ilə güclənəcək, xalqımız ildən-ilə daha yaxşı yaşayacaqdır. Bu, bizim siyasətimizin əsas vəzifəsidir. Mən bunu bəyan etmişəm və bu gün də bəyan edirəm ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar və yaşayacaqlar.
Heydər Əliyev, bütün başqa sahələrə olduğu kimi, təhsil sahəsinə də çox böyük diqqət göstərmişdir və təsadüfi deyildir ki, indi də bizim büdcəmizin 20 faizi, yəni ən böyük hissəsi təhsil sahəsinə sərf olunur. Azərbaycanda Heydər Əliyev tərəfindən, onun təşəbbüsü ilə həyata keçirilən proqram bu gün də davam etdirilir. Kütləvi surətdə yeni məktəblərin tikilməsi, köhnə məktəblərin təmiri nəzərdə tutulur. Bu, çox önəmli proqramdır və həyata keçirilir. Məktəb bilik deməkdir, maarif deməkdir, savad deməkdir. Biz çalışmalıyıq ki, gənclərimiz savadlı, bilikli, tərbiyəli olsunlar. Buna nail olmaq üçün həm ailədə, həm də məktəbdə uşaqlarımız çox yaxşı, vətənpərvərlik ruhunda tərbiyə edilməli və əlbəttə ki, yüksək biliklərə malik olmalıdırlar. Çünki bilik tərəqqinin əsasıdır.
Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyildir. Bu, həm insanlar üçün, həm də ölkə üçün çox çətindir. İnkişaf etmiş ölkələrə nəzər salsaq, görərik ki, onların tərəqqisini, eyni zamanda, ümumi daxili məhsulun artımını xeyli dərəcədə müəyyən edən texnologiyalar, yeni metodikalar, elmdə əldə olunan nailiyyətlərdir. Bütün bunların da əsası məktəbdə qoyulur. Məktəb bu proseslərdə çox önəmli rol oynayır.
Təsadüfi deyildir ki, biz Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün ardıcıl tədbirlər görürük. Burada qeyd olundu ki, bu sahədə müvafiq sərəncamlar imzalanmış və 2005-2007-ci illərdə ölkənin bütün məktəblərində kompüter sinifləri təşkil edilməsi ilə əlaqədar proqram qəbul olunmuşdur. Azərbaycanda 4554 ümumtəhsil məktəbi var. Üç il ərzində hər bir məktəbdə kompüter sinfi yaradılacaq, onlar şagirdlərimizin dünyada gedən prosesləri operativ şəkildə izləməsi üçün İnternetə qoşulacaqdır. Beləliklə, şagirdlərin öz səviyyələrini qaldırmaq imkanı olacaqdır. Ümid edirəm ki, digər proqramlarla yanaşı, bu proqram da uğurla həyata keçiriləcəkdir. Bu günə qədər Azərbaycanda nəzərdə tutulmuş bütün tədbirlər, proqramlar uğurla reallaşdırılmışdır. Onları həyata keçirmək üçün bizdə bütün lazımi şərait vardır. Qeyd etdiyim kimi, Azərbaycan sürətlə inkişaf edir, bu sürət 2005-ci ildə daha da yüksək olacaqdır. Bu isə bizə bütün sahələri dinamik inkişaf etdirmək imkanı verəcəkdir.
Əziz dostlar, mən sizi bir daha Heydər Əliyevin adını daşıyan bu gözəl məktəbin açılışı münasibətilə ürəkdən təbrik edirəm, burada təhsil alacaq şagirdlərə, çalışacaq müəllimlərə uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.
Sağ olun.
“Xalq qəzeti”, 3 sentyabr 2004-cü il